Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1666/2024 18.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X9” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması, tikilinin sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı “X9” ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-216/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi “X9” ASC-nin mülkiyyətindədir.
2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, X8, X4 müştərək qaydada “X9” ASC-nin xeyrinə 08 dekabr 2014-cü il tarixli, 87B8/14-1 Ns-li əlavə kredit müqaviləsinə əsasən ödənilməmiş 61819,95 ABŞ dolları əsas borcu, 8534,59 ABŞ dolları məbləğində faiz borcu, 600 ABŞ dolları cərimə borcu, cəmi 70953,95 ABŞ dolları, 08 dekabr 2014-cü il tarixli, 87B8/14-2 №-li əlavə kredit xətti müqaviləsinə əsasən ödənilməmiş 61.905,60 ABŞ dolları əsas borcu, 9.003,44 ABŞ dolları məbləğində faiz borcu, 600 ABŞ. dolları cərimə borcu, cəmi 71509,04 ABŞ dolları habelə dövlət rüsumu qismində ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi” ödənilmiş 90 manat məbləğində pul vəsaiti tutulması, tutmanın Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Abşeron rayon, Masazır kəndində xüsusi mülkiyyətdə oian 0,06 ha. torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi-realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 80.000 manat müəyyən edilməsi, X8 tərəfindən ipoteka ilə yüklü edilmiş Abşeron rayon, Masazır kəndində xüsusi mülkiyyətdə olan 0,06 ha. torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi realizə edilmiş ilkin dəyərindən ödənilməsi, İpoteka predmetinin ilkin satış qiyməti 38.00.07 manat müəyyən edilməsi, X1 tərəfindən "ipoteka ilə yüklü edilmiş Abşeron, rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 8-da-yerləşən, 16 A saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlak açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 72000 manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. İpoteka saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli, 55/10 saylı protokoldan və eyni tarixli müqavilədən görünür ki, ipoteka predmeti olan Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndində 0,06 ha torpaq sahəsi 51000 manata “X9” ASC tərəfindən alınmışdır.
4. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 25 aprel 2024-cü il tarixli 3-21-3-32/2-5161/2024 saylı mütəxəssis rəyindən görünür ki, Elektron baza məlumatlarına əsasən **********73 reyestr nömrəli çıxarışla “X9” ASC-nin mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində cavabdehə məxsus tikililər mövcuddur. Cavabdehin iştirakının təmin edilməməsi səbəbindən müayinə baxışının keçirilməsi mümkün olmamışdır. Müayinə baxışının keçirilməsi üçün cavabdehin iştirakının və müayinə üçün cavabdeh tərəfindən müvafiq şərait yaradılmasının zəruri olduğunu və bu səbəbdən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsində Cavabdeh tərəfindən aparılmış tikintinin hansı ölçüdə aparılması mümkün olmamışdır. Lakin **********73 reyestr nömrəli çıxarışla “X9” ASC-nin sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi sxemdə göstərilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/210/3514 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 25.04.24 tarixli 3-21-3-32/2-5161/24 nömrəli mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyənləşdirilmişdir. Elektron baza məlumatlarına əsasən **********73 nömrəli çıxarışla “X9” ASC-nin mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində cavabdehə məxsus tikililər mövcuddur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı “X9” ASC Cavabdeh qarşı tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində Cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikintinin sökülməsi və həmin torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı “X9” ASC hərrac vasitəsi ilə Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçı “X9” ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Hazırda “X9” ASC-nin mülkiyyətində olan torpaq sahəsi üzərində keçmiş mülkiyyətçi Cavabdeh tərəfindən qanunsuz inşa olunmuş özbaşına tikinti mövcuddur və hal-hazırda bankın mülkiyyətində olan torpaq sahəsi üzərində həmin qanunsuz inşa olunmuş tikilinin mövcud olması və cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadə edilməsi bankın mülkiyyətçi kimi hüquqlarını pozur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-216/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2020-ci il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən “X9” ASC-yə məxsus 0,06 ha torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş özbaşına tikintinin (fərdi yaşayış evi) onun hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq “X9” ASC-yə qaytarılması, ekspertiza tədqiqatı üçün tələb olunan 100 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndi, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 157.2, 157.4, 164.1, 165.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 115.0.1, 119.1, 217.3 və 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(012)-216/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırlmışır ki, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi “X9” ASC-nin mülkiyyətindədir. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, X8, X4 müştərək qaydada “X9” ASC-nin xeyrinə 08 dekabr 2014-cü il tarixli, 87B8/14-1 nömrəli əlavə kredit müqaviləsinə əsasən ödənilməmiş 61819,95 ABŞ dolları əsas borcu, 8534,59 ABŞ dolları məbləğində faiz borcu, 600 ABŞ dolları cərimə borcu, cəmi 70953,95 ABŞ dolları, 08 dekabr 2014-cü il tarixli, 87B8/14-2 nömrəli əlavə kredit xətti müqaviləsinə əsasən ödənilməmiş 61.905,60 ABŞ dolları əsas borcu, 9.003,44 ABŞ dolları məbləğində faiz borcu, 600 ABŞ. dolları cərimə borcu, cəmi 71509,04 ABŞ dolları habelə dövlət rüsumu qismində ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi” dənilmiş 90 manat məbləğində pul vəsaiti tutulması, tutmanın Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Abşeron rayon, Masazır kəndində xüsusi mülkiyyətdə oian 0,06 ha. torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi-realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 80.000 manat müəyyən edilməsi, X8 tərəfindən ipoteka ilə yüklü edilmiş Abşeron rayon, Masazır kəndində xüsusi mülkiyyətdə olan 0,06 ha. torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi realizə edilmiş ilkin dəyərindən ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 38.00.07 manat müəyyən edilməsi, X1 tərəfindən "ipoteka ilə yüklü edilmiş Abşeron, rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 8-dayerləşən, 16 A saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlak açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, İpoteka predmetinin ilkin satış qiyməti 72000 manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. İşdə olan İpoteka saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli, 55/10 saylı protokoldan və eyni tarixli müqavilədən görünür ki, ipoteka predmeti olan Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndində 0,06 ha torpaq sahəsi 51000 manata “X9” ASC tərəfindən alınmışdır. İşdə olan Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 25 aprel 2024-cü il tarixli 3-21-3-32/2-5161/2024 saylı mütəxəssis rəyindən görünür ki, Elektron baza məlumatlarına əsasən **********73 reyestr nömrəli çıxarışla “X9” ASC-nin mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində cavabdehə məxsus tikililər mövcuddur. Cavabdehin iştirakının təmin edilməməsi səbəbindən müayinə baxışının keçirilməsi mümkün olmamışdır. Müayinə baxışının keçirilməsi üçün cavabdehin iştirakının və müayinə üçün cavabdeh tərəfindən müvafiq şərait yaradılmasının zəruri olduğunu və bu səbəbdən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsində Cavabdeh tərəfindən aparılmış tikintinin hansı ölçüdə aparılması mümkün olmamışdır. Lakin **********73 reyestr nömrəli çıxarışla “X9” ASC-nin sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi sxemdə göstərilmişdir.
13. Abşeron Rayon Məhkəməsi qətnamə qəbul edərkən formal mülahizələrdən çıxış etmiş, qətnaməni qəbul edərkən həqiqəti görmək istəməmişdir. Necə ola bilər ki, ümumi dəyəri 700 000 manat olan 3 mərtəbəli həyət evi və digər yardımçı tikililərin sökülməsi qənaətinə gələn məhkəmə bu mənzilin onun yeganə yaşayış evi kimi olmasını belə nəzərə almamış və bunu görməzlikdən gəlmişdir.
14. Qətnaməni rəsmi olaraq xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etdikdən sonra almışdır. Ona görə də apellyasiya şikayətinin verilməsi müddəti də həmin vaxtdan hesablanmalıdır. Məhkəmə təqdim olunmuş sübutları obyektiv araşdırmamış, işin faktiki hallarına uyğun olmayan və qərəzli yanaşmış, qanunazidd qətnamə qəbul etmişdir.
15. Azərbaycan Respublikasının Prezidenti çıxışında Mərkəzi Banka bildirmişdir ki, vətəndaşlara kredit faziləri və cərimələr dayandırılsın. İddiaçı Bank isə bütün dünyada pandemiya, xəstəliklərin yayılması ilə əlaqədar iş yerlərində qapanma, xüsusi icazə rejimi haqqında qərarların olması səbəbindən götürülmüş krediti lazımı qaydada istifadə edə bilmədiyini və bu xəstəliklərlə əlaqədar bütün sərmayəsinin məhv olmasını nəzərə almamışdır. Bank bu barədə nəyinki hər hansı güzəştə getmir əlavə faizlərin də ondan tutularaq ödənilməsini tələb etmişdir. Həmçinin həmin kredit borcunun ödənilməsi onun yeganə yaşayış evinə və həyətyanı torpaq sahəsinə yönləndirilmişdir. O özü Birinci Qarabağ müharibəsində Laçın rayonundan qaçqın düşmüşdür və Abşeron rayonunda məskunlaşmışdır. Dövlətin yaratdığı imkanlardan istifadə edərək torpaq sahəsi aldıqdan sonra orada ev tikmişdir. Hazırkı mübahisə predmeti də həmin ev və ona aid olan 0.06 ha torpaq sahəsidir.
16. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2- 10/3514 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 25.04.24 tarixli 3-21-3-32/2-5161/24 nömrəli mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyənləşdirilmişdir. Elektron baza məlumatlarına əsasən **********73 nömrəli çıxarışla “X9” ASC-nin mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində cavabdehə məxsus tikililər mövcuddur.
17. Ona məxsus olmuş və ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsində hələ ipotekaya qoyulmazdan öncə 3 mərtəbəli yaşayış evi və həyətində 2 ədəd böyük çardaq inşa edilmişdir. Həmin tikililərin foto şəkilləri də şikayətinə əlavə olunmuşdur. Həmin topraq sahəsi üzərində yerləşən ev və digər tikililərin ümumi dəyəri hazırkı real bazar dəyəri ilə 700 000 min manat olduğu halda bu gün min bir əziyyətlə tikərək inşa etdikləri evi iddiaçı bank dəyər-dəyməzinə əlindən zor gücünə almaq niyyətindədir. Çünki həmin ərazidə evlərin dəyəri 700000- 900000 manat dəyərindədir.
18. Onun tərəfindən iddiaçıya ödənilmiş kredit ödənişləri araşdırılmamış və həmin ödəniş məbləğləri nəzərə alınmamışdır. Banka ödənilən kredit ödənişi məbləğlərinin araşdırma aparılmamış, qətnamə qəbul edilmişdir. Ödənilmiş kreditlərlə bağlı mühasibatlıq eksperzası keçirilməli, məhkəmə araşdırması aparılmalı və buna məhkəmədə hüquqi qiymət verilməli idi. Lakin məhkəmə kredit ödəmələrini nəzərə almamış, mühasibatlıq ekspertizasının keçirilməsinə təşəbbüs göstərməmişdir. Eyni zamanda hüquqları pozularaq məhkəmə prosesində iştirakı təmin olunmamışdır.
19. Məhkəmə iş üzrə müvafiq ekspertizanın təyin olunmalı olduğu halda bunu etməmiş, öz mülahizəsi əsasında qətnaməni əsassız olaraq qəbul etmiş və onun qanunla qorunan mülkiyyət hüquqlarını pozmaqla qanun pozuntusuna yol vermişdir. Məhkəmə icraatında olan zaman iş obyektiv tədqiq edilməmişdir. Abşeron rayonu Masazır kəndində yerləşən 0.06 h torpaq sahəsində tikilən ev ipoteka girovluğuna qoyulmamışdan əvvəl tikilmiş və kredit götürərkən bank əməkdaşının da bundan xəbəri olmuşdur.
20. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən sübutların qiymətlədirilməsində prossesual hüquq normalarının pozuntusuna yol verilmiş, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verilməmiş, bununla da ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir.
Apellyasiya şikayətlərinə qarşı tərəfin etirazının dəlilləri
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verib təmin edilməsini xahiş etdi.
23. Məhkəmə iclasında iddiaçı “X9” ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
24. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
26. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
28. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
29. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
30. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
31. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
32. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
35. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
36. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
37. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
38. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
39. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.
40. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
41. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
42. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
47. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
48. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
51. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
52. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
55. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-216/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
56. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
58. Belə ki, iddiaçı mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi üzərində özünün mülkiyyət hüququna istinad edərək, cavabdeh tərəfindən inşa olunmuş tikilinin sökülməsini və torpaq sahəsinin boşaldılmasını tələb edir. İş materialları ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi ilə bağlı “X9” ASC-nin adına xx.xx.2020-ci il tarixli dövlət reyestrdən çıxarış tərtib edilmiş və həmin sənədlər hazırda qüvvədədir. Çıxarışa əsasən torpaq sahəsinin məqsədli təyinatı “ehtiyyat fondu torpaqları” göstərilmişdir. Hazırkı işdə mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla belə, həmin tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşməsi mübahisəsiz haldır.
59. Cavabdeh apellyasiya şikayətinin dəlillərində etdiyi ödənişlərin nəzərə alınmadığını və iş üzrə mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda edilmədiyini, sözügedən tikilinin (fərdi yaşayış evinin) onun yeganə yaşayış yeri olması və hazırkı qiymətinin nəzərə alınmamasını qeyd etmişdir. İş üzrə mühasibatlıq ekspertizasının təyin edilməsi və ödənişlərin nəzərə alınıb-alınmamasına dair dəlillərlə bağlı kollegiya qeyd edir ki, hazırkı iddia torpaq sahəsi ilə bağlı olmaqla mülkiyyətçisi olan bank tərəfindən irəli sürülmüşdür və iddianın predmeti kredit borcunun ödənilməsi ilə bağlı deyildir, tərəflər arasındakı həmin mübahisə artıq öz həllini tapmışdır.
60. İddianı təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Eyni zamanda, cavabdehin mübahisəli əmlaka dair heç bir hüquqları müvafiq orqanda qeydə alınmadığından onun bu daşınmaz əmlakdan istifadəsi qəbuledilməzdir. Cavabdehin mübahisəli daşınmaz əmlaka müdaxiləsi iş materialları ilə, o cümlədən mütəxəssis və ekspert rəyləri ilə tamamilə təsdiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsində qanunsuz inşa edilmiş özbaşına tikinti cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmalıdır.
61. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edilir.
62. Belə ki, tərəflərin bildirdikləri faktiki hallarla iddianın və ona etirazın qanuni əsası ola biləcək maddi hüquq normalarının şərtləri arasında uyğunluq (uyğunsuzluq) müəyən edilərək iddia həll edilməlidir.
63. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
64. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir.
65. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
66. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.
67. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı cavabdehdən torpaq sahəsinin boşaldılmasına dair tələbini irəli sürülməsində haqlı olsa da, mübahisəli torpaq sahəsində yerləşən tilkilinin sökülməsinə dair iddianın irəli sürülməsində haqlı olmamışdır.
68. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
69. Həmin Məcəllənin 135.10-cu maddəsinə əsasən, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
70. İşin hallarından həmçinin müəyyən olunur ki, kredit borcuna görə tutma ipoteka predmetinə yönəldikdən sonra sözügedən torpaq sahəsi bank tərəfindən əldə edilmiş, mülkiyyət hüquqları da banka keçmişdir.
71. “İpoteka haqqında” Qanunun 51.2.-ci maddəsinə əsasən, torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur.
72. Həmin Qanunun 52-ci maddəsinə əsasən, ipoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. Bu halda ipoteka hüququ həmin bina, tikili və qurğulara şamil edilir və ipoteka qoyan ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onlar barəsində ipoteka saxlayanın razılığı olmadan sərəncam vermək hüququna malik deyildir.
73. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh mübahisəli tikilidən istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququnu (servitut) dövlət qeydiyyatına almamış və sahənin həmin hissəsindən istifadə şərtləri ilə bağlı iddiaçı ilə saziş bağlamamışdır.
74. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır.
75. Qeyd olunmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olması hazırkı işin həllində əhəmiyyət kəsb edir. Məhkəmə araşdırması zamanı isə mübahisəli tikilinin torpaq sahəsinin mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə cavabdeh tərəfindən inşa olunması öz təsdiqinin tapmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, tikili iddiaçı torpağın mülkiyyətçisi olmamışdan əvvəl inşa olunduğundan tikintini inşa etmiş şəxsin əmlak mənafeləri də nəzərə alınmalıdır.
76. Kollegiya hesab edir ki, torpağın mülkiyyətçisinin və həmin torpaq üzərində tikilini inşa etmiş cavabdehin əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya şəxsin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur (Mülki Məcəllənin 157.7-ci maddəsi).
77. Kollegiya yuxarıda göstərilən normanın məzmunundan çıxış edərək həmçinin qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan tikilinin sökülməsi (məhv olunması) cavabdehin gələcəkdə həmin tikintinin ərsəyə gəlməsinə sərf etdiyi xərcin əvəzinin ödənilməsini əsassız varlanmış iddiaçıdan tələb etmək hüququndan məhrum edəcəkdir. Odur ki, iddia tikilinin sökülməsi hissəsində rədd edilməlidir.
78. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın tam təmin edilməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.
79. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-216/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməli, “X9” ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılmalı və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı “X9” ASC-yə ödənilməlidir.
80. Kollegiya eyni zamanda hesab edir ki, ekspertiza tədqiqatın dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-216/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. “X9” ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılsın və dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı “X9” ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.