Məhkəmə qərarları › İş №2(105)-1594/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1594/2023

01.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1594/2023 01.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması, avtomobil olmadığı təqdirdə onun dəyərinin alınması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt şəhəri Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-66/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2021ci il tarixli, 016-94485-1221 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, DİN-in Baş X10 İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasına görə sorğu edilən VAZ- 21074 markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdən İddiaçı adına qeydiyyatdadır. Etibarnamə ilə Cavabdeh1 xx.xx.2012-ci il tarixdə verilmiş, xx.xx.2013- cü il tarixdə xitam verilmişdir. Etibarnamə ilə Cavabdeh2 xx.xx.2012-ci il tarixdə verilmiş, xx.xx.2013-cü il tarixdə xitam verilmişdir. Etibarnamə ilə Cavabdeh3 xx.xx.2013-cü il tarixdə verilmiş, xx.xx.2013-cü il tarixdə xitam verilmişdir. Etibarnamə ilə Cavabdeh4 xx.xx.2013-cü il tarixdə verilmiş, xx.xx.2022-ci il tarixdə xitam verilmişdir.

2. Bakı şəhərinin 52 saylı notariat kontorunun notariusu X2 06 iyun 2014-cü il tarixdə 817/2014 saylı müraciətə cavab olaraq bildirilmişdir ki, etibarnamənin ləğvi faktı xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Göstərilənlərlə əlaqədar Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin Notariat sənədlərinin elektron məlumat bankında və notariat hərəkətlərinin 7E reyestr kitabında müvafiq qeydlər aparılmışdır.

3. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2022-ci il tarixli, 263 nömrəli sorğuya cavab olaraq bildirilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4984 saylı 2014-cü il tarixli mülki iş göndərilmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim T.C.Xəlilova) iddia təmin edilərək, cavabdehdən “Vaz-21074 markalı, ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alınıb iddiaçıya qaytarılması qət edilmişdir.

5. Sumqayıt Appelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, Ş.R.Abasov və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir.

6. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli, 2(102)- 190/2022 saylı qərarı ilə İddiaçı Məhiyyədin qızının kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2(105)-796/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Sumqayıt şəhəri 4 saylı Notariat Kontoruna sorğular verilmiş, sorğuya cavab olaraq İddiaçı tərəfindən Cavabdeh1 17 oktyabr 2012-ci il tarixdə 7E-31284 reyestr №li etibarnamənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin etibarnaməyə əsasən etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməsi nəzərdə tutulmuş və etibarnamə 16 oktyabr 2013-cü il tarixədək qüvvədə olmuşdur.

8. Sumqayıt şəhər 4 saylı Notariat Kontorunun 1886 №li 27 may 2014-cü il tarixli məktubuna əsasən Sumqayıt şəhər 4 saylı Notariat Kontoru tərəfindən 17 oktyabr 2012-ci il tarixdə 7E-31284 №li reyestrlə Cavabdeh1 adına rəsmiləşdirilmiş etibarnamə X3 xx.xx.2014-cü il tarixli, 7E/20044 reyestrli ərizəsinə əsasən ləğv edilmişdir.

9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin məktubuna əsasən **-HL-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı minik avtomobili İddiaçı Məhyəddin qızının adında qeydiyyatdadır. Məktuba əlavə olunmuş komputer çıxarışına əsasən sonuncu dəfə Cavabdeh4 etibarnamə verilmiş, həmin etibarnaməyə xx.xx.2014-cü il tarixdə xitam verilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2023-cü il tarixli, 9/189 nömrəli ekspert rəyindən görünür ki, tədqiqatın nəticəsi olaraq VAZ 21074 markalı, 2010-cu il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 6000 manat müəyyən olunmuşdur.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1594/2023 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi İddiaçı Cavabdeh1 qarşı avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması, avtomobil olmadığı təqdirdə onun dəyərinin alınması tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus **-HL-*** dövlət nömrə nişanlı, VAZ 21074 markalı avtomaşının cavabdehlərdən alınıb ona qaytarılması, avtomobilin qaytarılması mümkün olmadıqda isə avtomobilin dəyəri, yəni 4911 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Vaz-21074 markalı, ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsusdur və sonuncu 17 oktyabr 2012-ci il tarixli etibarnaməyə əsasən həmin nəqliyyat vasitəsini cavabdehin sahibliyinə vermiş, sonradan iddiaçı cavabdehin adına verdiyi etibarnaməni ləğv etmişdir. Bu səbəbdən də iddiaçı cavabdehin qanunsuz sahibliyində olan nəqliyyat vasitəsini ondan geri tələb etməkdə haqlı olmuşdur. ** HL *** dövlət nömrə nişanlı, VAZ 2107 markalı avtomobil həmin vaxt onun adına Azərbaycan Beynəlxalq Bankı ASC-nin Sumqayıt filialında kreditdə olmuş,cavabdeh maşını alarkən razılığa gəlmişlər ki, o, bankın ödənişlərini vaxtlı-vaxtında ödəyəcəkdir. Lakin cavabdeh ödənişləri ödəmədiyi üçün bank ona qarşı iddia ilə məhkəməyə müraciət etmiş və bankın iddia tələbi təmin olunmuş, onda 4911 manat tutulub banka ödənilməsi qət edilmişdir. Bankın ödənişlərini hissə-hissə ödəyir. xx.xx.2014-cü ildə Cavabdeh1 verdiyi etibarnaməni notariat kontorunda ləğv etdirmiş, ona qarşı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim T.C.Xəlilova) iddia təmin edilərək, cavabdehdən “Vaz-21074 markalı, ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alınıb iddiaçıya qaytarılması qət edilmişdir. Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Sumqayıt Appelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, Ş.R.Abasov və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Vaz-21074” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsusdur və sonuncu 17 oktyabr 2012-ci il tarixli etibarnaməyə əsasən həmin nəqliyyat vasitəsini cavabdehin sahibliyinə vermişdir. Həmin etibarnaməyə əsasən iddiaçının səlahiyyətlərini başqa şəxsə verə bilməsi nəzərdə tutulub və etibarnamə 16 oktyabr 2013-cü il tarixədək qüvvədə olub. Eyni zamanda, notariat orqanı tərəfindən verilmiş 27 may 2014-cü il tarixli məktuba əsasən 17 oktyabr 2012-ci il tarixdə Cavabdeh1 adına rəsmiləşdirilmiş etibarnamə Natiq İbişovun 27 may 2014-cü il tarixli ərizəsinə əsasən ləğv edilmişdir. Həmçinin, işə əlavə edilmiş kompüter çıxarışına əsasən sonuncu dəfə nəqliyyat vasitəsinə dair Cavabdeh4 adına verilmiş etibarnaməyə 01 mart 2014-cü il tarixdə xitam verilmiş, iddiaçı tərəfindən Cavabdeh1 adına verilmiş 17 oktyabr 2012-ci il tarixli etibarnamə 27 may 2014-cü il tarixdə ləğv edilsə də, sonuncu etibarnamənin qüvvədə olduğu dövrdə ona verilmiş səlahiyyət həddində 03 noyabr 2012-ci il tarixdə iddiaçının adından çıxış edərək Cavabdeh5 adına 16 oktyabr 2013-cü il tarixli etibarnamə vermişdir. Bununla da həmin etibarnamə üzrə səlahiyyətlər Cavabdeh5 keçmişdir. Göründüyü kimi iddiaçı sözügedən nəqliyyat vasitəsinin cavabdehin qanunsuz və faktiki sahibliyində olduğunu sübut etməli olduğu halda bunu təsdiq edən tutarlı sübutları məhkəməyə təqdim edə bilməmiş, ona görə də iddia rədd edilməlidir. O həmin qətnamədən kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı həm Elnura, həm də digər cavabdehlərə qarşı avtomobilin geri qaytarılması, avtomobilin geri qaytarılması mümkün olmadıqda isə onun dəyərinin onlardan alınıb ona verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Çünki ona məxsus avtomobil cavabdehlərin istifadəsində olmuş və hal-hazırda da avtomobilin mövcud olubolmaması məlum deyildir. Cavabdehlər əsassız olaraq varlanmışlar.

14. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X4 avtomobili xx.xx.2012-ci il tarixdə etibarnamə ilə Cavabdeh5 satmışdır. Hazırda həmin şəxsində cavabdeh qismində işə cəlb olunmasına zərurət vardır. Qeyd olunanlara əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh5 cavabdeh qismində mülki işə cəlb edilməsini xahiş etmişdir.

15. Sumqayıt şəhəri Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-66/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, İddiaçı ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Aynur Behbudova).

16. Məhkəmə hesab etmişdir ki, hazırki halda iddiaçının əsassız varlanma tələbinə istinad edərək pul tələb etməsi əsassızdır. Belə ki, “Vaz-21074” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsus olmaqla, etibarnamə əsasında sərəncam verməyi və sair etibar etmiş, cavabdehlərin qanunsuz sahibliyində olması sübut olunmayaraq, öz təsdiqini tapmamışdır. Bu səbəbdən də iddiaçı cavabdehlərin qanunsuz sahibliyində olan nəqliyyat vasitəsini və ya avtomobilin qaytarılması mümkün olmadıqda, onun dəyərinin cavabdehlərdən geri tələb etməkdə haqlı deyil.

17. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, “Vaz-21074 markalı, ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsusdur. Sonuncu 17 oktyabr 2012-ci il tarixli etibarnaməyə əsasən həmin nəqliyyat vasitəsini cavabdehin sahibliyinə vermiş, həmin etibarnaməyə əsasən iddiaçının səlahiyyətlərini başqa şəxsə verə bilməsi nəzərdə tutulmuş, etibarnamə 16 oktyabr 2013-cü il tarixədək qüvvədə olmuşdur. Eyni zamanda, notariat orqanı tərəfindən verilmiş 27 may 2014-cü il tarixli məktuba əsasən 17 oktyabr 2012-ci il tarixdə Cavabdeh1 adına rəsmiləşdirilmiş etibarnamə Natiq İbişovun 27 may 2014-cü il tarixli ərizəsinə əsasən ləğv edilməsi qeyd olunmuşdur. Sonuncu dəfə nəqliyyat vasitəsinə dair Cavabdeh4 adına verilmiş etibarnaməyə 01 mart 2014-cü il tarixdə xitam verilməsi işin mübahisə edilməyən halı olub, iddiaçı tərəfindən Cavabdeh1 adına verilmiş 17 oktyabr 2012-ci il tarixli etibarnamə 27 may 2014-cü il tarixdə ləğv edilsə də, sonuncu etibarnamənin qüvvədə olduğu dövrdə ona verilmiş səlahiyyət həddində 03 noyabr 2012-ci il tarixdə iddiaçının adından çıxış edərək Cavabdeh5 adına 16 oktyabr 2013-cü il tarixli etibarnamə verməsi müəyyən edilmişdir.Həmin etibarnamə üzrə səlahiyyətlər Cavabdeh5 keçmişdir. Məhkəmə araşdırması gedişatında iddiaçı nəqliyyat vasitəsinin cavabdehlərin qanunsuz və faktiki sahibliyində olduğunu sübut edə bilməmiş, bunu təsdiq edən tutarlı sübutları məhkəməyə təqdim etməmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, 29-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152.1, 157.2, 1091.1, 1092.1, 1092.1.1, 1092.3, 337.1, 337.3, 337.4, 339.2, 182.1, 366.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt şəhəri Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-66/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq və təfsir etməmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdehlər həmin avtomobilin onların istifadəsində olduğunu və ardıcıllıqla satdıqlarını etiraf etmişlər. Həmçinin həmin avtomobilin bankda girovda olduğunu da bildiklərini qeyd etmişlər. Cavabdeh4 izahatında bildirmişdir ki, o , özünə məxsus VAZ 2106 markalı avtomobili 3000 manat dəyərində Samirə vermiş və sözügedən avtomobili almışdır. 5 gündən sonra bank işçisi adı ilə bir neçə nəfər şəxs üstünə tökülüb onu döymüşlər. Həmin avtomobili də əlindən alıb AMAY-in qarajına aparmışlar. Banka getmiş, maraqlanmış, bildirmişlər ki, kredit borcu vardır. O da pulu Beynəlxalq Bankın Sumqayıt filialına ödəmiş, maşını çıxartmış, lakin bank ona etibarnamə verməmişdir. O, 2013-cü il tarixdə avtomobili Banka təhvil vermişdir. Yəni avtomobilin sonuncu dəfə həmin şəxsdə yəni Cavabdeh4 olduğu öz təsdiqini tapır. O, isə öz növbəsində 2013-cü il tarixdə avtomobili Banka təhvil verdiyini etiraf etmişdir. Lakin məhkəmə bu halı araşdırmamışdır. Avtomobilin banka təhvil verildiyini aydınlaşdırmamışdır. Həmçinin Cavabdeh4 banka 2470 manat pul ödədiyini də araşdırmamışdır. Çünki bank məhz həmin avtomobilə dair iddiaçıdan məhkəmə qətnaməsi ilə pul tələb edir və iddiaçı həmin pul vəsaitini də ödəyir. Hesab edirik ki, bu hal araşdırılmalıdır. Cavabdehlər avtomobilin onların istifadələrində olduğunu etiraf etmişlər bununla da iddia tələbinin əsası kimi istinad etdiyimiz halları sübuta yetirmişik. Sonuncu dəfə avtomobil Cavabdeh4 olmuşdur. İddia tələbi əsaslıdır, təmin olunmalıdır. Cavabdehlər əsassız olaraq varlanmışlar. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2023-cü il tarixli, 9/189 nömrəli ekspert rəyindən görünür ki, tədqiqatın nəticəsi olaraq VAZ 21074 markalı, 2010-cu il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 6000 manat müəyyən olunmuşdur. İddiaçı iddia tələbində cavabdehlərdən 4911 manat pul tələb edir. Ekspert rəyində isə avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 6000 manat müəyyən olunmuşdur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qətnaməsi lazımi əsaslandırılmadan qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

21. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə və nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

23. Cavabdehlər və Azərbaycan Beynəlxalq Bankı ASC məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.

24. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

25. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin və Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

26. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

28. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

35. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

36. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

40. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

41. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

44. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-66/2023 nömrəli qətnaməsini tam mübahisələndirmişdir.

45. Ona görə də kollegiya Sumqayıt şəhəri Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə razılaşaraq qeyd edir ki, iş materiallarını araşdırılan zaman müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi zamanı Cavabdeh4 birinci instansiya məhkəməsinin iclasında izahatını nəzərə almamışdır (iş vər. 59). Belə ki, o iddia tələbini qəbul etməsə də izahatında bildirmişdir ki, “özünə məxsus VAZ 2106 markalı avtomobili 3000 manat dəyərində Samirə vermiş və sözügedən avtomobili almışdır. 5 gündən sonra bank işçisi adı ilə bir neçə nəfər şəxs üstünə tökülüb onu döymüşlər. Həmin avtomobili də əlindən alıb AMAY-in qarajına aparmışlar. Banka getmiş, maraqlanmış, bildirmişlər ki, kredit borcu vardır. O da pulu Beynəlxalq Bankın Sumqayıt filialına ödəmiş, maşını çıxartmış, lakin bank ona etibarnamə verməmişdir. O, 2013-cü il tarixdə avtomobili Banka təhvil vermiş, 2470 manat məbləğində pul ödəmişdir.”

48. Göründüyü kimi, Cavabdeh4 öz izahatında sözügedən avtomobilin sonuncu dəfə onda olduğunu və banka təhvil verdiyini bildirmişdir. Lakin cavabdeh maşını banka verməsinə dair sübut nə birinci instansiya nə apellyasiya instansiya məhkəməsinin icraatı zamanı təqdim etməmişdir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin yazılı ərizədə etiraf etməsi, eləcə də “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallarda məhkəmə iclasında etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

50. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

51. Məhkəmə kollegiyası izah edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

52. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

54. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

55. İddiaçının iddiasında irəli sürdüyü tələbin mahiyyəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı onun mülkiyyətində olan avtomobili cavabdehlərin qanunsuz sahibliyindən və istifadəsindən alınaraq geri qaytarılımasını tələb edir.

56. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini, habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini təsbit etmişdir.

57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Mülkiyyət hüququna dair eyni mövqe Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada da müəyyən olunmuşdur.

58. Belə ki, Konvensiyanın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.

59. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı öz apellyasiya şikayətinin əsaslarına dair dəlillərini qismən sübut edə bilmişdir.

60. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.

61. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Sumqayıt şəhəri Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-66/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməli, **-HL-*** dövlət nömrə nişanlı, VAZ 21074 minik markalı qara metalik rəngli avtomobil, nəqliyyat vasitəsinin qaytarılması mümkün olmadıqda isə avtomobilin dəyəri 4911 manat Cavabdeh4 alınaraq İddiaçı verilməli, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt şəhəri Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-66/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. **-HL-*** dövlət nömrə nişanlı, VAZ 21074 minik markalı qara metalik rəngli avtomobil, nəqliyyat vasitəsinin qaytarılması mümkün olmadıqda isə avtomobilin dəyəri 4911 (dörd min doqquz yüz on bir) manat Cavabdeh4 alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat Cavabdeh4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar