Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-744/2023 14.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı sığorta ödənişinin tutulması tələbinə dair iş üzrə (Açar sözlər: sığorta ödənişinin tutulması, sığorta hadisəsi,icbari sığorta) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı sığorta ödənişinin tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)- 5548/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5723/2021 saylı, xx.xx.2021-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdeh "xxxx" MMC-yə qarşı X1 ölümü ilə bağlı "İstehsalat zədəsi” formalı aktın verilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin məktubundan görünür ki, P.Musazadənin iş vaxtı ölümü ilə əlaqədar köməklik göstərilməsi barədə anası X5 Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına ünvanladığı 10 mart 2020- ci il tarixli şikayət ərizəsi əsasında X12 Xidmətində araşdırma aparılmışdır. P.Musazadə ilə baş vermiş bədbəxt hadisə iş vaxtından sonra müəssisənin ərazisindən kənarda baş verdiyindən və onun əmək funksiyalarının icrası ilə bağlı olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən X12 Xidməti tərəfindən təhqiq edilməmiş və istehsalatda baş verən bədbəxt hadisə hesab olunmamışdır. "xxxx" tərəfindən verilmiş məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 21 may 2013-cü il tarixli, № 0165-13 saylı, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığorta müqaviləsi bağlanmışdır. Müqavilənin surəti məhkəməyə təqdim edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin PHS **********0 saylı, xx.xx.2022- ci il tarixli məktubuna əsasən, X4 (5V2QRGV) xx.xx.2018-xx.xx.2019-cu il tarix aralığında sığorta təminatı mövcud olmamışdır. 52/19 №li Əmək Müqaviləsinin məzmunundan görünür ki, işəgötürən qismində "xxxx" MMC ilə işçi qismində X9 arasında əmək müqaviləsi bağlanılmış, müqaviləyə əsasən işçi MMC-nin Texniki dəstək Departamentinin Energetika Şöbəsinin Yarımstansiyalara xidmət sahəsinə 3-cü dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilir, 1 ay sınaq müddətinə təyin edilir, işə başlanma tarixi 22 yanvar 2019-cu il tarix olduğu, müqavilə 3 ay müddətinə bağlandığı, hər ay 560 manat əmək haqqı ödənilməsi, iş vaxtının gündə 3 saatdan, həftə ərzində 15 saatdan çox olmaqla, iş saatının 18:00-da başlanılması, 21:00-da qurtarması qeyd olunmuşdur. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən X4 əmək vəzifələrini yerinə yetirərkən ölümü nəticəsində vurulan 50.000 manat zərərin əvəzinin 100 faizi miqdarında, yəni 50.000 manat sığorta ödənişinin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X3 xx.xx.2018-ci ildə Sumqayıt Texnologiyalar Parkında “Yarımstansiyalara xidmət sahəsi”ndə 3-cü dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. O, xx.xx.2019-cu ildə işdə olarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Belə ki, onun işlədiyi "xxxx" Bakı-Quba yolunun yanında yerləşir və yolun o biri tərəfindən yarımstansiyada sayğac göstəricilərini mütəmadi yoxlayır və onları qeydiyyat kitabına salırdı. Oğlu 2 gün axşam saat 20:00-dan növbəti gün 08:00-a qədər, 2 gün isə 08:00-dan növbəti gün 20:00-a qədər işləyirdi. Hadisə baş verən zaman onun iş vaxtı saat 20:00-dan növbəti gün 08:00-a qədər idi. Oğlu işə gedərkən və işdən çıxarkən şirkətin verdiyi giriş-çıxış kartından istifadə edirdi. Həmin kartı yoxlama aparatına vuraraq şirkətə daxil olurdu və işdən çıxarkən də həmin aparatdan istifadə edirdi. İşə giriş və çıxış saatlarını təsdiq etmək üçün oğlunun iş yoldaşı X10 şahidlik edə bilər. xx.xx.2019-cu ildə oğlu saat 21:20-21:30 radələrində yolun əks tərəfinə keçib yarım stansiyasında sayğac göstəricilərini yoxlayıb və onları yazıb geri şirkətə qayıdarkən 21:40 radələrində qarşıdan gələn nəqliyyat vasitəsi onu vurmuşdur. Nəticədə oğlu hadisə yerində ölmüşdür. X3 iş zamanı bədbəxt hadisə nəticəsində ölsə də, işlədiyi "xxxx" MMC “İstehsalat zədəsi” aktı tərtib etməmişdir. Oğlunun vəfatından sonra "xxxx" MMC rəhbərliyi övladının ölümünü gizlətmək məqsədilə həyat yoldaşı X8 müəssisədə 4 ay müddətinə işə qəbul etmiş və ona hər ay 360 manat əmək haqqı ödəmişlər. Lakin cavabdeh təşkilat sonradan ştat ixtisarını bəhanə gətirərək həmin pulu ona ödəməkdən imtina etmişdir. Əslində isə"xxxx" MMC rəhbərliyi oğlunun ölümündən sonra onlarla belə razılaşmışdı ki, guya ömürlərinin sonuna qədər hər ay 500 manat kompensasiya ödəyəcəkdi. Lakin cavabdeh təşkilat vədinə əməl etmiyərək ödənişdən imtina etmişdir. X1 01 fevral 2019-cu ildə ölməsi hadisəsinin bədbəxt hadisə kimi qiymətləndirilməsi və “İstehsalat zədəsi” formalı aktın verilməsinə dair ərizə ilə X12 Xidməti Sumqayıt regional ərazi şöbəsinə müraciət etmişdir. X12 Xidməti Sumqayıt regional ərazi şöbəsinin 18 noyabr 2021-ci il tarixli, **********4 saylı imtina məktubu onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 5723/2021 saylı qətnaməsi ilə həyat yoldaşı X6 “İstehsalat zədəsi” formalı aktın verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-5548/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, baş vermiş hadisənin istehsalatda baş verən bədbəxt hadisə hesab olunmaması həmin hadisənin sığorta hadisəsi kimi qiymətləndirilməsi halını aradan qaldırır. Qeyd edildiyi kimi isə sığorta ödənişinin verilməsinin əsası olaraq sığorta hadisəsi çıxış edir. Baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyindən iddiaçının sığorta ödənişinin ödənilməsi barədə iddiası əsassızdır və təmin edilə bilməz. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.5-ci bəndinin tələbinə görə sığortaçı – Azərbaycan Respublikasında həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü aparmağa, həmçinin Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda annuitet sığortası aparmağa müvafiq icazə almış yerli hüquqi şəxs çıxış edir. Araşdırılan mübahisə üzrə iddia tələbi işəgötürən "xxxx" MMC-yə qarşı yönəlmişdir. Hazırda cavabdeh qismində göstərilmiş şəxs qanunvericiliyin sığortaçı ilə bağlı irəli sürülmüş tələblərinin təsir dairəsinə düşmür. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə, Azərbaycan Respublikası “Sığorta haqqında” Qanunun 11-ci maddəsinin 2-ci bəndinə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.12, 2.0.13, 10, 10.1.1, 10.1.2, 16.3.2 və 20.0.3-cü maddəsinə istinad etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası AR Əmək Məcəlləssinin 225-ci maddəsinin tələbindən göründüyü kimi cavabdeh "xxxx" MMC hər bir işçinin sığortalanmasını təmin etməlidir, yəni bu cavabdehin hüququ deyil vəzifəsi kimi qanunvericilikdə nəzərdə tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5548/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli sorğusuna "Sumqayıt Texnologiyalar Parkı” tərəfindən verilmiş cavabdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 21 may 2013-cü il tarixli, № 0165-13 saylı, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığorta müqaviləsi bağlanmışdır. Müqavilənin surəti məhkəməyə təqdim edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin PHS- **********0 saylı, xx.xx.2022- ci il tarixli məktubuna əsasən, X4 (5V2QRGV) xx.xx.2018-xx.xx.2019cu il tarix aralığında sığorta təminatı mövcud olmamışdır. Məhkəmə həmin hala sübut kimi qiymət verməmişdir. Göründüyü kimi, məhkəmə sübutların qiymətləndirilməsində kobud səhvlərə yol vermiş, qeyri-qanuni qətnamənin çıxarılmasına əsas olan prosessual hüquq normalarını pozmuşdur. Sübutların qiymətləndirilməsi məhkəmə prosesin ən vacib hissələrindən biridir, sübutları düzgün qiymətləndirməyən məhkəmənin qərarının ədalətliyi böyük şübhə altına salınır. Məhkəmər tərəfindən təqdim edilmiş sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks elətdirmələri zəruridir və qəti şəkildə tələb olunmalıdır. Məhkəmələr öz qərarında, mübahisə tərəflərinin bərabərliyinə və çəkişmə prinsipinə riəyət edərək, təqdim edilmiş bütün sübütların qəbul edilməsinin və ya edilməməsinin motivlərini izah etməli və əsaslandırmalıdırlar. Həmçinin gəldiyi qərarın Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İddiaçı və onun nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahatlar verərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək, izahat verərək, öz izahatında iş üzrə apellyasiya şikayətinin təmin edilməməsini, məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 935.1.8 və 935.1.10 “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Maddə 21.1. Bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə aşağıdakı hallarda da sığorta ödənişi verilmir: 21.1.5. bu Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş hallarda. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun: 11-ci maddəsinin 2-ci bəndinə əsasən qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığorta olunanlara və ya üçüncü şəxslərə ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.2-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi (bundan sonra – icbari sığorta müqaviləsi) – icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır. 2.0.12-ci maddəsinə əsasən sığorta hadisəsi – icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır. 2.0.13-ci maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatıdır. 10-cu maddəyə əsasən Bu Qanuna əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur: 10.1.1. istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı; 10.1.2. müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə. 16.3.2-ci maddəyə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda sığorta ödənişi verilir. 20.0.3-cü maddəyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddələrinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda sığorta ödənişinin verilməsindən imtina edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayəti və onun dəlillərini, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçının oğlu ilə cavabdeh şirkət arasında əmək müqaviləsi bağlanılmış, oğlu elektrik montyoru peşəsinə işə qəbul olunmuş, 01 fevral 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. İşin mübahisəli ondan ibarətdir ki, iddiaçı oğlunun ölümü ilə bağlı baş vermiş hadisənin iş vaxtı olduğunu, əmək funksiyalarının icrası zamanı baş verdiyini əsas gətirərək, oğlunun ölümü ilə bağlı bağlı vurulmuş ziyanın 100 faizi məbləğində sığorta ödənişinin ödənilməsini tələb etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının oğlunun ölümü ilə bağlı “İstehsalat zədəsi” formalı aktın verilməsi tələbinə dair iddia tələbi təmin edilməmiş, habelə həmin qətnamənin məzmununda P.Musazadə ilə baş vermiş bədbəxt hadisənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli qərarı ilə təsdiq eidlmiş “istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” na əsasən istehsalatda baş verən bədbəxt hadisə hesab edilməmişdir. Məhkəmə kollegiyası hazırki mülki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd edir ki, sığorta haqqında və mülki qanunvericiliyinin normalarının tələbinə əsasən sığorta ödənişi məhz baş vermiş hadisə sığorta hadisəsi qismində çıxış etdiyi halda ödənilən maliyyə kompensasiyası məbləğidir. Baş vermiş hadisəsinin sığorta hadisəsi olması halı isə sığorta müqaviləsinə və ya Qanuna əsasən müəyyən edilməklə, sığorta ödənişinin ödənilməsinin əsasını təşkil edir. İndiki halda isə iş materiallarından görünür ki, X12 tərəfindən baş vermiş hadisə istehsalatda baş verən bədbəxt hadisə hesab olunmamış, həmçinin, X4 xx.xx.2018ci il tarixdən xx.xx.2019-cu il tarixədək sığorta təminatı mövcud deyildir. Deməli, bununla bağlı tərəflər arasında bağlanılmış sığorta müqaviləsi mövcud olmamış, habelə qanunun tələbinə əsasən iddiaçının oğlunun ölümü ilə bağlı baş vermiş hadisəsinin istehsalatda baş vermiş bədbəxt hadisə olması, buna dair səlahiyyətli orqan tərəfindən tərtib edilmiş müvafiq formalı akt və ya məhkəmə qərarı mövcud olmamış, nəticə etibarilə baş vermiş hadisə sığorta hadisəsi qismində çıxış etməmişdir. Həmçinin, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili ilə bağlı onu qeyd edir ki, iddiaçı oğlunun ölümü ilə bağlı baş vermiş hadisəsinin iş vaxtı, əmək funskiyasının icrası vaxtı baş verdiyini bildirsə də, bununla bağlı hər hansı mötəbər sübuta istinad edilməmişdir. Bundan əlavə, qeyd edilən hallara bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında qiymət verilmiş (hansı ki həmin halların yenidən mübahisələndirilməsinə yol verilmir), habelə əmək müqaviləsində də iş vaxtı dəqiq şəkildə qeyd olunmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hissədə birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət vermiş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçininin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən hazırki mülki iş üzrə iddia tələbinin cavab verməli olmayan şəxsə qarşı qaldırılması əsası ilə iddia tələbinin təmin edilməməsi qənaətini də haqlı hesab edərək, qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi işəgötürənə qarşı qaldırılmışdır. Halbuki, qanunvericiliyin qeyd olunan normalarının təhlilindən görünür ki, müvafiq sığorta hadisəsi baş veridyi halda sığorta ödənişi məhz sığortaçı tərəfindən ödənilir, işəgötürən tərəfindən deyil. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hissədə də birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin digər halları ilə bağlı onu qeyd edir ki, iddia tələbi sığorta ödənişinin ödənilməsi ilə bağlı olmaqla, ümumi halda araşdırılmalı olan hal məhz sığorta ödənişinin ödənilməsi üçün əsasın olub-olmaması, baş vermiş hadisənin sığorta hadisəsi olub-olmaması hallar olduğundan,habelə sığorta ödənişinin ödənilməsinin əsasında isə məhz baş vermiş hadisənin sığorta hadisəsi olub-olmaması halının müəyyən edilməsi çıxış etdiyindən, apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi digər hallar (işəgötürən tərəfindən işçilərin icbari qaydada sığortalanması öhdəliyinin icra olunub-olunmaması ilə bağlı hallar) iddia tələbinin predmeti qismində çıxış etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qeyd olunan hissədə də əsassız olmuşdur. Qeyd olunan halları əsas götürərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuşdur, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmaqla, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-5548/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində (elektron kabinet və vəkil vasitəsilə) Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-744/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-744/2023
14.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver