Məhkəmə qərarları › İş №2(105)-1620/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1620/2024

24.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1620/2024 24.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh, cavabdehin nümayəndəsi Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma və həmin evə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2510/2024 nömrəli, 13 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma və həmin evə köçürülmə tələbinə dair iddia ərizəsinin rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma və həmin evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, ev 69 iddiaçıya məxsusdur. 2021-ci ilin sentyabr ayında İddiaçı X2 75500 manat pul vermişdir. Aralarında olan razılaşmaya görə o, iddiaçıya fərdi ev tikib verməli idi. O, həmin pulun 34500 manatını Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, ev 69-un tikintisinə sərf etmiş, qalan 41000 manat pul vəsaitini isə ələ keçirməklə iddiaçıya qarşı dələduzluq etmişdir. Faktla əlaqədar olaraq həmin şəxsin barəsində cinayət işi başlanılmış və o, cinayət məsuliyyətinə cəlb olunmuşdur. O, evi iddiaçıya təhvil versə də, hazırkı iş üzrə cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu və Elməddin Sadıqovun onu aldadaraq 51000 manat pulunu vermədiyi üçün evin darvazasının açarını dəyişərək, evə sahib çıxmış və hazırda da iddiaçını evə buraxmır. İddiaçı həmin cinayət işi üzrə 41000 manat pula görə zərəçəkən kimi tanınmışdır. Cavabdeh isə 51000 manat pula görə zərərçəkən şəxs kimi tanınıb. Belə ki, o, evin yerləşdiyi torpaq sahəsini Elməddin Sadıqova 55000 manata satmış və Elməddin Sadıqov həmin puldan 4000 manatını ona vermişdir. Qalan pulu isə ona verməyərək, ona qarşı da dələduzluq etmişdir. Cavabdeh 51000 manat pula görə zərərçəkən şəxs kimi tanındığından o, hazırda qanunsuz və əsassız olaraq iddiaçı üçün tikilən fərdi evə sahib çıxır. Ona görə də həmin şəxs Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, ev 69-dan çıxarılmalı və İddiaçı həmin evə köçürülməsi təmin olunmalıdır. Həmin evin bütün kommunalları iddiaçının adınadır və bu barədə sənədləri də iddia tələbinə əlavə edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarını nəzərə almamış, obyektiv araşdırma aparmamış və düzgün nəticəyə gəlməmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, ev 69-dan çıxarılmasını və özünün həmin evə köçürülməsini tələb etməsinə baxmayaraq, özünün bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olmasını sübut etməmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən hazırkı işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş və bununla əlaqədar qəbul olunmuş qətnamə qanunsuz olmaqla ləğv olunmalıdır. Sadalanan hüquq normalarından müəyyən olunur ki, onun iddia tələbi tamamilə əsaslıdır. Həmin fərdi ev faktiki sahibliyində və istifadəsində olduğundan o, pozulmuş hüquqlarını müdafiə etmək hüququna sahibdir. Məhkəmə tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hazırkı qətnamə cavabdehin əsassız varlanmasına səbəb olur və o, hazırda hüquqdan sui-istifadə edir. Belə hüquqdan sui-istifadə isə yolverilməzdir. Belə ki, o, hüquqdan suiistifadə edərək, əsassız olaraq varlanmışdır. Cavabdeh həm hazırkı vəziyyətdə iddiaçıya məxsus 69 saylı fərdi yaşayış evinə, həm də satdığı torpaq sahəsinə görə zərərçəkən şəxs kimi 51000 manat pula sahib çıxır. hazırkı iş üzrə cavabdeh Elməddin Sadıqova qarşı cinayət işində mülki qaydada pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etməlidir. Qeyd olunanlara əsasən hesab edir ki, qətnamə ləğv olunmalı və iddia tələbi təmin olunmalıdır. Lakin məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Məhkəmə qətnaməsi lazımi əsaslandırılmadan qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun ev alqı-satqısı ilə məşğul olduğunu, vətəndaşlardan müəyyən məbləğdə pul alıb onlara fərdi həyət evi tikib təhvil verdiyini bildirmişdir. O, makler kimi İddiaçı evini 75000 manata satandan sonra həmin pulla Xəzər bağlarından Cavabdeh 41000 manata torpaq almaq barədə danışmış, həmin torpaqda 34000 manata ev tikmişdir. Lakin sonradan sənədləşdirmə işlərini alındıra bilmədiyindən həmin torpaq da, ev də Cavabdeh sahibliyində qalıb. Zahidlə aralarında olan razılığa əsasən o evi tikib tam təhvil verdikdən sonra torpağın pulunu ona ödəyəcəyini bildirmişdir. Günay üçün evin tikintisinə onun öz iştirakı və nəzarəti ilə 34.000 manat pul sərf etmişdir. Əslində onun Zahidə 5000 manat borcu qalmışdır. Lakin daha sonra tutulduğundan evin tikintisi yarımçıq qalmış və Zahid Günayı onun üçün tikdiyi fərdi yaşayış evinə buraxmamışdır. O Zahiddən torpaq sahəsini 55.000 manata alıb, həmin pulun 4.000 manatını ona ödəmişdir, Zahid hazırda həmin torpaq sahəsində öz evində yaşayır, İddiaçı üçün tikdiyi evi də özünə götürərək Günayı həmin torpaq sahəsinə buraxmır. Onun Zahidə 7.000 manat borcu var. Evin tikintisi bir il ərzində davam etmiş, İddiaçı tikintiyə özü nəzarət etmişdir. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini İddiaçı subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, bu nəticəni mübahisələndirmişdir. Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinin inşa edilməsi üçün İddiaçı ilə X3 arasında razılaşmanın olması, həmin tikilinin “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən Cavabdeh verilmiş Sumqayıt şəhəri, Səməd Vurğun küçəsinin arxa hissəsində yerləşən 600 kv.m olan 798 nömrəli bağ torpaq sahəsində inşa edilməsi işin mübahisəsiz halıdır. Həmçinin işin mübahisə olunmayan digər halı odur ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Baxılan iş üzrə iddia tələbi fərdi yaşayış evindən çıxarılma və həmin evə köçürülmə barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.8, 158.2, 159, 164 və 180-ci maddələri nəzərdən keçirilə bilər. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. (Mülki Məcəllənin 180.1. maddəsi). Qeyd olunmalıdır ki, analoji işlərdə bu hüquq daha geniş təfsir olunmalıdır. Bu maddəyə görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla iddiaçının əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, iddiaçının həmin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Qeyd olunmalıdır ki, mübahisəli ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev özbaşına tikili olsa da, iddiaçı həmin tikiliyə öz vəsaitini xərclədiyindən, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə, yəni İddiaçı məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxslərin (cavabdehin) hüquqları ilə yüklü edilə bilməz. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (Mülki Məcəllənin 157.8., 158.2. maddələri). Mülki Məcəllənin 159, 164.2-ci maddələrinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Bu maddənin mənasına görə mülkiyyətçinin öz əşyasını özgənin qanunsuz sahibliyindən geri qaytarmağı və öz mülkiyyət hüququnu həyata keçirilməsinə yaradılmış maneələri aradan qaldırmağı tələb etmək hüquqları eynilə sahibə də məxsusdur. İddiaçı üçüncü şəxs Elməddin Sadıqova 75500 manat pul verdiyini və aralarında olan razılaşmaya görə ona fərdi ev tikib verməli olduğunu, həmin pulun 34500 manatını Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, ev 69-un tikintisinə sərf etdiyini, qalan 41000 manat pul vəsaitini isə ələ keçirməklə ona qarşı dələduzluq etdiyini və faktla bağlı Elməddinin cinayət məsuliyyətinə cəlb olunduğunu, evi iddiaçıya təhvil versə də, cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu və Elməddin Sadıqovun onu aldadaraq 51000 manat pulunu vermədiyi üçün evin darvazasının açarını dəyişərək, evə sahib çıxdığını və onu evə buraxmadığını iddia edir. Cavabdeh isə mübahisəli evin yerləşdiyi torpaq sahəsinin ona məxsus olduğunu və onu satmaq istədiyini Elməddin Sadıqovla bildirdikdə sonuncu torpağın belə vəziyyətdə gec satılacağını, lakin üzərində ev tikildikdən sonra daha yaxşı qiymətə satıla biləcəyini ona bildirdikdə o, Elməddinlə razılaşaraq həmin torpaq sahəsində evin tikilməsinə icazə vermiş və bunun müqabilində ondan cəmi 4000 manat pul aldığını bildirərək iddiaya etiraz edir. İşdən görünür ki, iddiaçı sözügedən fərdi yaşayış evini öz vəsaiti ilə inşa edərək faktiki sahiblik etməklə sahibə aid bütün hüquq və vəzifələri yerinə yetirdiyini iddia edərək, cavabdehin onun iradəsinə zidd olaraq həmin mənzilə girdiyini və hazırda da həmin evi boşaltmaqdan imtina etdiyini bildirmişdir. Qeyd olunan hal Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündə qeyd olunmuş iddiaçının ifadəsində və hazırkı iş üzrə üçüncü şəxs qismində dindirilən Elməddin Sadıqovun izahatında da öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, ev 69-dan çıxarılmalı və İddiaçı həmin evə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, ev 69-dan çıxarılsın və İddiaçı həmin evə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar