Məhkəmə qərarları › İş №2(105)-171/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-171/2025

12.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-171/2025 12.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı avtomobilin geri qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi, vindikasiya iddiası) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), X4 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil (sonuncu məhkəmə iclasına gəlməmişlər), cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-956/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. “Elektron Notariat” X1 çıxarışdan görünür ki, Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisində İddiaçı Cavabdeh1 xx.xx.2023-cü il tarixdə etibarnamə vermiş və xx.xx.2024-cü il tarixə qədər qüvvədə olma müddəti nəzərdə tutulmuş və xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.

2. Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə əlyazma ilə yazılmış yazıdan görünür ki, o, Cavabdeh1 İddiaçı 7500 manat pul almışdır. Onun pulu ayda 1500 manat olmaq şərti ilə 5 ay müddətinə İddiaçı qaytaracaqdır.

3. BA seriyalı, 273178 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-GD-*** dövlət qeydiyyat nişanlı “Wolkswagen passat” minik markalı avtomobilin mülkiyyətçisi İddiaçıdur.

4. “Elektron Notariat” X1 çıxarışdan görünür ki, Sumqayıt Şəhəri 1 saylı Notariat Ofisində mülkiyyətçi İddiaçı olmaqla Cavabdeh3 tərəfindən Cavabdeh2 xx.xx.2023-cü il tarixdə etibarnamə vermiş və xx.xx.2024-cü il tarixə qədər qüvvədə olma müddəti nəzərdə tutulmuş və xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.

5. İddiaçı tərəfindən ünvan ünvanlanmış ərizədən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən yuxarıda göstərilən etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron Notariat” İnformasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsi ilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyi Baş X14 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-43440/2024 nömrəli Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, X8 mülkiyyətində olmuş “Wolkswagen Passat” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun adından qeydiyyatdan çıxarılaraq İddiaçı adına rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin sürətini və qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı göndərilmişdir.

7. Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən göndərilmiş kompüter çıxarışından görünür ki, “Wolkswagen Passat” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə X8 adına qeydiyyatdan keçmiş, həmin nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixə alğı-satqı müqaviləsi əsasında İddiaçı satılmışdır.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın geri qaytarılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun adına qeydiyyatda olan və ona məxsus ** GD *** dövlət qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı “VOLKSWAGEN PASSAT minik markalı”, ban nömrəsi WWWAD63B45P004785 olan avtomobilin alınaraq ona geri təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, mülkiyyətində olan **-GD-*** dövlət qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı “VOLKSWAGEN PASSAT” minik markalı, ban nömrəsi WWWAD63B45P004785 olan avtomobilini satmaq qərarına gəlmiş və xx.xx.2023-cü il tarixində kürəkəni X9 ilə Sumqayıt şəhərində yerləşən Avtomobil bazarına aparmışdır. Bazarda cavabdeh olan Cavabdeh1 yaxınlaşaraq avtomobilinə baxaraq almaq istədiyini, lakin pulunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Biraz avtomobil ətrafında aparılan söhbətdən sonra cavabdehlə müəyyən şərtlər daxilində razılaşmışdır. Cavabdeh olan Cavabdeh1 ilə razılaşması ondan ibarət olmuşdur ki, avtomobilini 8000 (səkkiz min) manata dəyərləndirərək yalnız idarə edilməsi üçün verilmiş etibarnamə əsasında satmağı, Cavabdeh1 isə ilkin olaraq 500 (beş yüz) manat beh kimi olmaqla etibarnamə verən günü ödəyir və qalan 7500 (yeddi min beş yüz) manat pulu isə 5 (beş) ay müddətinə hər ay 1500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bu səbəbdən də o elə həmin günü xx.xx.2023-cü il tarixində avtomobil bazarından cavabdehin tanışı olan Sumqayıt şəhəri 3 saylı Notariat ofisində etibarnamə vermiş və cavabdeh isə ilkin olaraq 500 (beş yüz) manat beh kimi ilkin ödənişini etmişdir. O və oğlu isə noyabrın əvvəlindən cavabdehə pulun ödənilməsi ilə bağlı əlaqə saxlamış və Cavabdeh1 ticarət işi ilə məşğul olduğunu Pekindən mal vurduğunu və bank hesabına pul vurulan kimi ödəniş edəcəyi bəhanələri ilə ödənişdən yayınmış və bugünə kimi də heç bir ödəniş etməmişdir. Hətta guya pul vəsaitini qarantiya alıb güvənini qazanmaq üçün özü əlyazma ilə ondan maşının dəyəri olan 7500 (yeddi min beş yüz) manat borc aldığını və hər ay 1500 manat olmaqla ödəniş edəyəcəyini qeyd edərək kağız formasında ona vermişdir. O isə Cavabdeh1 tərəfindən pul vəsaitinin vermədiyini və əlaqə saxlanılmasının artıq mümkünsüzlüyünü və aldadıldığını hiss edərək ona verilmiş etibarnaməni xx.xx.2023-cü il tarixində ləğv etdirmişdir. Bundan bir neçə gün keçdikdən sonra digər cavabdeh olan Cavabdeh2 ona guya avtomobili 7000 manat başqa şəxsdən aldığını və xx.xx.2023- cü il tarixində də etibarnamə aldığını bildirmişdir. Hətta avtomobilini idarə edərkən DYPİnin əməkdaşları tərəfindən saxlanılan vaxt etibarnamənin ləğv edildiyini bildirərək idarə etməməyini bildirdiklərini qeyd etmişdir. Hazırda da avtomobilin saz vəziyyətdə həyətində olduğunu bildirmişdir. Cavabdehin bu əməli onun mülkiyyət hüquqlarını pozur və o razılaşdırılmış öhdəliklərini yerinə yetirmir ki, aralarında olan razılaşma artıq qüvvəsini itirmiş hesab edilir. Bu səbəbdən də iddiası təmin edilməli və cavabdehlərdən mülkiyyətində olan **-GD-*** dövlət qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı “VOLKSWAGEN PASSAT” minik markalı, ban nömrəsi WWWAD63B45P004785 olan avtomobili alınaraq ona geri təhvil verilməlidir.

10. Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(060)-956/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Aynur Behbudova).

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 339, 362.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.3, 119, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri

12. İddiaçı apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-956/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi hüquqi nəticə əsassız hesab edilməli, qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə qətnaməsində mövqeyini bildirərək belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 339-cu maddəsinin məzmunundan göründüyü kimi bu maddənin tətbiq edilən olması üçün kontragent tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmalıdır. Hazırkı işdə iddiaçının iddiasına görə aldadılma ondan ibarət olmuşdur ki, o, avtomobili Cavabdeh1 başqa məqsədlə (borcu qaytaracağını düşünərək) vermiş, lakin Cavabdeh1 Əziz oğlu müvafiq etibarnamədən istifadə edərək ondan xəbərsiz avtomobili Cavabdeh3, sonuncu isə Cavabdeh2 satmışdır. Məhkəmə hesab edir ki, hətta Cavabdeh1 avtomobilə dair verilmiş etibarnamədən sui-istifadə etdiyi qəbul olunsa belə, bu hal Cavabdeh3 Cavabdeh2 ilə bağladığı müqavilənin etibarsız hesab olunmasına səbəb ola bilməz. Çünki işin hallarından görünür ki, Cavabdeh2 müqaviləni bağladığı zaman etibarnamənin Cavabdeh3 hansı məqsədlə verildiyini bilməmiş, müqavilə lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun, onu bağlamış şəxslərin arasında iradə vahidliyi mövcud olmuşdur. Adı çəkilən şəxsin avtomobili vicdanla əldə etmiş olduğu işin ümumiyyətlə mübahisələndirilməyən halıdır. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının hüququnun pozulmuş olduğu qəbul edilsə belə, bu pozuntu mübahisəli avtomobili vicdanla əldə etmiş şəxslərin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, iddia tələblərinin vicdanlı alıcı olan Cavabdeh3 münasibətdə təmin edilməsi onun əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqeyin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir.

14. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır və qəbul edilməzdir . Belə ki, etibarnamə verilən zaman aldadılmış və verilmiş etibarnamədə səlahiyyətlər verilmişdir. Lakin işin əsas mahiyyəti ondan ibarət olmuşdur ki, iddiaçı X2 ilə cavabdeh olan Cavabdeh1 arasında şifahi olaraq ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtləri isə ondan ibarət olmuşdur ki, əmlakın qiyməti 8000 manat dəyərləndirilir və ilkin olaraq Cavabdeh1 iddiaçıya 500 manat pul ödəyir, qalan 7500 manat pulu isə hər ay 1500 manat olmaqla 5 ay müddətinə ödəyəcək. Sonda isə pul tam ödənildikdə avtomobili Cavabdeh1 adına keçəcəkdir. Lakin cavabdeh 500 manat ilkin ödəniş etsə də, ilk aydan başlayaraq cavabdeh olan Cavabdeh1 şifahi bağlanmış müqavilə üzrə ödəniş etməmişdir. İddiaçı isə dərhal iş materialında da sübut olunur ki, etibarnaməni ərizə verərək ləğv etdirmişdir. Demək ki, ilkin alqı-satqı müqaviləsinin şərtləri pozulduğundan öz qüvvəsini itirmişdir. Buda o deməkdir ki, əmlak dəyəri ödənilmədiyindən sahibinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Cavabdeh1 isə öhdəliyini icra etməmiş və ödəniş etməmişdir, iddiaçı isə əksinə əmlakı ona təqdim etmişdir.

15. Eyni zamanda da iddiaçının etibarından istifadə edərək onun əmlakını başqa şəxslərə, yəni məhkəmənin vicdanlı alıcı hesab etdiyi Cavabdeh3 satmışdır (adına etibarnamə vermişdir). Hansı ki, iş materialında da Cavabdeh3 mübahisələndirilən avtomobili Cavabdeh1 hər hansı ödəniş qarşılığında alması sübut edilməmişdir. Buna baxmayaraq da məhkəmə sübutların doğru bölüşdürülməsində tarazlığı pozaraq birtərəfli qaydada qərəzli olaraq qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsasını təşkil edən dəlilləri, onun dəyəri və sair hallarla bağlı sübutları məhkəməyə təqdim edilməsi öhdəliyi daşımasına baxmayaraq bunu etməmiş, yəni aralarında razılaşdırılmış pul məbləğini Cavabdeh1 almaması kimi halları öz təsdiqini tapmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

17. İddiaçı, nümayəndəsi və vəkili Vəkil iştirak etdikləri məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

18. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir.

20. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

21. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Republikası Konstitusiyası

22. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

24. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

26. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

27. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

36. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

39. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-956/2024 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-956/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iddianın qismən təmin edilməsi, **-GD-*** dövlət qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı “Volkswagen Passat” minik markalı, ban nömrəsi WVWAD63B45P004785 olan avtomobilin Cavabdeh2 alınaraq İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir.

42. Beləliklə işin mübahisəsiz hallarından görünür ki, İddiaçı mülkiyyətində olan **- GD-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” minik markalı avtomobili xx.xx.2023cü il tarixdə etibarnamə əsasında Cavabdeh1 sahibliyinə vermişdir. Cavabdeh1 etibarnamə əsasında Cavabdeh3, axırıncı isə mübahisə obyektini etibarnamə əsasında Cavabdeh2 sahibliyinə vermişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə notariusa müraciət edərək xx.xx.2023-cü il tarixdə avtomobilə dair verilmiş etibarnaməni ləğv etdirmişdir. Halhazırda qeyd olunan nəqliyyat vasitəsi Cavabdeh2 faktiki sahibliyində və istifadəsindədir.

43. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hətta Cavabdeh1 Əziz oğlunun avtomobilə dair verilmiş etibarnamədən sui-istifadə etdiyi qəbul olunsa belə, bu hal Cavabdeh3 Cavabdeh2 ilə bağladığı müqavilənin etibarsız hesab olunmasına səbəb ola bilməz. Çünki işin hallarından görünür ki, Cavabdeh2 müqaviləni bağladığı zaman etibarnamənin Cavabdeh3 hansı məqsədlə verildiyini bilməmiş, müqavilə lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun, onu bağlamış şəxslərin arasında iradə vahidliyi mövcud olmuşdur. Adı çəkilən şəxsin avtomobili vicdanla əldə etmiş olduğu işin ümumiyyətlə mübahisələndirilməyən halıdır. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının hüququnun pozulmuş olduğu qəbul edilsə belə, bu pozuntu mübahisəli avtomobili vicdanla əldə etmiş şəxslərin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, iddia tələblərinin vicdanlı alıcı olan Cavabdeh3 münasibətdə təmin edilməsi onun əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bununla yanaşı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı, avtomobilin aldatma yolu ilə mülkiyyətindən çıxarılması nəticəsində məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı Cavabdeh1 qarşı ümumi qaydada tələb irəli sürmək hüququna sahibdir.

44. Məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.

45. Kollegiya birinci instansiya məhkəməsinin mövqe ilə razılaşmayaraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək, hesab edir ki, mübahisə predmeti olan avtomobil Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq mülkiyyətçisi olan İddiaçı geri qaytarılmalıdır.

46. Azərbaycan Respublikası Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə qarşılıqlı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülkiyyətçi olan iddiaçı özgəsinin yəni cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir.

47. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.

48. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı mübahisəli əmlakın Cavabdeh2 qeyri-qanuni sahibliyində olmasını sübuta yetirə bilmişdir. Cavabdeh2 isə avtomobilin üzərində mülkiyyət, istifadə və ya digər hüquqlarını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

49. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 956/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iddianın qismən təmin edilməsi, **- GD-*** dövlət qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı “Volkswagen Passat” minik markalı, ban nömrəsi WVWAD63B45P004785 olan avtomobilin Cavabdeh2 alınaraq İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-956/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. **-GD-*** dövlət qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı “Volkswagen Passat” minik markalı, ban nömrəsi WVWAD63B45P004785 olan avtomobil Cavabdeh2 alınaraq İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar