Məhkəmə qərarları › İş №2(105)-1617/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1617/2024

24.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1617/2024 24.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Xanəli oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3887/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Tağızadə) iddianın təmin edilməsi, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 7207 (yeddi min iki yüz yeddi) manat 57 (əlli yeddi) qəpik, mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 43 (qırx üç) manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı MMC Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə iddia qaldıraraq iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 7207,57 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 43 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixli Əmək Müqaviləsinə əlavəyə əsasən “baş satıcı” vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli Əmək Müqaviləsinə əlavəyə əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “X2 haqqında” müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2023-cü il tarixli 101x saylı əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehlə bağlanmış “X2 haqqında” müqavilənin 1-ci bəndinin tələblərinə görə, cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin Müqavilənin 3.3-cü bəndinə görə, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Cəmiyyətin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2023-cü il tarixli, 846 saylı əmrindən göründüyü kimi, “Oba – Sumqayıt 26” mağazasında administrator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. İnventarizasiya yoxlamasının xx.xx.2023-cü il tarixdə keçiriləcəyi barədə cavabdehə həm şifahi, həm də rəsmi qaydada məlumat verilmişdir. Yoxlama tarixinə siyahıya alınmış mal-material qiymətlilərinə dair (xx.xx.2022- ci il – xx.xx.2023-cü il tarixləri üzrə) faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair yekun akt”a əsasən cavabdehin Cəmiyyətə 7714,55 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olmaq üçün cavabdehə dəfələrlə şifahi məlumatlar verilsə də, habelə ünvanına rəsmi xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh inventarizasiya nəticələrinin araşdırılmasında iştirak etməkdən, nəticələrlə tanış olmaqdan və inventarizasiya sənədlərini imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəfindən müvafiq imtina aktları tərtib edilmişdir. Cəmiyyətin xx.xx.2024-cü il tarixli maliyyə arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər (təbii itki norması - satış dövriyyəsinin 0,15 faizi miqdarında) tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 7207,57 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi qətnamədə iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan “X2” haqqında xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, işçi Cavabdeh tutduğu vəzifə üzrə X2i öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin imtina aktının surətindən görünür ki, İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən “Oba-Sumqayıt 26” (703) mağazasında həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh İlqar oğlunun xx.xx.2023cü il tarixli vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh İlqar oğlu inventarizasiyasının aparılması və nəticələrin araşdırılması üçün dəvət olunsa da, iştirak etməmiş və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədlərə, əksik gəlmələrə (7714,55 manat) imza atmaqdan imtina etmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh İlqar oğlu ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 7714,55 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 7207,57 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh İlqar oğlunun 8 fevral 2024-cü il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 7207,57 manat təşkil edir. Hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan faktlara istinad etməklə iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı "xxxx" onun tərəfindən həmin hüquqi şəxsə maddi ziyan vurduğunu qeyd etsə də bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Yuxarıda qeyd olunanlar iddianın təmin olunması üçün əsas götürülə bilməz. O, bununla bağlı birinci instansiya məhkəməsində şifahi etiraz verməyinə baxmayaraq məhkəmə bunları nəzərə almayaraq iddia tələbini təmin etmişdir. Halbuki Mülki Prosessual qanunvericiliyə görə iddiaçı "xxxx" iddia tələbinin əsasını mötəbər sübutlarla sübut etmək vəzifəsi daşıyır. Bir daha Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının nəzərinə çatdırır ki, iddiaçı "xxxx"in birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlər mötəbər sübutlar kimi qəbul edilə bilməz. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə Xanəli oğlu apellyasiya şikayətini qəbul etməyərək, şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi Cavabdeh əmək funksiyasını lazımi səviyyədə yerinə yetirməməsi və işəgötürənə 7207,57 manat məbləğində zərər vurması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində bu nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı MMC ilə Cavabdeh arasında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunması, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavəyə əsasən “baş satıcı” vəzifəsinə, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavəyə əsasən “administrator” vəzifəsinə keçirilməsi, onunla həmin tarixdə “X2 haqqında” müqavilə bağlanması işin mübahisəsiz halıdır. İşin digər halı isə ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin imtina aktına əsasən, İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən “Oba-Sumqayıt 26” (703) mağazasında həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh İlqar oğlunun xx.xx.2023cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyasının aparılması və nəticələrin araşdırılması üçün dəvət olunsa da, iştirak etməmiş və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədlərə, əksik gəlmələrə imza atmaqdan imtina etmişdir. Baxılan iş üzrə iddia tələbi vurulmuş ziyanın ödənilməsi barədədir. İddia tələbinin qanuni əsası kimi Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndi, 200-cü maddənin 1-ci bəndi və 205-ci maddənin 2-ci bəndləri nəzərdən keçirilə bilər. Nəzərə alınmalıdır ki, qeyd olunan maddədə işçinin X2 daşıdığı hallar təsbit edilmişdir. X2, yəni vurulmuş ziyanın tam həcmdə ödənilməsi vəzifəsi o halda işçinin üzərinə qoyula bilər ki, bu ziyan Əmək Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş olsun. Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən X2 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Göründüyü kimi Cavabdeh İddiaçı MMC-də “administrator” işləyərkən vəzifəsindən irəli gələn öhdəliklərin icrasını lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçı MMC-yə ümumilikdə 7207,57 manat məbləğində zərər vurmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya vurduğu zərərə görə məsuliyyət daşıdığından, iddiaçı həmin zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi də iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar