Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1603/2023 11.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2(012)-3384/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim E.Kazımov) İddiaçı Cavabdehnə qarşı özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması, iddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, İddiaçı xx.xx.2023-cü il tarixdə ********** saylı mədaxil qəbzi vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılması, qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(012)-3384/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsi, şikayət işlə birlikdə 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdehnə qarşı özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 179 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0,15 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, 0,15 ha torpaq sahəsinin boşaldılaraq onların sahiblik və istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunması və iddia ərizəsinin icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən verdikləri iddia ərizəsinə mahiyyəti üzrə baxılaraq, iddia tələbinə müvafiq hüquqi qiymət verilməli idi. Lakin məhkəmə tərəfindən əsassız olaraq verdikləri iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Hazırkı halda məhkəmənin qəbul etdiyi qərardadla onların məhkəməyə çatımlılıq hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadla həm də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırılması hüququ) tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassız olması aşağıdakılarla müəyyən edilir. Qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, ərindən miras qalmış Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında yerləşən 148.8 kv.m qeyri yaşayış sahəsinə dair mirası qəbul etdiyindən ərindən miras qalmış digər əmlaklara, o cümlədən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 179 nömrəli fərdi yaşayış evini və evin yerləşdiyi 0,15 ha torpaq sahəsini də miras əmlak kimi qəbul etmişdir. Məhkəmənin “Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 179 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0,15 ha torpaq sahəsinin də mərhum əri M.Piriyevə məxsus olduğunu bildirsə də, torpaq sahəsinə və torpaq sahəsinin M.Piriyevə məxsus olmasına dair hər hansı bir hüquqmüəyyənedici sənədi iddia ərizəsinə əlavə etməmişdir” kimi mövqeyini də əsassız hesab edirlər. Belə ki, iddia ərizəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 179 nömrəli fərdi yaşayış evinin ərinin mülkiyyətində olması barədə qeydiyyat vəsiqəsinin surəti, eləcə də həmin fərdi yaşayış evinə dair fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun əsli əlavə edilmişdir. Qeyd olunan sənədlərdən də göründüyü kimi sözügedən torpaq sahəsindəki fərdi yaşayış evi mülkiyyət hüququ əsasında mərhum ərinin adına dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi sözügedən torpaq sahəsi bilavasitə ərinin adına dövlət reyestrində qeydiyyata alınmasa da, torpaq sahəsinin üzərindəki fərdi yaşayış evi ərinin mülkiyyətindədir, həmçinin sözügedən torpaq sahəsi də qanuni əsaslarla onların sahiblik və istifadəsində olmuşdur və ərinin həmin torpaq sahəsi üzərindəki mülkiyyət hüququnun qeydə alınması ilə bağlı gözlənilən hüquqları mövcuddur. Məhkəmənin qəbul etdiyi hazırkı qərardad hesab edirlər ki, hər hansı bir araşdırma aparılmadan irəli sürdükləri tələbə mahiyyəti üzrə qiymət verilməsi anlamına gəlir ki, bu da tamamilə əsassızdır. Qeydiyyat vəsiqəsinin kserosurətinin təqdim edilməsinin səbəbi isə iddia ərizəsi elektron qaydada verildiyindən, təqdim edilən sənədlərin həcminə dair məhdudiyyətin mövcudluğu olmuşdur. Hər bir halda yuxarıda da qeyd etdikləri kimi fərdi yaşayış evinə dair texniki pasportun əslinin təqdim edilməsi hesab edirlər ki, həmin evin, eləcə də evin yerləşdiyi torpaq sahəsinin iddiaçının ərinə aidiyyatını bilavasitə təsdiq etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli və 23 iyun 2023-cü il tarixli qərardadları ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin geri qaytarılmasını Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 179 nömrəli fərdi yaşayış evinin mərhum əri X1 ona miras qalması barədə hər hansı bir sübutu iddia ərizəsinə əlavə edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Mülki Prosessual Məcəllənin 151.1. maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.1. maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə geri qaytarır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, iş materiallarından görünür ki, mülki işin 8 və 28-ci vərəqlərində iddiaçının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, eləcə də mərhumun atasına verilmiş qeydiyyat vəsiqəsi mövcuddur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli və 23 iyun 2023-cü il tarixli qərardadları ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 152.3. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli və 23 iyun 2023-cü il tarixli qərardadları ləğv edilsin. İddia ərizəsi icraata qəbul edilsin və mülki iş mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1603/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1603/2023
11.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver