Məhkəmə qərarları › İş №2(105)-1613/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1613/2023

26.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1613/2023 26.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Şərqi Zəngəzur Təhsil İdarəsinə və Zəngilan rayon 33 saylı tam orta məktəbinə qarşı mülki iş üzrə (Açar sözlər: dərs saatlarının əvvəlki qaydada qaytarılması, sinif rəhbərliyinin verilməsi və əmək haqqının ödənilməsi tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X13 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Vəkil2, cavabdeh Zəngilan rayon 33 saylı tam orta məktəbin direktoru X3, cavabdeh Şərqi Zəngəzur Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə3, üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə Zəngilan Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(034)-149/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Şərqi Zəngəzur Təhsil İdarəsinə, Zəngilan rayon 33 saylı tam orta məktəbinə və üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «dərs saatlarının əvvəlki qaydada qaytarılması, sinif rəhbərliyinin verilməsi və əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən onun Zəngilan rayon 33 saylı tam orta məktəbinin 4B sinfinin sinif rəhbərliyi vəzifəsindən kənarlaşdırılması, 23 saat dərs yükü saatlarının 6-ya endirilməsinin qanunsuz hesab edilməsi və onun dərs saatlarının əvvəlki qaydaya qaytarılması, Zəngilan rayon 33 saylı tam orta məktəbinin 4B sinfinin sinif rəhbərliyinin ona verilməsi, tədris etdiyi dərs saatlarına görə əmək haqqının ödənilməsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2007-ci il tarixdə Zəngilan rayon 33 saylı tam orta məktəbdə laborant olaraq işləməyə başlamış, 2010-cu ildən isə ali təhsili üzrə ixtisasına uyğun bu məktəbdə ibtidai sinif müəllimi olaraq fəaliyyətə başlamış və ona 6 saatlıq dərs yükü verilmişdir. 2014-cü ildə məktəbin 4A sinfinin (hazırkı 4B sinfi) sinif rəhbərliyi ona həvalə olunmuş və 15 saatlıq dərs yükü ilə təmin olunmuşdur. 3 il iş fəaliyyətindən sonra isə 2017-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin ilkin X1 iştirak etmək istəsə də buna icazə verilməmiş və səbəb olaraq da onun müəllimlərin işə qəbulu imtahanında iştirak etməli olması göstərilmişdir. 2017-ci il üzrə əldə etdiyi nəticəümumi balı 38, ixtisas balı isə 30 olmuşdur. 2018 il üçün ümumi balı 47, ixtisas balı isə 34, sonrakı 2019-cu il üçün 42, ixtisas balı isə 28 olmuşdur. Müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak etməsi üçün göndərdiyi 26 iyul 2020-ci il tarixli elektron ərizəsi isə belə cavablandırılmışdır ki, təhsil müəssisəsində müddətsiz müqavilə əsasında çalışdığı üçün onun MİQ üzrə müsabiqədə iştirakı mümkünsüzdür. Keçmiş Zəngilan rayon Təhsil Şöbəsi (hazırda Cavabdeh1) hələ 2019-cu ildə özünün 57 saylı 14 iyun tarixli əmri ilə onu işdən çıxarmışdır. Qarşılaşdığı həmin haqsızlıqdan müdafiə olunmaq üçün məhkəməyə etdiyi müraciətinə Zəngilan Rayon Məhkəməsində 2(034)-462/19 saylı mülki iş üzrə qəbul edilmiş 03 oktyabr 2019-cu il tarixli qətnamə ilə iddia ərizəsi təmin olunmuş, işdən çıxarılmağı barədə əmr ləğv edilmiş və məcburi iş buraxmaya görə əmək haqları ona ödənilməklə 33 saylı Zəngilan rayon tam orta məktəbinə əvvəlki vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Həmin məhkəmə aktı 04 noyabr 2019-cu ildə icra olunmuş və onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Sonradan da onun məktəbdəki dərs yükü saatları 2021-ci ildən 23 saata qədər artırılmışdır. 2022-ci ilin oktyabr ayının əvvəlləri Cavabdeh1 Zəngilan rayonu üzrə sektor müdiri Nümayəndə3 onun dərs yükü saatının 6ya endirildiyini ona bildirərək rəhbəri olduğu 4B sinfinin təhvil verməsini ondan tələb etmiş və bu tələbin əyani tətbiqi ilə əlaqədar da məktəbin direktoru Səadət Səfquliyeva əmr çıxararaq onu tədris etməkdən demək olar ki, tam mənada məcburi kənarlaşdırmışlar. Belə ki, məktəbin 4B sinfinin rəhbəri olaraq tədris etdiyi 23 saatlıq dərs yükü saatlarının ona yalnız 6 saatı üzrə maaş verilir və 17 saatlıq dərs saatlarının ödənişi isə baxmayaraq ki, tədrisi o verir, pul məktəbin başqa müəllimi Təranə Vəliyevaya ödənilir və bu qanunsuzluq 15 sentyabr 2022-ci il tarixdən davam edir. Halbuki Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinin 3-cü bəndinə əsasən işçinin razılığı olmadan onun əmək funksiyasının azaldılması yolverilməzdir. Qarşılaşdığı haqsızlıq, qanunsuzluq barədə Əmək Müfəttişliyinə müraciət etmiş və ona müraciəti üzrə araşdırmaların aparıldığı bildirilmişdir. Cavabdeh1 Zəngilan rayonu üzrə sektor müdiri Nümayəndə3 və onunla eyni fikirdə olan digər cavabdeh Zəngilan rayon 33 saylı tam orta məktəbin direktoru Səadət Səfquliyevanın ona qarşı hərəkətlərini əsaslandırdıqları Təhsil Nazirliyinin 04 aprel 2022-ci il tarixli, 05/TQÇ-09330 №-li məktubunda bildirilir ki, ümumi təhsil müəssisələrində çalışan, müsabiqədənkənar işə qəbul olunmuş müəllimlərin işə qəbul müsabiqəsində iştirak etməmiş və ya iştirak edərək müvafiq nəticə əldə edə bilməyən, eyni zamanda diaqnostik qiymətləndirmə nəticəsi 80%dən aşağı olan müəllimlərin 2022/2023-cü tədris ilindən etibarən minimal dərs yükü (6 saat) ilə təmin olunması nəzərdə tutulmuşdur. Onların bu hərəkət istinadlarının əsassız olduğunu isə təsdiq edən kifayət qədər sübutlar və faktlar mövcuddur. Belə ki, X1 iştirak etmək istəsə də, buna icazə verilməmiş və səbəb olaraq da onun müəllimlərin işə qəbulu imtahanında iştirak etməli olması göstərilmişdir. 2017-ci il üzrə əldə etdiyi nəticə-ümumi balı 38, ixtisas balı isə 30 olmuşdur. Növbəti 2018 və 2019-cu illər üzrə isə 2018 il üçün ümumi balı 47, ixtisas balı isə 34, sonrakı 2019-cu il üçün 42, ixtisas balı isə 28 olmuşdur. Müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak etmək üçün o, 26 iyul 2020-ci il tarixli elektron ərizə vermiş, cavabında isə təhsil müəssisəsində müddətsiz müqavilə əsasında çalışdığı üçün MİQ üzrə müsabiqədə iştirakının mümkünsüz olduğu bildirilmişdir. Diaqnostik Qiymətləndirilmə hazırda dayandırılmış və bunun əvəzinə Müəllimlərin Sertifikasiyası (Sertifikatlaşdılması) lahiyəsi nəzərdə tutulmuşdur ki, bunun da tarixi məlum deyildir. Belə olduğu təqdirdə ən azından yeni lahiyənin tətbiqinə qədər, yəni Müəllimlərin Sertifikatlaşdırılmasına qədər vəzifəsində qalmalı və dərs yükü saatları azaldılmamalıdır. Ona görə də o, müdafiə olunmaq üçün Cavabdeh1nə və cavabdeh Zəngilan rayon 33 saylı tam orta məktəbin direktoruna qarşı “Dərs saatlarının qaytarılması, əmək haqqının əvəzinin tutulması və sair” tələblərə dair iddiası ilə aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinin 1-ci, 2-ci və 3-cü bəndlərinin tələblərinə görə:(1). İşəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir; (2). Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X2 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. (3). Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin tələbinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 35-ci maddəsinin İİ, İİİ, İV, İVhissələrinin tələbinə görə:-İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinin tələbinə görə: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 7-ci maddəsinin İ və İİ-hissələrinin tələbləri belədir ki,:İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. O, yuxarıda sadalanan əsaslardan çıxış edərək cavabdehlər tərəfindən ona qanunsuzluq, haqsızlıq edildiyini düşünür və həmin haqsızlıqlardan məhkəmə müdafiəsinə sığınır.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Zəngilan Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(034)-149/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Şərqi Zəngəzur Təhsil İdarəsinə, Zəngilan rayon 33 saylı tam orta məktəbinə və üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «dərs saatlarının əvvəlki qaydada qaytarılması, sinif rəhbərliyinin verilməsi və əmək haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməmişdir (hakim Gülsarə İmanova).

5. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsinin 1,2,3-cü bəndlərinə istinad edərək iddianı təmin etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 11 may 2023cü il tarixli, 2(034)-149/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

7. Məhkəmənin qətnaməsi ədalətsiz, qanunsuz, əsassız və qərəzlidir, iddia üzrə obyektiv nəticəyə gəlmək üçün maddi və prosessual qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmənin qətnaməsi əsassızdır. Belə ki, 2017-ci ildə onun adı Təhsil Nazirliyinə məxsus elektron sistemdə laborant vəzifəsində qeydiyyatda idi. Bu səbəbdən onu 2017-ci ildə keçirilmiş diaqnostik qiymətləndirməyə buraxmadılar və müəllimlərin işə qəbulu imtahanında iştirak etməyi tövsiyyə etdilər. Halbuki sistemdə qeydiyyatın bu formada aparılması onun səhvi deyildi. Həmin öhdəlik təhsil şöbəsinin idi. 2019-cu ildə onun əmək müqaviləsinə xitam verildi ki, o, ümumiyyətlə məktəbdə işləməli deyil və əmək fəaliyyəti qeyri-qanunidir. 2019-cu ildə məhkəmə qətnaməsi ilə ibtidai sinif müəllimi kimi işinə bərpa olunub. Həmin qətnamə iş materiallarında var. 2018-2019-cu illərdə MİQ imtahanlarında iştirak edib. 2020-ci ildə yenidən Elm və Təhsil Nazirliyinə MİQ imtahanında iştirak etmək istəməyi barədə məktub yazdı. Nazirlikdən ona rəsmi cavab verildi ki, artıq məktəbdə daimi müqavilə əsasında müəllim vəzifəsində işlədiyinə görə müsabiqədə iştirak edə bilməz. Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqin Bağırova ona təqdim olunmuş həmin sənədi göstərəndə bildirdi ki, bu, texniki bir səhvdir. Həmin texniki səhv ona dəyən maddi və mənəvi ziyanın əsasıdır. O, 2021-2022-ci illərdə 23 saat dərs yükü ilə dərs deyib. Keçən tədris ili başlayanda bildirdilər ki, Təhsil Nazirliyinin məktubu var və ona cəmi 6 saat dərs yükü verilə bilər. Bu barədə məhkəməyə müraciət edib. Onun sinfinə təyin olunan müəllimin diaqnostik nəticəsi 19 olmasına baxmayaraq 6 saat limiti ona tətbiq olunmayıb. Həmin limit təkcə ona tətbiq olunub. Dərs saatı azaldılsa da o, sinifdən çıxmayıb və sinfini idarə edib. Çünki dövlət orqanlarına və məhkəməyə müraciət etmişdi. 15 sentyabrdan 15 iyuna kimi həmin sinfin idarəsini o aparıb. Maaşı isə digər müəllim alıb. O, yalnız 6 saatın əvəzini alıb. Həmin müəllim sinfə ümumiyyətlə daxil olmayıb. Onda disklər var. Birinci instansiya məhkəməsində təqdim etmək istəyəndə bildirdilər ki, yalnız hazırlıq mərhələsində sənəd təqdim edə bilərdi. Həmin diskdən görünür ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi Laçın Hüseynzadə və digər müəllimlər dərs saatının azaldılması məsələsini mediada işıqlandırdılar. Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbəri məktəbə gəldi və məsələ həll oldu. Həmin müəllimlər sertifikasiyanı keçənə qədər dərs saatları müvəqqəti onlara həvalə olundu. Ona isə heç bir güzəşt tətbiq olunmadı. O, keçən il həm 1-ci sinfə, həm də 5 yaşlı uşaqlara dərs deməli idi. Həmin dərslər ona həvalə edilmədi. Bu il də həmin problem davam edir. Daha sonra qeyd etdi ki, sertifikasiya qanunun tələbi idi və o, qanunun tələbinə tabe olmalı idi. Onun əmək müqaviləsində dərs saatları göstərilməmişdi. Ona jurnal verilməyib. Qeydiyyatı özü əlyazma formasında aparıb. Həmin sinfə dərs demək ona həvalə olunmayıb, sinifdə başqa müəllim də olmayıb. Həmin sinifdə başqa müəllimə münasibətdə daxili intizam qaydalarını pozmayıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Zəngilan Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(034)-149/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məktəbin rəhbərliyi iddiaçının 2019-cu ildə məhkəməyə müraciət edərək işə bərpa olunması səbəbindən iddiaçıya qarşı qərəzlidir. Bir il müddətində sinifdə dərsi İddiaçı aparıb. Sinfə bir gün belə daxil olmayan müəllim həmin dərslərin pulunu alıb. Məktəbin rəhbərliyi də bu faktı inkar edən sübutu məhkəməyə təqdim edə bilməyib. İddiaçı jurnal təqdim olunmayıb. Əgər başqa müəllim uşaqlara dərs deyibsə, jurnalı o doldurmalı idi. Bir il ərzində uşaqların qiymətləndirilməsi aparılmayıb. İddiaçının bir illik əmək haqqı ödənilməlidir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Zəngilan Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(034)-149/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında cavabdeh Zəngilan rayon 33 saylı tam orta məktəbin direktoru X4 apellyasiya şikayətini qəbul etmədi və bildirdi ki, iddiaçı ilə aralarında hər hansı kompromis yoxdur. İddiaçı son sertifikasiyada iştirak edib və yaxşı nəticə əldə edib. Həmin nəticəyə uyğun olaraq bu il siniflə təmin olunacaq. Əvvəlki dövr üçün müəllim diaqnostik qiymətləndirmədə buraxılmadığından iştirak etməmişdi. Bu səbəbdən də qəbul MİQ-dən kənar olduğu üçün iddiaçı işə məhkəmə qaydasında bərpa olunmuş, 6 saat dərslə təmin olunmuşdur. Bu il iddiaçı sinif rəhbəri kimi fəaliyyət göstərə biləcək. “1 e” sinfi İddiaçı xanımın sinfidir. İbtidai sinif üçün nə qədər dərs saatı nəzərdə tutulubsa, hamısı müəllimə veriləcək. Daha sonra qeyd etdi ki, faktiki ötən il həmin sinfə dərs keçilib. Təranə müəllimə həmin sinifdə dərs keçib. Dərsin 6 saatını iddiaçı, qalanını Təranə müəllimə keçib. Təranə müəllimə özünə aid fənlər üzrə jurnalı yazıb. Proqram yazılıb. Qiymətləndirmədə iddiaçı Təranə müəlliməyə problem yaradıb. Qiymət yazmağa imkan verməyib. Sinifdə iddiaçı daxili intizam qaydalarını pozub. Bu səbəbdən İddiaçı ünvanına xəbərdarlıq göndərilib və töhmət də verilib. Hər iki nəticə əmrləşdirilib. İddiaçının dərsə özbaşına girməsi ilə bağlı müəllimə xəbərdarlıq olunub. Məktəbdən yuxarı sektora müraciət olunub. Məsləhətçilər gələrək onunla söhbət aparıblar. İddiaçı ilə aralarında problem yoxdur. Ondan başqa diaqnostikadan keçməyən 2 müəllimə də 6 saat dərs ayrılıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Zəngilan Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(034)-149/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, ümumiyyətlə hesab edir ki, iddiaçının iddiası tam əsassızdır. İddiaçı iddia edir ki, əvvəlcə laborant vəzifəsinə işə qəbul olub. Sonradan məktəbin direktoru qanunsuz əmr verərək onunla müəllim kimi müddətsiz əmək müqaviləsi bağlayıb. 2012-ci ildən müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Məktəb direktorunun müqavilə ilə kimisə işə götürməyə ixtiyarı yoxdur. İddiaçı bir neçə dəfə MİQ imtahanında iştirak edib. Keçid balını toplaya bilməyib və bu səbəbdən də nazirlik tərəfindən müəllim kimi tanınmayıb. 2018-ci ildə əmr qanunsuz olduğu üçün ləğv olunub və müqaviləyə xitam verilib. İddiaçı məhkəməyə müraciət edib. Bu zaman məhkəmə müqavilənin müddətsiz olması əsası ilə iddianı təmin edib və ümumiyyətlə direktorun belə bir əmr vermək səlahiyyətinin olub-olmaması məsələsini araşdırmayıb. Qətnamə qəbul edildikdən sonra yəqin ki, direktorun da marağı olub ki, qərardan şikayət verməyib. Problemin kökü bundadır ki, iddiaçı diaqnostik qiymətləndirmədə iştirak etməyib. Sonradan MİQ də iştirak üçün Təhsil Nazirliyinə müraciət edib. Nazirlik də bildirib ki, iddiaçı artıq müddətsiz müqavilə əsasında müəllim kimi işə qəbul olunub və təkrarən MİQ-də iştirak edə bilməz. Yeganə çıxış yolu sertifikasiyada iştirakdır. Hazırda da iddiaçı sertifikasiyadan məqbul nəticə əldə edib. Əmək haqqı tələbinə gəldikdə məktəblərdə hər tədris ilinin əvvəlində tarifləşmə cədvəli direktor, təhsil şöbəsi və regional təhsil idarəsi tərəfindən təsdiq olunur və dərs saatları bölünür. Həmin saatlara uyğun da əmək haqqı ödənilir. İddiaçıya diaqnostik qiymətləndirmədə iştirak etmədiyinə görə 6 saat dərs verilib və həmin dərslərin əvəzi də ödənilib. İddiaçı isə təkid edir ki, o, ona təhkim olunmayan 4 A sinfində dərs deyib və həmin dərs saatlarının əvəzi ona ödənilməlidir. Birinci instansiya məhkəməsində bu məsələ araşdırılıb. 6 məhkəmə iclası keçirilib və iddiaçıdan həmin sinfə dərsə girməsini təsdiq edən sübutlar istənilib. İddiaçı rəsmi sənədi təqdim edə bilməyib. Yalnız müəyyən əlyazmalar təqdim edib ki, bu da məhkəmə tərəfindən sübut qismində tanınmayıb. Məktəbin direktoru da birinci instansiya məhkəməsində izahat verib ki, sözügedən sinif Təranə Vəliyeva adlı müəllimə verilib. Həmin müəllim dərsə girəndə iddiaçı ilə aralarında mübahisə olub və iddiaçı barəsində intizam tənbeh tədbirləri tətbiq olunub. Həmin saatlara görə də əmək haqqı dərsi deyən müəllimə ödənilib. Büdcədə ödənilmiş dərsin əvəzini təkrar ödəməyə imkan verən vəsait yoxdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Zəngilan Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(034)-149/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. 13.Məhkəmə kollegiyasının iclasında cavabdeh Şərqi Zəngəzur Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddiaçı müsabiqədən kənar işə qəbul olunduğu üçün 6 saat dərs yükü ilə təmin olunmalı idi. İddiaçıya dərs verilməsini bu formada təmin ediblər. Amma iddiaçı dərs prosesini pozaraq sinfin bütövlükdə ona verilməsini istəyir. Ona bu barədə dəfələrlə məktəb rəhbərliyi tərəfindən xəbərdarlıq olunub. Məhkəmə qərarı yalnız iddiaçının işə bərpa olunması məsələsini tənzimləyib. Ona artıq dərs saatlarının verilməsi məsələsi ayrıca qaydalarla tənzimlənir. Müəllim MİQ-dən kənar işə qəbul olunduğu üçün ona maksimum 6 saat dərs yükü verilə bilərdi və dərs saatları ilə təminat da bu formada aparılıb. Hazırda dərs saatlarının bölünməsinin komplektləşdirmə dövrüdür. İddiaçıya nəticələrinə uyğun dərs saatları veriləcək. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Zəngilan Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(034)-149/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

Tətbiq edilən hüquq

14.Azərbaycan Respublikası Əmək Məcəlləsi 57-ci maddəsinin 1-ci bəndinə əsasən əsasən işəgötürən işçinin əmək funksiyasının-əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. 57-ci maddəsinin 2-ci bəndinə əsasən əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş X14 Sorğu Kitabçasına əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. 57-ci maddəsinin 3-cü bəndinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir.

15. Mülki Prosessual Məcəllə 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya baxışının hədləri 16.Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-462/2019 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Zəngilan rayon Təhsil şöbəsinin 57 saylı əmrinin və ona əsasən verilmiş xx.xx.2019-cu tarixli, 57 saylı əmri ləğv edilmiş, İddiaçı, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə, Zəngilan rayon 33 saylı tam orta məktəbinə əvvəlki vəzifəsinə bərpa edilmişdir.

20. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli, G-3746/01/09 nömrəli məktubun məzmunundan görünür ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulmur, hal-hazırda müəllimlərin sertifikasiya qaydaları hazırlanması prosesindədir. Proses bitəndən sonra müraciət edilməsi xahiş edilmişdir.

21. İş materiallarında olan və iddiaçıya ünvanlanmış SMS bildirişdən görünür ki, hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz əsaslarla müəllim vəzifəsində calışdığı üçün müəllimlərin işə qəbul üzrə müsabiqədə iştirakı imkan xaricindədir.

22. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubun surətindən aydın olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərin dərs yükü normalarının müəyyən edilməsi haqqında“ 24 noyabr 2010-cu il tarixi, 215 nömrəli qərarına əsasən bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü - 18 saat (bu zaman yükü 2 (iki) stavkanı aşmamalıdır), idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü -12 saat (bu zaman həftəfik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır), ümumtəhsil məktəblərində, internatlarda, gimnaziyalar və peşə məktəblərində tərbiyəçi müəllimlərin həftəlik iş vaxtı 24 saat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinə əsasən işçi ilə işəgötürən arasında əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsində əsas şərtlər və məlumatlar, o cümlədən işçinin əmək funksiyası, işçinin əmək şəraitinin şərtləri-iş (dərs yükü normaları) və istirahət vaxtı, əmək haqqı və digər şərtlər mütləq göstərilməlidir. Əmək Məcəlləsində başqa hal nəzərdə tutulmayıbsa əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.

23. İş materiallarında olan sosial arayışdan görünür ki, İddiaçı 33 saylı tam orta məktəbə ibtidai sinif müəllimi kimi işə götürülmüşdür.

24. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Abşeron Xızı regional şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubdan görünür ki, Zəngilan rayon 33 nömrəli tam məktəbin tabeliyində olduğu Cavabdeh1 rəhbərliyinə tərəflərindən **********3 nömrəli (SS799964642 AZ), xx.xx.2022-ci il tarixli məktubla rəsmi müraciət ünvanlanmışdır. Göndərdikləri rəsmi məktub poçt şöbəsi tərəfindən Cavabdeh1 ünvanına xx.xx.2022-ci il tarixdə çatdırılmış, lakin Cavabdeh1 rəhbərliyi müraciətin araşdırılması ilə bağlı müvafiq sənədləri bu günədək müfəttişliyə təqdim etməmişdir. Bunu nəzərə alaraq Azərbaycan Respubllkasının Təhsil Nazirliyinə müvafiq müraciət ünvanlanmışdır. Cavabdeh1 tərəfindən müvafiq sənədlərin müfəttişliyə təqdim ediləcəyi təqdirdə, müraciətləri araşdırılaraq cavab veriləcəkdir. Qeyd olunan məsələ ilə bağlı mübahisəli hal hesab etdikləri təqdirdə məhkəməyə müraciət edilməsi bildirilmişdir.

25. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh1 Zəngilan rayon 33 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 45 saylı xəbərdarlıqdan görünür ki, Zəngilan rayon 33 nömrəli tam orta məktəb üzrə 15 sentyabr 2022-ci il nömrəli əmrə əsasən 4 sinfində 6 saat (texnologiya - 2 saat, fiziki tərbiyə - 2 saat, musiqi - 1 saat, təsviri incəsənət – 1 saat) dərsin tədrisi ona, 16 saat dərsin tədrisi Təranə Vəliyevaya verilmişdir. Lakin o, əmrə zidd hərəkət edərək 4 sinfində Təranə Vəliyevaya tədris aparmasına ciddi maneə yaradır. İs prosesinin pozulması halı növbəti günlərdə də davam edərsə onun barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən intizam tənbehi tətbiq ediləcəkdir.

26. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Abşeron Xızı regional şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-5/12-Ə-777/2023 nömrəli Zəngilan rayon 33 nömrəli tam orta məktəbdə əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə etdiyi müraciətinə aidiyyəti üzrə Xidmətin Abşeron Xızı regional şöbəsində baxılmışdır. Müraciətinin dərs bölgüsü ilə bağlı olduğu nəzərə alınaraq, araşdırılması və cavab verilməsi məqsədilə aidiyyəti üzrə Elm və Təhsil Nazirliyinə göndərilmişdir.

27. İş materiallarında olan Əmək Kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(034)-462/2019 saylı qətnaməsinə əsasən Zəngilan rayon 33 nömrəli tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilmişdir.

28. İş materiallarında olan vətəndaşın iş yeri haqqında arayışdan görünür ki, İddiaçı ibtidai sinif müəllimi kimi əmək haqqısı 722.33 manat təşkil etmişdir.

29. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Diplomunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Pedaqoji Kollecinin ibtidai təhsil ixtisası üzrə tam kursu bitirmişdir.

30. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirinin F- 82 nömrəli, xx.xx.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2018-ci il 8 may tarixli, F-345 nömrəli əmri ilə təsdliq edilmiş “Azərbyacan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları»na dəyişikliklər edilmiş və həmin qaydalarda müəllimlərin hansı formada işə qəbulu öz əksini tapmışdır.

31. İş materiallarında olan Zəngilan rayon 33 nömrəli tam orta məktəb müəllimlərinin 2023-cü il aprel ayı üçün işə davamiyyət tabelindən görünür ki, İddiaçı 6 saat dərs yükü ilə təmin edilmişdir.

32. İş materiallarına əlavə olunmuş Təhsil Nazirliyinin aparat rəhbəri Həsən Həsənli tərəfindən Zəngilan rayon Təhsil Şöbəsinin müdiri Nümayəndə3 ünvanlanmış məktubun sürətindən görünür ki, müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etməmiş və ya iştirak edərək müvafiq nəticə əldə edə bilməyən, eyni zamanda diaqnostik qiymətləndirmə nəticəsi 80%-dən aşağı olan məktubun 2 nömrəli əlavəsində adıçəkilən cari tədris ilində minimim dərs yükü (6 saat) ilə təmin olunmalı və keçiriləcək növbəti müəllimlərin işə qəbulu müsabiqəsində iştirakının təmin olunması həvalə olunmuşdur. Həmin məktuba əlavə olunmuş müəllimlərin işə qəbulu müsabiqəsindən kənar işə qəbul edilmiş və ixtisası üzrə 6 (altı) saat dərs yükü ilə təmin olunmalı heyətin siyahısında X5 adı da qeyd olunmuşdur.

33. Müəyyən olunmuşdur ki, İddiaçı 2007-ci ildə Zəngilan rayon 33 saylı tam orta məktəbdə laborant olaraq işləməyə başlamış, 2010-cu ildən isə ixtisasına uyğun bu məktəbdə ibtidai sinif müəllimi olaraq fəaliyyətə başlamış və ona 6 saatlıq dərs yükü verilmişdir. 2014-cü ildə məktəbin 4A sinfinin (hazırkı 4B sinfi) sinif rəhbərliyi ona həvalə olunmuş və 15 saatlıq dərs yükü ilə təmin olunmuşdur. 3 il iş fəaliyyətindən sonra isə 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin ilkin X1 iştirak etmək üçün müraciət etmiş, Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli məktubu ilə müəllimlərin sertifikasiya qaydaları hazırlanma prosesində olduğundan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulmadığı bildirilmişdir. 2019-cu ildə əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı iddiaçı Zənqilan rayon Təhsil Şöbəsinin 57 saylı, xx.xx.2019-cu il tarixli əmrinə əsasən işdən azad edilmişdir. İddiaçı işə bərpa ilə bağlı Zəngilan Rayon Məhkəməsinə iddia ilə müraciət etmiş və məhkəmənin 2(034)-462/2019 nömrəli, 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Zəngilan rayon Təhsil şöbəsinin 57 saylı əmri və ona əsasən verilmiş xx.xx.2019-cu tarixli, 57 saylı əmri ləğv edilmiş, İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə, Zəngilan rayon 33 saylı tam orta məktəbinə əvvəlki vəzifəsinə bərpa edilmişdir. Məhkəmənin qətnaməsi 04 noyabr 2019-cu ildə icra olunmuş və iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Sonradan iddiaçının məktəbdəki dərs yükü saatları 2021-ci ildən 23 saata qədər artırılmışdır. İddiaçı müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak etmək üçün 26 iyul 2020-ci il tarixdə elektron ərizə vermiş, cavabında isə ona təhsil müəssisəsində artıq müddətsiz müqavilə əsasında çalışdığı üçün MİQ (müəllimlərin işə qəbulu) üzrə müsabiqədə iştirakının mümkünsüz olduğu bildirilmişdir. 2022/2023-cü tədris ili üçün isə onun dərs yükü 23 saatdan 6 saata endirilmişdir. İddiaçı Cavabdeh1 bu qərarı ilə razılaşmayaraq Zəngilan rayon 33 saylı tam orta məktəbin 4B sinfində faktiki olaraq 23 saat dərs verdiyini, verdiyi dərsin 17 saatının ödənişinin məktəbin başqa müəllimi olan Təranə Vəliyevaya ödənildiyini, baxmayaraq onun 2017-ci ildə ümumi balı 38, ixtisas üzrə 30 bal, 2018-ci ildə ümumi balı 47, ixtisas balı isə 34, sonrakı 2019-cu il üçün 42, ixtisas balı isə 28 olduğunu, bu ballar Təranə Vəliyevanın balından yüksək olduğunu bildirərək onun dərs saatlarının ona əvvəlki qaydada qaytarılmasını, Zəngilan rayon 33 saylı tam orta məktəbinin 4B sinfinin sinif rəhbərliyinin ona verilməsi, tədris etdiyi dərs saatlarına görə əmək haqqının ödənilməsinin təmin olunmasını tələb etmişdir. İddiaçı qarşılaşdığı bu vəziyyətlə bağlı araşdırma aparılması üçün Əmək Müfəttişliyinə müraciət etmiş və iddiaçıya məsələ ilə bağlı araşdırmanın aparılması bildirilmişdir. Cavabdehlər Cavabdeh1 Zəngilan rayonu üzrə sektor müdiri Nümayəndə3 və Zəngilan rayon 33 saylı tam orta məktəbin direktoru Səadət Səfquliyeva ona qarşı bu hərəkətlərini onunla əsaslandırmışlar ki, Təhsil Nazirliyinin 04 aprel 2022-ci il tarixli, 05/TQÇ-09-330 №-li məktubuna əsasən ümumi təhsil müəssisələrində çalışan, müsabiqədənkənar işə qəbul olunmuş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etməmiş və ya iştirak edərək müvafiq nəticə əldə edə bilməyən, eyni zamanda diaqnostik qiymətləndirmə nəticəsi 80%-dən aşağı olan müəllimlərin 2022/2023-cü tədris ilindən etibarən minimal dərs yükü (6 saat) ilə təmin olunması nəzərdə tutulmuşdur. İddiaçı MİQ-dən kənar müəllim kimi işləmişdir. Məhkəmənin qətnaməsi ilə müddətsiz müqavilə bağlanıb və qiymətləndirmədən də keçməmişdir. İddiaçı müəllimlərin işə qəbulu imtahanında iştirak etmək üçün 26 iyul 2020ci il tarixli elektron ərizə vermiş, cavabında isə ona təhsil müəssisəsində müddətsiz müqavilə əsasında çalışdığı üçün MİQ üzrə müsabiqədə iştirakının mümkünsüz olduğu bildirilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf bildirmişdir ki, fəaliyyət göstərən bütün müəllimlərin hamısı diaqnostik qiymətləndirməyə buraxılır və nəticəsi yüksək olanlar dərs saatı ilə təmin edilirlər. Nəticəsi zəif olan müəllimlər isə 6 saat dərs yükü ilə təmin olunurlar. Həmçinin uzun müddət müəllim işləyənlər də diaqnostik qiymətləndirmədə az bal topladıqları halda 6 saat dərs yükü ilə təmin edilirlər. Bu da onu göstərir ki, iddiaçı MİQ-dən kənar müddətsiz müqavilə əsasında işlədiyi üçün və diaqnostik qiymətləndirmədə zəif nəticə əldə etdiyi üçün 6 saat dərs yükü ilə təmin edilmişdir. Məhkəmə iddiaçının 6 saat iş yükü əvəsinə faktiki olaraq 23 saat dərs keçdiyini və tədris etdiyi dərs saatlarına görə ona əmək haqqının ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı tərəflər iddiaçıya 6 saat iş yükü üzrə əmək haqqı iddiaçının bank kartına ödənilməsini etiraf etmiş, eyni zamanda Zəngilan rayon 33 saylı tam orta məktəbin 4B sinfinin sinf jurnalı tələb olunaraq məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı müəyyən olmuşdur ki, iddiaçı tərəfindən sinif jurnalında heç bir qeyd aparılmamış, iddiaçı həmin məktəbin 4B sinfində dərs keçməli olan digər müəllim Təranə Vəliyevaya da dəfələrlə dərs keçməyə maneəçilik törətmişdir. Bu da onu göstərir ki, iddiaçı 23 saat dərs verməsinə dair mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

34. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Şərqi Zəngəzur Təhsil İdarəsinə, Zəngilan rayon 33 saylı tam orta məktəbinə və üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «dərs saatlarının əvvəlki qaydada qaytarılması, sinif rəhbərliyinin verilməsi və əmək haqqının ödənilməsi» tələbinə dair iddia tələbi təmin edilməməlidir.

35. Məhkəmə kollegiyası birinci instnsya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır.

36. Belə ki, iş materiallarından görünür ki, İddiaçı 2007-ci ildə Zəngilan rayon 33 saylı tam orta məktəbdə laborant olaraq işləməyə başlamış, 2010-cu ildən isə ixtisasına uyğun ibtidai sinif müəllimi olaraq fəaliyyətə başlamış və ona 6 saatlıq dərs yükü verilmişdir. 2014-cü ildə məktəbin 4A sinfinin (hazırkı 4B sinfi) sinif rəhbərliyi ona həvalə olunmuş və 15 saatlıq dərs yükü ilə təmin olunmuşdur.

37. İş materiallarından görünür ki, iddiaçı 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin ilkin X1 iştirak etmək üçün müraciət etmiş, Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli məktubu ilə müəllimlərin sertifikasiya qaydaları hazırlanma prosesində olduğundan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulmadığı bildirilmişdir.

38. Müəyyən edilmişdir ki, 2019-cu ildə əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı iddiaçı Zəngilan rayon Təhsil Şöbəsinin 57 saylı, xx.xx.2019-cu il tarixli əmrinə əsasən işdən azad edilmişdir.

39. Zəngilan Rayon Məhkəməsinin 2(034)-462/2019 nömrəli, 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Zəngilan rayon Təhsil şöbəsinin 57 saylı əmri və ona əsasən verilmiş xx.xx.2019-cu tarixli, 57 saylı əmri ləğv edilmiş, İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə Zəngilan rayon 33 saylı tam orta məktəbinə əvvəlki vəzifəsinə bərpa edilmişdir. Əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixdən iddiaçı Zəngilan rayon 33 saylı orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə bərpa olumuşdur.

40. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçının məktəbdəki dərs yükü saatları 2021-ci ildən 23 saata qədər artırılmışdır. İddiaçı müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak etmək üçün 26 iyul 2020-ci il tarixdə elektron ərizə vermiş, cavabında isə ona təhsil müəssisəsində artıq müddətsiz müqavilə əsasında çalışdığı üçün MİQ (müəllimlərin işə qəbulu) üzrə müsabiqədə iştirakının mümkünsüz olduğu bildirilmişdir. 2022/2023-cü tədris ili üçün isə onun dərs yükü 23 saatdan 6 saata endirilmişdir.

41. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 aprel 2022-ci il tarixli, 05/TQÇ- 09-330 №-li məktubuna əsasən ümumi təhsil müəssisələrində çalışan, müsabiqədənkənar işə qəbul olunmuş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etməmiş və ya iştirak edərək müvafiq nəticə əldə edə bilməyən, eyni zamanda diaqnostik qiymətləndirmə nəticəsi 80%-dən aşağı olan müəllimlərin 2022/2023-cü tədris ilindən etibarən minimal dərs yükü (6 saat) ilə təmin olunması nəzərdə tutulmuşdur.

42. Müəyyən edilmişdir ki, iddiaçı MİQ-dən kənar müddətsiz müqavilə əsasında işlədiyi üçün və diaqnostik qiymətləndirmədə zəif nəticə əldə etdiyi üçün 6 saat dərs yükü ilə təmin edilmişdir.

44. İş matriallarından görünür ki, iddia ərizəsində və eləcə də apellyasiya şikayətində İddiaçı cavabdehlər Şərqi Zəngəzur Təhsil İdarəsinə, Zəngilan rayon 33 saylı tam orta məktəbinə və üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «dərs saatlarının əvvəlki qaydada qaytarılması, sinif rəhbərliyinin verilməsi və əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən onun Zəngilan rayonu 33 saylı tam orta məktəbinin 4B sinfinin sinif rəhbərliyi vəzifəsindən kənarlaşdırılması, 23 saat dərs yükü saatlarının 6-ya endirilməsinin qanunsuz hesab edilməsi və onun dərs saatlarının əvvəlki qaydaya qaytarılması, Zəngilan rayon 33 saylı tam orta məktəbinin 4B sinfinin sinif rəhbərliyinin ona verilməsi, tədris etdiyi dərs saatlarına görə əmək haqqının ödənilməsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, iddia və apellyasiya şikayəti əsassz olduğu üçün təmin edilməməlidir.

46. Belə ki, iş materiallarından görünür ki, Zəngilan rayon 33 saylı tam orta məktəb üzrə 15 sentyabr 2022-ci il tarixli, 79 saylı əmrə əsasən 4B sinfində 6 saat (texnologiya-2 saat, fizki tərbiyə -2 saat, musiqi -1 saat, təsviri incəsənət -1 saat) dərsin tədrisi iddiaçıya, 16 saat dərsin tədrisi isə Təranə Vəliyevaya verilmişdir. İş materiallarından görünür ki, dəfələrlə bildirilməsinə baxmayaraq iddiaçı Təranə Vəliyevaya ona həvalə olunmuş dərslərin keçirilməsində maneçilik törətmişdir.

47. Müəyyən olunmuşdur ki, iddiaçıya Zəngilan rayon 33 saylı tam orta məktəbin 4B sinfinin rəhbəri təyin edilməsi, 23 saat dərs yükünün verilməsi barədə hər hansı bir əmr yoxdur. Yəni rəsmi qaydada əmr olmadığı halda iddiaçının əmək haqqı tələb etməsi də əsassızdır. Ona görə də onun sinif rəbərliyi vəzifəsindən kənarlaşdırılması, 23 saat dərs yükü saatlarının 6 saata endiririlməsinin qanunsuz hesab edilməsi, dərs saatlarının əvvəlki qaydada qaytarılması, sinif rəhbərliyinin verilməsi və əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilə bilməz. Belə ki, onun sinif rəhbəri təyin edilməsi və kənarlaşdırılması, eləcə də 23 saat dərs yükü verilməsi və onun 6 saata azaldılması barədə hər hansı bir rəsmi əmr olmadığı halda onun qanunsuz hesab edilməsi də mümkünsüzdür.

48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı öz iddia tələbini əsaslandıra və sübuta yetirə bilmədiyindən iddia təmin edilə bilməz. İddiaçı apellyasiya şikayətində qeyd edilən dəlillərini də məhkəmə kollegiyasının iclasında əsaslandıra, sübuta yetirə bilməmişdir. Halbuki qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarını əsaslandırmalı, sübuta yetirməlidir.

49. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil.

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

51. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(034)-149/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır.

52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ: Zəngilan Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(034)-149/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar