Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2020/2023 06.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi zərər, sübutetmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4766/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. 1394 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək xəzinədar vəzifəsinə işə qəbul edilmişdir.
2. İddiaçı MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 05/K saylı, əmrinin surətindən görünür ki, İddiaçı MMC-də xəzinədar vəzifəsində işləyən Cavabdeh əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç) bəndinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir.
3. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, “Snack salad” restoranında xəzinədar vəzifəsində çalışan Cavabdeh iş günün əvvəlində təhvil aldığı xırdalamaq üçün nəzərdə tutulmuş 500 (beş yüz) manat rezerv puldan birbaşa rəhbərinə məlumat vermədən müxtəlif tarixlərdə və məbləğlərdə pul vəsaitini götürmüş və kassasya nəzərdə tutulandan daha az miqdarda pul mədaxil etmişdir. Cavabdeh bu prosesi hər iş günü ardıcıl olaraq davam etdirmiş və nəticədə cəmiyyətə külli miqdarda ziyan vurmuşdur. xx.xx.2022-xx.xx.2022-ci il tarixədək ümumilikdə 3364 manat məbləğində pul mənimsəmişdir.
4. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi Ü.V.Məhərrəmova və Cavabdeh mediator X2 xx.xx.2023-cü il tarixdə saat 15:00 saatında təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. X5 üçün 60 (altmış) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı MMC tərəfindən ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3367 (üç min üç yüz altmış yeddi) manat ziyan və 65 (altmış beş) manat mediasiya haqqı olmaqla, cəmi 3432 (üç min dörd yüz otuz iki) manatın Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı uzun illər ərzində mehmanxana və ictimai-iaşə fəaliyyəti sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektidir. 25 iyul 2022-ci ildə iddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən, cavabdeh Cəmiyyətdə xəzinədar vəzifəsinə işə qəbul edilmişdir. 25 iyul 2022-ci ildə cavabdehlə bağlanmış tam maddi məsuliyyət haqqında 1394 nömrəli fərdi müqaviləyə əsasən, işçi Cavabdeh ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirilməyi tam məsuliyyət ilə öz üzərinə götürmüşdür. Cavabdeh Əhmədov iddiaçı Cəmiyyət tərəfindən idarə olunan “Snack&Salad” adlı restoranda xəzinədar kimi təhkim olunmuşdur. İş qaydasına görə, gündəlik nağd kassa hesablaşmalarının həyata keçirilməsi üçün Cəmiyyət tərəfindən cavabdehə 500 (beş yüz) manat rezerv pul ayrılmışdır. Cavabdeh həmin pul vəsaitini 01 avqust 2022-ci il tarixli, 7238 saylı məxaric xəzinə orderini şəxsən imzalamaqla təhvil almışdır. Cavabdeh öz vəzifə öhdəliklərinə xilaf çıxaraq hər iş gününün əvvəlində ona təhvil verilən 500 (beş yüz) manat rezerv puldan hər gün 150-180 manat məbləğində pulu mənimsəyərək, kassaya mədaxil etməmişdir. Pul vəsaitlərinin kassaya tam şəkildə mədaxil edilməməsi video müşahidə kameraları vasitəsilə qeydə alınmışdır. Habelə, cavabdeh Əhmədov Cəmiyyətdə işlədiyi dövr ərzində gizli yolla əldə etdiyi müstəsna səlahiyyətə malik məxfi koddan istifadə edərək iş təlimatına zidd olaraq növbə ərzində eyni nömrəli bir çeki bir neçə dəfə təkrar çap edərək və nəticədə işin əvvəlində kassaya əksik mədaxil etdiyi pul məbləği qədər ümumi satışı azaltmışdır. 06 və 07 dekabr 2022-cü il tarixlərdə növbə ərzində bir müştəriyə təqdim olunan eyni nömrəli çek eyni tarixdə, lakin müxtəlif saatlarda bir neçə dəfə təkrar çap edilərək başqa müştərilərə təqdim edilmiş, lakin satış sistemə daxil edilməmişdir. Sifarişlərin təhvil verilməsi zamanı müştərilər tərəfindən təqdim olunan çeklərlə kassaya mədaxil edilmiş vəsait arasında uyğunsuzluq aşkar edildikdə, müşahidə kameralarının yaddaşında saxlanmış 10 noyabr 2022-ci ildən 09 dekabr 2022-ci ilədək dövr ərzində qeydə alınmış videomateriallara baxış keçirilmiş və rezerv pul məbləğinin gündəlik olaraq müxtəlif məbləğlərdə əksik olmaqla kassaya mədaxil edildiyi aşkar edilmişdir. 10 noyabr 2022-ci ildən 09 dekabr 2022-ci ilədək cavabdehə təhvil verilmiş 500 (beş yüz) manat rezerv pul məbləğindən mənimsənilən pul məbləğləri iş materialların əlavə olunmuş cədvəldə öz əksini tapmışdır. Beləliklə, Cavabdeh tərəfindən pul vəsaitlərinin mənimsənilməsi nəticəsində Cəmiyyətə 3367 (üç min üç yüz altmış yeddi) manat ziyan vurulmuşdur. Onu da qeyd etmək lazımdır ki, bu vəsait cavabdeh tərəfindən Cəmiyyətə vurulmuş ziyanın video müşahidə kameralarının yaddaşında saxlanıla bilən hissəsidir. Müşahidə kameralarının videoqeydləri sadəcə 30 gün müddətində yaddaşda saxlaya bildiyini nəzərə alınsa, cavabdeh tərəfindən Cəmiyyətə vurulan ziyanın məbləğinin daha çox olmasını anlamaq üçün ciddi məntiqi mühakiməyə ehtiyac qalmır. Əmək münasibətlərinin gedişində cavabdeh tərəfindən Cəmiyyətə vurulmuş maddi ziyanın məbləğinin araşdırılması məqsədilə Cəmiyyətin baş müdirinin əmri ilə 12 dekabr 2022-ci ildə Cəmiyyətin Maliyyə direktoru, İaşə şöbəsinin meneceri, Kadrlar şöbəsinin meneceri və Mühafizə xidmətinin rəisindən ibarət tərkibdə komissiya yaradılmışdır. Komissiya tərəfindən aparılan araşdırma nəticəsində “Snack&Salad” restoranında gündəlik kassa əməliyyatlarının yoxlama nəticələri haqqında 12 yanvar 2023-cü il tarixli akt tərtib olunmuş və cavabdeh tərəfindən Cəmiyyətə vurulmuş ziyanın məbləği müəyyən edilmişdir. Qeydə alınmış videomateriallar və Snack&Salad” restoranında gündəlik kassa əməliyyatlarının yoxlama nəticələri haqqında 12 yanvar 2023cü il tarixli akt cavabdehə təqdim olunmuşdur. 13 yanvar 2023- cü ildə Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə işçi tərəfindən öz əmək vəzifələrinin kobud şəkildə pozulması əsası ilə xitam verilmişdir. 13 yanvar 2023-cü il tarixli, 05/K saylı Əmr onunla əsaslandırılmışdır ki, İddiaçındə xəzinədar vəzifəsində işləyən Cavabdeh əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməsinə şübhələr yaranmışdır. Bu səbəbdən onun hərəkətləri müşahidə kameraları ilə yoxlanılmışdır. Kamera görüntülərindən məlum olmuşdur ki, Cəmiyyətə məxsus olan “Snack&Salad” restoranında hər dəfə növbəyə başlayarkən 500 (beş yüz) manat məbləğində xırda pul təhvil almış, lakin işlədiyi restoranın xəzinəsinə aldığı məbləği tam deyil, orta hesabla 153 (bir yüz əlli üç) manat az mədaxil etmişdir. Cavabdeh alınan izahatdan məlum olmuşdur ki, işlədiyi dövr ərzində gizli yolla menecerə məxsus məxfi kodu əldə etmiş və bu vasitə ilə gündəlik satış çeklərini xəzinəyə əskik mədaxil etdiyi məbləğ qədər bir neçə dəfə təkrar çap etmişdir. Nəticədə, ümumi satışın həcmini bilərəkdən azaltmışdır. Əhmədovun Cəmiyyətə vurduğu maddi ziyanın məbləği 3367 (üç min üç yüz altmış yeddi) manat təşkil etmişdir. 13 yanvar 2023-cü il tarixli əmrin surəti üzərində qeydiyyat aparılmaqla həmin tarixdə cavabdeh Əhmədova təqdim olunmuşdur. Mübahisənin mediasiya qaydasında həll edilməsi uğurlu olmamışdır. Tərəflərindən mediasiya xərci kimi 65 manat ödənilmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4766/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 3367 (üç min üç yüz altmış yeddi) manat məbləğində maddi ziyanın və iddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 65 (altmış beş) manatın, cəmi 3432 (üç min dörd yüz otuz iki) manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir (hakim G.Tağızadə).
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclası zamanı təqdim edilmiş disklərə baxış keçirilərkən və sənədlərdən müəyyən edildi ki, cavabdeh işlədiyi dövrdə bir müştəriyə təqdim olunan eyni nömrəli çek eyni tarixdə, lakin müxtəlif saatlarda bir neçə dəfə təkrar çap edilərək başqa müştərilərə təqdim edilmiş, lakin satış sistemə daxil edilməmişdir. Sifarişlərin təhvil verilməsi zamanı müştərilər tərəfindən təqdim olunan çeklərlə kassaya mədaxil edilmiş vəsait arasında uyğunsuzluq aşkar edildikdə, müşahidə kameralarının yaddaşında saxlanmış 10 noyabr 2022-ci ildən 09 dekabr 2022-ci ilədək dövr ərzində qeydə alınmış videomateriallara baxış keçirilmiş və rezerv pul məbləğinin gündəlik olaraq müxtəlif məbləğlərdə əksik olmaqla kassaya mədaxil edildiyi aşkar edilmişdir.
9. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndi, 191, 199 və 205.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 443-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4766/2023 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci ildə İddiaçınə xəzinədar işinə qəbul edilmişdir. Hər gün işə gələrkən ona xəzinədar kimi 500 (beş yüz) manat rezerv pul ayrılıb verilməli idi. İşlədiyi dövr ərzində cəmi 4-5 dəfə, hər dəfə də 350 manat rezerv pul verilirdi. O, hər dəfə pulun əskik olması barədə iş yeri üzrə əməkdaşlara, supervaynerlərə məlumat vermişdir. Göstərmişdir ki, pulun məbləği 500 manat olmalı olduğu halda ona verilən pul vəsaiti 350 manat olmuşdur. O, pulun alınması barədə cəmi 3 dəfə imza etmişdir. Qalan bütün hallarda rezerv kimi pul qəbul etməmişdir və imzalamamışdır. xx.xx.2023-cü ildə mübahisə üzrə araşdırma aparılan zaman o dəvət edilməmişdir və aktı imzalamamışdır. Qətnamədə göstərilənlərlə razılaşmır. Məhkəmə zamanı kamera göstəricilərinin obyektiv olmadığını məhkəmənin nəzərinə çatdırmışdır. Məhkəmə mübahisəni obyektiv araşdırmamış, yalnız kamera göstəricilərinə əsaslanaraq qətnamə qəbul etmişdir. Həmçinin qətnamədə qeyd olunmuşdur ki, o, xx.xx.2022xx.xx.2022-ci il tarixədək 3364 manat pul mənimsəmişdir. Əgər iddiaçının qeyd etdiklərinə əsaslansaq 30 gün ərzində hər gün 150 manat pul əskik gələrdisə bu məbləğ 4500 manatdan artıq məbləğ olacaqdır. İddiaçının iddia etdiyi 3367 manat məbləğin haradan yaranması araşdırılmamışdır. O ümumiyyətlə işlədiyi dövrdə heç bir pul vəsaiti mənimsəməmişdir.
12. Məhkəməyə müraciət edilməmişdən öncə iddiaçı tərəfin əməkdaşları ilə onun görüşü olmuşdur. Ona təzyiqlər göstərilərək bildirilmişdir ki, kassadan pul götürməyi üzərinə götürüb etiraf etsin. Ondan 3000-10000 manat məbləğində pul tələb edirdilər. Heç bir halı sübut etmədən ona əmək kitabçasında maddə ilə xitam verilmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(060)-4766/2023 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
14. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayəti əsassız və qanunsuzdur. Belə ki, cavabdehin apellyasiya şikayəti uydurmalardan və heç bir əsası olmayan subyektiv mülahizələrdən ibarət olmaqla, Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli qətnaməsinin qanunsuzluğuna dair heç bir mötəbər dəlili özündə ehtiva etmir. İşin müəyyən olunmuş hallarına görə, 25 iyul 2022-ci ildə İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən, cavabdeh Cəmiyyətdə xəzinədar vəzifəsinə işə qəbul edilmişdir. 25 iyul 2022-ci ildə cavabdehlə bağlanmış tam madi məsuliyyət haqqında 1394 nömrəli fərdi müqaviləyə əsasən, işçi Cavabdeh ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirilməyi tam məsuliyyət ilə öz üzərinə götürmüşdür. Cavabdeh Əhmədov iddiaçı Cəmiyyət tərəfindən idarə olunan “Snack&Salad” adlı restoranda xəzinədar kimi təhkim olunmuşdur. İş qaydasına görə, gündəlik nağd kassa hesablaşmalarının həyata keçirilməsi üçün Cəmiyyət tərəfindən cavabdehə 500 (beş yüz) manat rezerv pul ayrılmışdır. Cavabdeh həmin pul vəsaitini 01 avqust 2022-ci il tarixli, 7238 saylı məxaric xəzinə orderini şəxsən imzalamaqla təhvil almışdır. Cavabdeh öz vəzifə öhdəliklərinə xilaf çıxaraq hər iş gününün əvvəlində ona təhvil verilən 500 (beş yüz) manat rezerv puldan hər gün 150-180 manat məbləğində pulu mənimsəyərək, kassaya mədaxil etməmişdir. Pul vəsaitlərinin kassaya tam şəkildə mədaxil edilməməsi video müşahidə kameraları vasitəsilə qeydə alınmışdır. Video materiallar məhkəmə iclasında tədqiq olunmuş və cavabdehə təhvil verilən 500 manat rezerv pul vəsaitinin kassaya az mədaxil edildiyi öz təsdiqini tapmışdır. Habelə, cavabdeh Əhmədov Cəmiyyətdə işlədiyi dövr ərzində gizli yolla əldə etdiyi müstəsna səlahiyyətə malik məxfi koddan istifadə edərək iş təlimatına zidd olaraq növbə ərzində eyni nömrəli bir çeki bir neçə dəfə təkrar çap edərək və nəticədə işin əvvəlində kassaya əksik mədaxil etdiyi pul məbləği qədər ümumi satışı azaltmışdır. Məsələn: 06 və 07 dekabr 2022-cü il tarixlərdə növbə ərzində bir müştəriyə təqdim olunan eyni nömrəli çek eyni tarixdə, lakin müxtəlif saatlarda bir neçə dəfə təkrar çap edilərək başqa müştərilərə təqdim edilmiş, lakin satış sistemə daxil edilməmişdir. Sifarişlərin təhvil verilməsi zamanı müştərilər tərəfindən təqdim olunan çeklərlə kassaya mədaxil edilmiş vəsait arasında uyğunsuzluq aşkar edildikdə, müşahidə kameralarının yaddaşında saxlanmış 10 noyabr 2022-ci ildən 09 dekabr 2022-ci ilədək dövr ərzində qeydə alınmış videomateriallara baxış keçirilmiş və rezerv pul məbləğinin gündəlik olaraq müxtəlif məbləğlərdə əksik olmaqla kassaya mədaxil edildiyi aşkar edilmişdir. Cavabdeh pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı iddianı qəbul etməsə də, gündəlik olaraq ona təhvil verilən pul vəsaitlərinin hansı səbəbdən kassaya az mədaxil edildiyini və hansı səbəbdən satış çeklərinin dəfələrlə çap edilərək ümumi satış sayının süni şəkildə azaldıldığını izah edə bilməmişdir. Cavabdehin pul vəsaitlərinin ona tam təqdim olunmamasına dair mülahizələri də tamamilə uydurmadır. Belə ki, cavabdehə gündəlik olaraq təqdim olunan rezerv pulların mühafizəyə tam təhvil verilməsinə dair videomateriallar, habelə cavabdeh tərəfindən imzalanmış təhvil-təslim jurnalı məhkəməyə təqdim olunmuşdur. Bu da onu deməyə əsas verir ki, cavabdehə hər gün 500 manat rezerv pul təhvil verilsə də, cavabdeh həmin pulun bir hissəsini mənimsəyərək, onu kassaya tam mədaxil etməmiş, satışı süni şəkildə azaltmış, nəticədə ona verilən rezerv pulu tam şəkildə mühafizəyə təhvil vermişdir. Komissiya tərəfindən aparılan araşdırma nəticəsində “Snack&Salad” restoranında gündəlik kassa əməliyyatlarının yoxlama nəticələri haqqında 12 yanvar 2023-cü il tarixli akt tərtib olunmuş və cavabdeh tərəfindən Cəmiyyətə vurulmuş ziyanın məbləği müəyyən edilmişdir. Qeydə alınmış videomateriallar və Snack&Salad” restoranında gündəlik kassa əməliyyatlarının yoxlama nəticələri haqqında 12 yanvar 2023-cü il tarixli akt cavabdehə təqdim olunmuşdur. Şikayətin cavabdehin işdən azad olunma əsasları barədə məlumatlı olmamasına dair dəlilləri də həqiqətə uyğun deyil. Belə ki, məhkəməyə təqdim olunmuş 13 yanvar 2023-cü il tarixli, 05/K saylı əmrin surətindən görünür ki, cavabdeh həmin əmrlə 13 yanvar 2023-cü ildə şəxsən imza edərək tanış olmuş və əmrin surətini almışdır. Cavabdeh əmri mübahisələndirməmişdir. Ona görə də, hazırda işdən çıxarılma haqqında əmrlə bağlı irəli sürülən mülahizələr qəbuledilməzdir. 13 yanvar 2023-cü ildə Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə işçi tərəfindən öz əmək vəzifələrinin kobud şəkildə pozulması əsası ilə xitam verilmişdir. 13 yanvar 2023-cü il tarixli, 05/K saylı Əmr onunla əsaslandırılmışdır ki, İddiaçındə xəzinədar vəzifəsində işləyən Cavabdeh əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməsinə şübhələr yaranmışdır. Bu səbəbdən onun hərəkətləri müşahidə kameraları ilə yoxlanılmışdır. Kamera görüntülərindən məlum olmuşdur ki, Cəmiyyətə məxsus olan “Snack&Salad” restoranında hər dəfə növbəyə başlayarkən 500 (beş yüz) manat məbləğində xırda pul təhvil almış, lakin işlədiyi restoranın xəzinəsinə aldığı məbləği tam deyil, orta hesabla 153 (bir yüz əlli üç) manat az mədaxil etmişdir. Cavabdeh alınan izahatdan məlum olmuşdur ki, işlədiyi dövr ərzində gizli yolla menecerə məxsus məxfi kodu əldə etmiş və bu vasitə ilə gündəlik satış çeklərini xəzinəyə əskik mədaxil etdiyi məbləğ qədər bir neçə dəfə təkrar çap etmişdir. Nəticədə, ümumi satışın həcmini bilərəkdən azaltmışdır. Əhmədovun Cəmiyyətə vurduğu maddi ziyanın məbləği 3367 (üç min üç yüz altmış yeddi) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə şikayətində irəli sürülən dəlillərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəmə qətnaməsinin hansı əsasdan əsassız olmasına dair mülahizələrini əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş sənədlərə, video materiallara düzgün hüquqi qiymət verməklə iddia tələbinin təmin olunmasına dair haqlı nəticəyə gəlmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz və mülahizədə göstərilənlərə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi:
17. Maddə 10. Bənd “ç”. İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin vəzifəsidir.
18. Maddə 191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
19. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
20. Maddə 192.1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
21. Maddə 199. İşçi saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.
22. Maddə 205.2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
29. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Apellyasiya şikayətindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4766/2023 nömrəli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4766/2023 nömrəli qətnaməsi qismən - 3236 manat məbləğində maddi ziyanın Cavabdeh tutulması hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılaraq 3236 manat maddi ziyanın alınmasına dair tələb təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında əmək münasibətləri olmuşdur. İş materiallarından görünür ki, cavabdeh işə xəzinadar vəzifəsinə götürülərkən, tam maddi məsuliyyət haqqında müqavilədən əlavə olaraq 500 manat məbləğində pul vəsaitinin işəgötürəndən qəbul edilməsinə məxaric orderini imzalamışdır. Araşdırma zamanı müəyyən olundu ki, həmin 500 manat pul hər iş günün axırında cavabdeh tərəfindən qeydiyyat kitabçasına imzalamaqla qaytarılmışdır.
37. Kollegiya iddiaçının kassada pulun əksik olması ilə bağlı dəlili ilə qeyd edir ki, kassada pul vəsaitin çatışmamazlığı videogörüntü ilə yox, ciddi maliyyə hesabat sənədləri ilə təsdiq olunmalıdır. Lakin birinci instansiya məhkəməsi pulu cavabdehdən tutarkən yalnız videomateriallara baxış keçirilməsi nəticəsində tərtib olunmuş akta əsaslanmışdır.
38. Apellyasiya icraatı zamanı məhkəmə iclasında cavabdeh öz izahatında restoranda işləyən vaxt müştərinin çox olduğu zaman ona nəzarət edən şəxsin göstərişi ilə bir çekin təkrarən çap edilməsini etiraf etsə də, lakin hər hansı pulun mənimsəmədiyini bildirmişdir. Beləliklə kollegiya cavabdehin təkrar çeklərin vurulması barədə etirafını nəzərə alaraq, hesab edir ki, iş materiallarinda olan 14 çekin məbləğləri hesablanaraq 131 manatın tutulmasına dair birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, 3236 manat məbləğində zərən vurulması iddiaçı tərəfindən mötəbər sübutlarla öz təsdiqini tapmadığığından, həmin hissədə qətnamə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia 3236 manatın tutulması hissəsində rədd edilməlidir.
39. Belə ki, iddia üzrə sübutemə vəzifəsi iddiaçının üzərinə düşür, iddiaçı tələb olunan zərərin cavabdeh tərəfindən vurulmasını sübut etməli olduğu halda, bunu qismən yalnız 131 manat hissəsində edə bilmişdir.
40. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
42. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qəraınrda Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
43. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.
44. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4766/2023 nömrəli qətnaməsi qismən - 3236 manat məbləğində maddi ziyanın Cavabdeh tutulması hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılaraq 3236 manat maddi ziyanın alınmasına dair tələb təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4766/2023 nömrəli qətnaməsi qismən - 3236 (üç min iki yüz otuz altı) manat məbləğində maddi ziyanın Cavabdeh tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia Cavabdeh İddiaçı xeyrinə 3236 (üç min iki yüz otuz altı) manat maddi ziyanın alınmasına dair hissəsində təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.