Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-157/2024 22.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(031)- 215/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh tərəfindən zəbt olunmuş, xx.xx.2018-ci il qeydiyyat tarixli, **********61 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan, Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən 0.5076 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1999-cu ildə torpaq islahatı aparılarkən ailələlərinin adına 3.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 2004-cü ildə atası vəfat edəndən sonra həmin torpaq sahəsini bacısı ilə aralarında bölüşdürmüşlər. 2007-ci ildə ona məxsus torpağın 1.15 ha hissəsini Cavabdeh satmışdır. Yerdə qalan 0.5076 ha torpaq sahəsinə dair hal-hazırda adına xx.xx.2018-ci il qeydiyyat tarixli, **********61 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vardır. Qeyd edir ki, mülkiyyətində olan 0.5076 ha torpaq sahəsi cavabdeh tərəfındən zəbt edilmiş, həmin torpaq sahəsi hal-hazırda cavabdehin qanunsuz sahibliyindədir. Cavabdeh qanunsuz olaraq ona məxsus qeyd olunan torpaq sahəsindən istifadə edir, 10 ildən çoxdur ki, ona məxsus qeyd olunan torpaq sahəsini əkir, o, isə torpaq sahəsindən istifadə edə bilmir. O, Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən 0.5076 ha torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət ünvanlamışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin ona ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, əraziyə baxış keçirərkən məlum olmuşdur ki, vətəndaşa məxsus olan torpaq sahəsi digər vətəndaşlar tərəfindən istifadə olunur, lakin buna baxmayaraq həmin torpaq sahəsinin iki tərəf döngə nöqtələrinin koordinatları vətəndaşa tanıdılmışdır, digər iki tərəf döngə nöqtələrinin koordinatlarının isə tanıdılması mümkün olmamışdır. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə Şabran rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Uzunboyad kəndində yerləşən ona məxsus kənd təsərrüfatı təyinatlı 0.5076 ha torpaq sahəsindən istifadə edə bilmədiyini, Xaçmaz rayon sakini Cavabdeh tərəfindən zəbt edildiyini göstərmiş və müvafiq tədbir görülməsini xahiş etmişdir. Şabran rayon X3 Qrupunun təhqiqatçısı Şirin Lələyev tərəfindən 26 noyabr 2022-ci il tarixli “cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, tələbinin mülki xarakterli olduğu və məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Göründüyü kimi o, cavabdehin qanunsuz sahibliyindən əmlakını dəfələrlə geri tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də, cavabdehin qanunsuz sahibliyindən əmlakının geri tələb edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edir. Xahiş edir, Cavabdeh tərəfindən zəbt olunmuş, xx.xx.2018-ci il qeydiyyat tarixli, **********61 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan, Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən 0.5076 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qətnamə çıxarılsın. Şabran Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(031)-215/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2018-ci il qeydiyyat tarixli, **********61 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən 0.5076 ha torpaq sahəsinin 0.453735 ha hissəsinin Cavabdeh qanunsuz sahibliyindən İddiaçı geri qaytarılması, Cavabdeh ekspertizanın keçirilməsi üçün ödənilmiş 96 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim Çingiz İsgəndərov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(031)-215/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2007-ci ildə o, qarşılıqlı razılaşma əsasında İddiaçı ona məxsus torpağın 1.15 ha hissəsini qanuni yolla notarial qaydada alqı-satqı əsasında almışdır. Razılaşmalarına əsasən həmin 1.15 ha torpaq sahəsini ona bir xətt üzrə bir yerdə verməli idi. Lakin o, razılaşdıqları həmin torpaq sahəsinin 0.7632 ha hissəsini bir yerdən ölçüb vermiş, qalan 0.39 ha hissəsini isə başqa yerdə yerləşən özünə məxsus torpaq sahəsindən müvəqqəti olaraq ona vermiş və mərhum atasının adında olan, əslində ona verməli olduğu qalan 0.39 ha torpaq sahəsinin sənədlərini düzəltdikdən sonra ona başqa yerdən müvəqqəti verdiyi 0.39 ha torpaq sahəsi ilə dəyişdirəcəyi barədə razılaşmışlar. Şərtlərinə görə onlar həmin torpaq sahələrini dəyişdirib, onun adı gedən 1.15 ha torpaq sahəsinin 1 xətt üzrə tamlığı yaranmalı idi. Bu razılaşmalarına baxmayaraq ona müvəqqəti verdiyi 0.39 ha torpaq sahəsini o, istifadə edirdi, o isə sənədləri düzəltdikdən sonra ona verəcəyi 0.39 ha torpaq sahəsini istifadə edirdi, yəni artıq orda tinglər əkərək bağ salmışdır (həmin bağ sahəsini dəmir torla əhatəyə almışdır). İddiaçı ona verməli olduğu həmin 0.39 ha torpaq sahəsi ilə ondan aldığı ona məxsus torpaq sahəsinin aşağı hissəsində yerləşən ona məxsus 0.11 ha torpaq sahələrini birləşdirərək ümumilikdə 0.50 ha torpaq sahəsi üçün xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakdan çıxarış almışdır. Bundan isə onun məlumatı yox idi. Yalnız 2021-ci ilin sonlarında iddiaçının həmin torpaq sahəsi üçün sənəd aldığı ilə bağlı məlumat əldə etdi. Lakin o, onun yalnız ona verməli olduğu 0.39 ha üçün sənəd aldığını bilmişdir. Bundan sonra onlar razılaşmalarına əsasən onun adında olan digər 0.39 ha torpaq sahəsini onun sənəd aldığı digər 0.39 ha torpaq sahəsi ilə dəyişdirmək məqsədilə tanışı Rza Rüstəmov ilə görüşmüşlər və bu işi yerinə yetirməyi üçün hər ikisinin Rzaya etibarnamə və sənədləri vermələri barədə razılığa gəlmişlər. O, ona etibarnamə vermişdir, lakin iddiaçı ona etibarnamə verməmişdir. Əksinə iddiaçı onu və Rzanı aldadaraq onun adında olan 0.39 ha torpaq sahəsinin 0.13 ha hissəsini öz adına olan digər torpaq sahəsi ilə birləşdirərək başqa şəxsə satmışdır. Aralarında olan alqı-satqı müqaviləsindən 11 il keçəndən sonra iddiaçı sənəd aldığı həmin torpaq sahəsini aralarında olan razılaşmaya əsasən onun adında olan digər 0.39 ha ilə dəyişdirməli olduğu halda əksinə o, 0.39 ha torpaq sahəsi ilə onun yerinin aşağı hissəsində olan 0.11 ha torpaq sahəsi ilə birləşdirərək ümumilikdə 0.50 ha torpaq sahəsini qanunsuz olaraq zəbt etməyi barədə məhkəmədə iddia qaldırmışdır. Şabran Rayon Məhkəməsində işə baxılmış, məhkəmə onun iddiasını qismən təmin edərək guya onun tərəfindən ona məxsus 0.45 ha torpaq sahəsini zəbt etdiyini və onun qanunsuz sahibliyindən alınaraq İddiaçı geri qaytarılmasını qət etmişdir. Bir daha qeyd etmişdir ki, həm ekspertiza tərəfindən, həm də ki, məhkəmə tərəfindən düzgün araşdırma aparılmadan qanunsuz və əsassız qətnamə çıxarılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********61, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan ******* saylı çıxarışdan görünür ki, Şabran rayonu Uzunboyad kəndi ərazisindən İddiaçı mülkiyyətinə 0.5076 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şabran rayon RPŞ-nin TQ-nun təhqiqatçısı, polis mayoru X2 26 noyabr 2022-ci il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti ilə əlaqədar toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, əraziyə baxış keçirərkən məlum olmuşdur ki, vətəndaşa məxsus olan torpaq sahəsi digər vətəndaşlar tərəfindən istifadə olunur, lakin, buna baxmayaraq həmin torpaq sahəsinin iki tərəf döngə nöqtələrinin koordinatları vətəndaşa tanıdılmışdır, digər iki tərəf döngə nöqtələrinin koordinatlarının isə tanıdılması mümkün olmamışdır. İş materiallarında olan iş üzrə təyin edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 18 may 2023-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********61, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.5076 ha torpaq sahəsinin 0.453735 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********61, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.5076 ha torpaq sahəsinin 0.453735 ha hissəsi Cavabdeh qanunsuz sahibliyindədir. Birinci instansiya məhkəməsi tərəflərin izahatlarını yoxlayaraq, tədqiq olunan sübutlara əsaslanaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il qeydiyyat tarixli, **********61 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən 0.5076 ha torpaq sahəsinin 0.453735 ha hissəsi Cavabdeh qanunsuz sahibliyindən İddiaçı geri qaytarılmalı, Cavabdeh ekspertizanın keçirilməsi üçün ödənilmiş 96 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, hazırki mübahisə torpaq sahəsinin zəbti ilə bağlıdır. Araşdırılan işdən müəyyən olunur ki, iddiaçı tərəf mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini bildirir və onun zəbt olunan hissədən çıxarılmaqla mülkiyyət hüququnun bərpa olunmasını tələb edir. İddiaçı hüquqmüəyyənedici sənədlər əsasında torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu gür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4.2-ci maddəsinə əsasən torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən məhkəmə kollegiyası obyektiv həqiqətin üzə çıxarılması məqsədi ilə iş üzrə məhkəmə tikinti - texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanladığı 3-16-16/2-10/9403 saylı, 30 dekabr 2023-cü il tarixli ekspert rəyində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********61, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.5076 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edildiyi qeyd edilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(031)-215/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Eksprtizasi Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-157/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-157/2024
22.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver