Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1707/2022 17.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Telman Qədir oğlundan və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2(060)-343/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərardadı ilə (hakim A.Süleymanova) İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin qəbulundan imtina edilməsi, qarşılıqlı iddia ərizəsi və əlavə edilmiş sənədlərin iddiaçıya rəsmi qaydada verilməsi qərara alınmışdır. Cavabdeh "xxxx" MMC qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qərardadı ilə (hakim A.Süleymanova) İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-343/2022 saylı 24 iyun 2022-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət əsassız hesab edilərək mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliyin icra edilməməsi nəticəsində gecikdirilmiş günlər üçün hesablanmış 16,685 manat məbləğində cərimənin, 9829,29 manat məbləğində dəymiş ziyanın, 300 manat Əmlak və Ekspert Mərkəzi MMC-yə ödənilmiş pul vəsaitinin, 800 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının və 168 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməməsini qarşılıqlı tələbin MPM-nin 154, 155-ci maddəsinin tələbləri pozulmaqla verilməsi, qarşılıqlı iddia üzrə irəli sürülmüş tələbin mahiyyəti həmin iddianın qanunla nəzərdə tutulmuş müddətdə təqdim edilməsinin mümkünlüyünü göstərməsi və tələbin təqdim edilməsinin mümkün olmaması ilə bağlı əsasların olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin tələblərinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Mülki Prosessual Məcəllənin 154.1-cü maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. MPM-nin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsinin ona geri qaytarılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1. 263, 264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli və onunla bağlı 30 iyun 2022ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1707/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1707/2022
17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver