Məhkəmə qərarları › İş №2(105)-1653/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1653/2025

11.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1653/2025 11.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qanuni nümayəndə qarşı mülki iş üzrə (Açar sözlər: evdən çıxarılma və evə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X23 və X19 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X10, cavabdeh Qanuni nümayəndə, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-920/2025 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 əmlakları ilə birgə onun mülkiyyətində olan (faktiki istifadə və sahibliyində olmuş) Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən evdən çıxarılması və onun həmin evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən fərdi yaşayış evi onun faktiki istifadə və daimi sahibliyində olmuşdur. Fərdi yaşayış evinin yerləşdiyi, Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən torpaq sahəsi ona və ailə üzvləri X8, X7, X1 Xaçmaz rayon Aqrar İslahat Komissiyasın xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə verilmişdir. Fərdi yaşayış evinə dair texniki pasport və qeydiyyat vəsiqəsi verilmişdir. Onunla keçmiş həyat yoldaşı Qanuni nümayəndə arasında 22 yanvar 2010-cu ildə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ona məxsus Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən evdə yaşamışlar. Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1635/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə cavabeh Qanuni nümayəndə arasında 22 yanvar 2010-cu il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2007ci il təvəllüdlü Cavabdeh2 yetkinlik yaşına çatanadək anası Qanuni nümayəndə himayəsində (yanında) saxlanılmışdır. Cavabdehlər nikah pozulduqdan sonra evində qalaraq, qeyri qanuni məskunlaşmışdır. Hal-hazırda onlara evindən çıxmağı, boşaltmağı bildirsə də, cavabdehlər buna məhəl qoymayaraq, evdən çıxmırlar. Cavabdehlərin onun evində yaşaması səbəbindən əmlakı üzərində mülkiyyət hüququnu reallaşdıra bilmir, yəni əmlakı üzərində öz istəyinə uyğun olaraq sərəncam hüququ pozulur. Cavabdeh Qanuni nümayəndə sürdüyü avtonəqliyyat vasitəsi ilə onun qardaşını Xaçmaz rayonunun, Zuxuloba kənd sakini X11 vuraraq ilk əvvəl ağır yaralamış, qardaşı aidiyyatı üzrə xəstəxanaya yerləşdirilmiş, uzun müddət ağır yaralı otaraq komada qatmış, sonra isə rəhmətə getmişdir. İş üzrə torplanmış material üzrə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi Nurlan Əliyev tərəfindən cinayət işi açılmışdır, hal-hazırda cinayət işi davam etməkdədir. Belə bir vəziyyətdə cavabdehlərin ona məxsus evdə yaşamağı mümkün deyildir. Uzun illərdir aralarında dava-dalaş, münaqişə davam etməkdədir. Cavabdehlər onu evdən çıxarmışdır, o, qohum-əqraba yanında qalmaqdadır. Cavabdehlər evdən çıxarılmaqla yanaşı o, da qanuni ona məxsus evə köçməlidir. Cavabdehlərin ucbatından evə köçərək yaşaya bilmir.

3. İddiaçı 21 avqust 2025-ci il tarixli iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Qanuni nümayəndə əmlakları ilə birgə onun mülkiyyətində olan (faktiki istifadə və sahibliyində olmuş) Xaçmaz rayonu, Zuxuloba kəndidnə yerləşən evdən çıxarılması və onun həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-920/2025 nömrəli qətnaməsi ilə (hakim Nərmin Abıyeva) iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi, cavabdeh Qanuni nümayəndə İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən fərdi yaşayış evində 1 (bir) il müddətində saxlanılması, həmin müddət başa çatdıqdan sonra həmin evdən çıxarılması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cavabdeh2 ilə Qanuni nümayəndə arasında 22 yanvar 2010-cu il tarixdə rəsmi nikah qeydi bağlanmış, bundan sonra cavabdeh iddiaçıya məxsus Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Tərəflərin birgə nikahından xx xxxxxxx 2007-ci il təvəllüdlü Cavabdeh2 anadan olmuşdur. Bundan sonra tərəflər arasında ailə münasibətləri pozulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(067)- 1635/2024 saylı qətnaməsi ilə aralarındakı rəsmi nikah pozulmuş və tərəflərin birgə nikahlarından olan uşaq cavabdehin himayəsinə verilmişdir. 01 oktyabr 2024-cü il tarixdə isə nikahlarına xitam verilmişdir. Tərəflər arasında ailə münasibətləri pozulduqdan sonra onlar ayrı yaşamış, iddiaçı evi tərk etsə də cavabdehlər iddiaçıya məxsus Xaçmaz rayonunun Zuxuloba kəndində yerləşən fərdi yaşayış evində yaşamağa davam etmişlər və hal-hazıra kimi yaşamaqdadırlar. İddiaçı cavabdehlərə özünün mülkiyyətində olduğu fərdi yaşayış evindən çıxmalarını tələb etsə də cavabdehlər həmin evdə yaşamağa davam etmişlər. İddiaçı Xaçmaz rayonunun Zuxuloba kəndində yerləşən fərdi yaşayış evinin faktiki mükiyyətçisi kimi həmin evə köçürülməlidir. Eyni zamanda cavabdeh keçmiş ailə üzvü kimi yaşayış sahəsinin mülkiyyətçisi iddiaçı ilə arasında başqa razılaşma olmadığından və onunla ailə münasibətlərinə xitam verildiyinə görə, həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bununla yanaşı yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvü olan cavabdehin digər yaşayış sahəsi olmadığından, onun maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədiyindən, Qanuni nümayəndə onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq iddiaçıya məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsi həll edilməlidir. Məhkəmə cavabdehn maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq diqər halları nəzərə alaraq hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən fərdi yaşayış evində 1 (bir) il müddətində saxlanılmaqla, həmin müddət başa çatdıqdan sonra evdən çıxarılması məqsədəmüvafiqdir. Cavabdeh tərəf hazırki iddia tələbinə etirazının əsası kimi mübahisələndirilən fərdi yaşayış evinin yaxşılaşdırılmasına xərc çəkməsini istinad etmiş və bununla bağlı məhkəməyə sübutlarını təqdim etmişdir. Lakin, bununla bağlı məhkəmə onu qeyd edir ki, cavabdeh həmin fərdi yaşayış evinə çəkilmiş xərclərin tələb edilməsinə dair yuxarıda qeyd edilmiş Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.4, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2015-ci il tarixli qərardadına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh Qanuni nümayəndə apellaysiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-920/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı apellaysiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-920/2025 nömrəli qətnaməsinin qismən, yəni cavabdehin onun mülkiyyətində olan Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən fərdi yaşayış evində 1 (bir) il müddətində saxlanılmaqla, həmin müddət başa çatdıqdan sonra həmin evdən çıxarılması hissəsində ləğv edilməsi, iddia tələbinin tam şəkildə təmin edilməsi, Qanuni nümayəndə onun mülkiyyətində olan evdən əmlakları ilə birgə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh Qanuni nümayəndə apellaysiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflərin 2010-cu il tarixdə rəsmi nikaha girdiyini və həmin tarixdə mübahisəli evə köçdüyünü qeyd edilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı həmin evə 2004cü il tarixdə gəlin gəldiyi müəyyən edilmişdir. Onun iddiaçı ilə 2004-cü il tarixdən faktiki nikah münasibətləri olmuş və 2005-ci il tarixdə həmin evdə övladları dünyaya gəlmişdir. Həmçinin 2004-cü il tarixdən həmin evdə övladları ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. Yəni o, mülkiyyətçinin razılığı ilə iyirmi bir ildir həmin evdə qeydiyyatda olmaqla yaşayır. Atasının ona verdiyi Qusar rayonu, Nəcəfkənd kəndində yerləşən fərdi yaşayış evini sataraq, əldə edilmiş gəliri hazırda mübahisəli evin bərpa olunmasına xərcləmişdir. Bütün bunlar məhkəmə araşdırması zamanı tam təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı istər şahid ifadələri, istərsə də işin digər faktiki halları ilə yuxarıda qeyd etdikləri öz təsdiqini tapmışdır. Qətnamədə hakim münasibətlərin 2010-cu il tarixdən yarandığını qeyd etsə də münasibətlərin faktiki 2004-cü ildən yarandığı işin mübahisəsiz halıdır.

11. İddiaçı apellaysiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin əsaslandırması ilə razı deyil. Belə ki, cavabdeh Qanuni nümayəndə ilə aralarında münasibətlər kifayət qədər kəskindir. Cavabdeh Qanuni nümayəndə iş üzrə onun qardaşını maşınla vuraraq öldürmüşdür. İş üzrə cavabdehlə birgə yaşaması qeyrimümkündür. Belə olan təqdirdə onun öz evinə köçərək yaşamasının qət edilməsi, cavabdehin isə həmin evdə 1 il müddətinə yaşamasının qalmasının təmin edilməsi mənasızdır, ədalət prinsiplərinə uyğun deyildir. Cavabdehin oun evində yaşaması üçün real əsaslar, digər diqqətəlayiq hallar yoxdur. Əgər cavabdehlə yaşaya bilsəydi o zaman məhkəmədə cavabdehin evdən çıxarılması üçün iddia qaldırmazdı. Bu qaydada qəbul edilmiş qətnamə yenə də onun daha 1 il hüquqlarının pozulmasına, yenə də qohuməqrəba evində yaşamasına səbəb olmuşdur. Mülkiyyətçi olaraq onun əmlakı üzərində sərəncam vermək, istifadə və sahiblik etmək hüquqlarını pozulmuşdur. Hesab edir ki, cavabdehin mülkiyyətində olan Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən fərdi yaşayış evində 1 (bir) il müddətində saxlanılmaqla, həmin müddət başa çatdıqdan sonra həmin evdən çıxarılması hissəsində qismən ləğv edilməli, yeni qətnamə qəbul edilməldir. Həmçinin cavabdehin maddi vəziyyəti yaxşdır və digər diqqətəlayiq hallar bu işdə mövcud deyildir. İddiaçının qardaşının cavabdeh tərəfindən öldürülməsi münasibətlər çox kəskindir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X15 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətində və faktiki istifadəsində olub. Cavabdeh Qanuni nümayəndə ilə 2010-cu ildə rəsmi nikah münasibətinə girərək ailə qurmuşdur. Tərəflər arasında bağlanmış nikah 2024-cü ildə pozulmuş, bundan sonra cavabdeh iddiaçının qardaşını avtomobillə vuraraq öldürmüşdür. Cinayət işi hazırda Sumqayıt Apellyasiya Məhkəmısinin icraatındadır. Tərəflər arasında kifayət qədər münaqişə var. Xaçmaz rayon Polis Şöbəsində ancaq Misrixanovların şikayətlərinə baxılır. Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə evə köçürülmüş, cavabdeh Qanuni nümayəndə evdən 1 illik istifadə hüququ tanınmışdır. Bununla da yenə də iddiaçı öz evinə girə bilmir. Ona görə də hesab edir ki, 1 illik müddət gözlənilmədən cavabdeh evdən çıxarılmalıdır. Qarşı tərəf evin yaxşılaşdırılması üçün xərclər çəkdiyini iddia edir. Xaçmaz Rayon Məhkəməsinin qərarında bu məsələyə toxunulub və müvafiq şərh verilib. Vicdanlı sahib evin yaxşılaşdırılması ilə bağlı işlər görmüşdürsə, ayrıca yaxşıladırma xərclərinin geri qaytarılması tələbi ilə iddia qaldırılmalıdır, hansı ki, ayrıca iddia qaldırılıb. Qeyd olunanlara əsasən cavabdehin 1 illik istifadə müddəti gözənilmədən evdən çıxarılmasını xahiş edir. Ailə üzvləri arasında başqa razılıq yoxdursa nikahın pozulmasından sonra istifadə hüquqlarına xitam verilməlidir. Cavabdehin başqa yaşayış yeri olması barədə məlumatı yoxdur, həmin kənddə yaşaya biləcəyini düşünmür, dediyinə görə Nəcəfoba kəndində atasının evi var. İddia tələbinin həcmini birinci instansiya məhkəməsində azaltmışlar, yalnız Qanuni nümayəndə evdən çıxarılmasını istəyir, oğlu ilə münasibətləri yaxşıdır. 2004-cü ildə qeyri-rəsmi münasibətləri olub, dörd övladı olub, kompensasiya verməyə razı deyil, cavabdehə kompensasiya düşmür. İddiaçı 2010-cu ildə arvadı ilə boşandıqdan sonra cavabdeh Qanuni nümayəndə ilə nikaha girib. Tərəflər arasında rəsmi nikah 2010cu ildə baş tutmuşdursa, hazırki mübahisə 2009-cu ildə qəbul edilmiş Mənzil Məcəlləsinin normalarını təsirinə düşür. Hesab edir ki, cavabdehin həmin evdən istifadə hüququ yoxdur. Eyni zamanda iddiaçının onun qardaşını öldürmüş bir şəxslə eyni evdə yaşaması məntiqə uyğun deyil, ailə münaqişəli ailədir.

14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 2004-cü ildə tərəflər qeyri-rəsmi nikaha girib, uşaqlardan biri 2005-ci ildə, digər isə 2006-cı ildə doğulmuşdur. 2004-cü ildə mübahisəli fərdi yaşayış evinə gəlin köçərkən cavabdeh Qanuni nümayəndə özünə məxsus olan evi satmış, mal-qaranı özü ilə gətimiş və mübahisəli fərdi yaşayış evində tikinti-təmir işləri aparmışdır. Qanuni nümayəndə 2004cü ildə evə rəsmi qeydiyyata düşmüşdür. Cinayət hadisənin baş verməsi səbəbi iddiaçının qardaşının qəfildən cavabdehin önünə çıxması olub. Hesab edir ki, cinayət işi üzrə bəraət qazanacaqlar. Təmsil etdiyi şəxs 21 ildir həmin evdə qeydiyyatda olmaqla yaşayır. Birinci nikahı pozulmadığından iddiaçı ilə nikahı rəsmiləşdirilməsi mümkün olmayıb. Hazırda təmsil etdiyi şəxsin başqa yaşayış yeri yoxdur. Qətnamə qəbul edilərkən cavabdeh 21 illik zəhmət, maddi-mənəvi tərəflər nəzərə alınmayıb. Dağılmış-sökülmüş evi yenidən inşa ediblər, övladları həmin evdə doğulub-böyüyüblər. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

15. Məhkəmə kollegiyasının iclasında cavabdeh Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Nəcəfoba kəndində öz evi olub, həmin evi satmış, əldə etdiyi gəliri mübahisəli evin təmirinə qoymuşdur. Bütün əmlakını mübahisəli fərdi yaşayış evinin yaxşılaşdırılması üçün istifadə etmişdir. Birinci nikahdan bir, ikinci nikahdan iki övladı var. Hazırda daimi olaraq oğlu Muradla yaşayır. Sadullah 21 ildir ki, Dağıstanda yaşayır, həftədə bir dəfə evə gəlib-gedirdi. Barışıq əldə olunarsa kompensasiya verilən kimi evdən çıxmağa razıdır. Öz heyvanlarını sataraq evin yaxşılaşdırılmasına xərc qoymuşdur. 2004-cü ildə iddiaçı ilə qeyri-rəsmi nikaha girəndə iddiaçı evli olub, arvadı uşaqlarını evdə qoyub getmişdi, onun uşaqlarını da o, saxlamışdır.

İşdə olan sübutlar

16. AZ-İ seriyalı, 506416 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı ilə Qanuni nümayəndə arasındakı nikaha 01 oktyabr 2024-cü il tarixdə xitam verilmişdir.

17. Hüquqların Dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli, **********31 reyestr nömrəli, 24 aprel 2025-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, ümumi sahəsi 0.3768 ha olan Xaçmaz rayonunun Zuxuloba kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin hüquqi sahibləri İddiaçı və X9r.

18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25 aprel 2025-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı adına Xaçmaz rayonunun Zuxuloba kəndində yerləşən texniki pasport tərtib edilmiş, lakin qeydiyyat vəsiqəsi verilməmiş fərdi yaşayış evi AN 091570 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əsasən 0.20 ha həyətyanı və 0.3768 ha ümumi birgə kənd təsərrüfat təyinatlı torpaq sahəsi aşkar edilmişdir.

19. AN 091570 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədindən müəyyən olunur ki, həmin sənəd Xaçmaz rayon AİK-nın 26 dekabr 1998-ci il tarixli 14 saylı qərarı ilə Xaçmaz rayonunun Zuxuloba kəndində X6, X4, X5, X3, X2 fərdi yaşayış evi tikmək üçün 2000 kv.metr torpaq sahəsi ilə bağlı tərtib edilmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.

22. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 22 yanvar 2015-ci il tarixli qərardadında qeyd edilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər.

26. Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

27. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-920/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin cavabdeh Qanuni nümayəndə fərdi yaşayış evində istifadə hüququnun saxlanılması və onun həmin evdən çıxarılması hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)- 920/2025 nömrəli qətnaməsi cavabdeh Qanuni nümayəndə İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən fərdi yaşayış evinə olan istifadə hüququnun 1 (bir) il müddətində saxlanılması hissəsində dəyişdirilməli, həmin müddət 2 (iki) il müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir.

29. İşin müəyyən edilmiş hallarına əsasən cavabdeh mübahisəli mənzilə 2004-cü il tarixdə köçmüşdür ki, həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin tələbinə əsasən cavabdeh iddiaçı ilə rəsmi nikaha daxil olmadığından iddiaçının ailə üzvü hesab edilməməklə, mübahisəli evə istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir ki, belə bir müqavilənin bağlanması da məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

30. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında 22 yanvar 2010-cu il tarixdə nikah bağlanmış və qeyd edilən fakt cavabdehin iddiaçının mülkiyyətində olan və onunla birlikdə yaşadığı mübahisəli fərdi yaşayış evinə olan hüquqlarına təsir göstərmişdir. Belə ki, tərəflər arasında nikahın bağlanması ilə onlar ərarvad hesab edilməklə, onlar bir-birilərinin ailə üzvü hesab edilmiş, iddiaçının razılığı ilə cavabdehin mübahisəli evdə yaşaması davam etmişdir ki, bu da mübahisəli evə dair həmin yaşayış sahəsində yaşayan cavabdehin hüquq və vəzifələrinin dəyişməsinə səbəb olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəlarını tətbiq etməklə, cavabdehin həmin evə istifadə hüququnun yaranması ilə bağlı düzgün nəticəyə gəlmişdir.

31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Bir neçə halda bu hüququn saxlanılması imkanı nəzərdə tutulur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məcəllənin bu maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir.

32. İşin müəyyən edilmiş hallarına əsasən isə iddiaçı ilə cavabdeh arasında nikah münasibətlərinə xitam verilmiş, cavabdehin başqa yaşayış yeri yoxdur, hazırkı maddi imkanı özünü yaşayış yeri ilə təmin etməyə imkan vermir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin mübahisəli mənzilə müəyyən müddətə istifadə hüququnun saxlanılmalı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da həmin müddətin müəyyən edilməli olması ilə bağlı nəticəni əsaslı hesab etməmişdir. Belə ki, həmin müddət şəxsin özünə yeni yaşayış yeri əldə edə bilməsi üçün ağılabatan müddət hesab edilə biməz. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyət hüquqları məhdudlaşdırılan mülkiyyətçinin də maraqları qorunmalı, onun mülkiyyət hüququ digər şəxslərin hüquqları ilə uzun müddətə məhdudlaşdırılmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evə cavabdehin istifadə hüququnun 1 il müddətinə saxlanılması hissəsində qətnamə dəyişdirilməli, bu müddət 2 il müəyyən edilməli, həmin müddət başa çatdıqdan sonra cavabdeh evdən çıxarılmalıdır.

34. Məhkəmə kollegiyası iddiaçının cavabdehlə münasibətlərinin gərgin olması, bir yerdə yaşamanın qeyri-mümkün olması və mülkiyyətindən istifadə edə bilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, qeyd edilən halda iddiaçının cavabdehin 2 illik müddətə müəyyən edilmiş istifadə hüququna kompensasiya verməklə evdən çıxarılmasını tələb etmək hüququ da mövcuddur.

35. Məhkəmə kollegiyası cavabdehin fərdi yaşayış evinin yaxşılaşdırılmasına xərc çəkməsi ilə bağlı dəlillərinə münasibətdə isə qeyd edir ki, həmin mübahisə hazırkı icraat çərçivəsində həll edilməli olmayan predmet olmaqla, birinci instansiya məhkəməsi qətnaməsində cavabdehin bu etirazına hüquqi qiymət vermişdir.

36. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-920/2025 nömrəli qətnaməsi cavabdeh Qanuni nümayəndə İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən fərdi yaşayış evinə olan istifadə hüququnun 1 (bir) il müddətində saxlanılması hissəsində dəyişdirilməli, həmin müddət 2 (iki) il müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdər.

37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.3, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh Qanuni nümayəndə apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-920/2025 nömrəli qətnaməsi cavabdeh Qanuni nümayəndə İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən fərdi yaşayış evinə olan istifadə hüququnun 1 (bir) il müddətində saxlanılması hissəsində dəyişdirilsin. Cavabdeh Qanuni nümayəndə İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququ 2 (iki) il müddətinə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar