Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1624/2022 02.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: evin boşaldılması, evdən çıxarılma və evin açarlarının təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı, Cavabdeh2, müstəqil tələb sürməyən üçüncü şəxs Məmmədov Məmməd Musa oğlunun iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(060)-1098/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli qərarı ilə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində ona məxsus 255 kv.metr ölçüdə torpaq sahəsində inşa etdiyi obyektdən əşyaları ilə birlikdə çıxarılmaları, obyektin cavabdehlərin qanunsuz sahibliyindən götürülməsi, obyektin boşaldılması və açarlarının ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli qərarı ilə şəhərin İnşaatçılar qəsəbəsi ərazisində aptek kimi istifadə etdiyi 255 kv.metr ölçüdə torpaq sahəsi onun adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və həmin evdən istifadə ilə əlaqədar onunla Məmmədov Məmməd Musa oğlu arasında mübahisə yaranmışdır. 2017-ci ilin oktyabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli qərarına əsasən ona verilmiş 255 kv.metr ölçüdə torpaq sahəsində onun tərəfindən özünün yaşaması üçün fərdi yaşayış evi tikməsini, lakin cavabdeh Məmmədov Məmməd Musa oğlunun onun tərəfindən tikilmiş evi zəbt edərək onu evə buraxmamasını əsas göstərməklə sonuncunun həmin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(060)-485/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilib, cavabdeh Məmmədov Məmməd Musa oğlunun Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində ona ayrılmış 255 kv.metr torpaq sahəsindən və orada inşa edilmiş fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Məmmədov Məmməd Musa oğlu qətnamədən apellyasiya və kassasiya şikayəti vermiş, lakin onun şikayəti təmin edilməmiş, məhkəmə qərarı icraya yönəlmiş, icra hərəkətləri həyata keçirilərkən məlum olmuşdur ki, X5 qanunsuz və əsassız olaraq ona məxsus obyekti hazırki iş üzrə cavabdehlərə qeyri-rəsmi olaraq satmış və onların da pullarını mənimsəmişdir. İcra sənədində adı qeyd olunan Məmmədov Məmməd Musa oğlunun isə həmin ünvanda yaşamadığı müəyyən olunmuşdur. Bu səbəbdən də qərar icra oluna bilməmişdir və yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdehlərin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır.
4. İş materialları ilə müəyyən olur ki, Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli qərarı ilə şəhərin İnşaatçılar qəsəbəsi ərazisində aptek kimi istifadə etdiyi 255 kv.metr ölçüdə torpaq sahəsi onun adına rəsmiləşdirilmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(060)-485/2018 nömrəli qətnaməsi ilə cavabdeh Məmmədov Məmməd Musa oğlu Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli qərarı (protokol №57) ilə İddiaçı ayrılmış Sumayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən (aptek kimi istifadə etdiyi) 255 kv.m torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi tikilidən çıxarılması, aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdeh Məmmədov Məmməd Musa oğlundan tutularaq 60 manat məbləğində pul ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (VÖEN: **********) 100 manat məbləğində pulun Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh M.M.Məmmədovun apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh M.M.Məmmədovun apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(102)-3751/2021 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-112/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. 09 dekabr 2021-ci il tarixli aktdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-485 nömrəli icra sənədinə əsasən cavabdeh Məmməd Musa oğlu Məmmədov Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il qərarı (protokol № 57) ilə tələbkar İddiaçı ayrılmış Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən (aptek kimi istifadə etdiyi) 255 kv.m torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi tikilidən çıxarılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri borclu Məmmədov Musa Məmməd oğlundan tutularaq 60manat məbləğində pul Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesteri Xidmətinin 100 manat məbləğində pul isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İcra sənədinin icrası ilə əlaqədar tərəfimizdən (Sumqayıt şəhəri. İnşaatçılar qəsəbəsi ərazisində yerləşən (aptek kimi istifadə etdiyi) 255 kv.m torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi tikili) qeyd olunan ünvana baxış keçirildi və həmin ünvanda Cavabdeh2 (xx.xx.1984), Cavabdeh1 (xx.xx.1967) yaşadığı, icra sənədində qeyd olunan Məmmədov Məmməd Musa oğlunun həmin ünvanda yaşamadığı məlum olmuşdur.
11. Azərbaycan Respublikasının DİN Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, 20190M-1221 saylı məktubundan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində yerləşən sahəsi 255 kv.metr olan torpaq sahəsində 2 ev var və orada yaşayan şəxslər ünvan 2 ünvanında qeydiyyatda olan, xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh1 (AA 0677745) və ünvan 3 ünvanında qeydiyyatda olan, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh2dur (AA 2027704).
12. 10.08.2020-ci il tarixli əlyazmanın surətindən görünür ki, qonşular X2, Qəmər Salmanova və Xıdırov ünvan 4 ünvanında yaşayan Cavabdeh2 və İsmayılova Günel ailəsi ilə birlikdə xx.xx.2020-ci ildən həqiqətən yaşadıqlarını imzaları ilə təsdiq etmişlər.
13. xx.xx.2019-cu il tarixli əlyazmanın surətindən görünür ki, Əliyeva Bahar Bəbir qızı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən Q.Qarayev 50 ünvanında yerləşən 2 otaqlı həyət evini satdığı üçün X3 ilə 25000 manata razılaşmış, 22000 manat almış, 3000 manatı 9 ay ərzində alacağını təsdiq etmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X1 bildirmişdir ki, İddiaçı tanımır, Cavabdeh2lə əmioğludur, eyni zamanda onun qaynatasıdır. xx.xx.2019-cu ildə ev lazım olduğu üçün daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan Əlvan adlı şəxslə avtovağzalda görüşmüşlər. Əlvan onlara sənədsiz ev olduğunu, sənədsiz evin dəyərini Məmməd və onun həyat yoldaşı Bahar Əliyeva ilə 25000 manata razılaşdıqlarını bildirdi. Məmməd onu həmin evə qeydiyyata salacağını, qaz, su, işığı onun adına keçirəcəyini bildirib. Məmməd bu prosesi etdikdən sonra tərəflərindən Məmmədə 22000 manat ödənildiyini, 3000 manatı da 7,8 ay ərzində 3 dəfəyə 1000 manat olmaqla ödədiklərini bildirdi. Qaz, su, işığı cavabdehin adına keçirmək üçün əlavə olaraq 200 manat, hasar üçün 200 manat, ümumilikdə 400 manat ödədiklərini, 2020-ci ilin fevral ayında həyat yoldaşı, qızı və onun 3 uşağı ilə birlikdə həmin evə köçdüklərini bildirdi. 2021-ci ilin aprel ayında onlara məlum olub ki, həmin ev İddiaçı məxsusdur. Bu hadisədən sonra Məmmədlə görüşdüyünü, bu məsələnin nə ilə bağlı olduğunu soruşduqda Məmməd ona “ narahat olma, iş məhkəmədədir, ev mənimdir, həll olacaq” dediyini bildirmişdir.
15. Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(060)-1098/2022 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evin boşaldılması, evdən çıxarılma və evin açarlarının təhvil verilməsi tələbinə dair iddiası təmin edilib, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli qərarı ilə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində İddiaçı məxsus 255 kv.metr ölçüdə torpaq sahəsində inşa etdiyi obyektdən əşyaları ilə birlikdə çıxarılması, obyektin cavabdehlərin qanunsuz sahibliyindən götürülməsi, obyektin boşaldılması və açarlarının İddiaçı təhvil verilməsi qət edilmişdir.
16. Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(060)-1098/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı evin boşaldılması, evdən çıxarılma və evin açarlarının təhvil verilməsi tələbinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs-Məmmədov Məmməd Musa oğlu) dair mülki iş üzrə Məmmədov Məmməd Musa oğlunun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olub-olmaması ilə bağlı araşdırmanın aparılması üçün xüsusi qərardad Sumqayıt Şəhər Prokurorluğuna göndərilmişdir.
17. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli qərarı ilə şəhərin İnşaatçılar qəsəbəsi ərazisində aptek kimi istifadə etdiyi 255 kv.metr ölçüdə torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və həmin evdən istifadə ilə əlaqədar iddiaçı ilə Məmmədov Məmməd Musa oğlu arasında mübahisə yaranmışdır. 2017-ci ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli qərarına əsasən ona verilmiş 255 kv.metr ölçüdə torpaq sahəsində onun tərəfindən özünün yaşaması üçün fərdi yaşayış evi tikməsini, lakin cavabdeh Məmmədov Məmməd Musa oğlunun onun tərəfindən tikilmiş evi zəbt edərək onu evə buraxmamasını əsas göstərməklə sonuncunun həmin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-485/2018 saylı, 11 may 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh Məmmədov Məmməd Musa oğlunun Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində iddiaçıya ayrılmış 255 kv.metr torpaq sahəsindən və orada inşa edilmiş fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Məmmədov Məmməd Musa oğlu qətnamədən apellyasiya və kassasiya şikayəti vermiş, lakin onun şikayəti təmin edilməmiş, məhkəmə qərarı icraya yönəlmiş, icra hərəkətləri həyata keçirilərkən məlum olmuşdur ki, X5 qanunsuz və əsassız olaraq iddiaçıya məxsus obyekti hazırki iş üzrə cavabdehlərə qeyri rəsmi olaraq satmışdır və həmin ünvanda yaşamır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hal hazırda İddiaçı məxsus əmlakda heç bir əsas olmadan yaşayaraq istifadə edirlər.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3, 152.1, 152.2, 157.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 82.3, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(060)-1098/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
20. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli qərarı ilə şəhərin İnşaatçılar qəsəbəsi ərazisində aptek kimi istifadə etdiyi 255 kv.metr ölçüdə torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və həmin evdən istifadə ilə əlaqədar iddiaçı ilə onun yaxın qohumu Məmmədov Məmməd Musa oğlu arasında mübahisə yaranmışdır. 2017-ci ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli qərarına əsasən ona verilmiş 255 kv.metr ölçüdə torpaq sahəsində onun tərəfindən özünün yaşaması üçün fərdi yaşayış evi tikməsini, lakin cavabdeh Məmmədov Məmməd Musa oğlunun onun tərəfindən tikilmiş evi zəbt edərək onu evə buraxmamasını əsas götürməklə sonuncunun həmən evdən çıxarılmasına dair qətnamə qəbul etməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(060)-485/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh Məmmədov Məmməd Musa oğlunun Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində iddiaçıya ayrılmış 255 kv.metr torpaq sahəsindən və orada inşa edilmiş fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Məmmədov Məmməd Musa oğlu qətnamədən apellyasiya və kassasiya şikayəti vermiş, lakin onun şikayətləri təmin edilməmiş,Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(060)-485/2018 nömrəli qətnaməsi icraya yönəldilmişdir. İcra hərəkətləri həyata keçirilərkən məlum olmuşdur ki, Məmmədov Məmməd Musa oğlu qanunsuz və əsassız olaraq iddiaçıya məxsus obyekti hazırkı iş üzrə cavabdehlərə qeyri-rəsmi olaraq satmış və onların da pullarını mənimsəmişdir. İcra sənədində adı qeyd olunan Məmmədov Məmməd Musa oğlunun isə həmin ünvanda yaşamadığı müəyyən olunmuşdur. Bu səbəbdən də, qərar icra oluna bilməmişdir. İddiaçı yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv araşdırma aparılmayaraq maddi və prosessual pozuntulara yol verilməklə qətnamə qəbul edilmişdir. Belə ki, onun qeyd olunan fərdi yaşayış evini 25.000 (iyirmi beş min) manata almağı ilə bağlı təqdim etdiyi sənədləri ədalətli şəkildə tədqiq edib araşdırmadan, Məmmədov Məmməd Musa oğlunun məhkəmə iclasında iştirakını təmin etmədən birtərəfli qaydada, onun vicdanlı alıcı olmağını nəzərə almadan qanunsuz qətnamə qəbul etmişdir. xx.xx.2019-cu il tarixdə 4 nəfərin iştirakı ilə tərtib etdiyi əlyzma şəkilində olan imzalanmış sənədə əsasən M.Məmmədova 22.000 və 3.000 olmaqla, cəmi 25.000 manat pul vermişdir. Bunu təsdiq edən sənədin surətini şikayətinə əlavə etmişdir. Həmin vaxtdan evin bütün kommunal xərclərini vaxtlı-vaxtında ödəyir. Faktiki olaraq evdən istifadə etməklə sahiblik hüququnu həyata keçirir. Lakin məhkəmə qətnamə qəbul edərkən birtərəfli mövqe nümayiş etdirərək onun həmin fərdi yaşayış evi üçün ödədiyi pulun ona qaytarılması barədə öz mövqeyini əsaslandırmamışdır. Mülki Məcəllənin 6.1.8-ci maddəsinə görə pozulmuş hüquqların bərpasının təmin edilməsi Mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Lakin məhkəmə işə baxarkən onun pozulmuş hüquqlarının bərpası istiqamətində qanunla müəyyən edilmiş qaydada heç bir tədbir görməmiş və hüquqlarının həyata keçirilməsi üçün ona lazımı şərait yaratmamışdır.
21. Eyni zamanda Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(060)-1098/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:
22. O, Məmmədov Məmməd Musa oğlundan əlyazma sənədə əsasən 17.000 manata ev almışdır. Sonradan ona məlum olmuşdur ki, ev Məmmədov Məmməd Musa oğluna deyil, Rəşad adlı şəxsə məxsusdur. Göründüyü kimi o, vicdanlı sahibdir və o, əmlakı əldə edən zaman Məmmədov Məmməd Musa oğlunun əmlaka sahibliyinin qanunsuz olduğunu bilmirdi. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Məhkəmə isə öz növbəsində təqdim olunan sübutlara obyektiv yanaşmamış, işin hallarını hərtərəfli araşdırmadan qətnamə qəbul etmişdir. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında tənzimlənməlidir. Hazırkı iş üzrə isə iddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi fərdi yaşayış evinin qeyd olunan qanunvericiliklə tələb olunan statusa malik olması və evin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilmir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gələrkən onun təqdim etdiyi sübutlara hüquqi qiymət verməmiş, iddianın təmin edilməsini əsaslandırmamış və Mülki Prosessual Məcəllənin “Qətnamə qanuni və əsaslı olmalıdır” tələbini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
23. İddiaçı tərəfindən apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
24. Cavabdeh2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.
25. İddiaçı, onun nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinə etiraz edib, iddia tələbinin qanuni və ədalətli həll ilunmasını xahiş etdilər.
26. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir.
27. Məhkəmə kollegiyası qeyd olunan şəxsin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
28. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
30. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
32. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
33. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
35. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosessual Məcəllə
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri
42. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin mülkiyyət hüququndan istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. İddiaçı mübahisə predmeti təşkil edən əmlak üzərində sahiblik və istifadə hüququna malikdir. Cavabdeh mübahisəli mənzilin sahibi olan şəxsin razılığı olmadan həmin mənzildən hazırda istifadə edir ki, bu da sahiblik və istifadə hüququna müdaxiləni qaçılmaz etdiyindən onun bu hüququnun müdafiəsi tələbi əsaslı hesab edilməli və təmin edilməlidir.
45. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
48. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(060)-1098/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.