Məhkəmə qərarları › İş №2(105)-17/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-17/2023

23.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-17/2023 23.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi) X16 Süleymanovanın sədrliyi və məruzəsi, X19 Məmmədovdan və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(067)-1991/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək DƏDRX-nin xx.xx.2007ci il tarixli ******* seriyalı, reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********* olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,61 ha pay torpaq sahəsinin cavabdehlərin qanunsuz istifadəsindən alınaraq onların istifadələrinə qaytarılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX-nin xx.xx.2007-ci il tarixli ******* seriyalı, reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********* olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun və ailə üzvlərinin mülkiyyətinə 0,61 ha pay torpaq sahəsi verilmişdir. 10 ildir ki, cavabdehlər onların mülkiyyətinə verilmiş pay torpaq sahələrini qanunsuz olaraq istifadə edirlər. Dəfələrlə onlara könüllü olaraq torpaq sahəsinin boşaltmasını təklif etmişlər. Lakin cavabdehlər torpaq sahəsini geri qaytarmaqdan imtina edirlər. Cavabdehlərin hərəkətləri nəticəsində mülkiyyət hüquqları pozulur.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən 17 fevral 2007-ci il tarixdə verilmiş MH seriyalı, 00067729 nömrəli çıxarışdan görünür ki, X10, X12, X13, X7, İddiaçı və X8 xüsusi mülkiyyətinə kənd təsərrüfatı təyinatlı əkin sahəsi olaraq Xaçmaz rayonu, Qırmızı Xutor kəndində yerləşən 0,61 ha torpaq sahəsi verilmişdir.

5. “Torpağa mülkiyyət hüququna dair” JN-0081 saylı, KOD 30223048 nömrəli Dövlət aktına əsasən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli, 28 aprel tarixli 05 nömrəli qərarı ilə X14, X15, X10, X12, X13, X7, İddiaçı və X3 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 4,79 hektar torpaq sahəsi ayrılmışdır.

6. “Torpağa mülkiyyət hüququna dair” JN-0006 saylı, KOD 30223048 nömrəli Dövlət aktına əsasən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli, 28 aprel tarixli 05 nömrəli qərarı ilə Cavabdeh1, X2, X9 və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2,76 hektar torpaq sahəsi ayrılmışdır.

7. Xaçmaz Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis rəyinin alınması qərara alınmışdır.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestru Xidmətinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, DƏDRX tərəfindən İddiaçı və ailə üzvlərinə verilmiş **********79 reyestr nömrəli çıxarışın koordinatlarında sürüşmə olduğundan İddiaçı və ailə üzvlərinə məxsus Xaçmaz rayonu, Qırmızı Xutor kəndində yerləşən 0,61 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək mümkün deyildir.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2022-ci il tarixli 2(105)-41/2022 nömrəli qərardadı ilə (sədrlik edən hakim Telman Quliyev) təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi əsasında verilmiş Azərbycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli, 10/6712 nömrəli ekspert rəyinə əsasən: Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən 17 fevral 2007-ci il tarixdə verilmiş MH seriyalı, 00067729 nömrəli çıxarışa əsasən X10, X12, X13, X7, İddiaçı və X8 xüsusi mülkiyyətinə kənd təsərrüfatlı əkin sahəsi olaraq Xaçmaz rayonu, Qırmızı Xutor kəndində yerləşən 0,61 ha torpaq sahəsi “Torpaqların elektron kadastr uçotu informasiya sisteminə” (TEKUİS) əsasən qonşu sahələri ilə üst-üstə düşmür. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd olunur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0006 saylı, KOD 30223048 nömrəli Dövlət aktına əsasən Cavabdeh1 məxsus 2,76 hektar torpaq sahəsi “Torpaqların elektron kadastr uçotu informasiya sisteminə” (TEKUİS) əsasən qonşu sahələri ilə üst-üstə düşmür. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən 17 fevral 2007-ci il tarixdə verilmiş MH seriyalı, 00067729 nömrəli çıxarışa əsasən X10, X12, X13, X7, İddiaçı və X8 xüsusi mülkiyyətinə kənd təsərrüfatlı əkin sahəsi olaraq Xaçmaz rayonu, Qırmızı Xutor kəndində yerləşən 0,61 ha torpaq sahəsi və JN0006 saylı, KOD 30223048 nömrəli Dövlət aktına əsasən Cavabdeh1 məxsus 2,76 hektar torpaq sahəsinin döngə nöqtələri, koordinatları “Torpaqların elektron kadastr uçotu informasiya sisteminə” (TEKUİS) əsasən qonşu sahələri ilə üst-üstə düşmür. Qərardadın 4-cü sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən 17 fevral 2007-ci il tarixdə verilmiş MH seriyalı, 00067729 nömrəli çıxarışa əsasən X10, X12, X13, X7, İddiaçı və X8 xüsusi mülkiyyətinə kənd təsərrüfatlı əkin sahəsi olaraq Xaçmaz rayonu, Qırmızı Xutor kəndində yerləşən 0,61 ha torpaq sahəsi, bütövlükdə Cavabdeh1 tərəfindən istifadə edilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

11. Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(067)-1991/2019 saylı qətnaməsi ilə (hakim Anar Sadıqov) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi barədə iddia ərizəsinin təmin olunmaması, məhkəmə xərci 73,20 manat məbləğində pulun İddiaçı alınaraq “KapitalBank”ın 1 saylı Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT: AİİBAZ2X, Mühbir hesab AZ37NABZ********************, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VOEN **********, AZ23AİİB******************** nömrəli hesaba keçirilməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3 və 157.2-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84 və 111-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.4. 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

13. İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(067)-1991/2019 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 24 dekabr 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, DƏDRX-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, onun və ailə üzvlərinin adına verilmiş **********79 reyestr nömrəli çıxarışın koordinatları sürüşmə olduğundan onlara məxsus 0,61 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək mümkün deyildir. Mütəxəsis rəyi ilə qətiyyən razı deyildir. Əvvəla çıxarışın koordinatlarında sürüşmə ola bilməz. 0,61 ha torpaq sahəsinə çıxarış verilərkən buna səlahiyyəti olan DƏDRX-nin mütəxəssisləri tərəfindən yerində ölçmə işləri aparılmış, ərazinin koordinatları yerində müəyyən edilmiş və yalnız bundan sonra çıxarış verilmişdir. Torpaq sahəsi naturada mövcuddur və hazırda cavabdehlər tərəfindən istifadə olunur. Birinci instansiya məhkəməsi həqiqəti əks etdirməyən mütəxəssis rəyini qəbul etməməli, müvafiq ekspertiza təyin etməli, kvartaldakı bütün torpaq sahələri istehlak sənədlərinə uyğun olaraq sıralama yolu ilə yenidən ölçülməli, yalnız bundan sonra müvafiq qətnamə qəbul edilməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. İddiaçı 27 aprel 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(067)-1991/2019 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

17. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab edir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29: I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 103.1. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün kifayət qədər araşdırma aparmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmişdir.

25. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, DƏDRX-nin xx.xx.2007-ci il tarixli ******* seriyalı, reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********* olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının və ailə üzvlərinin mülkiyyətinə 0,61 ha pay torpaq sahəsi verilmişdir. İddiaçı uzun müddətdir ki, cavabdehlər tərəfindən mülkiyyətinə verilmiş pay torpaq sahəsinin qanunsuz olaraq istifadə etdildiyini, xəbərdarlıq etməsinə baxmayaraq torpaq sahəsini boşaltmadığını iddia edir və mülkiyyətinə verilmiş 0,61 ha pay torpaq sahəsinin cavabdehlərin qanunsuz istifadəsindən alınaraq istifadəsinə qaytarılmasını tələb edir.

26. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, DƏDRX tərəfindən İddiaçı və ailə üzvlərinə verilmiş **********79 reyestr nömrəli çıxarışın koordinatlarında sürüşmə olduğundan İddiaçı və ailə üzvlərinə məxsus Xaçmaz rayonu Qırmızı Xutor kəndində yerləşən 0,61 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmadığından iddia tələbi təmin edilə bilməz.

27. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə Cavabdeh2 dair hissəsi istisna olmaqa razılaşmır, apellyasiya şikayətini birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi hissəsində əsaslı hesab edir.

29. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir.

31. Azərbaycan Respublikasının Konstitusiyasında və eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

32. Göründüyü kimi iddiaçı birgə mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçisi olmaqla mülkiyyət hüquqlarının pozuntusunun aradan qaldırılmasını, həmin torpaq sahəsinin cavabdehlərin qanunsuz istifadəsindən geri qaytarılmasını tələb edir.

33. İşin hər tərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizanın rəyi ilə müəyyən edilir ki, iddiaçının xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Qırmızı Xutor kəndində yerləşən 0,61 ha torpaq sahəsi, bütövlükdə Cavabdeh1 tərəfindən istifadə edilir.

34. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut növü olaraq qiymətləndirir.

35. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tikinti-texniki ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

36. Kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsinin iddiaçının birgə mülkiyyətində olması, həmin torpaq sahəsinin qonşu sahələr ilə üst-üstə düşmədiyi və Cavabdeh1 oğlu tərəfindən həmin torpaq sahəsinin bütünlüklə zəbt edilərək istifadə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından həmin hissədə iddia tələbi əsaslıdır. Digər Cavabdeh2 aid hissədə isə iddia tələbi iş üzrə araşdırılmış sübutlarla öz təsdiqini tapmadağından birinci instansiya məhkəməsinin bu hissədə iddianın təmin edilməməsinə dair gəldiyi nəticə ilə kollegiya razılaşır.

37. Məlum olduğu kimi, hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər.

38. Kollegiyanın qənaətinə görə iddianın Cavabdeh1 aid hissədə təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır.

39. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə (Cavabdeh2 dair hissə istisna olmaqla) işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(067)-1991/2019 nömrəli qətnaməsi qismən - Cavabdeh1 münasibətdə iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədə saxlanılmalıdır.

40. MPM-nin 119-cu maddəsinə əsasən ekspertiza təhqiqatının dəyərinin əvəzi olaraq 50 (əlli) manat cavabdehlər Cavabdeh1 alınaraq SAP (XİİS) hesabı X6 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(067)-1991/2019 nömrəli qətnaməsi qismən - Cavabdeh1 münasibətdə iddianın təmin edilməməsi hissəsində ləğv olunsun və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi” tələbinə dair iddiası qismən təmin olunsun. DƏDRX-nin xx.xx.2007-ci il tarixli ******* seriyalı, reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********* olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,61 ha torpaq sahəsi Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza təhqiqatının dəyərinin əvəzi olaraq 50 (əlli) manat Cavabdeh1 alınaraq SAP (XİİS) hesabı X6 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar