Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1660/2021 20.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı, Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-94/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-94/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18.05.2009-cu il tarixli, 61/0-USD saylı kredit müqaviləsinin ləğv edilməsi, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 29739,96 ABŞ dolları əsas, 29113,25 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 58953,21 ABŞ dolları pulun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 46000 manat məbləğində müəyyən edilməsi, həmin yaşayış sahəsinin açıq hərracda satılaraq əldə olunmuş pul vəsaiti hesabına iddiaçının xeyrinə ümumilikdə 58953,21 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutmanın ipoteka predmetinə yönəldildilməsindən və onun satılmasından sonra ən geci bir ay ərzində cavabdeh mənzili tərk etmədikdə mənzildən çıxarılması qət olunmuşdur. (hakim H.Əhmədov). Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək onun ipoteka predmetinin ilkin satış qiymətinin 46000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsini, bu dəyərin müəyyənləşdirilməsi üçün iş üzrə qiymətləndirmənin təyin edilməsini və bunun nəticəsindən asılı olaraq mübahisəli əmlakın ilkin satış qiymətilə bağlı yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və İddiaçı ASC arasında bağlanmış 18.05.2009-cu il tarixli, 61/0-USD saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 18.05.2009-cu il tarixli kredit müqaviləsi üzrə 29739,96 ABŞ dolları əsas borc, 29113,25 ABŞ dolları faiz borcu, 3828,40 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 62681,61 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və 30 manat ödənilmiş dövlət rüsumunun hesablanaraq ödənilməsi, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 nömrəli evin, 2 nömrəli mənzilinə yönəldilməsi, həmin yaşayış obyektinin açıq hərracdan satılması və borcun mübahisəli mənzilin hərracdakı satışından əldə olunan vəsaitin İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 nömrəli evin, 2 nömrəli mənzilinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin yaşayış sahəsinin boşaldılması və ləğv prosesində olan LPO İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18.05.2009-cu il tarixli, 22079003 ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC-dən illik 16%-lə 180 ay müddətinə, mənzilin alınması məqsədilə 34000 ABŞ dolları borc almışdır. Bu borcun təminatı olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində yerləşən, Cavabdeh mülkiyyətindəki 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, 2 otaqlı, 57.59 kv.metr ümumi, 30.9 kv.metr yaşayış sahəsindən ibarət 13 nömrəli evin, 2 nömrəli mənzili 2009cu il 18 may tarixli alqı-satqı və ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Müqavilə müddəti 18.05.2024-cü il tarixdə bitsə də, lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina etmişdir. Bununla əlaqədar olaraq İddiaçı ASC 2013-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30973,40 ABŞ dolları məbləğində əsas borc, 2133,98 ABŞ dolları faiz borcu, 55,88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 33163,26 ABŞ dolları məbləğində borcun, habelə 13 noyabr 2013-cü il tarixindən borc öhdəliklərinin tam icra olunması gününədək hər gün üçün milli manat ekvivalentində 13,77 ABŞ dolları məbləğində gündəlik faizin və 13,77 ABŞ dolları cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tələbin ipoteka predmeti olan mənzilə yönəldilərək həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, yaşayış evinə tutma yönəldikdə və o satıldıqda cavabdehin 1 ay müddətində həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1268/2014 saylı, 26 may 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh 18 may 2009-cu il tarixli, 61/0-USD saylı kredit müqaviləsi üzrə 13 noyabr 2013-cü il tarixədək banka yaranmış 30973,40 ABŞ dolları məbləğində əsas borc, 2133,98 ABŞ dolları faiz borcu, 55,88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 33163,26 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan manatının məzənnəsinə ekvivalenti olaraq və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya edənilməsi, borcun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 nömrəli evin, 2 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılaraq mənzilin satışından əldə olunacaq vəsait hesabına cavabdehin banka olan borcuna ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o satıldıqda cavabdehin 1 ay müddətində həmin mənzili tərk etməsi, cavabdeh mənzili könüllü tərk etdikdə həmin mənzildən məcburi qaydada çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-522/2016 saylı, 08 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, ondan iddiaçının xeyrinə 18 may 2009-cu il tarixli 61/0-USD saylı kredit müqaviləsi üzrə 13 noyabr 2013cü tarixədək ödənilməmiş 1233,44 ABŞ dolları məbləğində əsas, 1532,70 dolları faiz borcu tutulması qət edimiş, iddia qalan hissədə təmin edilməmişdir. Hal-hazırda Cavabdeh 23.09.2019-cu il tarixinədək borc məbləği Sumqayıt Apellyasiya Məhkəməsinin 08.09.2016-cı il tarixli, 2(105)-522/2016 saylı qətnaməsi üzrə qət edilmiş borc məbləği qədər azaldılmaqla 29739,96 ABŞ dolları əsas borc, 29113,25 ABŞ dolları faiz borcu, 3828,40 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 62681,61 ABŞ dolları təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müvafiq reyestr orqanına ərizə göndərilmiş, ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yönəldilməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində qanunsuzdur. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən, onunla bank arasında bağlanmış 18.05.2009-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə istinad etmişdir. Belə ki, həmin vaxt mənzilə 46000 manat qiymət qoyulmuşdur. Göründüyü kimi, ilkin qiymətləndirmə 2009-cu ildə olmuş və həmin vaxtdan 12 il müddət keçmişdir. Bu müddət ərzində isə daşınmaz əmlak bazarında qiymətlər xeyli dəyişmiş, əmlakların qiyməti əhəmiyyətli dərəcədə bahalaşmışdır. Hazırda mübahisəli mənzilin minimum dəyəri 90000 manatdır. Ona görə də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi ilkin satış qiyməti hazırkı dövrə uyğun hesab edilə bilməz. Bununla da, məhkəmə əmlakın ilkin satış qiyməti ilə bağlı qərar qəbul edərkən, səhv nəticəyə gəlmiş və işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Odur ki, ipoteka predmetinin hazırkı bazar dəyərinə uyğun obyektiv qiymətinin müəyyən edilməsi üçün iş üzrə qiymətləndirmə ekspertizası təyin edilməli və nəticəsindən asılı olaraq yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC lazımi qaydada məlumatlandırılsa da, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18.05.2009cu il tarixli, 61/0-USD saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh illik 16%-lə 180 ay müddətinə, mənzilin alınması məqsədilə 34000 ABŞ dolları məbləğində ipoteka krediti verilmişdir. Yenə iş materiallarında olan AN-İ ******* saylı, 18 may 2009-cu il tarixli notarial qaydada təsdiq olunmuş İddiaçı ASC, Cavabdeh və X1 arasında bağlanmış yaşayış sahəsinin alqı-satqısı və ipoteka müqaviləsindən görünür ki, X1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 nömrəli evin 2 nömrəli mənzilini 46000 manata Cavabdeh satmışdır. Mənzilin dəyərinin 18800 manat hissəsi Cavabdeh tərəfindən, 34000 ABŞ dolları hissəsi (27200 manat; 1 ABŞ dolları=0,80 manat məzənnə hesablanmaqla) İddiaçı ASC tərəfindən ödənilmiş, krdeit borcunun təminatı kimi bu mənzil bankın xeyrinə 180 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 1.4. bəndinə əsasən mənzilin satış qiyməti 46000 (qırx altı min) manat müəyyən edilmişdir. Yenə də iş materiallarında olan 25.09.2019-cu il tarixli arayışdan görünür ki, 18.05.2009-cu il tarixli, 22079003 saylı kredit müqaviləsi üzrə borc alan Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 29739,96 ABŞ dolları əsas borc, 29113,25 ABŞ dolları faiz borcu, 3828,40 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 62681,61 ABŞ dolları manat məbləğində borcu yaranmışdır. Borc məbləği Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-522/2016 saylı, 08 sentyabr 2016-cı il tarixli qətnaməsi üzrə qət edilmiş borc məbləği qədər azaldılmışdır. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1268/2014 saylı, 26 may 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin olunmuş, Cavabdeh 18 may 2009-cu il tarixli 61/0-USD saylı kredit müqaviləsi üzrə 13 noyabr 2013-cü il tarixədək banka yaranmış 30973,40 ABŞ dolları məbləğində əsas borc, 2133,98 ABŞ dolları faiz borcu, 55,88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 33163,26 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan manatının məzənnəsinə ekvivalenti olaraq ödənilməsi və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi, borcun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 nömrəli evin, 2 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılaraq mənzilin satışından əldə olunacaq vəsait hesabına cavabdehin banka olan borcuna ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o satıldıqda cavabdehin 1 ay müddətində həmin mənzili tərk etməsi, cavabdeh mənzili könüllü tərk etdikdə həmin mənzildən məcburi qaydada çıxarılması qət edilmişdir. Yenə işdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-522/2016 saylı, 08 sentyabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, yeni qətnamə çıxarılaraq Cavabdeh iddiaçının xeyrinə 18 may 2009-cu il tarixli 61/0-USD saylı kredit müqaviləsi üzrə 13 noyabr 2013-cü tarixədək ödənilməmiş 1233,44 ABŞ dolları məbləğində əsas borcun və 1532,70 dolları faiz borcunun tutulması qət edimiş, iddia qalan hissədə təmin edilməmişdir. Yenə də işdə olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 08 yanvar 2014-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizəsindən görünür ki, ipoteka predmeti olan, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində olan Cavabdeh mülkiyyətindəki 13 nömrəli evin 2 nömrəli mənzilinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. İşə əlavə edilmiş 01.01.2013-31.12.2013-cü il tarixlərə aid olan hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən banka sonuncu ödəniş 02.08.2013-cü il tarixdə edilmişdir. Yenə işə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 04 dekabr 2020-ci il tarixli, 9/4782 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 18 may 2009-cu il tarixli, 61/0-USD saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh iddiaçı “Dəmirbank" Açıq Səhmdar Cəmiyyətinə 23 sentyabr 2019-cu il tarixə olan ümumi borcu 60298,47 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 29986,86 ABŞ dolları, faiz borcu üzrə - 30311,60 ABŞ dolları. Eyni zamanda qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqavilələri üzrə cərimə bəndi nəzərdə tutulsa da iddiaçı bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabından çıxarış) olmadığı üçün borc hesablanılan tarixə Cavabdeh cərimə borcu hesablanmamışdır. İş materiallarında olan “B+Ş Audit” Konsaltinq MMC-nin 22 iyun 2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində olan 13 nömrəli evin 2 nömrəli mənzilinin orta bazar dəyəri 60000 manat, likvid dəyəri 54000 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qətnamədən verilmiş apelyasiya şikayətini şikayət həddində, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin 2(012)-94/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsi ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, qətnamə qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18 may 2009-cu il tarixli 61/0-USD saylı kredit müqaviləsinə əsasən, cavabdehə mənzil almaq məqsədilə illik 16 % olmaqla, 180 ay müddətinə 34000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin təminatı qismində alqı-satqı yolu ilə alınmış və borcluya məxsus mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh iddiaçıdan götürdüyü krediti vaxtında qaytarmamış, bununla da bank qarşısında borc öhdəliyi yaranmışdır. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qaydada qətnamə qəbul etmiş, cavabdeh isə bu qətnamədən apelyasiya şikayəti vermişdir. O, qətnaməni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirib həmin hissədə müvafiq qətnamə qəbul edilməsini xahiş edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, bankdan kredit götürsə də xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qrafikə əsasən vaxtında qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə yerinə yetirməmişdir. İşdən göründüyü kimi, Cavabdeh iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə cəmi 58953,21 ABŞ dolları borcu vardır və bu borc mübahisələndirilmir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yaranan borc ödənilmədiyi üçün bunu ipoteka predmetinə yönəltməyi tələb etməkdə haqlıdır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci və 319.1-ci maddələri, «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci və 36.1-cı maddələri) “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş materiallarından aydın olur ki, məhkəmə ipoteka predmetinin orta bazar qiymətini 46000 manat müəyyən etmiş (mənzilin 2009-cu ildəki alqı-satqı müqaviləsindəki qiymət), lakin əmlakın likvid dəyəri müəyyən edilməmişdir. Hazırda cavabddeh və ipoteka qoyan həmin məbləği mübahisələndirir, ipoteka predmetinin ilkin satış qiymətinin bundan fərqli olduğunu bildirir. İşdə olan “B+Ş Audit” Konsaltinq MMC-nin tərtib etdiyi 22 iyun 2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində olan 13 nömrəli evin 2 nömrəli mənzilinin orta bazar dəyəri 60000 manat, likvid dəyəri 54000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil açıq hərraca çıxarılarkən onun ilkin satış qiyməti məlum qiymətləndirmə rəyinə müvafiq olaraq likvid dəyərində, yəni 54000 manat məbləğində müəyyən edilməlidir. Beəliklə də, məhkəmə kollegiyası hesab edir ki, mübahisə üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilməli, bu qiymət məlum hesabatdakı daşınmaz əmlakın likvid dəyərinə əsasən müəyyən edilməli, qalan hissələrdə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-94/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində olan 13 nömrəli evin 2 nömrəli mənzilinin açıq hərracdakı ilkin satış qiyməti 54000 manat müəyyən edilsin. Qətnamə, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18.05.2009-cu il tarixli, 61/0-USD saylı kredit müqaviləsinin ləğv edilməsi, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 29739,96 ABŞ dolları əsas, 29113,25 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 58953,21 ABŞ dolları pulun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, həmin yaşayış sahəsinin açıq hərracda satılaraq əldə olunmuş pul vəsaiti hesabına iddiaçının xeyrinə ümumilikdə 58953,21 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsindən və onun satılmasından ən geci bir ay ərzində cavabdeh mənzili tərk etmədikdə mənzilin boşaldılaraq çıxarılması hissəsində dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1660/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1660/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver