Məhkəmə qərarları › İş №2(105)-1779/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1779/2025

15.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1779/2025 15.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(060)-6781/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. Mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 1) Hər iki tərəf, mediasiya prosesində nikah münasibətlərinin davam etdirəcəklərini və hal-hazırda aralarındakı nikaha xitam vermək istəmədiklərini bildirdilər. 2) Tərəflər birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 hal-hazırda Ərizəçi ilə birlikdə yaşadıqlarını, yetkinlik yaşına çatana kimi onun himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar. 3) Ərizəçi xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 atası Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. 4) Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin sentyabr ayından başlayaraq hər ay (hər ayın sonuncu günündən gec olmayaraq, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür. 5) Tərəflər arasında xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci təvəllüdlü X1 təhsili və dini etiqadı ilə bağlı hər hansı mübahisə və ya fikir ayrılığı yoxdur.

Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla, yəni Ərizəçi ilə iş üzrə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, onunla, yəni Ərizəçi ilə iş üzrə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi təsdiqlənmişdir. Həmin barışıq sazişi Sumqayıt şəhəri Mediasiya təşkilatında təsdiqlənmişdir. Həmin sazişə görə aşağıda göstərdiyi öhdəlikləri qəbul etmişlər: 1. Hər iki tərəf mediasiya prosesində nikah münasibətlərini davam etdirəcəklərini və hal-hazırda aralarındakı nikaha xitam vermək istəmədiklərini bildirdilər. 2. Tərəflər birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 hal-hazırda Ərizəçi ilə birlikdə yaşadıqlarını, yetkinlik yaşma çatana kimi onun himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar. 3. Ərizəçi xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 atası - Maraqlı şəxs ilə hər hansı (ay, gün, saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. 4. Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanması üçün 2023-cü ilin sentyabr ayından başlayaraq hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür. 5. Tərəflər arasında xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 təhsili və dini etiqadı ilə bağlı hər hansısa mübahisə və ya fikir ayrılığı yoxdur. Göründüyü kimi iş üzrə maraqlı şəxs uşaqlara 2023cü ilin sentyabr ayından başlayaraq hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat alimenti ona, yəni Ərizəçi qızma ödəyəcəyinə dair öhdəlik götürüb. Həmin vaxtdan sonra cəmi 2 ay aliment ödədi. Qalan aylarda heç bir ödəniş etməyib. Sadəcə onun valideynlərinə məxsus evdə qaldığı üçün aliment tələb etməyə çəkinirdi. Fikirləşirdi ki, bunu etdiyi halda evdən çıxarıla bilər. Hal-hazırda iş üzrə maraqlı şəxsin təzyiqi ilə artıq 2 aydır ki, evdən çıxarılmışdır. Öz valideynlərinə məxsus evdə yaşayır.

4. Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(060)-6781/2025 nömrəli qətnaməsi ilə ərizənin qismən təmin edilməsi, Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatı vasitəsilə bağlanılmış MŞS/MT030/2023-01553 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişinin 4-cü bəndi aşağıdakı məzmunda təsdiq edilməsi: “ Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin sentyabr ayından başlayaraq hər ay (hər ayın sonuncu günündən gec olmayaraq), hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür”, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Vəfa Şirəliyeva).

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilik mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtinanın qanunazidlik və başqa şəxslərin mənafeyi kimi 2 halını müəyyən etmişdir. Bunlar barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Belə ki, məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurubvurmadığını və s.) yoxlamalıdır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olmadığı qənaətinə gələrsə onun təsdiqindən imtina etməlidir, əks halda isə onu təsdiqləyir. Məhkəmə qeyd etmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.2, 34.3, 34.4-cü maddələrinə müvafiq olaraq barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Yuxarıda qeyd edilən qanunvericilik normalarında nəzərdə tutulmuş mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması onu nəzərdə tutur ki, mediasiya prosesi nəticəsində barışıq sazişi bağlandıqdan sonra sazişin tərəflərinin biri və ya hər ikisinin həmin barışıq sazişinin şərtlərinə müvafiq olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olur və tərəf müvafiq öhdəliyi icra etmir və ya lazımi qaydada icra etmir. Barışıq sazişinin tərəflərinin sazişin şərtlərinə uyğun olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olarsa və tərəflərdən biri barışıq sazişinin şərtini qanunvericiliklə müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməzsə sazişin digər tərəfi barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin Azərbaycan Respublikasının MPM-in 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə barışıq sazişinin 1-ci, 2-ci və 5-ci bəndlərinə münasibətdə qeyd etmişdir ki, həmin bəndlərlə tərəflərin nikah münasibətlərini davam etdirməklə bağlı niyyətləri,tərəflər arasında uşaqların təhsili və dini etiqadları ilə bağlı mübahisənin olmaması və uşaqların valideynlərdən kimin himayəsində qalması ilə bağlı mübahisə həllini tapmışdır, hər hansı bir qeyri-müəyyənlik, həmçinin, icrası nəzərdə tutulan hər hansı bir şərt mövcud deyildir. Həmin bəndlərin mahiyyəti ondan ibarətdir ki, tərəflər nikah münasibətlərini davam etdirmək niyyətindədirlər və Maraqlı şəxs birgə nikahdan dünyaya gələn övladlarının analarının yanında (himayəsində) qalmasına razıdır. Göründüyü kimi, bu şərtlər özüözlüyündə bir növ mövcud vəziyyətin saxlanılmasına, yəni uşaqların ananı himayəsində qalmasının və nikah münasibətlərinin davam etdirilməsinin təsbitinə yönəlmişdir. Belə olan halda isə, həmin şərtlərin məhkəmə qaydasında təsdiq olunmasına (məcburi icraya) zərurətin nədən ibarət olması aydın deyildir. Ərizəçi ərizəni bu istiqamətdə ümumiyyətlə əsaslandırmamışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, barışıq sazişi həmin hissələrdə təsdiq edilməməlidir. Məhkəmə barışıq sazişinin 3-cü bəndi ilə bağlı qeyd etmişdir ki, həmin bənd uşaqlarla atanın ünsiyyət hüququnun təmin edilməsi ilə bağlıdır. Hazırki ərizənin ərizəçi tərəfindən verilməsi və ərizəçiyə münasibətdə barışıq sazişinin icra edilib-edilməməsi məsələsi araşdırıldığından məhkəmə hesab etmişdir ki, barışıq sazişi qeyd olunan hissədə də təsdiq edilməməlidir. Başqa sözlə barışıq sazişinin həmin hissədə icrası hazırki halda ərizəçidən asılıdır. Ərizəçi tərəfindən gələcəkdə maraqlı şəxsin uşaqlarla ünsiyyətinə hər hansı maneənin törədiləcəyi halda maraqlı şəxs, barışıq sazişinin qeyd edilən hissəsinin təsdiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilər. Çünki qanunvericiliyin tələbinə görə barışıq sazişi könüllü icra edilmədiyi təqdirdə onun məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranır. Buna görə də məhkəmə hesab etmişdir ki, barışıq sazişi 3-cü bəndin təsdiq edilməsi hissəsində də təmin edilməməlidir. Məhkəmə barışıq sazişinin 4-cü bəndi ilə bağlı qeyd etmişdir ki, tərəflər həmin bənddə maraqlı şəxs tərəfindən birgə nikahlarından doğulmuş övladlarına alimentin ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Ərizəçi həmin bəndin icra edilməməsi səbəbindən barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs da aliment borcunun olduğunu bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış barışıq sazişinin 4-cü bəndini təhlil edərək hesab etmişdir ki, ərizəçinin Barışıq sazişinin həmin hissədə təsdiq edilməsindən imtina üçün Mülki- Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Tərəflər mediasiya prosesində uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənilməli olan alimentin miqdarı ilə bağlı barışıq əldə etmişlər. Ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir. Belə olan halda sazişin məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə sözügedən barışıq sazişinin 4-cü bəndinin təsdiq edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab etmişdir ki, ərizə təmin edilməli, Ərizəçi ilə X4 arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞS/MT030/2023-01553 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişinin 4-cü bəndi təsdiq edilməlidir.

6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 107, 119.1, 217.3, 218.3, 355-23.1, 355-23.2, 355-25.3, 355-26.1, 355-26.2-ci, Mediasiya haqqında Azərbaycan Respublikasının qanunun 34-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən narazı qalan Maraqlı şəxs apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(060)-6781/2025 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatı vasitəsilə bağlanılmış MŞS/MT030/2023-01553 saylı, xx.xx.2023- cü il tarixli barışıq sazişinin 4-cü bəndinin “Maraqlı şəxs tutulacaq aliment məbləğinin 2023-cü ilin sentyabr ayından başlayaraq hesablanması” hissəsində təsdiq edilməməsini xahiş etmişdir.

8. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qismən əsassız hesab edir və hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi eyni zamanda “aliment borcunun 2023-cü ilin sentyabr ayından başlayaraq tutulması” hissəsində də təsdiq edilməli deyildi. İş materiallarından görünür ki, onunla Ərizəçi arasında barışıq sazişi 2023-cü ilin sentyabr ayında bağlanmışdır. 2023-cü ilin avqust ayında ərizəçi uşaqları götürərək evdən getmişdir. Lakin mediasiya prosesinin gedişində barışıq sazişi bağlandıqdan bir neçə gün sonra ərizəçi uşaqları da götürüb evə qayıtmışdır. Bu faktı ərizəçi birinci instansiya məhkəməsində özü də etiraf etmişdir. Məhkəmə iclas protokolunda və videoyazılarda bu aydın şəkildə öz əksini tapmışdır. Əgər belə olmasaydı ərizəçi aradan keçən 2 il ərzində aliment borcunu ondan tələb edərdi, yaxud sazişin təsdiqi üçün çoxdan məhkəməyə müraciət edərdi. Nəticə etibarilə birgə nikahda olan uşaqlar yenə onun himayəsində olmuş, bütün maddi ehtiyacları onun tərəfindən ödənilmişdir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinin məzmunundan aydın olur ki, aliment uşaqların saxlanılması üçün vəsaitdir. Həmin maddənin məzmunundan o da aydın olur ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 2023-cü ilin sentyabr ayından etibarən ərizəçi ilə birgə nikahlarından olan X2 və X1 bütün maddi təminatı onun tərəfindən həyata keçirilmişdir. Onlar ərizəçi ilə birgə ona məxsus evdə yaşamış və ərizəçi də buna etiraz etməmişdir. Belə olan halda barışıq sazişinin həmin hissəsi etibarsız hesab olunmalı idi. Barışıq sazişi və ya onun bir hissəsi qanunazidd olduqda məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Faktiki olaraq uşaqlar barışıq sazişi bağlandıqdan indiyə qədər onun himayəsində olmuşlar, onun maddi təminatı və qayğısı ilə əhatə olunmuşlar. Buna görə sazişin həmin hissəsi qanuna ziddir və saziş həmin hissədə təsdiq edilməli deyildi. O, hər uşağa görə sazişdə nəzərdə tutulmuş aliment məbləğini ödəməyə hazırdır. Lakin bu məbləğin uşaqların faktiki olaraq onun himayəsindən çıxdığı tarixdən hesablanmasını tələb edir.

Apellyasiya şikayətinə etiraz

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin izahatında qeyd etdi ki, ərizəçi iki il uşaqlarla birlikdə onun evində qalmış, bütün maddi ehtiyaclarını o qarşılamışdır. 3 aydır rəsmi qaydada boşandıqlarından ayrı yaşayırlar. Barışıq sazişində alimentin nə vaxtdan hesablanması düzgün olmadığından mübahisələndirir. Barışıq sazişinin təsdiq olunmasına etirazı yoxdur, yalnız boşandıqdan sonrakı dövr üçün alimentin hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İyul ayında ərizəçi uşaqlarla birlikdə evi tərk edib getdiyindən, bu aydan hesablanaraq alimenti ödəməyə razıdır.Uşaqların eləcə də, anasının ehtiyaclarını tam şəkildə o ödəmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin izahatında qeyd etdi ki, o, uşaqlarla birlikdə Maraqlı şəxs evində qalsa da, bütün maddi ehtiyaclarını o, işlədiyindən aldığı əmək haqqından qarşılanmışdır. Uşaqlarla birlikdə bu evdə yaşadığından M. İsmayılovdan aliment tələb edə bilmirdi. Ailə kimi yaşamamışlar, sadəcə qayınatası və qayınanası boşanma olmadan onların evində birlikdə yaşamağını bildirdiyindən qayıtmışdır. 2 dəfə maraqlı şəxsə bankdan kredit götürdüyü üçün zamin durmuşdur, lakin 3-cü dəfə zamin olmadığı üçün onu uşaqların qarşısında vurmuş, evdən qovmuşdur.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun:

34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, hazırkı iş üzrə məhkəmə baxışının predmeti tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilibedilməməsi məsələsidir.

16. Hazırki məhkəmə aktının 12-ci bəndində qeyd edilmiş Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsində barışıq sazişinin və ya onun bir hissəsinin təsdiqindən imtina üçün əsaslar müəyyən edilmişdir. Həmin əsaslar yalnız barışıq sazişinin qanuna zidd olması və ya mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunması halları ilə məhdudlaşır. Apellyasiya şikayətində alimentin 2023-cü ilin sentyabr ayından hesablanmasına etiraz edilməklə faktiki olaraq barışıq sazişinin 4-cü bəndinin təsdiq edilməməsi tələb olunur. Həmin irəli sürülən dəlillər isə barışıq sazişinin qanunazidliyini deyil, tərəflər arasında sonradan yaranmış mübahisəni əhatə edir ki, bu da hazırkı icraatın predmetinə daxil deyildir. Buna görə həmin bəndin təsdiq edilməsindən imtina olunması üçün əsaslar işin hallarına əsasən müəyyən edilmir.

17. Məhkəmə kollegiyası onu da qeyd edir ki, maraqlı şəxs apellyasiya şikayətin dəlillərində qeyd etdiyi ərizəçi və övladlarına maddi ehtiyaclarını qarşılamasına dair halları ayrıca mübahisələndirmək hüququna malikdir. Lakin barışıq sazişinin təsdiqi ilə bağlı icraat çərçivəsində bu cür tələblərin irəli sürülməsi hüquqi baxımdan yolverilməzdir.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(060)-6781/2025 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar