Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1631/2025 01.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması – iddia ərizəsinin forma və məzmun tələbinə əməl edilməməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-7236/2025 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq məhkəmə kollegiyası İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə bağlanılmış MŞS/MT030/2025/01697 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-7236/2025 nömrəli qərardadı ilə (hakim P.İmamverdiyeva) iddiaçı Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır.
3. İddiaçı Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 7236/2025 saylı, 24 oktyabr 2025-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-7236/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Məhkəmə öz mövqeyini bu cür əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən barışıq sazişi o halda məhkəmə tərəfindən təsdiq edilə bilər ki, barışıq sazişi könüllü qaydada icra edilməsin və ya barışıq sazişinin könüllü icrasından imtina olunsun. Bu tələb prosessual hüququn mühüm şərtlərindən biri kimi tərəflərin məhkəməyəqədər barışıq əldə etmək imkanlarından tam istifadə edilməsinə xidmət edir. Lakin ərizəçi mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə maraqlı şəxsə xəbərdarlıq (pretenziya) göndərilməsini, həmin məktubun maraqlı şəxsə çatdırılmasını təsdiq edən sənədi (poçt qəbzi və s.) iş materiallarına əlavə edilməmişdir. Bundan başqa elektron iddia ərizəsindən görünür ki, göstərilən tələb xüsusi icraat qaydasında deyil, sadələşdirilmiş icraat qaydasında verilmişdir. Məhkəmə həmçinin qeyd edib ki, bu iş üzrə maraqlı şəxsə qarşı hazırkı tələblə əvvəl də məhkəməyə müraciət edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli qərardadları ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər eyni əsaslarla geri qaytarılmış, lakin qərardadda göstərilən nöqsanlar tam şəkildə aradan qaldırılmadan ərizə bir daha məhkəməyə təqdim edilmişdir. Odur ki, Ərizəçi mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət etmədiyindən ərizə və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
6. Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi istinadı kimi AR MPM-nin 150.1, 150.1.6, 152.1, 152.2, 305.1.17, 306.2, 355-23.1-ci maddələrinə əsaslanmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia ərizəsinin geri qaytarılması barədə mövqeyi əsassızdır. Belə ki, tələbdə qarşı tərəf ilə aralarında bağlanmış barışıq sazişinin nikahın ləğvinə dair hissəsinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə isə əsassız və qanunsuz qərardad qəbul edərək iddia ərizəsini geri qaytarmışdır. Qərardadda göstərilir ki, "Belə ki, qanunvericiliyin tələbinə əsasən barışıq sazişi o halda məhkəmə tərəfindən təsdiq edilə bilər ki, barışıq sazişi könüllü qaydada icra edilməsin və ya barışıq sazişinin könüllü icrasından imtina olunsun. Bu tələb prosessual hüququn mühüm şərtlərindən biri kimi tərəflərin məhkəməyə qədər barışıq əldə etmək imkanlarından tam istifadə edilməsinə xidmət edir. Lakin ərizəçi mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə maraqlı şəxsə xəbərdarlıq (pretenziya) göndərilməsini, həmin məktubun maraqlı şəxsə çatdırılmasını təsdiq edən sənədi (poçt qəbzi və s.) iş materiallarına əlavə etməmişdir." Məhkəmə nəzərə almamışdır ki, o, barışıq sazişinin təsdiqini deyil, qanunvericiliyin tələblərinə uyğun olaraq mikahın ləğvinə dair hissəsinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmənin gətirdiyi ikinci əsas odur ki, "Bundan başqa elektron iddia ərizəsindən görünür ki, göstərilən tələb xüsusi icraat qaydasında deyil, sadələşdirilmiş icraat qaydasında verilmişdir." Bu əsas da qanunsuzdur. Belə ki, ərizə məhkəməyə elektron sistem vasitəsi ilə verilir. Bu elektron sistemdə xüsusi iddia icraatı qaydasında ərizənin verilməsi imkanı yoxdur. Məhkəmə bunu bilməli və buna uyğun davranmalı idi. Bütün rayon və şəhər məhkəmələri bu halı nəzərə aldığı təqdirdə Sumqayıt Şəhər Məhkəməsinin bu formada yanaşması başadüşülən deyildir. Göstərilənlərə əsasən qərardad ləğv olunmalıdır.
b) Şikayəti qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz və vəsatət verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 305.1.17. Məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə işlərə baxır. Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
11. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-7236/2025 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
12. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq, belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-7236/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Araşdırılan işdən müəyyən edildi ki, hazırkı iş üzrə tərəflər arasında nikahın ləğvi və digər tələblər üzrə xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025 nömrəli barışıq sazişi imzalanmışdır.
15. Həmin barışıq sazişinin mətnindən aydın olur ki, tərəflər aralarında bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına dair razılığa gəlmişlər. Hazırda iddiaçı yuxarıda qeyd olunan barışıq sazişinin məhz nikahın pozulması hissəsində təsdiq edilməsini xahiş etmişdir.
16. İşə baxan məhkəmənin göstərilən iddia ərizəsinin geri qaytarılması barədə mövqeyini əsaslı hesab edən məhkəmə kollegiyası aşağıdakıları bəyan edir.
17. Belə ki, ərizənin məzmunundan görünür ki, ərizəçi barışıq sazişinin yalnız nikahın pozulması hissəsində təsdiq edilməsini xahiş etmişdir ki, hazırkı halda məhkəmə kollegiyası bu halı qanunazidd hesab edir.
18. Belə ki, hətta sazişin öz mətnində göstərilir ki, “Ərizəçi və Maraqlı şəxs barışmaq üçün vaxt verilmədən aralarında Sumqayıt nikah evi tərəfindən xx.xx.2012-ci il tarixdə 652 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir”.
19. Göründüyü kimi barışıq sazişinin mətnində belə tərəflər arasındakı nikahın məhkəmə qaydasında pozulması halı qeyd edilmişdir.
20. Kollegiya qeyd edir ki, sazişin bu hissədə mətni özlüyündə onun xüsusi icraat qaydasında məhkəmə qərarı ilə təsdiq edilməsini deyil, məhz nikahın pozulması barədə iddia ərizəsinin məhkəmə müstəvisində həll edilməsini nəzərdə tutur.
21. Məhkəmə kollegiyası bir daha vurğulamağı vacib bilir ki, barışıq sazişində qeyd edilmiş “Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir” ifadəsi özlüyündə nikahın pozulması məsləsinin məhkəmə tərəfindən xüsusi icraat qaydasında təsdiqlənməsi kimi başa düşülməməlidir. Qeyd olunan cümlə iddia icraatı qaydasında məhkəmə müdafiəsindən istifadə etmək hüququnu ehtiva edir.
22. Təsadüfi deyil ki, Ailə Məcəlləsinin 19.1-ci maddəsində qeyd olunub ki, bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
23. Beləliklə məhkəmə kollegiyası qanunvericiliyin imperativ tələbini nəzərə alaraq iddiaçıya izah edir ki, tərəflər arasında nikahın pozulması ilə bağlı iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır.
24. Eyni zamanda kollegiya göstərir ki, iddia ərizəsindən görünür ki, iddiaçı məhkəməyə müraciət zamanı “kiçik mübahisələr üzrə iddia ərizəsi” başlıqlı ərizəylə müraciət etmiş, ərizənin mətnində isə xüsusi icraatın ifadələri qeyd edilmişdir ki, bu hal da iddia ərizəsinin forma və məzmunla bağlı prosessual qanunvericiliyin tələbinə uyğun gəlməməklə qeyri müəyyən vəziyyət yaratmışdır.
25. Göstərilən nöqsanlar səbəbdən işə baxan məhkəmə haqlı olaraq yol verilmiş pozuntu səbəbindən iddia ərizəsini geri qaytarmışdır.
26. Kollegiya yuxarıda şərh olunanlara əsasən iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir və qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan səbəblərdən iddia ərizəsini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-7236/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.