Məhkəmə qərarları › İş №2(105)-1784/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1784/2022

05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1784/2022 05.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndələri X2, X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "kredit borcunun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(012)- 209/2022 nömrəli qətnaməsindən İddiaçı ASC-nin və Cavabdeh1 apellyasiya şikayəti üzrə işə baxaraq, müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "kredit borcunun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi və s.” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASCnin xeyrinə 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 39564.04 ABŞ dolları əsas, 47720.38 ABŞ dolları faiz, 6656.42 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1820.45 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 97581.74 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən, 5 otaqlı, 152.8 kv.m ümumi, 90.4 kv.m yaşayış, 62.4 kv.m yardımçı sahədən ibarət 7A nömrəli fərdi yaşayış evinə və 0.0172 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma ipoteka predmetinə yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 25% ilə 48 ay müddətinə 40500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən, 5 otaqlı, 152.8 kv.m ümumi, 90.4 kv.m yaşayış, 62.4 kv.m yardımçı sahədən ibarət 7A nömrəli fərdi yaşayış evi və 0.0172 ha torpaq sahəsi 14 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2021-ci ilin mayın 5-dək Cavabdeh1 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 39564.04 ABŞ dolları əsas, 47720.38 ABŞ dolları faiz və 6656.42 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 95761.29 ABŞ dolları borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə ediləcək pul vəsaiti borcun ödənilməsinə yönəldilməlidir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(012)-209/2022 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 37865.54 ABŞ dolları məbləğində əsas, 29384.94 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, əsas borc üzrə 5 faizlə hesablanmış 1820.45 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 69120,93 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində 0.0172 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 152.8 kv.m ümumi sahədən ibarət 7A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 81000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsi təmin edilməsi, əmlakın satışından əldə ediləcək vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, əmlaka tutma yönəldikdən və o, açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılması və həmin əmlakın boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və faizlər düzgün hesablanmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ekspert rəyinə əsaslanaraq əsas, faiz və dəbbə borcunu azaltmaqla düzgün qənaətə gəlməmişdir. Belə ki, ekspert rəy verərkən Cavabdeh1 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 14 noyabr 2018-ci il tarixə olan əsas borcunu 37865.54 ABŞ dolları, faiz borcunu isə 29384.94 ABŞ dolları olaraq hesablamışdır. İddiaçının nümayəndəsinin təkrar ekspertiza barədə vəsatəti təmin edilməmişdir. Təkrar ekspertiza təyin edilməli və ekspert dəbbə borcuna silinmələri də nəzərə alaraq, təqdim edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Həm də təqdim etdikləri sübutlar digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Həmçinin Cavabdeh1 kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən və ödənişləri gecikmələrlə etdiyindən onun kredit borcuna müqavilənin şərtlərinə uyuğun olaraq əlavə faiz və cərimələr hesablanmışdır. Bu səbəbdən Cavabdeh1 banka etdiyi ödənişlərdən cərimə məbləğlərinə də silinmələr aparılmışdır. Lakin ekspert rəyində qeyd edilənlər nəzərə alınmamışdır. Bundan başqa, məhkəmə dəbbə pulunun həcmini əhəmiyyətli azaldarkən, qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanmış, lakin “Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki, dəbbə pulunun 50 ABŞ dolları məbləğdə müəyyən edilməsi iddiaçı tərəfindən tələb olunan cərimə məbləği ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Ona görə də, cərimə elə məbləğdə müəyyən edilməlidir ki, pozuntu törədən şəxs pozuntuya uyğun məhrumiyyətə (pul itkisinə) məruz qalsın, bununla da mülki hüquqi cəzanın yaratdığı məhrumiyyəti öz üzərində hiss etsin. Birinci instansiya məhkəməsi ekspert rəyinə istinad edərək əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Göründüyü kimi, ekspert rəyi məhkəmə üçün məcburi olmamaqla birlikdə digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Yəni ekspert rəyi sübutlardan sadəcə biridir və həmin rəyə əsasən qətnamə qəbul edilməsi əsassızdır. cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, krediti 2014-cü ildə ABŞ dolları ilə götürmüşdür. Lakin ölkədə olan məlum devalvasiyalardan sonra ödəyə bilməmişdir. Məhkəmə isə bu halı nəzərə almadan iddianı təmin etmişdir. Hesab edir ki, müqavilədə kreditin müddəti nəzərdə tutulduğuna görə faiz borcu artıq hesablanmışdır. Məhkəmə tərəfindən ekspertiza təyin edilsə də, ekspertizanın rəyi həqiqəti əks etdirməmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndələri X4 və X3 iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər və bildirdilər ki, iddiaçının apellyasiya şikayətində ekspertiza keçirilməsi xahiş olunsa da, ekspertiza keçirilməsini tələb etmir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş edirlər. Cavabdeh1 iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2022-cu il tarixli, 2(012)-209/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarından olan xx.xx.2014-cü il tarixli 27-G-1-0-385-14 saylı uzunmüddətli kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 "xxxx" İKB ASC tərəfindən 48 ay müddətinə illik 25 faizlə 40500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 27-G-1-0-385-14 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borc üzrə 39564.04 ABŞ dolları, faiz borcu üzrə 47720.38 ABŞ dolları, 6656.42 ABŞ dolları cərimə, əsas borca hesablanmış illik 5% ilə 1820.45 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 95761.29 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2014-cü il qeydiyyat tarixli, ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 0.0172 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 152.8 kv.m ümumi sahədən ibarət 7A nömrəli fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 27-G-1-0-385-14 saylı ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" İKB ASC və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış həmin müqaviləyə əsasən ipoteka qoyan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 152.8 kv.m ümumi sahədən ibarət 7A nömrəli fərdi yaşayış evi ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında xx.xx.2014-cü il tarixli 27-G-1-0385-14 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 80000 manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2021-ci il tarixli bildirişdən müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi, ev 7A-nın ipoteka ilə yüklü edilməsi və bunun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlamaları barədə Cavabdeh1 "xxxx" İKB ASC tərəfindən xəbərdar edilmişdir. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında xx.xx.2021-ci il tarixli ərizədən müəyyən edilir ki, "xxxx" İKB ASC ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi, ev 7A-ya tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1 göndərilmiş bildirişin xx.xx.2021-ci il tarixdə ünvana çatdırılmasını qeyd edərək, tutmanın yönəldilməsi haqqında bildirişi qeydə almağı ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsindən xahiş etmişdir. İş materiallarından müəyyən edilir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 öz öhdəliklərinin icrası barədə "xxxx" İKB ASC tərəfindən xəbərdar edilmişdirlər. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından müəyyən edilir ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2021-ci il tarixli, 9/6895 saylı müvafiq ekspert rəyinin nəticə hissəsinə əsasən, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın Banka olan borcu - 37865.54 ABŞ dolları əsas borc, 29384.94 ABŞ dolları faiz borcu, əsas borca görə 5 faizlə hesablanmış 4685.86 ABŞ dolları məbləğində əldən çıxmış fayda olaraq müəyyən edilmişdir. İş materiallarında olan “X5 Mərkəzi” MMC-nin 07 oktyabr 2021-ci il tarixli, 128 nömrəli rəyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 5 otaqlı, 152.8 kv.m ümumi sahəsi, 90.4 kv.m yaşayış, 62.4 kv.m yardımçı sahədən ibarət 7A nömrəli fərdi yaşayış evinin və 0.0172 ha torpaq sahəsinin hazırki bazar qiyməti 89700 manat, likvid dəyəri isə 81000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, iddia əsas və faiz borcuna münasibətdə ekspert rəyində göstərilən məbləğdə, əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə isə iddia tələbinə uyğun təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1 maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İddiaçının apellyasiya şikayətinin bir dəlili ondan ibarətdir ki, dəbbə pulunun 50 ABŞ dolları məbləğdə müəyyən edilməsi iddiaçı tərəfindən tələb olunan cərimə məbləği ilə müqayisədə tənasübsüz surətdə azdır. Birinci instansiya məhkəməsi iddia olunan cərimə məbləğini müəyyən edərkən Azərbaycan Respublikası MPM-in 467-ci maddəsinə istinad etmişdir. Kollegiya hesab edir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ vermişdir. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plunumunun 2014-cü il 24 dekabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin cərimə borcunun tutulmasına dair nəticəsi Mülki Məcəlləni 467-ci maddəsinin tələblərinə uyğundur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı apellyasiya şikayətində təkrar ekspertiza keçirilməli olmasını bildirsə də, apellyasiya baxışı zamanı iddiaçının nümayəndələri təkrar ekspertiza keçirilməsinə lüzum olmadığını bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin və Cavabdeh1 oğlunun apellyasiya şikayətləri təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(012)-209/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 393, 402.1, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı ASC-nin və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(012)-209/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar