Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1733/2022 04.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı əldən çıxmış faydanın və mənəvi ziyanın əvəzinin tutulması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(034)-27/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Zəngilan Rayon Məhkəməsinin 2(034)-27/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.İmanova) iddia rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3291/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(034)-27/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bu qətnamədən İddiaçı tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2022-ci il tarixli, 2(102)-2209/2022 nömrəli qərarı ilə təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3291/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İŞİNHALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «əldən çıxmış faydanın və mənəvi ziyanın əvəzinin tutulması» tələbinə dair iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı xeyrinə müştərək qaydada əldən çıxmış fayda olaraq xx.xx.2021-ci ilədək 65.000 manatın, xx.xx.2021-ci ildən sonra isə cavabdehlər ona məxsus qeyri-yaşayış sahəsini tərk edənədək hər ay üçün 1781 manat pulun, həmçinin 50.000 manat mənəvi ziyanın, 500 manat hüquqi yardım üçün vəkilə ödənilmiş məbləğin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər məcburi köçkündür. Onlar uzun illərdir iddiaçıya məxsus qeyri-yaşayış sahəsini qanunsuz olaraq zəbt etmişlər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə cavabdehlər oradan çıxarılsalar da, sonradan qıfılları sındıraraq, yenidən həmin qeyri-yaşayış sahəsini qanunsuz olaraq zəbt etmişlər. Həmçinin, icra mərhələsində münaqişəyə son qoyulması üçün cavabdehlərə 5000 manat pul da verilmişdir. Polisə qanunsuz zəbtlə bağlı şikayət olunsa da, heç bir nəticə verməmişdir. Cavabdeh1 arvadı və qızının adına mənzillər olduğuna görə AR Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi Nazirlər Kabinetinin müəyyən etdiyi Qaydalara əsasən, cavabdehlərə mənzil verilməyəcəyini bildirmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyətindəki qeyri-yaşayış sahəsini icarə verə biləcəyi halda verə bilməmiş, nəticədə xeyli miqdarda gəlirdən məhrum olmuş, həmçinin, həmin hərəkətlər nəticəsində mənəvi sarsıntı keçirmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, iddia tələbi ondan ibarətdir ki, 30 ilə yaxındır ki, iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bir hissəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Cavabdehlərin çıxarılmaları ilə bağlı məhkəməyə müraciət edilmiş, məhkəmənin qətnaməsi ilə cavabdehlərin iddiaçıya məxsus sahədən heç bir şərt olmadan çıxarılmaları qət edilmişdir. Qətnamə icra edilmiş, lakin cavabdehlər sonradan yenidən qapını sındıraraq mübahisəli evə daxil olmuşlar. Hazırkı iddia tələbi isə ondan ibarətdir ki, cavabdehlər özlərinin mənzili ola-ola ona məxsus sahədə yaşamağa davam etməklə iddiaçıya maddi və mənəvi ziyan vururlar. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyətini dərk etməmiş, nəticədə heç bir hüquqi əsaslandırma aparmadan iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Prosessual qanunvericiliyə əsasən iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İddia tələbi əldən çıxmış faydanın tutulmasından ibarətdir. Lakin qətnamədə iddia tələbindən söhbət belə getmir. Məhkəmə öz qətnaməsində cavabdehlərin adlarına mənzil olmadığını, Qaçqınkom tərəfindən onlara mənzil verilmədiyini qeyd etmiş və sadalanan hallar əsasında iddia tələbini rədd etmişdir. Göstərilənlər əsasında apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsi uzun illərdir ki, İddiaçı xüsusi mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsinin əsas hissəsini məcburi köçkün olan cavabdehlər zəbt edərək orada yaşamaqdadırlar. Bu illər ərzində, Cavabdeh1 iddiaçıya qarşı hədə-qorxular gələrək iddiaçıya məxsus əmlakı yandıracağı, hədəsi ilə iddiaçıdan külli miqdarda (300 000 manat) pul və ya ona şəhərin mərkəzi hissələrində 3-4 otaqlı ev almağını tələb etmişdir. Nəticədə iddiaçı cavabdehlərin onun mülkiyyətində olan sahədən çıxarılmaları ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsi tərəfindən iddia təmin edilmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Lakin cavabdehlər iddiaçını aldadıb 5000 manat pul alaraq mübahisəli qeyri-yaşayış sahəsindən çıxarıldıqdan sonra, yenidən qayıdaraq oranı zəbt etmişlər. Cavabdehlərin özlərinə məxsus iki mənzilləri var. Biri Cavabdeh1 qızı Ruhanənin adına, digər arvadı Cavabdeh2 adına. Cavabdeh1 məhkəməyə düzgün məlumat vermir. Onlar "xxxx" MTKdan aldıqları mənzili 53500 manata satmışlar. Pulun 10000 manatını alıcı özü ödəmiş, 43500 manat isə bank tərəfindən İsmayılovlara ödənilmişdir. Yəni onların mənzili də var, pulları da, özlərinə yeni mənzil ala bilərlər. Bu dəfə iddiaçı artıq ona dəymiş, maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından və şikayətin dəlillərindən aydın olduğu kimi, məhkəmə iddia tələbinin mahiyyətini anlamamış, habelə yaranmış mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh1 əlavə etdi ki, sözügedən qeyri-yaşayış sahəsində cavabdehlərdən başqa 8 ailə məskunlaşmışdır. Həmin yaşayış sahəsinin digər tərəfində poçt olmuşdur. Poçta indiyədək fəaliyyət göstərir. 1998-ci ildə iddiaçının atası X3 məcburi köçkünlərin yaşadığı qeyri yaşayış sahəsini özəlləşdirmişdir. Bundan sonra mülk bölünmüş, yarısı hazırkı iş üzrə iddiaçı Kamrana, yarısı bacısına düşmüşdür. Cavabdehlərin məskunlaşdığı sahə Kamrana aid olan hissəyə düşmüşdür. İddiaçının atasının onlara xudmani bir həyət evi alacağı təqdirdə, cavabdehlərin mübahisəli evdən çıxmaları barədə razılığa gəlmişlər. Razılaşmadan sonra İbrahim Musayev ona 5000 manat pul verdi, onlar da evi boşaldıb ona təhvil verdilər. O, gözlədi ki, yaxın vaxtlarda pulun vəd edilən qalan hissəsini də verər və cavabdehlər özlərinə 25000-30000 manat çərçivəsində kiçik bir həyət evi alarlar. Lakin məsələ razılaşdırdıqları formada olmadı. Onların hal-hazırda yaşamağa başqa yerləri yoxdur. Hesab edir ki, qətnamə qanunidir və dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat veməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* saylı, xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarışdan müəyyən olur ki, ünvan 1 ünvanda yerləşən 459,5 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Yenə iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-2251/2019 nömrəli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmaqları və həmin qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı verilməsi qət edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2016-cı il tarixli icarə müqavilələrindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 27.50 m2 olan hissəsi aylıq icarə haqqı 200 manat olmaqla İddiaçı tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin 22 yanvar 2021-ci il tarixli, №**********33 saylı məktubundan göründüyü kimi sorğuda qeyd olunan şəxslərin adına hazırda Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Yenə işə əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020ci il tarixli qərarı ilə icra sənədinə xitam verilmişdir. Həmin qərara əsasən, icra sənədinin təmin etmək məqsədilə xx.xx.2020-ci il tarixə, saat 11:00-a icra təyin edilmiş, borclular özlərinə məxsus şəxsi geyim əşyalarını, qızıl-zinət əşyalarını, qiymətli kağızlarını götürərək qeyri-yaşayış sahəsindən çıxarılmış, onlara məxsus digər məişət xarakterli əşyalar yəni stol, stul, mebel, divan və sair əşyalar qeyri-yaşayış sahəsinin giriş qapısının açarı dəyişdirilməklə tələbkarın etibarnamə üzrə nümayəndəsinə AR CM-in 303-cü maddəsinin tələbləri izah olunmaqla təhvil verilmiş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 02/1739 nömrəli məktuba əsasən, komissiya tərəfindən aparılan araşdırılma ilə Cavabdeh2 mülkiyyətində Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən, X1 mülkiyyətində isə Bakı şəhəri, Nərimanov rayonu, Nemət Quliyev küçəsində yerləşən ayrıca yaşayış sahələrinin olması aşkar edilmişdir. Bildirilmişdir ki, AR Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli Qərarı ilə təsdiq edilmiş məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 2.11.2-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən, ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olmaqla) yeni yaşayış sahəsi verilmir. Yenə işə əlavə olunmuş AZ-İ№ 316381 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında olan nikah ləğv edilmiş və nikahın ləğv edilməsi barədə akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 28 № ilə qeyd edilmişdir. İşdə olan AZ T№ 005280 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X2 arasında xx.xx.2012-ci il tarixində nikah bağlanmışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə Ali Məhkəmənin mülki kollegiyasının göstərişlərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı işin tədqiq olunan faktiki hallarından müəyyən edildi ki, cavabdehlər Zəngilan rayonundan məcburi köçkündürlər. Onlar uzun illərdir iddiaçıya məxsus qeyri-yaşayış sahəsini qanunsuz olaraq zəbt etmişlər. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehlər oradan çıxarılsalar da, sonradan qıfılları sındıraraq, yenidən həmin qeyri-yaşayış sahəsini qanunsuz olaraq zəbt etmişlər. Həmçinin, cavabdehlərin iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən çıxarılma barədə məhkəmə qətnaməsinin icra mərhələsində tərəflər arasında yaranmış münaqişəyə son qoyulması üçün cavabdehlərə əlavə 5000 manat pul da verilmişdir. Hətta bu haldan sonra belə, cavabdehlər heç bir hüquqi əsas olmadan sözügedən yaşayış sahəsini yenidən zəbt etmişlər. Cavabdeh1 arvadı və qızının adına mənzillər olduğuna görə AR Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi, Nazirlər Kabinetinin müəyyən etdiyi Qaydalara əsasən cavabdehlərə mənzil verilməyəcəyini bildirmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyətindəki qeyri-yaşayış sahəsini icarə verə biləcəyi halda, verə bilməmiş, nəticədə xeyli miqdarda gəlirdən məhrum olmuş, həmçinin, həmin hərəkətlər nəticəsində mənəvi sarsıntı keçirmişdir. Bunun nəticəsində iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmiş, qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zərur hesab edir. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Yenə həmin Qərarın 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirilməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, işdən göründüyü kimi, hazırkı iddia tələbi, tərəflər arasında uzun illər əvvəl mövcud olmuş mübahisədən qaynaqlanan tələblə əlaqədardır. Belə ki, cavabdehlər hazırkı iddiaçıya məxsus daşınmaz əmlakı bu və ya digər yolla zəbt etməklə, onun mülkiyyət hüquqlarını pozmaqla yanaşı, onda əsəb, narahatlıq, məyusluq hissləri yaratmış, habelə sadalanan hadisələr onda, mənəvi sarsıntı yaratmışdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yenə eyni məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bu məcəllənin 157.5-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. AR Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yenə bu məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yenə bu məcəllənin 1092.1.1-ci maddəsinə əsasən qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Yuxarıda sadalanan hüquq normalarına uyğun işin faktiki hallarına qiymət verən apellyasiya kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı, xüsusi mülkiyyətində olan daşınmaz əşyanın bir hissəsinin cavabdehlərin qanunsuz sahibliyində saxlanılması nəticəsində əldən çıxmış faydanı və mənəvi zərərin əvəzini tələb edir və iddia onu tərəfindən kifayət qədər əsaslandırılmışdır. Belə ki, cavabdehlərin iddiaçıya məxsus sahədə qanunsuz yaşadıqları, bununla da iddiaçının mülkiyyət hüququnun pozulduğu məhkəmə qərarı ilə təsdiq edilmiş, onların iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən çıxarılmaları qət olunmuş və qətnamə qanuni qüvvəsini almış, sözügedən qətnamə, iddiaçıdan onu aldadaraq əlavə 5000 manat pul almaqla, icra olunduqdan sonra, cavabdehlər yenə eyni qaydada iddiaçıya məxsus qeyri-yaşayış sahəsini zəbt etmişlər. İddiaçı da hazırkı iddia tələbində cavabdehlər tərəfindən ona məxsus əmlakın yenidən zəbt olunduğundan ona dəymiş ziyanın ödənilməsi, habelə mənəvi zərərə görə təzminatın ödənilməsini tələb etmişdir. Kollegiya sadalanan xüsusatları nəzərə almaqla hesab edir ki, iddiaçı ona dəymiş ziyanın cavabdehlər tərəfindən ödənilməsi barədə iddia tələbində qismən haqlıdır və iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi işin faktiki hllarına uyğun olmamaqla yanaşı, həm də ədalətsizdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/1739 nömrəli məktubdan aydın olur ki, iş üzrə Cavabdeh2 mülkiyyətində Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, X1 mülkiyyətində isə Bakı şəhəri, Nərimanov rayonu, Nemət Quliyev küçəsində yerləşən ayrıca yaşayış sahələrinin olması aşkar edilmişdir. Doğrudur cavabdehlərdən Cavabdeh2 mülkiyyətində Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzil satılsa da, hər bir halda həmin mənzilə görə onlara pul ödənilmişdir və həmin vəsait hesabına onlar özlərini yaşayış yeri ilə təmin edə bilərlər. Lakin cavabdehlər başqa yol tutaraq iddiaçıya məxsus qeyri-yaşayış sahəsini yenidən özbaşına zəbt etmiş, bununla da onun mülkiyyət hüququnu pozmuşlar. Nəticədə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı öz əmlakından və onu iqtisadi dövriyyədə dəyərləndirmək imkanından məhrum olmuşdur və iddiaçı, əldən çıxmış faydasına dair məhkəməyə müəyyən məlumat və sübutlar təqdim edərək bildirmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin bir hissəsini icarəyə vermiş, bu barədə müvafiq icra haqqı göstərilən müqavilə bağlamışdır. Eyni qaydada o, həmin qeyri-yaşayış sahəsinin digər hisəsini də icarəyə verib əlavə vəsait əldə edə bilərdi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin dəymiş ziyanın ödənilməsi barədə İddiaçı qarşısında öhdəlikləri yaranmışdır ki, sözügedən maddi ziyanın, habelə mənəvi zərərin əvəzi məhkəmə tərəfindən müəyyən edilməlidir. Mülkiyyətçiyə məxsus əşyaya məcburi köçkünlərin sahiblik etməsi nəticəsində əldən çıxmış fayda formasında zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı Avropa Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqelər vardır. Avropa Məhkəməsinin “Gülməmmədova Azərbaycana qarşı” xx.xx.2010-cu il tarixli qərarın 55-ci bəndində qeyd olunmuşdur ki, “tələbin itirilmiş icarə haqlarına aid olan hissəsinə gəldikdə, Məhkəmə hesab edir ki, tələbin bu hissəsi ilə aşkar edilmiş pozuntu arasında səbəbiyyət əlaqəsi var və yəqin ki, ərizəçi mənzil üzərində nəzarəti itirməsi nəticəsində maddi ziyana məruz qalıb. Məhkəmə tərəflərin arqumentlərini araşdıraraq və ədalət prinsipi əsasında qərar çıxararaq hesab edir ki, ziyanın hesablanması üçün Hökumətin təklif etdiyi baza qiyməti ağlabatandır və itirilmiş icarə haqlarına görə ərizəçiyə 11.042 avro təyin edir...”. İddia ərizəsindən göründüyü kimi iddiaçı son olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı xeyrinə müştərək qaydada əldən çıxmış fayda olaraq xx.xx.2021-ci ilədək 65.000 manatın, xx.xx.2021-ci ildən sonra isə cavabdehlər ona məxsus qeyri-yaşayış sahəsini tərk edənədək hər ay üçün 1781 manat pulun, həmçinin 50.000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Apellyasiya kollegiyası sadalananlara əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə iddiaçıya dəymiş maddi ziyan, habelə mənəvi zərərə görə məbləğ təyin olunarkən cavabdehlərin maddi vəziyyəti, onların qüvvədə olan hüquqi statusları(məcburi köçkün olmaları), əmlak vəziyyətləri, buna adekvat iddiaçının mərhum olduğu real gəlirlər nəzərə alınmalı və hər iki tərəfə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. İş materiallarında olan sənədlər görünür ki, cavabdehlər tərəfindən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin zəbt edilmiş hissəsi 133,9 kv.metr təşkil edir. Cavabdehlər qeyd olun qeyri-yaşayış sahəsini ikinci dəfə 15 mart 2020-ci il tarixdə yenidən zəbt etmişlər. Həmin qeyri-yaşayış sahəsinin digər tərəfi, ümumi sahəsi 27.5 kvadrat metr təşkil edən qeyri-yaşayış sahəsi, yuxarıda qeyd olunan xx.xx.2016-cı il tarixli icarə müqaviləsi əsasında icarəyə verilmiş və aylıq icarə haqqı məbləği 200 manat təşkil edir. Qeyd olunanlar əsasında apellyasiya kollegiyası belə hesab edir ki, sözügedən qeyri-yaşayış sahəsinin icarəyə verilən sahəsi və aylıq icarə haqqına istinad etməklə, eyni qaydada cavabdehlər tərəfindən zəbt edilən qeyri-yaşayış sahəsinin ölçüsü və ona uyğun aylıq gəlir hesablandıqda zəbt olunmuş sahədən iddiaçının əldə edəcəyi gəlirin aylıq məbləği 973,81 manat (200:27,5=7,27x133,9=973,81manat) təşkil edir. Cavabdehlərin sözügedən qeyri-yaşayış sahəsini zəbt etdikləri müddət 15 mart 2020-ci il tarixdən başlayaraq sonuncu iddia verilən tarixə, yəni iddiaçının tələb etdiyi kimi 01 mart 2021-ci il tarixədək hesablandıqda, qeyd olunan aylıq gəlirə uyğun ümumi məbləğ 11166,43 manat təşkil edir. Bundan əlavə iddia tələbindən görünür ki, iddiaçı xx.xx.2021-ci ildən başlayaraq cavabdehlər ona məxsus qeyri-yaşayış sahəsini tərk edənədək hər ay üçün 1781 manat pulun tutulmasını xahiş edir. Cavabdehlərin iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsini könüllü boşaltmaq istəməməsi, hətta məhkəmə qətnaməsinə əhəmiyyət verməyərək yenidən oranı zəbt etməsi iddiaçının bu tələbinə haqq qazandırır. Məhkəmə kollegiyası hesab edir ki, daha öncə qeyd olunan hesabata uyğun bu tələb 973,81 manat həddində təmin olunmalıdır. Apellyasiya kollegiyası işin qeyd olunan faktiki hallarını, iş üzrə Ali Məhkəmənin göstərişlərini bir daha nəzərə alaraq, tərəflər arasında yaranmış mübahisənin obyektiv həllinə nail olmaq baxımından, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində, iddiaçının əldən çıxmış gəlirə dair real, ağlabatan və ədalətli məbləğin yuxarıda qeyd olunan formada hesablanmaqla, cavabdehlərdən müştərək qaydada, iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, habelə apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla yuxarıda qeyd olunan qaydada, qismən sübut edə bilmişdir. Cavabdeh tərəf öz etirazlarının əsasını təşkil edən dəlillərini sübut edə bilməmişlər. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda göstərilən hallara düzgün qiymət verməmiş və kifayət qədər əsas olmadan iddia tələbinin bütövlükdə təmin olunmamasına dair qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(034)- 27/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada. iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin zəbt edilməsi nəticəsində əldə çıxmış faydaya görə 11166,43 manat, mənəvi zərərin əvəzi kimi 500 manat olmaqla, cəmi 11666,43 manat pulun, eləcə də İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi boşaldılana qədər onlardan hər ay üçün müştərək qaydada 973,81 manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsinin, apellyasiya şikayətinin və kassasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(034)- 27/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin zəbt edilməsi nəticəsində əldə çıxmış faydaya görə 11166,43 manat, mənəvi zərərin əvəzi kimi 500 manat olmaqla, cəmi 11666,43 manat pul müştərək qaydada tutularaq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2021-ci ildən başlayaraq İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsini boşaldılana qədər hər ay üçün müştərək qaydada 973,81 manat tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə iddia ərizəsinin, apellyasiya şikayətinin və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1733/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1733/2022
04.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver