Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1577/2021 17.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə,ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1nin, cavabdeh X7, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh-iddiaçı X10 və Cavabdeh2 qarşı mənzildən çıxarılma və köçürülmə tələbinə dair ilk, X7 cavabdeh İddiaçı və üçüncü şəxs Sumqayıt şəhər Dövlət Notariat Kontoruna qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(060)-550/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh X10 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(060)-550/2021 saylı qətnaməsi ilə ilkin iddia təmin edilmiş, cavabdehlər X10 və Cavabdeh2 Sumqayıt şəhəri, Corat Bağlar ərazisində yerləşən 2549F saylı evdən çıxarılması və İddiaçı həmin evə köçürülməsi, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehlər X10 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh X10 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(060)-550/2021 saylı qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı cavabdehlər X10 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər X10 və Cavabdeh2 Sumqayıt şəhəri, Corat Bağlar ərazisində yerləşən 2549F saylı evdən çıxarılmaları və onun həmin evə köçürülməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. X10 cavabdeh İddiaçı və 3-cü şəxs Sumqayıt şəhər Dövlət Notariat Kotoruna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Corat bağlar sahəsində yerləşən 2549F saylı bağ evinə dair cavabdeh İddiaçı adına mərhum bacısı X8 tərəfindən verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdeh X10 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, qeyd edilən mübahisəli torpaq sahəsini mərhum anası almış, lakin bacısı Baxtıgül inad etdiyi üçün onun adına rəsmiləşdirmişdir. Bacısı anası ilə bu evdə yaşamış, həmişə psixoloji problemlərdən əziyyət çəkmiş, normal dərketmə və fikir yürütmə qabiliyyəti olmamışdır. Məhz bu səbəbdən də o, həmişə aldadılmaya meyilli olmuşdur. Belə ki, o, bir dəfə də 26 may 2014-cü il tarixdə ömürlük renta müqaviləsinə əsasən qeyd edilən evi X20 adına rəsmiləşdirmiş, lakin 28 noyabr 2014-cü ildə bundan xəbər tutan kimi müraciət edərək həmin müqaviləni ləğv etdirmişdir. Mərhum bacısının bir daha belə aldadılmaması üçün o, mütəmadi olaraq onu nəzarətdə saxlamışdır. Hazırda iddia qaldıran şəxs İddiaçı bu evə kirayəçi kimi daxil olmuş və yaşamışdır. Lakin məhkəməyə təqdim edilmiş vəsiyyətnamədən belə aydın olur ki, guya bacısı sağlığında iddiaçı ilə notariat kontoruna getməklə orada iddiaçının adına vəsiyyətnamə vermişdir. Belə bir vəsiyyətnamənin verildiyini o, hazırki iddia ərizəsinin surətini alan vaxt bilmişdir. Bacısı imzaladığı sənədin mahiyyətini başa düşmək iqtidarında olmamışdır. O sağlığında dəfələrlə yaşadığı psixoloji problemlərlə bağlı müalicələr almış və onun xəstə olduğunu bütün ətraf qohum-qonşular da təsdiq edə bilər. Həmişə bacısının yanında olmuş və o bir dəfə də olsun ona deməmişdir ki, kiməsə belə bir vəsiyyətnamə verib. Qarşı tərəf görünür, vəsiyyətnaməni aldıqdan sonra bunu onlardan gizlətmiş və bacısının ölümündən sonra evin ona vəsiyyət edilməsini irəli sürərək ona qarşı bu iddia tələbini qaldırmışdır. Məhkəmə araşdırması zamanı onlar tərəfdən məhkəməyə şahid kimi dəvət edilmiş X14, X22 və X24 məhkəməyə verdikləri izahatlarında mərhum bacısı Baxtıgülün iddiaçı və onun öz «həyat yoldaşı» kimi təqdim etdiyi şəxs tərəfindən təzyiqlərə məruz qaldığını, daima həmin evdə dava-dalaş olduğunu, hətta ölümündən qabaq mərhum qadının onun yanına gələrək bələdiyyənin və sahə müvəkkilinin nömrəsini soruşduğu, bacısına daima onun yemək daşıdığını, bacısının bütün dəfn, hüzr mərasimlərinin o və oğlu tərəfdən təşkil edildiyini, Baxtıgülün özünü normal aparmadığını,qeyri-adi hərəkətlərə yol verdiyini,onu rahatlıqla aldatmağın mümkün olduğunu və kirayəçi kimi evə buraxdığı şəxslər tərəfindən qapalı halda saxlanıldığını, həmin evdən daima ağlaşma, hay-küy, dava-dalaş səslərinin gəldiyini bildirmişlər. Bütün bu hallar mərhum Baxtıgül tərəfindən verilmiş vəsiyyətnamənin qanuniliyini şübhə altına aldığı halda, məhkəmə bu hallara əhəmiyyət verməmiş,qarşı tərəfi haqlı çıxartmışdır. Mərhum Baxtıgülün psixiatrik xəstəxanada qeydiyyatda olmamasına baxmayaraq o qeyri-rəsmi olaraq həmişə həkim nəzarətində olmuş,müalicələr qəbul etmiş,lakin özünü xəstə hesab etməmiş və xəstəliyi ilə bağlı qeydiyyata alınmasını istəməmişdir. Lakin bu o demək deyildir ki,onun tərəfindən bağlanılmış əqd etibarlı olmuşdur.Şübhə doğuran hal isə odur ki,bu qadın artıq evdə kirayədə qalan şəxslərlə mübahisəyə başladığı, ərazi bələdiyyəsini, sahə rəisini axtardığı bir ərəfədə qəfildən dünyasını dəyişmişdir, onun ölümü hələ də onlar üçün müəmmalıdır. Bacısı heç vaxt öləcəyini düşünmürdü və öz əmlakını heç kimə etibar etməzdi, hətta evin sənədlərini bir müddət ona versə də sonradan ondan almışdır. Belə olan halda onun evinə kirayəyə buraxdığı bir şəxsə vəsiyyətnamə qoyması məntiqsizdir. Belə hesab edir ki, iddiaçının təqdim etdiyi vəsiyyətnamədə olan imza mərhum bacısına məxsus deyildir və həmin imzanın kim tərəfindən imzalanmasını müəyyən etmək üçün məhkəmə-xətt ekspertizası keçirilməli, bu məsələyə də aydınlıq gətirilməlidir. Bundan başqa belə hesab edir ki, iddia tələbi həmin iddianı qaldırmaq hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki,məhkəməyə təqdim edilmiş sənədlər iddiaçının bu evin sahibi olması demək deyildir, belə ki, iddiaçının qeyd edilən ev üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır və adına çıxarış verilməmişdir. Lakin məhkəmə prosesində bu əsaslarla iddia tələbinin baxılmamış saxlanılması ilə bağlı dəfələrlə vəsatətlər qaldırılsa da məhkəmə buna əhəmiyyət verməmiş, İddiaçı kimi qəbul edərək işə baxmışdır. Sadalanan hallar iddia tələbinin əsassız olması anlamına gəlir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(060)-550/2021 saylı qətnaməsinin ləğv edilməsini və İddiaçı onlara qarşı Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2549F saylı bağ evindən çıxarma və iddiaçının həmin evə köçürülməsinə dair iddiasının rədd olunması və qarşılıqlı iddia tələbinin təmin olunaraq Sumqayıt şəhər, Corat bağlar sahəsində yerləşən 2549F saylı bağ evinə dair cavabdeh İddiaçı adına mərhum bacısı X8 tərəfindən verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək gödtərdi ki, apellyasiya şikayətində qarşılıqlı iddia üzrə iddiaçı qeyd edir ki, “bacısı anası ilə birlikdə bu evdə yaşamış, həmişə psixoloji problemlərdən əziyyət çəkmiş, normal dərketmə və fikir yürütmə qabiliyyəti olmamışdır. Məhz bu səbəbdən də o həmişə aldadılmaya meyilli olmuşdur”. Bununla bağlı onu bildirir ki, sözlə kiminsə xəstə olduğunu bildirmək, hüquqi əsası olmayan ifadələri işlətmək yararsızdır. Vəsiyyətnaməni verən şəxs kifayət qədər ağlı yerində olan, öz hərəkətlərinin mənasını başa düşən şəxs olmuşdur. Bu faktı sübut edən Sumqayıt 3 nömrəli şəhər poliklinikasının Baş həkimi tərəfindən vəkil sorğusuna gələn cavab məktubundan da görünür ki, X8 poliklinikanın psixiatr kabinetində dispanser qeydiyyatında yoxdur. Belə bir qeydiyyatı olmayan, bir dəfə də olsun belə bir xəstəliyi olmamış şəxs necə ola bilər ki anlaqlı olmasın. Həkim tərəfindən müəyyən edilməyən bu xəstəlik, heç vaxt onunla maraqlanmayan bacısı tərəfındənmi və yaxud da iddiaçının qeyd etdiyi kimi qonşular tərəfındənmi müəyyən olunur. Bundan başqa apelyant yazır ki, mərhum B.Niftəliyeva aldadılmaya meyilli olmuşdur. Bir dəfə də renta müqaviləsinə əsasən qeyd edilən evi başqa bir şəxsin adına rəsmiləşdirmiş, lakin 28 noyabr 2014-cü ildə bundan xəbər tutan kimi müraciət edərək müqaviləni ləğv elətdirmişlər. Qeyd edir ki, bu əsassız olan bir müqavilə deyil. Bütün bunlardan açıq-aydın görünür ki, bacısı və digər qohumları tərəfindən baxılmayan, qulluğa, yaxınlığa ehtiyacı olan bir qadın, ona bir doğması qədər qayğı göstərən, onun səhhətinin qeydinə qalan şəxslərə öz evini etibar etmiş və öləcəyi təqdirdə ona vəsiyyət etmişdir ki, onun mülkiyyətinə keçsin. Bununla bağlı sual yaranır ki, bu müqavilədən necə xəbər tutmuşlar və nə üçün bu günə qədər, bu 6 ildə bir dəfə də olsun bu vəsiyyətnamədən də xəbər tuta bilməmişlər. Bundan başqa iddiada qeyd olunur ki, belə aldadılma yaşamaması üçün bacısını mütəmadi nəzarətdə saxlamışdır. Mütəmadi olaraq nəzarətdə saxlanılan şəxs necə ola bilər ki, bir dəfə də olsun, vəsiyyətnamədən söhbət açmamış, gələn kirayəçilərin ondan istifadə etdiklərini, ona hansısa təsirlərin edildiyini doğma bacısına deməmişdir. Belə bir təsir var idisə, niyə bu günə qədər hüquqmühafizə orqanlarına müraciət edilməmişdir. Qeyd edilir ki, onun psixi xəstəlikdən əziyyət çəkməsindən istifadə edərək onu notariat kontoruna aparmaqla ondan öz adına vəsiyyətnamə almışdır. Bacısı imzaladığı sənədin mahiyyətini başa düşmək iqtidarında olmamışdır. O sağlığında dəfələrlə yaşadığı psixoloji problemlərlə bağlı müalicələr almış və onun xəstə olduğunu bütün qonum-qonşular da təsdiq edə bilər. Bununla bağlı onu bildirmək istəyir ki, qeyd edilən notariat kontoru Asan xidmətdə yerləşir. Qanunvericilikdən də bəlli olduğu kimi vəsiyətnamə tərtib edilərkən iki şahidin iştirakından mütləq şəkildə istifadə edilir. Fəaliyyət qabiliyyəti olub-olmadığı yoxlanılır, hətta şahidlər belə faəliyyət qabiliyyətli şəxslər olmalıdır ki, bu vəsiyyətnamə tərtib edilsin. Qeyd edir ki, ölən şəxs təkcə müvəkkilinə vəsiyyətnamə verməmişdir, hətta müvəkkilini və qızını da həmin ünvana qeydiyyata salmışdır ki, bu da o deməkdir ki, şəxs düşünülmüş şəkildə bir neçə dəfə evlə bağlı öz iradəsini sərbəst şəkildə ifadə etmişdir. Orada həqiqətən də bir zorakılıq və yaxud da aldadılma vardısa, niyə bu 6 ildə bir dəfə də olsun, üzə çıxmamışdır, doğma bacısının bundan bir dəfə də olsun xəbəri olmamışdır. Əgər bir neçə dəfə hansısa müqavilə bağlandığını bilirdisə, bacısının aldadılmağa meyilli olduğunu, əqli qüsurları olduğunu bilirdisə, niyə bu 6 ildə bir dəfə də olsun xəstəliyi ilə bağlı, üzərində qəyyum təyin edilməsi üçün bir müraciəti olmamışdır, niyə bacısını belə “başsız”, “yad” şəxslərin əlində buraxmışdır. Həmçinin dəfərlərlə müalicə alıb deyəndə nəyi nəzərdə tutursa bu da məlum deyldir. Onun sadəcə ciyərləri ilə bağlı xəstəlikləri, bronxial xəstəlikləri var idi ki, elə ölümü də həmin xəstəliklə, qaraciyər serrozu ilə bağlı olmuşdur və müvəkkili onu illərlə müalicə və müayinə etdirmişdir, bununla bağlı bütün mühüm epikrizlər və s. sənədlər də onlardadır. Bundan başqa iddiaçı məhz hansı əsasa görə etibarsız əqd bağlandığını hesab edir. Bir neçə əsas istinad gətirərək iddiasını tərtib etmişdir, hansı ki, qeyd etdiyi əsaslardan heç biri mövcud deyildir. Bir əqdin etibarsızlığının konkret əsası olar. Qeyd edir ki, müvəkkili illərlə bir bacısı, bir qızı kimi Niftəliyeva Baxtigülün qeydinə qalmış, ona qulluq etmiş, vaxtlı-vaxtında həkimə aparmış və s. onun üçün zəruri olan hərəkətləri etmişdir. Axırıncı dəfə ölənə yaxın müvəkkili onun bacısını zəng vurub çağırtdırmışdır ki, gəlsin heç olmazsa ölüm zamanı bacısının yanında olsun. Ortada bir mülkiyyət məsələsi olduğundan onlar hal-hazırda bilmirlər ki, nə etsinlər, hətta onun ölümü ilə bağlı iddiaçının təqsiri olduğunu əsas gətirərək onu prokurorluğa da şikayət etmişdilər ki, bunun da sonu istədikləri kimi olmamışdır. Müvəkkili haqqında cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmədə şahid X24 da bildirmişdi ki, tərəfləri tanıyır. Baxtigül çox çətin xasiyyətli ağır bir insan idi. O, bacısı Qətibə ilə yola getmirdi. Baxtigül istəyirdi ki, hamı gəlib onunla yaşasın. Baxtigül həmişə ona baxan olmadığından şikayətlənirdi. Bütün qeyd etdiklərindən açıq aydın görünür ki, ortada nə bir aldadılma, nə bir əqli qüsur vardır. Bütün bu süni problemlərin yaradılması-İddiaçı həmin evdən faktiki olaraq istifadə etməməsini, həmin əmlakı qanuna əsasən öz adına keçirtməsin deyədir. Həmçinin apellyasiya şikayətində qeyd edir ki, mərhum Baxtigülün psixiatrik xəstəxanada qeydiyyatda olmamasına baxmayaraq, o qeyri-rəsmi olaraq həmişə həkim nəzarətində olmuş, müalicələr qəbul etmiş, lakin özünü xəstə hesab etməmiş və xəstəliyi ilə bağlı qeydiyyata alınmasını istəməmişdir. Lakin bu o demək deyil ki, onun tərəfindən bağlanılmış əqd etibarlı olmuşdur, şübhə doğuran hal isə odur ki, bu qadın artıq evdə kirayədə qalan şəxslərlə mübahisəyə başladığı, ərazi bələdiyyəsini axtardığı bir ərəfədə qəfildən dünyasını dəyişmişdir. Bununla bağlı əsas onu qeyd edir ki, bu barədə onlar tərəfindən şikayət olduğu üçün Baxtigülün meyidi ekspertizaya göndərilmiş, ölümün səbəbi qaraciyər çatışmazlığı olduğundan Sumqayıt şəhər Prokurorluğunda iş üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa apellyasiya şikayətində qarşılıqlı iddia üzrə iddiaçı yazır ki, vəsiyyətnamədəki xətt onun deyil və s. məhkəmə-xətt ekspertizası keçirilməli, bu məsələyə aydınlıq gətirilməlidir. Birincisi onu qeyd edir ki, vəsiyyətnamənin verildiyi yer, Sumqayıt Asan Xidmət mərkəzidir, hansı ki, orada işlərin necə qanuni şəkildə, bütün qaydalara əməl edilməklə, kameraların qarşısında aparıldığı hamıya bəllidir. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçı bir neçə dəfə keçirilən məhkəmə iclaslarının hər birində iştirak etmiş, bir dəfə də olsun bu fikirləri orda səsləndirməmiş, belə bir vəsatət verməmişdir. Bundan başqa apellyasiya şikayətində qeyd edilir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Həmin məsələ ilə bağlı bildirir ki, İddiaçı hal- hazırda potensial mülkiyyətçidir. Bu evlə bağlı onda verilmiş vəsiyyətnamə var və Baxtigülün yeganə vərəsəsi odur.Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(060)-550/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiaysının iclasında Cavabdeh2 izahatınada göstərdi ki, apelyasiya şikayəti verməsə də, apelyasiya şikayətini müdafiə edir və onun təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(060)-550/2021 saylı qətnaməsinin ləğv edilməsini və İddiaçı onlara qarşı Sumqayıt şəhəri,Corat bağlar ərazisində yerləşən 2549F saylı bağ evindən çıxarma və iddiaçının həmin evə köçürülməsinə dair iddiasının rədd olunması və bizim qarşılıqlı iddia tələbinin təmin olunaraq Sumqayıt şəhər, Corat bağlar sahəsində yerləşən 2549F saylı bağ evinə dair cavabdeh İddiaçı adına mərhum X8 tərəfindən verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə qarşılıqlı iddia üzrə cavabdeh Sumqayıt Asan Xidmtə Mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəmə iclasıdna iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə qeyd edilən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(060)-550/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 bildirdi ki, Corat bağlarında yaşayır. Tərəflərin hər ikisində tanıyır. Baxtigül onun divar qonşusu olub. Baxtıgül tək qalırdı, ev iki otaqlı ev olub. Həmin evə çox adam gəlib gedirdi.Sözügedən evin kafel işini o görmüşdür. Qətibənin bacısının yanında 3-4 dəfə pay alıb gətirib, bacısı evdə olmadığından həmin payı onlara vermişdir ki bacısına çatdırsın. Sözügedən evdə kiminsə yaşadığını görməmişdir. Qətibə ora gələndə həmişə əlində yemək gətirmişdir. Yemək üstündə həmişə orda dava olurdu, həyətlərində söyüş söyülürdü. Baxtigül ölməmişdən iki gün qabaq onu çağıraraq, ondan bələdiyyənin və sahə müvəkkilinin nömrəsin istəmişdir. O, da sahə müvəkkilin deyil, bələdiyyənin nömrəsini vermişdir. Daha sonra Baxtigül evdə onun döyüldüyünü bildirmiş, daha sonra Baxtıgülü təcili tibbi yardım maşını ilə aparmışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X22 bildirdi ki, o, 54 ildir ki Baxtıgül ilə qonşu olub. Baxtıgül hər gün evə bir adam gətirirdi ki, ona baxsınlar. Rafiq adlı şəxs gəlib Baxtigilin yanına və hər gələndədə ona pampers və digər qalan əşyalar alırdı. Evin sənədi ilə bağlı Bələdiyyəyə, oradan da BTY-yə getmişlər. Orada Baxtigülün adına heç nə çıxmamış və sonradan sənədlərin Rafiqin adına olduğu məlum olmuşdur. Rafiq Baxtigülü dəli kimi qeydiyyata saldırıb dəlixanaya aparmaq istəmişdir. Baxtigül həmişə evi kirayə verdiyini deyirdi. Baxtigülün evində üç bacı, üç qardaş yaşadığını görmüşdür. Baxtigülün əqli problemləri var idi. O, hamıya evi təklif edirdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X24 bildirdi ki, tərəfləri tanıyır. Baxtigül çox çətin xasiyyətli ağır bir insan idi. O, bacısı Qətibə ilə yola getmirdi. Baxtigül öləndə yasını bacısı Qətibə və onun oğlu vermişdilər. Yasda bilinmişdir ki, vəsiyyətnamə var. Baxtigül huşsuz biri olsa da, ağlı başında biri idi. Baxtigül evində kirayəşin yaşayırdı. Dəfələrlə döyüldüyünü ona bildirsə də, o, bu barədə Baxtigülün bacısına deməmişdir. O, dəfələrlə Baxtigülə gedib bacısı Qətibəgildə yaşamasını desə də, ancaq o istəməmişdir. Baxtigül istəyirdi ki, hamı gəlib onunla yaşasın. Baxtigül həmişə ona baxan olmadığından şikayətlənirdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2549F saylı bağ evi xüsusi mülkiyyət hüququ əsasında X4 adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 17 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 16.01.2017-ci il tarixli “Vəsiyyətnamə”nin surətindən görünür ki, X9 ona məxsus olan Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2549F ünvanda yerləşən baş evini və 0.0105 ha torpaq sahəsini Sumqayıt şəhəri, Corat bağlar ərazisi, 2549F ünvanda qeydiyyatda olan İddiaçı vəsiyyət edir. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə Şöbəsi 3 nömrəli şəhər Poliknikasının 20.11.2020-ci il tarixli məktubun surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2549F saylı evdə yaşayan Niftəliyeva Baxtigül Şəmsəddin qızı Sumqayıt 3 nömrəli poliknikasının psixiatr kabinetində dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 29.10.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri 4 saylı notariat kontorunun 4Ə04\1490 reyestr nömrəli, 06 noyabr 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Corat bağlar ərazisi 2549F ünvanında yerləşən 0.0105 ha torpaq sahəsi üzərində 24 noyabr 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə X2 tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt şəhəri, 1 saylı notariat kontorunun 26 may 2014-cü il tarixli, 4Ə-127 reyestr nömrəli ömürlük renta müqaviləsinə əsasən X20 adına özgəninkiləşdirilmiş, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun 26 noyabr 2014-cü il tarixli, 3M-01-470 reyestr nömrəli ömürlük renta müqaviləsinin ləğvi barədə saziş bağlanmışdır. Sumqayıt şəhəri, Corat bağları ərazisi 2549F ünvanında yerləşən 0.0105 ha bağ torpaq sahəsi üzərində 29 noyabr 2014cü il tarixli ********** qeydiyyat nömrəli, 15 dekabr 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə bağ evi üzərində X2 tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının 02.12.2020-ci il tarixli məktubundan görünür ki, Niftaliyeva Baxtıgül Şəmşəddin qızı Sumqayıt şəhər Psixiatriya Xəstəxanasına müraciət etməmişdir, dispanser qeydiyyatında və stasionar müalicədə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 19.11.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisi, 2549F ünvanda yerləşən 0.0105 ha torpaq sahəsi ünvan 5si notariusu tərəfindən təsdiq edilmiş 01.06.2011-ci il tarixli, 4Ə-03/398 reyestr nömrəli alqısatqı və bölgü sxemi əsasında X23 adına qeydiyyata alınmış və 22.12.2011-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmiş, Sumqayıt şəhəri, 4 saylı dövlət notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 06.11.2012-ci il tarixli, 4Ə-04/490 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında torpaq sahəsi X5 adına qeydiyyata alınmış və 24.11.2012-ci il tarixli, ********** reyestr nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 1 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 26.05.2014-cü il tarixli, 4Ə-127 reyestr nömrəli ömürlük renta müqaviləsi əsasında torpaq sahəsi X20 adına qeydiyyata alınaraq 04.11.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 1 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 26.11.2014-cü il tarixli, 3M-01-470 reyestr nömrəli ömürlük renta müqaviləsinin ləğvi barədə saziş əsasında sözügedən torpaq sahəsi X5 adına qeydiyyata alınmış və 29.11.2014-cü il tarixli, **********0 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. X1 idarəyə təqdim etdiyi torpaq sahəsinin çıxarışı, plan və ölçüsü, məlumatlandırma icraasına müvafiq olaraq vətəndaşın İcra Hakimiyyəti orqanına ünvanlanmış məktubu və eskiz lahiyə əsasında sözügedən torpaq sahəsi üzərində tikilmiş bağ evinə dair X6 mülkiyyət hüququ qeydə alınmış və 15.12.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prokurorluğu Sumqayıt Şəhər Prokurorluğunun 06.11.2020-ci il tarixli məktubunun surətindən görünür ki, X3 21 avqust 2020-ci il tarixdə ölməsi faktına görə Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılmış və aparılmış araşdırma zamanı məhkəmə-tibbi ekspertizasının 21 sentyabr 2020-ci il tarixli, 91 saylı rəyi ilə mərhum Niftaliyeva Baxtigül Şəmsəddin qızının ölümünə səbəb qara ciyərin portal sirrozu nəticəsində kəskin qara ciyər çatışmamazlığı olduğu müəyyən edildiyindən tərəfindən 01 oktyabr 2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçı İddiaçı Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2549F saylı bağ evini vəsiyyətnamə əsasında əldə etməsini, hazırkı iş üzrə ilkin iddia tələbi üzrə cavabdehlərin iddiaçını mənzildən çıxarmasını, başqa sözlə iddiaçının könüllü surətdə daimi yaşamaq üçün başqa yaşayış yerinə getməməsi, mübahisəli mənzildən məcburi qaydada çıxarılmasını müəyyən edərək ilk iddianı təmin etmiş, eləcə də mübahisəli bağ evinə dair Baxtigül Niftaliyeva tərəfindən iddiaçı-cavabdeh İddiaçı mülkiyyətində olan evi vəsiyyət edərkən anlaqlı vəziyyətdə olduğuna görə həmin vəsiyyətnamənin etibarsızlığına heç bir əsas olmamasını müəyyən edərək qarşılıqlı iddianı təmin etməmişdir. Məhkəmə kollegiaysı hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birinə (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd olunan qərarda göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Yaşayış yeri və olduğu yer haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Hazırki iş materiallarından görünür ki, mübahisəli fərdi yaşayış evi vəsiyyətnamə əsasında iddiaçıya məxsusdur. Göründüyü kimi iddiaçı mübahisəli bağ evinin faktiki mülkiyətçisidir. Cavabdehin mübahisəli evdən istifadə etməsi hər hansı qanuni əsasa söykənmir. Yəni, onların mübahisəli evə hər hansı hüququ mövcud deyildir.Hal-hazırda iddiaçı cavabdehlərin vəsiyyətnamə əsasında ona məxsus olan evdən çıxarılmasını tələb edir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, ilk iddia tələbi üzrə iddiaçı Fözəl Kərimova mübahisəli fərdi yaşayış evində pasport qeydiyyatında olsalar da cavabdehlərin həmin evə dair hər hansı hüquqları müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan birinci instansiya məhkəməsi də haqlı olaraq iilk iddianı təmin etmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə də qiymət verərək hesab edir ki, məhkəmə qarşılıqlı iddianı təmin etməməkdə haqlı olmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminat verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Hazırki işdən də görünür ki, mülkiyyətçi Niftaliyeva Baxtigül Şəmsəddin qızı özünə məxsus Sumqayıt şəhəri, Corat Bağları ərazisi, 2549F ünvanındakı evi İddiaçı vəsiyyət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1167-ci maddəsinə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179-cu maddəsinə görə vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə (yerli özünüidarə orqanı) müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1220-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: 1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; 1220.0.2. notariat orqanına ərizə verməklə; 1220.0.3. Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1223.2-ci maddəsinə əsasən notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsinə, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci maddələrinə dair» 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci maddələrində bələdiyyələr tərəfindən vəsiyyətnamələrin təsdiq edilməsi qaydasının nəzərdə tutulmaması öz-özlüyündə yerli özünüidarə orqanlarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsində təsbit olunmuş notariusun olmadığı yerlərdə vəsiyyətnamələri təsdiq etmək səlahiyyətini istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1-ci maddəsinə görə vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.2-ci maddəsinə əsasən qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş materiallarından görünür ki, vəsiyyətnamənin etibarsız hesb edilməsi üçün hər hansı əsaslar mövcud deyildir. Belə ki, qarşılıqlı iddiaçı tələbində bacısı Baxtigül Niftaliyeva tərəfindən cavabdeh İddiaçı mülkiyyətində olan evi vəsiyyət edərkən anlaqlı vəziyyətdə olmamasını, onun psixi durumunun yerində olmamasını bildirsə də, buna dair sübutları təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Bundan əlavə Baxtigül Niftaliyevanın anlaqlı olması, hər hansı psixi probleminin olmaması iş materiallarında olan arayışlarla da təsdiqini tapır. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun cavadbehlərdən tutulması barədəgəldiyi nəticədə də haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiacının xeyrinə kecirilməlidir. Bu baxımdan, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək qeyd edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(060)-550/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372.1, 372.6, 372.7, 384.0.1 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(060)-550/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İlk iddia üzrə cavabdeh X10 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1577/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1577/2021
17.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver