Məhkəmə qərarları › İş №2(105)-1737/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1737/2023

17.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1737/2023 17.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X3 qarşı mülki iş üzrə (Açar sözlər: əmlakın geri qaytarılması, pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, ilk İddiaçı, qarşılıqlı iddiaçı Cavabdeh2, onun nümayəndə və vəkili Vəkil3, üçüncü şəxs X2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(060)-2002/2023 saylı qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X3 qarşı əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yaqif oğlunun qanunsuz sahibliyindən “Mitsubishi Pajero” markalı 99SG-953 dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yaxın dostu X3 təxminən 2019-cu ildə “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili 15000 (on beş min) manata satmışdır. Lakin sözügedən avtomobil X2 adına rəsmiləşməmiş və o, avtomobili etibarnamə əsasında idarə etmişdir. Turxan həmin avtomobili aldıqdan sonra bir müddət Bakı şəhərində yerləşən avtomobil icarəsi şirkətlərinin birinə icarəyə vermişdir. İcarə müddəti bitdikdən sonra avtomobili yenidən Turxan özü idarə etməyə başlamışdır. Təxminən 05-06 oktyabr 2022-ci il tarixlərdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsində birlikdə olan zaman Turxan ona demişdir ki, tanışı Əli adlı şəxslə Qaraçuxur qəsəbəsində yerləşən «AURA» şadlıq sarayının yanında görüşməlidir. Onlar həmin yerdə görüşüb söhbət edən zaman Əli avtomobilə baxdıqdan sonra Turxana demişdir ki, avtomobili ona versin, satıb pulunu qaytaracaqdır. Turxan da “Mitsubishi Pajero" markalı avtomobili 15000 (on beş min) manata satmasını və satışdan ona da hörmət edəcəyini bildirərək avtomobili Əliyə vermişdir. 08 oktyabr 2022-ci il tarixdə Turxan ona dedi ki, tanışı Əli avtomobili Sumqayıt şəhər sakini Cavabdeh2 Aydın oğluna 15000 (on beş min) manata satmışdır və buna görə də həmin şəxsə etibarnamə vermək lazımdır. Bundan sonra o, Turxanla birlikdə Bakıxanov qəsəbəsində yerləşən 4 saylı "Asan Xidmət” mərkəzinə getmiş və o, orada Cavabdeh2 adına etibarnamə vermişdir. 09 oktyabr 2022-ci il tarixdə Turxan ona məlumat verərək bildirmişdir ki, Əli avtomobili Cavabdeh2 ona demədən 11000 (on bir min) manata satmış və pulunu ələ keçirib verməmişdir. Ona görə də Turxan ondan etibarnaməni ləğv etdirməyini istəmişdir. O da həmin gün Cavabdeh2 adına vermiş olduğu etibamaməni ləğv etdirmişdir. İlkin iddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Daha sonra iddiaçı Cavabdeh2 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 11000 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin tərəfindən ödənilmiş 124 manat dövlət rüsumunun da cavabdehə aid edilməsini xahiş etmişdir.

4. Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona və Cavabdeh1 qarşı iddia tələbi ilə müraciət edərək “Mitsubishi Pajero” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin onlardan alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, ilkin iddia tələbi ilə razı deyil və qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edir. O, ilkin iddia ərizəsini xx.xx.2023-cü ildə poçt vasitəsilə almışdır. Bildirir ki, o, mübahisəli avtomobili Əli adlı şəxsin vasitəsilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 11000 manat məbləğində pul ödəməklə almışdır. Digər Cavabdeh1 bu məsələyə heç bir aidiyyatı yoxdur. İddiaçı iddia edir ki, Əli adlı şəxs maşının pulunu ona verməyib. Bütün bunlar yalandır. Sual olunur ki, maşının pulu ona odənilməmişdirsə, iddiaçı ona necə etibarnamə verə bilərdi. Əslində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əməlində cinayət tərkıbi var. Belə ki, o, etibarnaməni ləğv edərək ona qarşı cinayət əməli törətmişdir. O, vicdanlı alıcıdır. Pulu ödəməklə avtomobili almışdır. O, pulu almış, sonradan etibarnaməni əsassız olaraq ləğv etmiş və əsassız olaraq varlanmaq niyyətində olmuşdur. Hazırda avtomaşın ondan tələb olunur. Belə olan halda həmin avtomobil üçün ödədiyi 11000 manat pul ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona verilməlidir. Göstərilənlərə əsasən ikin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 11000 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin tərəfindən ödənilmiş 124 manat dövlət rüsumunun da cavabdehə aid edilməsini xahiş etmidir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(060)-2002/2023 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh2 qanunsuz sahibliyindən “Mitsubishi Pajero” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq ilkin İddiaçı geri qaytarılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddiaçı Cavabdeh2 ilkin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddiaçı Cavabdeh2 Yaqif oğlundan ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq ilkin İddiaçı ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2ci maddəsinə istinad edərək ilkin iddianı qismən təmin etmiş, qarşılıqlı iddianı təmin etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh2 Yaqif oğlu apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(060)-2002/2023 saylı qətnaməsinin ləğv edilməsini və ilkin iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

8. Cavabdeh2 Yaqif oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(060)-2002/2023 saylı qətnaməsi əsassızdır. Belə ki, Cavabdeh2 qeyd olunan avtomobili Əli və Turxan adlı şəxslər vasitəsilə 11.000 (on bir manat) manat ödəməklə alıb. Avtomobilin dəyəri 11.000 (on bir min manat) puldan 1000 (min) manatını beh kimi verib. Hadisə 6-cı günə təsadüf etdiyi üçün sənədləşmə işləri aparıla bilməyib. Bazar günü etibarnamə Cavabdeh2 təqdim olunduqda o, məbləğin qalan 10.000 manatı Əli və Turxana verib. Birinci gün o maşını adına keçirmək istəyərkən ona məlum olub ki, etibarnamə ləğv edilib. Etibarnamənin verilmə tarixinə nəzər yetirilsə (xx.xx.2022-ci il) görünür ki, əməliyyat 6-cı gün aparılmışdır. Daha sonra o, avtomobili idarə edə və sata bilmədiyi üçün avtomobili Əli adlı aradakı vasitəçiyə təhvil vermişdir. Bu hadisənin şahidi kimi Xəqani, Baba, Orxan, Elgiz adlı şahidləri də var. Həmin şahidlərin birinci instansiya məhkəməsində iştiraklarını təmin edə bilməmişdir. Çünki onlar iş adamı olduğu üçün şəhərdə olmamışlar. Lakin bu instansiyada mütləq iştiraklarını təmin edəcək. Avtomobil Cavabdeh2 olmadığı üçün qətnamənin icra edilməsi mümkün olmayacaq və buna görə də avtomobil Cavabdeh2 olmadığı üçün ondan alınıb İddiaçı qaytarılması barədə qətnaməni qanunsuz və əsassız hesab edir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Əli adlı şəxs zəng vuraraq bildirdi ki, “Mitsubishi Pajero” markalı maşın satılır. O da maşını baxmaq üçün Sumqayıt şəhərinə gətirməsini, bundan sonra ödəniş edib maşını alacağını bildirmişdir. Əli adlı şəxs Nəbiyev Turxanla gəlmiş və onlar maşının qiymətində razılaşıb almışdır. Axşam olduğu üçün etibarnamə bir gün sonra verildi. Maşını adına keçirmək istəyəndə bildi ki, maşına həbs qoyulub. O, Əlini və Turxanı şəxsən tanımır. Əliyə zəng vurub və bildirdi ki, maşının üzərində həbs var. Əli və Turxanla yenidən bu səbəbdən görüşdükdə bildirdilər ki, nəsə anlaşmazlıq olub. Maşını həyətlərindəki kameraların altında Əliyə təhvil verdi. Əli pulu gətirməli idi. Hər gün müxtəlif bəhanələrlə məsələni uzatdı. Sonra da eşitdi ki, bacısının evindən oğurluq edib və həbsdədir. Danışıqları Əli ilə aparıb, maşını ona Əli verib. 11000 manatı tam ödəməklə maşını alıb. İddiaçıı ümumiyyətlə tanımır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(060)-2002/2023 saylı qətnaməsinin ləğv edilməsini və ilkin iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh2 nümayəndə və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, maşının Əliyə təhvil verilməsi barədə şahidləri var. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(060)-2002/2023 saylı qətnaməsinin ləğv edilməsini və ilkin iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

12. Məhkəmə kolegiyasının iclasında ilk İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, qarşı tərəfin heç bir sübutu yoxdur. Onların ikisini də aldadıblar. Pulun verildiyi adam indi azadlıqdan məhrum olunub və onları aldadıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(060)-2002/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

13. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X4 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, Cavabdeh2 qeyd etdiyi kimi o, Əlinin yanında olmayıb. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2023cü il tarixli, 2(060)-2002/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə Cavabdeh1 rəsmi qaydada məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

16. Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

19. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh-qarşılıqlı iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də apellyasiya şikayətindən görünür ki, məhkəmənin qətnaməsini ilkin iddia tələbinin təmin edilməsinə dair hissəsində mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni ilkin iddia tələbini təmin edilən hissədə müzakirə edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(060)- 2002/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. İş materiallarına əlavə edilmiş ƏN-Vİİ 502874 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2022-ci il tarixdə Cavabdeh2 etibarnamə vermişdir. Etibarnamə 1 il müddətinə, xx.xx.2023-cü il tarixədək verilmişdir.

22. İş materiallarına əlavə edilmiş AD 476641 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildə İddiaçı adına qeydiyyata alınmışdır.

23. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, HK-1/2349 saylı araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir.

24. Müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh2 “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamə vermişdir. Lakin avtomobilin pulu ödənilmədiyi üçün bir gün sonra xx.xx.2022-ci il tarixdə İddiaçı Cavabdeh2 mübahisəli maşına dair verdiyi etibarnaməni ləğv etdirmişdir. Cavabdeh2 isə İddiaçı məxsus “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili geri qaytarmaqdan imtina etmişdir. Hazırda İddiaçı Cavabdeh2 qanunsuz sahibliyində olan və ona məxsus avtomobilin geri qaytarılmasını xahiş edir. Qarşılıqlı iddiaçı Cavabdeh2 isə sözügedən avtomobil üçün 11000 manat ödədiyini iddia edərək, həmin pulun ilkin iddiaçı tərəfindən ona geri qaytarılması barədə qarşılıqlı tələb irəli sürmüşdür.

25. Məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahiblikdən məhrum olmuş iddiaçının cavabdehə qarşı yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir:

1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır.

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır.

28. Məhkəmə hesab etmişdir ki, istinad edilən komponentlərdən birincisi, yəni iddia ərizəsində qeyd edilən “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mövcudluğu və onun ilkin İddiaçı mülkiyyətində olması işin mübahisəsiz halıdır. Belə ki, bu hallar tərəflərin izahatları və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə təsdiq olunur.

29. Məhkəmə iddiaçının avtomobilinin qaytarılıb-qaytarılmaması ilə bağlı hesab etmişir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından belə halda avtomobilin cavabdehə verilməsini və ona qaytarılmamasını sübut etmək ilkin iddiaçının, avtomobilin qaytarılmasını sübut etmə vəzifəsi isə cavabdehin üzərinə düşür.

30. Lakin tərəflər bu halı mübahisələndirməmiş, qarşılıqlı iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında sözügedən avtomobilin hazırda Cavabdeh2 olduğunu bildirmişdir.

31. İlkin iddiaçı maşının pulu ona ödənilmədiyi üçün etibarnaməni ləğv etdirdiyini və bununla bağlı polisə müraciət etdiyini bildirmişdir.

32. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 adına verdiyi etibarnaməni xx.xx.2022-ci il tarixdə ləğv etdirmişdir.

33. Eyni zamanda İddiaçı xx.xx.2022-ci il tarixdə “Mitsubishi Pajero” markalı, **-SG- *** dövlət qeydiyyat nişanlı avtomobilin pulunun ona ödənilməməsi ilə bağlı Sabunçu rayon RPİ-nin 13-cü PB-nə ərizə ilə müraciət etmişdir.

34. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ilkin iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə qeyd edilənlərə əsasən ilkin iddianı qismən təmin etməkdə haqlı olmuşdur. 36.İş materiallarından müəyyən edilir ki, “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildə İddiaçı adına qeydiyyata alınmışdır.

37. İş materiallarından görünür ki, İddiaçı “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2022-ci il tarixdə Cavabdeh2 etibarnamə vermişdir. Etibarnamə 1 il müddətinə, xx.xx.2023-cü il tarixədək verilmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə mübahisəli avtomobilin cavabdehin(qarşılıqlı iddiaçının) istifadəsinə verilməsi iş materialları ilə o cümlədən tərəflərin izahatları ilə sübuta yetirilir. Lakin cavabdeh avtomobilin iddiaçıya qaytarılmasını əsaslandıra, buna dair sübut təqdim edə bilməmişdir.

39. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, apellyant apellyasiya şikayətini əsaslandıra bilməmiş, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir, onun dəlillərinə isə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmiişdir.

40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil.

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

42. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(060)-2002/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar