Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1614/2025 02.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X14 və X9 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-651/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onunla Maraqlı şəxs arasında Sumqayıt şəhərində bağlanmış xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-01895 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış, həmin sazişdə qeyd olunmuşdur ki, “Hər iki tərəf, birbirinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı xx.xx.2013-cü il tarixli 897 saylı nikah qeydinin pozulmasına razıdırlar, ailə qanunvericiliyinin tələbinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Hər iki tərəf birgə nikahdan olan xx.xx.2015-ci İl təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar. Maraqlı şəxs mediasiya prosesi zamanı birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X5 və 09.1.2.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər birinə ayrı-ayrılıqda 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində alimenti Ərizəçi ödəməsi barədə öhdəlik götürmüş, Ərizəçi Maraqlı şəxs hər hansı məhdudiyyət qoyulmadan birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X10 ilə istədiyi zaman yanında saxlamaq şərtilə sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürdü” şərtləri ilə razılaşmışlar. Maraqlı şəxs pretenziya məktubunu xx.xx.2025-ci il tarixində almasına baxmayaraq, bu günə kimi həmin sazişi könüllü icra etməmiş, ona görə də barışıq sazisinin məhkəmə qaydasında təsdiq olunması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Ərizəçi dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/MT030/2023-01895 saylı barışıq sazişinin aliment hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-651/2025 nömrəli qətnaməsi ilə (hakim Gülsarə İmanova) ərizə təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT/030/2023-01895 nömrəli Barışıq Sazişinin alimentlə bağlı hissəsinin təsdiq edilməsi, Maraqlı şəxs mediasya prosesi zamanı birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər birinə ayrı-ayrılıqda 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırıx) manat məbləğində alimentin Ərizəçi ödəməsi barədə öhdəlik götürməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər xx.xx.2013-cü tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan onların xx.xx.2015-ci İl təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X10 adlı iki övladları doğulmuşlar. Tərəflərin ailə münasibətləri alınmadığından ərizəçi boşanmaq qərarına gəlmiş, ilk olaraq mediasiya təşkilatına müraciət olunmuş, mediasiya prosesi zamanı tərəflər arasında xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-01895 saylı Barışıq Sazişi bağlanmış, barışıq sazişinin şərtlərinə görə hər iki tərəf bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı xx.xx.2013-cü il tarixli, 897 saylı nikah qeydinin pozulmasına, ailə qanunvericiliyinin tələbinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəyinə, hər iki tərəf birgə nikahdan olan xx.xx.2015-ci İl təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamaları, Maraqlı şəxs mediasiya prosesi zamanı birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X5 və 09.1.2.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər birinə ayrı-ayrılıqda 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində alimenti Ərizəçi ödəməsi barədə öhdəlik götürməsi, Ərizəçi Maraqlı şəxs hər hansı məhdudiyyət qoyulmadan birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X10 ilə istədiyi zaman yanında saxlamaq şərtilə sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürməsi” ilə razılaşmışlar. Tərəflər arasında olan nikah Zəngilan Rayon Məhkəməsinin e-2(034)-36/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X10-anaları Ərizəçi himayəsində saxlanmışlar. Tərəflər arasında bağlanmış Barışıq Sazişinin şərtlərinə görə Maraqlı şəxs Ərizəçi ilə birgə nikahan olan uşaqların saxlanmaları üçün hər ay 440 manat məbləğində aliment ödənilməsi barədə üzərinə öhdəlik götürsə də, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tərəflər arasında bağlanmış Barışıq Sazişinin alimentlə bağlı hissəsi artıq iki ildir ki, icra olunmur. Alimentin Maraqlı şəxs tərəfindən bu günə kimi icra olunmaması ərizəçiyə birgə nikahdan olan uşaqların saxlanmasında ona maddi çətinliklər yaratmasına səbəb olduğundan ərizəçi həmin Barışıq Sazişinin alimentlə bağlı hissəsinin təsdiq olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1, 355-23.2, 355-24, 355-25.1, 355-25.3, 355-25.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər
7. Maraqlı şəxs apellyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-651/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barışıq sazişi imzalanan tarixdən hal-hazıra qədər məcburi köçkün kimi ona ödənilən çörək pulu kartı Ərizəçi olmuşdur. O, hər ay 60 manat çörək pulu müavinətindən istifadə etmişdir. Həmçinin bildirir ki, anadangəlmə ürək qüsuru xəstəsidir. Həkimlər açıq ürək əməliyyatına girməyini məsləhət görmüşlər. Fiziki iş görə bilmir. Bu səbəbdən də qazanc əldə edə bilmədiyi üçün aliment borcu yaranmışdır. Həmçinin bildirir ki, barışıq sazişi imzalanan zaman hüquqi savadsızlıq səbəbindən alimenti hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat aliment ödənilməsi ilə razı olmuşdur. Halbuki əmək haqqı yoxdur, digər bir yerdən qazancı yoxdur. Ona görə də barışıq sazişinin alimentlə bağlı hissəsinin hər ay hər uşaq üçün 50 manat olmaqla, ümumilikdə 100 manat aliment ödəməyə razıdır. Məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Tez-tələsik qərar verməklə mənim qanunla qorunan hüququnu pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətininə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qarşı tərəflə sadəcə boşanma barədə danışıb razılığa gəlmiş və yalnız bu barədə sənədə imza etdiyini düşünmüşdür. Məhkəmə isə 440 manat aliment məbləği təyin edib. Halbuki qarşı tərəflə aliment barədə heç bir söhbət olmayıb, ərizəçi tərəfindən aldadılmışdır. Özü uşaqlıqdan ürək xəstəsidir, müalicə alır, əməliyyata girməlidir, işləmir, 440 manat aliment ödəməyə imkanı yoxdur. Valideynləri ilə yaşayır, ailəli olanda zavodda işləyirdi, sağlamlıq vəziyyəti imkan vermədiyindən işdən ayrılmışdır. 3-4 ildir ki, işləmir. Xərclərini atası çəkir. Yüngül iş tapa bilmir. Hazırda müalicə olunur. İki uşağa birlikdə 140- 150 manat aliment ödəyə bilər.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Ərizəçi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan sübutlar
12. Sumqayıt 1 saylı Mediasiya Təşkilatı bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/MT030/2023-01895 saylı barışıq sazişinin məzmumundan görünür ki, 1. Hər iki tərəf bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındaki xx.xx.2013-cü il tarixli 897 saylı nikah qeydinin pozulmasına razıdırlar. 2. Hər iki tərəf birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi anası Qassımova Qızqayıt məhəmməd qızınn yanına yaşamasına razıdırlar. 3. X11 mediasya prosesi zamanı birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla ümumilikdə 440 manat məbləğində alimenti Ərizəçi ödənilməsi barədə öhdəlik götürmüdür. 4. Ərizəçi Maraqlı şəxs hər hansı məhdudiyyət qoyulmadan birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X10 ilə istədiyi zaman yanında saxlamaq şərti ilə sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürmüşdür”.
13. Zəngilan Rayon Məhkəməsinin e-2(034)-36/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünüir ki, tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış nikah pozulmuş və birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X10-anaları Ərizəçi himayəsində saxlanmışlar.
14. Ərizəçi tərəfindən Maraqlı şəxs ünvanlanmış pretenziya məktubdan gorünür ki, tərəflər arasında bağlanılmış barışıq sazişində qeyd olunmuş aliment öhdəliyi Maraqlı şəxs tərəfindən 2 il keçməsinə baxmayraq ödənilməmiş, qeyd edilən aliment öhdəliyi 10 gün müddətində pretenziya məktubuna cavab verilənədək ödənilmədiyi təqdirdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
15. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflər xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 valideynləridirlər.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Ailə Məcəlləsi
50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi:
355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
18. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir: Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
19. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
20. Məhkəmə kollegiyası tərəfindən Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-651/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası maraqlı şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-651/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, iş materiallarında olan barışıq sazişinin şərtləri razılaşdırılmaqla Ərizəçi və Maraqlı şəxs tərəfindən imzalanmış, bununla da barışıq sazişinin şərtləri təsdiq edilmişdir. Maraqlı şəxs apellyasiya şikayətində barışıq sazişi imzalanan zaman hüquqi savadsızlıq və aldadılma səbəbindən alimenti hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat aliment ödənilməsi ilə razı olmasını qeyd etsə də barışıq sazişinin etibarsızlığına dair iddia qaldırmamışdır. Barışıq sazişi və onun şərtlərinin isə qanunsuz olması müəyyən edilməməkdədir.
23. Bundan başqa maraqlı şəxs işə çəkişmə prinsipinin pozulmaqla baxılmasını iddia etsə də iş materiallarından göründüyü kimi məhkəmə iclasları bardə maraqlı şəxsə poçt vasitəsi ilə, eləcə də sms bildiriş vasitəsi ilə məlumat verilmişdir. Buna görə də məhkəmə kollegiyası maraqlı şəxsin şikayətinin qeyd olunan dəlilini də əsassız hesab etmişdir.
24. Budnan başqa məhkəmə kollegiyası maraqlı şəxsin maddi imkanının aşağı olması, heç bir yerdə işləməməsi barədə dəlilinə münasibətdə isə qeyd edir ki, maraqlı şəxs barışıq sazişi ilə təsdiqlənmiş aliment məbləğini ödəməkdə çətinlik çəkdiyini iddia etdiyi təqdirdə alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ da istisna edilməkdədir.
25. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-651/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.