Məhkəmə qərarları › İş №2(105)-1582/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1582/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1582/2024 03.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və X2 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı daşınmaz əmlaka istifadə, sahiblik hüququnun tanınması və mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)- 4183/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli qərardadı ilə (hakim M.Mirhəsənli) İddiaçı Cavabdehnə qarşı daşınmaz əmlaka istifadə və sahiblik hüququnun tanınması və mənzilə köçürmə tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, İddiaçı hazırki mülki iş (e-2(012)-4183/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakim M.Abbasova) şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-4183/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdehnə qarşı daşınmaz əmlaka istifadə və sahiblik hüququnun tanınması və mənzilə köçürmə tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli mənzilin alqı-satqısı haqqında müqavilə üzrə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən Cavabdeh tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının A girişində, 12 mərtəbədə, 3 A otaqlı, ümumi sahəsi 131,08 kv.m olan 76 saylı mənzilin (yaşayış sahəsinin) Cavabdeh tərəfindən İddiaçı oğlunun istifadəsinə və sahibliyinə verilməsi və İddiaçı həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Nəcəfov X1 Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli qərardadından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin e-2(012)-4183/2024 xx.xx.2024-cü il qərardadını ləğv edərək, ərizənin icraata qəbul edilərək baxılması barədə qərar edilməsini xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin qərardadı iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır. Məhkəmə iş materiallarını düzgün araşdırmamışdır. Aydınlaşdırılmalı məsələlərə qiymət verməmişdir. Məhkəmə tələbin daşınmaz əmlaka istifadə və sahiblik hüququnun tanınması və mənzilə köçürmə tələbi olmasını nəzərə almamışdır. Eyni zamanda iddiaçının mənzildən məhrum olması və tələbin birinin mənzilə köçürmə olamsına əhəmiyyət verməmişdir. Hesab edir ki, məhkəmənin yanaşması hüququn məhkəməyə müraciət hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir. Qanunvericilikdə bu cür iddialarda pretenziya, yəni mübahisənin məhkəmədən kənar həlli nəzərdə tutulmamış və bu cür iddiaların həlli yalnız məhkəmə vasitəsi ilə həll edilməlidir. Şəxsin uzun müddət həmin evə girə bilməməsi özü onu göstərir ki, artıq tərəflər arasında bu məsələnin həlli mümkün ola bilməz. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassız və qanunsuzdur. Eyni predmetli işlə bağlı Xətai Rayon Məhkəməsinə müraciət edilmiş və həmin iş apellyasiya və kassasiya qaydasında mübahisələndirilmişdir. Lakin həmin işdə apellyasiya və kassasiya instansiyası məhkəməsi pretenziyanın olmamasına irad bildirməmiş və pretenziya olmadan işlərə baxaraq qərarlar çıxarmışlar. Həmin qərarları şikayətə əlava edərək hesab edir ki, hazırki işə də pretenziya olmadan baxılmalıdır. Məhkəmə iddiaçının mülkiyyət hüququnun olmasını və daşınmaz əmlaka istifadə və sahiblik hüququnun tanınması və mənzilə köçürmə tələbi irəli sürməsini nəzərə almamışdır. Bu cür tələblərdə pretenziya nəzərdə tutulmamışdır. Əgər şəxs məhkəməyə müraciət etmişsə deməli onun əmlakı verilmədiyinə görə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Bundan başqa bu cür işlər Azərbaycan Respublikası Ali Məhkəməsinə kimi mübahisələndirilmişdir. Həmin işlərdə pretenziya olmamış və hər hansı məhkəmə instansiyası pretenziya olmadığına görə imtina etməmişdir. Pretenziya olmadan işlərə baxılmışdır. Bununla bağlı təqdim olunmuş sübutlar ərizənin qaytarılmasını mümkünsüz edirdi. Ərizəçinin məcburi köçkün olmasını nəzərə almamışdır. Ərizəçinin yaşayış yeri iş materialları ilə sübut olunur. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli və 05 sentyabr 2024-cü il tarixli qərardadları ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin geri qaytarılmasını iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydasına riayət edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Mülki Prosessual Məcəllənin 151.1. maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı iş üzrə iddia daşınmaz əmlaka istifadə və sahiblik hüququnun tanınması və mənzilə köçürmə tələbi barədədir. Qanunvericilikdə bu cür iddialarda pretenziya, yəni mübahisənin məhkəmədənkənar həlli nəzərdə tutulmamış və bu cür iddiaların həlli yalnız məhkəmə vasitəsi ilə həll edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli və 05 sentyabr 2024-cü il tarixli qərardadları qərardadları ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 152.3. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli və 05 sentyabr 2024-cü il tarixli qərardadları ləğv edilsin. İddia ərizəsi icraata qəbul edilsin və mülki iş mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar