Məhkəmə qərarları › İş №2(105)-1773/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1773/2021

17.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1773/2021 17.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə çıxarılmış Şuşa Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şuşa Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərardadı ilə (hakim C.İ.Səfiyeva) Şuşa Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(077)-304/2020 saylı qərardadından Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpasına dair vəsatətin təmin edilməməsi və verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 2012-ci il buraxılışı, qara rəngli **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban VVP1ZZZ92ZCLA83204) «X4 minik» markalı avtomobilin Cavabdeh qanunsuz sahibliyindən (istifadəsindən) alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, İddiaçı ərizə verərək gələcəkdə qətnamənin icrasını təmin etmək və əsaslandırmaq məqsədilə mülkiyyətində olan 2012-ci il buraxılışı, qara rəngli **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban VVP1ZZZ92ZCLA83204) «X4 minik» markalı avtomobilin üzərinə həbs qoyulması, istismardan çıxarılaraq saxlanılması və dayanacaga yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(077)-304/2020 saylı qərardadı ilə iddianın təmin tədbiri barədə ərizə təmin edilmiş və xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı məxsus «X4 minik» markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması, avtomobilin saxlanılaraq istismardan çıxarılması və avtodayanacağa yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Cavabdeh 19 fevral 2021-ci il tarixdə həmin iş üzrə Şuşa Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(077)-304/2020 saylı qərardadından şikayət vermə müddətinin bərpasına dair vəsatət və şikayət vermişdir. Cavabdeh məhkəmənin şikayət vermək üçün ötürülmüş müddəti pandemiya dövrünü və mövcud vəziyyəti nəzərə alaraq bərpa edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad hərtərəfli, tam və obyektiv olmadığı üçün ləğv edilməlidir. Məhkəmə qərardad qəbul edən zaman mübahisəli olan avtomobilin üzərinə həbs qoya bilərdi. Məhkəmənin qərardadda qeyd etdiyi avtomobilin saxlanılaraq istismardan çıxarılsın və avtodayanacağa yerləşdirilsin hissəsi ilə razı deyildir. Şuşa Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(077)-38/2021 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəfin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarından müəyyən olunur ki, Cavabdeh Şuşa Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(077)-304/2020 saylı qərardadını 25 noyabr 2020-ci il tarixdə məhkəmə qəbzini imza edərək qəbul etmiş və məhkəmə qərarını aldığı vaxtdan xeyli müddət keçməsinə baxmayaraq şikayəti 19 fevral 2021-ci il tarixdə vermişdir. Şikayət vermə müddətinin bərpasına dair ərizəni mövcud pandemiya vəziyyəti ilə əlaqələndirərək müddətin bərpa edilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsaslı sayıla bilməz. Belə ki, mövcud pandemiya vəziyyəti ilə əlaqədar məhkəmələrdə işlərə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli məlumatına əsasən 14 dekabr 2020-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək təxirə salınmışdır. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə verilir. İş materiallarından görünür ki, cavabdeh qərardadı 25 noyabr 2020-ci il tarixdə qəbul etmiş və 10 gün müddətində müvafiq qərardan şikayət verməli idi. Həmin müddət şərtləşdirilmiş xüsusi karantin rejimi müddəti ilə eyni vaxta düşmür və şərtləşdirilmiş xüsusi karantin rejimi olmasına baxmayaraq cavabdeh məhkəməyə poçt vasitəsilə şikayəti göndərə bilərdi. Məhkəmə kollegiyası cavabdehin iş üzrə apellyasiya şikayətinin vaxtında verilməsi barədə gətirdiyi dəlili qəbul etmir və birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq edilməsini hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin iş üzrə 25 fevral 2021-ci il tarixli 2(077)-38/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar