Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1764/2024 15.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ərizəçi Xızı Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(068)-332/2024 nömrəli qərardadından verdiyi şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxaraq Müəyyən etdi: Ərizəçi (bundan sonra-“ərizəçi”) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, (2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs kimi göstərməklə) 12 may 1984-cü il təvəllüdlü X3 01 avqust 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qardaşı X5 12 may 1984-cü il tarixdə anadan olmuş və 01 avqust 2024-cü il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. Qardaşının hər hansı xəstəliyi olmamış, qəflətən vəfat etmişdir. Müayinə zamanı da meyit üzərində gözlə görünən zorakılıq ölüm əlamətləri aşkar edilməmişdir. Ərizəçi qardaşının vəfatından sonra ölüm haqqında şəhadətnaməsi ala bilməmişdir. Belə ki, həmin sənədin verilməsi üçün iş üzrə maraqlı şəxsə müraciət etsə də, müraciətinin icrasından imtina edilmişdir. İmtinaya əsas olaraq ölüm haqqında tibbi şəhadətnamənin olmaması bildirilmişdir. Lakin ərizəçiyə tibbi şəhadətnamə verilməmiş, yalnız ərizəyə əlavə edilən təcili tibbi yardım tərəfindən verilmiş arayış təqdim edilmişdir. Hesab edir ki, hazırki mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Xızı Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(068)-332/2024 nömrəli qərardadı ilə ərizəçinin ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, ərizəçiyə “Ölüm haqqında tibbi şəhadətnamə’'nin alınması ilə bağlı müvafiq tibb müəssisəsinə müraciət etmək, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisəsinə qarşı aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçi həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qərardadın məzmununa istinad edilməklə göstərilir ki, məhkəmə nəzərə almamışdır ki, onun məhkəmədə qaldırdığı tələb 12 may 1984-cü il təvəllüdlü X3 01 avqust 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə olmuşdur. Hazırki tələb məhkəmədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi olsaydı, məhkəmə qərardadı əsaslı olardı. Belə ki, tibbi şəhadətnamə verilərkən inzibati orqan orada ölümün səbəbini qeyd etməlidir. Bir daha nəzərə çatdırır ki, onların tələbi ölüm faktının qeydiyyata alınması olmuşdur, o da bir mənalı şəkildə rayon məhkəmələrinin səlahiyyətindədir. Xızı Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(068)-332/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi iş materiallarına əsasən müəyyən edilir ki, Sumqayıt şəhər Təcili və X4 Bölməsinin xx.xx.2024-cü il tarixli, 1979 nömrəli arayışa əsasən xx.xx.2024-cü il tarixdə, saat 12:09-dа ünvan 2 ünvanında yaşayan xx.xx.1984-cü il təvəllüdlü X5 adına “bağlı qapı” səbəbi ilə FHN tərəfindən 13 saylı çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda bağlı qapı açılandan sonra evdə arxası üstə uzanmış vəziyyətdə xx.xx.1984-cü il təvəllüdlü X3 meyidini aşkar etmişdir. Ailə üzvləri mərhumun hər hansı bir xəstəlik keçirmədiyini, qəflətən vəfat etdiyini bildirmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq ölüm əlamətləri aşkar olunmamışdır. Çağırış haqqında Polis İdarəsinə məlumat verilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin xx.xx.2024-cü il tarixli, xx-xx- 13248/24 nömrəli arayışından görünür ki, ünvan 3 ünvanında yaşamış, xx.xx.1984-cü il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə yaşadığı mənzildə qəflətən vəfat etmişdir. Hadisə yerində hər-hansı bir cinayət hadisəsi və ya hüquq pozuntusu aşkar edilməmiş, ölüm hadisəsi cinayət xarakterli deyildir. 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-71-15-650/2024 nömrəli məktubdan görünür ki, X3 ölümünün qeydiyyata alınması ilə bağlı 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə təqdim edilmiş ərizəyə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X3 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığına görə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Sumqayıt Tibb Mərkəzi PHŞ 1 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 438 nömrəli arayışından görünür ki, əgər ölüm faktı Təcili və X4 gələnədək (yəni həkimə qədər) baş veribsə, ölümün səbəbi məlum deyilsə (şikayət olmayıb, heç bir poliklinikaya müraciət etməyib, tibbi sənədləri yoxdur, ölüm qəfil baş verib) ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün məhkəməyə müraciət olunur. Birinci instansiya məhkəməsi ərizəçinin ərizəsini geri qaytararkən ilk növbədə qeyd etmişdir ki, Xızı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(068)-291/2024 nömrəli qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizənin icraata qəbul edilməsindən imtina edilmiş və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmış, eləcə də Ərizəçi “Ölüm haqqında tibbi şəhadətnamə’'nin alınması ilə bağlı müvafiq tibb müəssisəsinə müraciət etmək, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisəsinə qarşı aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdır. Ərizəçi həmin qərardaddan məhkəməyə şikayət verməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizəçinin ərizəsinin geri qaytarılması ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 307 və 308-ci maddələrinin tələbləri baxımından məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hazırkı iş üzrə də qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadında istinad olunmaqla ətraflı şərh olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019cu il tarixli, 03 saylı Qərarında əks etdirilmiş hüquqi mövqeyə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın tələblərinə əsasən ərizəçi “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən imtina edən tibb müəssisəinə qarşı inzibati icraat qaydasında iddia qaldıra bilər. Qeyd edilən xüsusatlar birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh edilməklə ərizəçiyə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edildiyindən, məhkəmə kollegiyası həmin halların yenidən təkrarlanmasına lüzum görmür. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılmasına dair mahiyyətcə düzgün qərardad çıxarmışdır. Məhkəmə kollegiyası ərizəçinin diqqətinə onu da çatdılrmaq istəyir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad edilən xx.xx.2019-cu il tarixli Qərarında əks edilmiş hüquqi mövqedən sonra inzibati məhkəmələr maraqlı şəxslərin tibb müəssisələrinə qarşı ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizələrinə mahiyyəti üzrə baxaraq müvafiq qərarlar qəbul edirlər. Ərizəçinin də hazırkı iş üzrə nail olmaq istədiyi hüquqi nəticəyə çatmaq üçün inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq imkanı mövcuddur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Xızı Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(068)-332/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1764/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1764/2024
15.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver