Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1572/2021 06.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(027)-71/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(027)-71/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası qismən təmin edilmiş, İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10.02.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə əsas borc üzrə 30000 manat, faiz borcu üzrə 19865,00 manat, dəbbə puluna görə 500 manat olmaqla, cəmi 50365,00 manat məbləğində pulun tutulması, borc ödənilmədikdə İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin tutma tələbinin Cavabdeh mülkiyyətində olan Quba rayonu, Zərdabi kəndində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 97,2 kv.m yaşayış sahəsindən, 48 kv,m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin ilkin satış qiymətinin 70000 manat müəyyən edilməsi, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsait hesabına əsas borcun, faiz borcunun, dəbbə pulunun və dövlət rüsumunun ödənilməsinin təmin edilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cəmiyyətin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 10 fevral 2015-ci il tarixli, 282 saylı kredit müqaviləsinin ləğv edilməsi, 18.01.2018-ci il tarixinə hesablanmış 30000 manat əsas borc, 25803,60 manat faiz borcu, 9868,63 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 65672,23 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh cəmiyyətin xeyrinə tutulması, tələbin DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********09-10301, qeydiyyat nömrəsi 280600759, MH seriyalı, ******* saylı) 06.07.2006-cı il tarixli çıxarışa əsasən Cavabdeh məxsus Quba rayonu, Zərdabi kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş evin ilkin satış qiymətinin 70000 manat məbləğində müəyyən edilməsi, həmin yaşayış evində yaşayan şəxslərin evdən çıxarılması, Cavabdeh məxsus Quba rayonu, Zərdabi kəndində yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə olan borcunun ödənilməsi, vəsaitin artıq qalan hissəsinin cavabdehə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin Quba filialı ilə Cavabdeh oğlu arasında 10 fevral 2015-ci il tarixli, 282 sayı kredit müqaviləsi bağlanmış, cəmiyyət tərəfindən fərdi evin təmiri məqsədi ilə Cavabdeh oğluna 48 ay müddətinə illik 24% olmaqla, 30000 manat kredit ayrılmışdır. Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindəki qrafik üzrə cavabdeh aylıq 978,06 manat ödəməli olduğu halda, ödənişi qrafikə uyğun yerinə yetirməmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06.07.2006-cı il tarixli çıxarışa əsasən Cavabdeh məxsus Quba rayonu, Zərdabi kəndində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 97,2 kv.m yaşayış sahəsindən, 48 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuş, 10 fevral 2015-ci il tarixli, 282 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi Azərbaycan Respublikası DƏDRX-nin müvafiq ərazi idarəsində qeydiyyata alınmış və bununla bağlı RX seriyalı, 07.10.2015-ci il tarixli çıxarış verilmişdir. İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin Quba filialı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etmiş və kreditin məbləğini Cavabdeh vermişdir. Lakin borclu kredit müqaviləsinin şərtlərini pozaraq aldığı məbləğdən və ona hesablanmış faizlərdən ödənişi qrafik üzrə aparmamış, şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, öhdəliyini tam icra etməmişdir. Nəticədə cavabdehin 18.01.2018-ci il tarixinə cəmiyyətə 30000 manat əsas borcu, 25803,60 manat məbləğində faiz borcu, 9868,63 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 65672,23 manat məbləğində borcu yaranmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, kredit borcuna görə İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə ödənişlər etmişdir. İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti tərəfindən faizlərin hesablanması əsassız şişirdilmiş olduğundan təkrar mühasibatlıq ekspertizası təyin edilməli və bununla da onun ödəməli olduğu əsas borc və faiz borcu ekspertiza tərəfindən müəyyən edilməlidir. Həmçinin o, kredit borcunu maddi imkanı olmadığından ödəniş edə bilmədiyinə baxmayaraq, İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti onun öhdəliyi pozduğuna görə dərhal məhkəməyə müraciət etməmiş, müqavilə müddəti yekunlaşdıqdan sonra 1 il gözləyərək məhkəməyə müraciət etmiş və nəticədə də əsassız şişirdilmiş faiz hesablanmışdır. İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti tərəfindən kredit müqaviləsi üzrə əsas borc və faiz borcu düzgün göstərilmədiyindən və o, həmin borcla razı olmadığından yenidən məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 10 fevral 2015-ci il tarixli, 282 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin Quba filialı tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 24% ödənilməklə 30000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 10 fevral 2015-ci il tarixli, 282 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 fevral 2015-ci il tarixli, 282 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh məxsus Quba rayonu, Zərdabi kəndində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 97,2 kv.m yaşayış, 48 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 70000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Zərdabi kəndində istifadəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 97,2 kv.m yaşayış, 48 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh oğlunun adına 06.07.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi 07.10.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin 07.12. 2017-ci il tarixli, 723 saylı bildirişinin surətindən görünür ki, Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh məxsus Quba rayonu, Zərdabi kəndində 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsinə dair bildiriş 11 dekabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin 18 yanvar 2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh 18 yanvar 2018-ci il tarixə əsas kredit borcu 30000 manat, faiz borcu 25803,60 manat, dəbbə borcu 9868,63 manat, cəmi borcu 65672,23 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 01 oktyabr 2019-cu il tarixli, 30397 saylı rəyindən görünür ki, hesabdan çıxarış məlumatları, 10 fevral 2015-ci il tarixli, 282 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh iddia tələbi tarixinə, yəni 18 yanvar 2018-ci il tarixə İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə olan borcu ümumilikdə 49865 manat məbləğində, o cümlədən əsas borc üzrə 30000 manat, faiz borcu üzrə 19865 manat müəyyən edilir. İş materiallarında olan “xxxx” MMC-nin 01/122 saylı, 07 fevral 2020-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatından görünür ki, Cavabdeh oğluna məxsus Quba rayonu, Zərdabi kəndində 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 70000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin Quba filialı ilə bağlanmış 10 fevral 2015-ci il tarixli, 282 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə, illik 24% ödənilməklə 30000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 10 fevral 2015-ci il tarixli, 82 saylı kredit müqaviləsinin 1-ci bəndinə əsasən kredit 48 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə verilmişdir. Həmin müqavilənin 3.1.5-ci bəndinə görə borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu da daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatına (ipoteka predmetinə) və borcalanın digər əmlakları hesabına ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinə əsasən Cavabdeh hər ay əsas və faiz borcu kimi 978,06 manat, sonuncu ay 977,66 manat ödəniş etməlidir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 01 oktyabr 2019-cu il tarixli, 30397 saylı rəyindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə ümumilikdə 1295 manat ödəniş etmiş, ödənişlərin hamısı faiz borcuna silinmiş, sonuncu ödəniş 24 noyabr 2015-ci il tarixdə edilmişdir. İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti hazırki iddia ilə 23 yanvar 2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh ona verilmiş krediti və faizini ödəniş qrafiki üzrə ödəməmiş, ödənişləri ardıcıl olaraq 2 il 2 aydan artıq gecikdirmişdir. Qeyd edilən hal Cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, 2015-ci ilin noyabrından sonra ödəniş aparmamaqla müqaviləni əhəmiyyətli dərəcədə pozması və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxslərin izahatları, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi düzgün olaraq kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə əsas borc üzrə 30000 manat, faiz borcu üzrə 19865,00 manat, dəbbə puluna görə 500 manat olmaqla, cəmi 50365,00 manat məbləğində pulun tutulması, borc ödənilmədikdə İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin tutma tələbinin Cavabdeh oğlunun mülkiyyətində olan Quba rayonu, Zərdabi kəndində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 97.2 kv.m yaşayış sahəsindən, 48 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin ilkin satış qiymətinin 70000 manat müəyyən edilməsi, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsait hesabına əsas borcun, faiz borcunun, dəbbə pulunun və dövlət rüsumunun ödənilməsinin təmin edilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin likvid dəyəri deyil, bazar dəyəri müəyyən edilsə də, Cavabdeh apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirməmiş, iddiaçı təşkilat da birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ipoteka predmetinin ilkin satış qiyməti ilə razılaşmışdır. Cavabdeh apellyasiya şikayətində İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti tərəfindən kredit müqaviləsi üzrə əsas borc və faiz borcu düzgün göstərilmədiyindən və o, həmin borcla razı olmadığından yenidən məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli olmasını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 01 oktyabr 2019-cu il tarixli, 30397 saylı rəyinə əsasən Cavabdeh 18 yanvar 2018-ci il tarixə İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə olan borcu ümumilikdə 49865 manat məbləğində, o cümlədən əsas borc üzrə 30000 manat, faiz borcu üzrə 19865 manat müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətində ekspert rəyi ilə razılaşmadığını, ödədiyi hansısa məbləğin ekspert tərəfindən nəzərə alınmadığını əsaslandırmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. İddiaçı təşkilat qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh qızının apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(027)-71/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-1572/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1572/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver