Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1661/2021 30.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqısatqı müqaviləsinin etibarsız hesab olunması, reyestrdən çıxarışın ləğv edilməsi və torpaq sahəsinin əməli istifadəyə verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(012)-1692/2021 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı MMC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı X2 ərazisində yerləşən 3,2019 ha torpaq sahəsinə dair Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 13 avqust 2015-ci il tarixli, 3M-1885 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına olan reyestrdən çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinin İddiaçı MMC-nin istifadəsinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(012)-1692/2021 saylı qərardadı ilə (hakim E.Məmmədov) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan narazı qalan İddiaçı MMC ondan şikayət verərək Abşeron Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(012)-1692/2021 saylı qarardadın ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(012)-1692/2021 saylı qarardadı ilə şikayət rədd olunmuş, şikayətin işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı MMC şikayət ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı əsassızdır. Belə ki, iddianın mahiyyətini başqasının qeyri-qanuni sahibliyində olan torpaq sahəsinin qaytarılması təşkil etdiyindən hazırkı iddia tələbi MPM-nin 39-cu maddəsinin təsiri altına düşür və beləliklə də, mübahisəyə torpaq sahəsinin yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. Lakin işə baxan məhkəmə bu halı nəzərə almamış, iddia tələblərindən birinin alqı-satqı müqaviləsinin etibarsızlığı olmasından istifadə edərək iddia ərizəsinin geri qaytarılması barədə qanunsuz nəticəyə gəlmişdir. Buna görə də qərardad ləğv edilməlidir. İş üzrə tərəflərə məhkəmə bildirişi göndərilmiş, İddiaçı MMC-yə göndərilmiş bildiriş ünvan sahibinin köçməsi səbəbilə geri qaytarılmışdır. Cavabdehlərə isə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyanının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə adları göstərilən çəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətlərin dəlillərinə qiymət verərək belə hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 05 fevral 2021ci il tarixli, 2(012)-1692/2021 saylı qarardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsindən görünür ki, əsas tələb X2 ərazisində yerləşən 3,2019 ha torpaq sahəsinə dair Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 13 avqust 2015ci il tarixli, 3M-1885 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədədir. Bu tip iddialar isə MPM-nin 35.1-ci maddəsinin tələbinə görə cavabdehin qeydə alındığı yerin məhkəməsinə verilməlidir. İşdən görünür ki, cavabdehlərin heç biri Abşeron rayonunda qeydiyyatda deyildirlər. Belə ki, iş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında və AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 isə Bakı şəhəri, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanında qeydiyyatdadır. AR MPM-nin 36.2-ci maddəsinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Bu normanın tələbinə görə iddiaçı hazırkı iddianı hər hansı cavabdehin rəsmi yaşayış yeri üzrə verə bilər. Lakin hazırkı mübahisəyə müstəsna aidiyyət qaydalarına əsasən torpaq sahəsinin Abşeron rayonunda yerləşməsi əsası ilə Abşeron Rayon Məhkəməsində baxıla bilməz, çünki yuxarıda da qeyd edildiyi kimi, əsas tələb əqdin etibarsızlığı barədədir və bu cür iddiaya MPM-nin 35.1-ci maddəsinin tələblərinə riayət edilmələ baxılmalıdır. Digər tərəfdən keçmiş X1 məxsus torpaq sahələri üzərində əməli idarəetməni Abşeron RİH həyata keçirsə də, həmin torpaqlar inzibati ərazi vahidi kimi Bakı şəhərinin müvafiq rayonlarına aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yenə həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də, həmin hal iddiaçı tərəfindən iddia ərizəsinin aidiyyət qaydalarına riayət etmədən verilməsi kimi qiymətləndirilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinad edilərək iddia tələbinə ərazi aidiyyəti üzrə cavabdehlərdən birinin qeydiyyatda olduğu yerdə baxılmalı olduğundan, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi və torpaq sahəsinin istifadəyə verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır, bu barədə məhkəmənin gəldiyi nəticə isə həm işin faktiki hallarına, həm də göstərilən normaların tələblərinə tamamilə uyğundur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Ona görə də, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(012)- 1692/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(012)- 1692/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1661/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1661/2021
30.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver