Məhkəmə qərarları › İş №2(105)-1629/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1629/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1629/2022 20.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xızı Rayon Məhkəməsinin e-2(068)- 10/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xızı Rayon Məhkəməsinin e-2(068)-10/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2736 (iki min yeddi yüz otuz altı) manat pul və ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Emin.Abdullayev). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 5800 manat təmir xərci üçün ödənilmiş xidmət haqqının və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçı üçün təmir işləri görmüş, işin əvəzində pul da almışdır. İşin yarımçıq qalmaq səbəbi iddiaçıdan inciməyi idi. 44 günlük Vətən Müharibəsində oğlu cəbhədə olandan onun yaralı olduğu xəbərini almışdı. İddiaçı ona 6600 manat pul verməli idi. Ona bildirmişdir ki, pulun bir hissəsini versin və gedib övladını görsün. İddiaçı ona pul vermədi, pul tapıb övladını görməyə getmişdir. Bundan əlavə yeni il ərəfəsində onunla birlikdə işləyən ustalara bayram üçün pul verməsini deyəndə onu da verməmişdir. Özü borc tapıb ustalara pul vermişdir. İddiaçı qeyd edirdi ki, pulu yalnız iş tamamlanandan sonra verəcək. Pulların hamısını danışdıqları məbləğdən aşağı hesablayırdı. Polisdə izahat vermişdir ki, pul alıb, iddiaçı ona hissə-hissə olmaqla təxminən 2500 manat pul verib. Ona əmək haqqı verilməyib, material pulu verilib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Xızı Rayon Məhkəməsinin e-2(068)-10/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdeh məhkəmədə də, polis idarəsində etiraf edir ki, pul alıb. Amma işi yarımçıq qoyub. Aralarında qiymətə görə mübahisə olduğundan cavabdeh təmir işlərini davam etdirməyib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Xızı Rayon Məhkəməsinin e-2(068)-10/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. Abşeron rayon Polis İdarəsinin təhqiqatçısının 25 oktyabr 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, iddiaçının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və iddiaçıya irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan İddiaçı, X3 və X2 tərəfindən tərtib edilərək imzalanmış 18 iyun 2021-ci il tarixli akdan görünür ki, iddiaçıya məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evlərində cavabdeh tərəfindən görülməli olan, lakin tam icra olunmayan təmir işləri - hər kv.metr üçün razılaşma qiyməti 4 manat olmaqla, vurulmalı olan 336 kv.metr döşəmənin 56 kv.metr hissəsi vurulmuş; hər kv.metr üçün razılaşma qiyməti 2,50 manat olmaqla, vurulmalı olan 336 kv.metr tavanın 112 kv.metr hissəsi vurulmuş; hər metr üçün razılaşma qiyməti 2 manat olmaqla, 402 metr paduqanın 85 metr hissəsi vurulmuş, hər kv.metr üçün razılaşma qiyməti 7 manat olmaqla, vurulmalı olan 144 kv.metr kafel ümumiyyətlə vurulmamış; hər bir üç otaqlı mənzilin qiyməti 600 manat olmaqla, üzlük və astar qatı vurulmalı idi, lakin vurulmalı olan mənzil sayı 3 olsa da, vurulan mənzil sayı hər birində işin yarısı olmaqla 2 mənzil; hər bir 3 otaqlı mənzil üçün razılaşma qiyməti 300 manat olmaqla, evlərin santexnik işlərinin görülməli idi, lakin etməli olduğu ev sayı 3 olsa da, etdiyi ev sayı işin yarısı olmaqla 1 mənzil; razılaşma qiyməti hər bir ev üçün 150 manat olmaqla elektrik işləri görülməli idi, lakin etməli olduğu ev sayı 4 olsa da, etdikləri ev sayı 1 ev olmuşdur. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşin məhkəmə baxışı zamanı şahid kimi ifadə vermiş X2 öz ifadəsində bildirmişdir ki, iddiaçı onun iştirakı ilə cavabdehlə hər bir görüləcək işin qiyməti dəqiqləşdirilməklə, 4 evin təmir olunması üçün razılaşmışlar. Belə ki, hər evin malyar işi üçün 600 manat, santexnik işi üçün 300 manat, elektrik işi üçün 150 manat, döşəmənin vurulması hər kub metr üçün 4 manat və tavanın vurulması hər kub metr üçün 2,50 manat olmaqla razılaşmışlar. Həmin vaxt o da, ayrı bir evdə eyni qiymətlərlə tikinti-təmir işləri görmüş və bu səbəbdən iddiaçının müxtəlif vaxtlarda cavabdehə pul verdiyinin şahidi olsa da, verilən pulun dəqiq məbləğini bilməmişdir. Bir müddət sonra isə cavabdeh işi yarımçıq qoyaraq, 2-3 günə gəlib tamamlayacağını deyərək getmiş və daha gəlməmişdir. İşin məhkəmə baxışı zamanı şahid kimi ifadə vermiş X3 öz ifadəsində bildirmişdir ki, iddiaçı onunla qonşudur və fərdi evlərin tikintisi ilə məşğul olur. İddiaçı onun iştirakı ilə cavabdehlə hər bir görüləcək işin qiyməti dəqiqləşdirilməklə, 4 evin təmir olunması üçün razılaşmışlar. Belə ki, hər evin malyar işi üçün 600 manat, santexnik işi üçün 300 manat, elektrik işi üçün 150 manat, döşəmənin vurulması hər kub metr üçün 4 manat və tavanın vurulması hər kub metr üçün 2,50 manat olmaqla razılaşmışlar. İddiaçının cavabdehə birinci dəfə 1500 manat, sonra isə 1300 manat pulu onun yanında vermiş, lakin həmin pulun nə məqsədlə verilməsini bilməmişdir. Cavabdeh axırıncı dəfə yenə pul istəyəndə iddiaçı onlara pul verməmiş və işi tam qurtardıqdan sonra pullarını verəcəyini bildirmişdir. Daha sonra, cavabdeh işi yarımçıq qoyaraq, 2-3 günə gəlib tamamlayacağını deyərək getmiş və daha gəlməmişdir. İşin məhkəmə baxışı zamanı şahid kimi ifadə vermiş X1 öz ifadəsində bildirmişdir ki, iddiaçını təxminən bir il olar cavabdehin vasitəsi ilə tanımışdır. Belə ki, onlar 2020-ci ilin avqust ayında iddiaçı ilə cavabdehin arasında olan razılaşmaya görə Abşeron rayonu, Masazır qəsəbəsində fərdi evlərin tikintisini aparmışlar və tikinti işlərini vaxtında tam olaraq təhvil vermişlər. Bundan sonra, iddiaçı onlara evin təmiri ilə əlaqədar iş təklif etmiş, onlar da, etiraz etməmişlər. İddiaçı ilə cavabdehin qarşılıqlı razılaşmasına görə onlar həmin evlərdə təmir işləri görüb, əvəzində 4310 manat pul almışlar. Cavabdehin iddiaçıya hər hansı bir məbləğdə borcu qalmamış, əksinə iddiaçının cavabdehə borcu qalmışdır. Belə ki, gördükləri işlərin həcmi daha çox olduğundan cavabdeh iddiaçıdan əlavə pul istəmiş, sonuncu pul verməkdən imtina etdiyindən təmiri tam olaraq təhvil verməmiş və çıxıb gəlmişlər. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, cavabdeh iddiaçıya məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evlərini razılaşdırılmış qaydada təmir etməli və yerinə yetirilmiş işlərin haqqı olaraq 7296 manat pul almalı imiş, lakin cavabdeh ilkin zəhmət haqqı olaraq 4310 manat pul alsa da, iş haqqı ümumilikdə 1574 manat dəyərində olan təmir işləri görmüş, iddiaçının cavabdehə qarşı iş haqqı alınmış, lakin yerinə yetirilməmiş işlərin haqqını geri tələb etmək hüququ yaranmış, cavabdeh evləri tam təmir etməmiş və işin icrasından imtina etmiş, bunun nəticəsində cavabdehin iddiaçıya zəhmət haqqı olaraq aldığı, lakin işləri icra etmədiyi 2736 manat borcu qalmış, cavabdeh iddiaçının dəlillərini təkzib edən hər hansı bir əsaslı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsi nəticə gəlməkdə haqlı olmamışdır. Belə ki, qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələbini əsaslandırmalı, buna dair sübut təqdim etməlidir. İş materiallarından görünür ki, məhkəmə cavabdehin polis orqanında verdiyi izahatına və şahid ifadələrinə istinad edərək iddianı yuxarıda göstərilən qaydada təmin etmişdir. İşə əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, cavabdeh izahatında təmir işlərinin əvəzində iddiaçıdan gətirdiyi ustalarla birlikdə 4310 manat almasını, təmiri tam təhvil verdiyini bildirmişdir. Göründüyü kimi, təmir xərclərinin əvəzində 4310 manat pulu cavabdeh digər ustalarla birlikdə almasını bildirsə də, məhkəmə həmin pulun yalnız cavadbeh tərəfindən alınmasını müəyyən etmişdir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı iddia tələbində cavabdehə təmir üçün 6520 manat ödədiyini, cavabdehin təmir işlərinin 720 manat hissəsini gördükdən sonra qalan işləri görməməsini bildirmişdir. Sonradan görülən təmir işlərinin 1574 manat olması müəyyən edilmiş, lakin həmin məbləğin hansı qaydada müəyyən edilməsinə dair iddiaçı hər hansı sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də ilkin olaraq, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli idi. Qeyd edilən 1574 manat məbləğdə təmir işlərinin görülməsi, razılaşdırılmış qalan təmir işlərinin cavabdeh tərəfindən görülməməsi ilə bağlı hər hansı sübutun olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, görüləcək təmir işlərinin hansı məbləğ qarşılığında aparılması barədə tərəflər arasında hər hansı müqavilə olmamışdır. Bundan əlavə məhkəmənin cavabdehin iddiaçının dəlillərini təkzib edən hər hansı bir əsaslı sübut təqdim etməməsi barədə gəldiyi nəticəni də məhkəmə kollegiyası əsaslı saymır. Həmçinin 1574 manat məbləğində təmir işlərinin görülməsinin hansı formada hesablanması iş materiallarından görünmür. Belə ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəm qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X5 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68) Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X5 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi sübuta yetirilmədiyi halda, cavabdeh tərəfindən aldığı pulun qarşılığında təmir işlərini tam icra etməməsini müəyyən edərək iddia tələbini qismən təmin etməklə, maddi prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Bu da qətnаmənin həmin hissədə ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Xızı Rayon Məhkəməsinin e-2(068)-10/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 385.1.1, 385.1.3, 386, 388, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Xızı Rayon Məhkəməsinin e-2(068)-10/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə iddiası təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar