Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1625/2025 16.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5997/2025 nömrəli, 05 sentyabr 2025-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim V.Şirəliyeva) Ərizəçi Sumqayıt 1 saylı Mediasiya təşkilatında xx.xx.2025-ci il tarixində imzalanmış MŞS/MT030/2025-00504 saylı barışıq sazişinin 5-ci bəndinin (uşaqla ünsiyyət) təsdiq olunması barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir. Ərizəçi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt 1 saylı Mediasiya təşkilatında xx.xx.2025-ci il tarixində imzalanmış MŞS/MT030/2025- 00504 saylı barışıq sazişinin 5-ci bəndinin (uşaqla ünsiyyət) təsdiq olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə birgə nikahdan 1 övladı - xx.xx.2020-ci il təvəllüdlü X3 oğlu vardır. Sumqayıt 1 saylı Mediasiya təşkilatında xx.xx.2025-ci il tarixində MŞŞ/MT030/2025-00504 saylı barışıq sazişi imzalamışdırlar. İmzalanmış barışıq sazişi mediasiya təşkilatı tərəfindən təsdiq olunmuşdur. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli MŞŞ/MT030/2025-00504 saylı barışıq sazişində xx.xx.2020-ci il təvəllüdlü X3 oğlunun atası Ərizəçi tərəfindən hər ayın bütün həftələrinin şənbə günləri saat 12:00-da götürülüb, həmin günü saat 20:00-da qaytarılması şərti ilə ünsiyyətə mane olmayacağı barədə öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, Sumqayıt 1 saylı Mediasiya təşkilatında xx.xx.2025-ci il tarixində imzalanmış MŞS/MT030/2025-00504 saylı barışıq sazişinin 5-ci bəndinin təsdiq edilməsi barədə ərizəsinin təmin olunması və həmin bənddə onun uşaqla ünsiyyət hüququnun müəyyən edilmiş şərtlərlə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən çıxarılan qətnamədə işin faktiki halları tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamışdır. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixində Sumqayıt 1 saylı Mediasiya təşkilatında barışıq sazişi imzalanmışdır. Sazişdə xx.xx.2020-ci il təvəllüdlü X3 oğlunun atası Ərizəçi tərəfindən hər ayın bütün həftələrinin şənbə günləri saat 12:00-dan götürülüb həmin gün saat 20:00-da qaytarılması ilə ünsiyyət hüququ təmin ediləcək şəkildə razılaşma əldə olunmuşdur. Barışıq sazişi qanunauyğun olaraq bağlanmış və tərəflərin qarşılıqlı razılığı əsasında təsdiq edilmişdir. Lakin maraqlı şəxs öhdəliyini yerinə yetirməkdən imtina etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət edərək sazişin 5-ci bəndinin təsdiqini tələb etmişdir. Barışıq saizişi tələblərin iradə ifadəsidir. Həmin sazişi tərəflər könüllü razılaşma əsasında imzaladıqları üçün onun imzalanması ilə bağlı qəyyumluq və himayəçilik orqanının da rəyinin alınması ilə bağlı müddəa qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan başqa qarşı tərəf həmin sazişin 5-ci bəndini məhkəmə qaydasında mübahisələndirməmişdir. Həmin bənd bugün də qüvvədədir. Lakin məhkəmənin həmin bəndi təsdiqləməkdən imtina etməsi, müqavilə azadlığının pozulmasıdır. Məhkəmə qətnaməsində qeyd olunub ki, barışıq sazişi bağlanarkən “Mediasiya haqqında” Qanunun 26.3-cü maddəsinin tələbləri pozulub, çünki müvafiq icra hakimiyyəti orqanının rəyinin alınmadığı iddia edilmişdir. Lakin iş materiallarında bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Əksinə, mediator tərəfindən tərəflərin razılığı əsasında imzalanmış və təsdiqlənmiş saziş mövcuddur. Eyni zamanda, məhkəmə tərəflərin real mövqeyini və sazişin mahiyyətini nəzərə almamış, uşağın atasının onunla ünsiyyət hüququnun təmin edilməsinin uşağın psixoloji və fiziki inkişafına müsbət təsir göstərəcəyini qiymətləndirməmişdir. Uşağın ailə ilə, xüsusilə valideynlərdən biri ilə ünsiyyət hüququ beynəlxalq hüquq normalarında və Azərbaycan Respublikasının qanunvericiliyində qorunan əsas hüquqlardan biridir. Beləliklə, işin halları düzgün araşdırılmamış, mövcud barışıq sazişinin könüllü və qanuni xarakteri, tərəflərin razılığı əsasında bağlanması və uşağın maraqlarına xidmət etməsi nəzərə alınmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi əsassız hesab edilməli və barışıq sazişinin 5-ci bəndi təsdiq olunmalıdır. Lakin məhkəmə qərarında bu fundamental prinsiplərə əməl edilməmiş, uşağın atası ilə ünsiyyət hüququ əsassız olaraq məhdudlaşdırılmışdır. şə baxan məhkəmə ərizəni rədd edərkən Mediasiya haqqında qanunun 26.3-cü maddəsinə istinad etmiş və göstərmişdir ki qeyd olunan maddəyə əsasən uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) rəyini alır. Güya konkret halda mediator tərəfindən həmin rəy alınmadığı üçün barışıq sazişinin qeyd olunan bəndin məhkəmə qaydasında təsdiq olunması mümkünsüzdür. Məhkəmənin bu yanaşması tam əsassızdır. Beləki, mediasiya prosesində tərəflər arasında uşaqla ünsiyyətin müəyyən olunması ilə bağlı heç bir mübahisə olmamış və qarşı tərəf könüllü olaraq barışıq sazişini imzalamışdır. Heç kəs onu həmin sazişi bağlamağa məcbur etməmişdir. Bundan başqa barışıq sazişi ləğv olunmamışdır və qüvvədədir. Qanunun 34.1-ci maddəsinə görə barışıq sazişi imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. 34.3-cü maddə isə icrasından imtina olunduqda məhkəməyə müraciət edilməsini nəzərdə tutur. Hazırki halda ərizəçi məhz bu hüquqdan istifadə edib, lakin məhkəmə mediasiya institutunun mahiyyətini nəzərə almadan, uşağın hüquqlarını qorumaq əvəzinə atasının hüququnu əsassız məhdudlaşdırmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Ərizəçi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Maraqlı şəxs məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını, məruzəçini və işdə iştirak etmiş şəxsin izahatını dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və ərizənin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini tərəflər arasında mediasiya qaydasında barışıq sazişi bağlanan zaman ”Mediasiya haqqında” Qanunun 26cı maddəsinin tələbləri pozulması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ərizəçi tərəfindən apellyasiya şikayəti əsasında mübahisələndirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə ərizəçinin tələbi Sumqayıt 1 saylı Mediasiya təşkilatında xx.xx.2025-ci il tarixində imzalanmış MŞS/MT030/2025- 00504 saylı barışıq sazişinin 5-ci bəndinin (uşaqla ünsiyyət) təsdiq olunması barədədir. Məhkəmə kollegiyası mediasiyada bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiqlənməsinin xüsusiyyətləri ilə bağlı qeyd edir ki, mediasiya prosesinin nəticəsində bağlanmış barışıq sazişi əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır (“Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsi). Başqa sözlə, bu əqdin əmələ gəlməsi, sazişin məhkəmə tərəfindən təsdiq edilməsindən asılı deyildir. Barışıq sazişi ilə tərəflərin hüquq və öhdəlikləri barışıq sazişinin qüvvəyə minməsi ilə əmələ gəlmişdir. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanunun 34.4-cü maddəsi, MPM-nin 355- 23.1-ci maddəsi). Belə ki, “Mediasiya haqqında” Qanunun 34.5-ci maddəsinə görə barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsində barışıq sazişinin qanuna və bu Qanunun 3.3cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamasından bəhs edilir. Həmin Qanunun 3.3-cü maddəsində deyilir ki, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Həmçinin MPM-nin 355-26.1-ci maddəsinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda barışıq sazişinin təsdiq edilməsindən imtina edilir. Qeyd olunmalıdır ki, bu normalarda göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurubvurmadığını və s.) yoxlayır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyir, əks halda təsdiqdən imtina edir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli, 01/2024 saylı qərarının 47-ci bəndi). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsinin “Mediasiya haqqında” Qanunun 26-cı maddəsinə istinad edərək tərəflər arasında mediasiya qaydasında barışıq sazişi bağlanan zaman mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini almamasını əsas gətirərək, ərizəni təmin etməməsi barədə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, işin araşdırılmış hallarına əsasən mediasiya prosesində tərəflər arasında uşaqla ünsiyyətin müəyyən olunması ilə bağlı heç bir mübahisə olmamış və qarşı tərəf könüllü olaraq barışıq sazişini imzalamışdır. Heç kəs onu mövcud sazişi bağlamağa məcbur etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və barışıq sazişinin 5-ci bəndinin (uşaqla ünsiyyət) təsdiq olunması təsdiq edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2., 385.1.1., 392, 393, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya təşkilatında xx.xx.2025ci il tarixində imzalanmış MŞS/MT030/2025- 00504 saylı barışıq sazişinin 5-ci bəndi (uşaqla ünsiyyət) təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1625/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1625/2025
16.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver