Məhkəmə qərarları › İş №2(105)-1797/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1797/2023

07.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1797/2023 07.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “qanunsuz tikilinin sökülməsi və torpağın boşaldılaraq təhvil verilməsi” tələbinə dair ilk, iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cavabdehlər İddiaçı, Abşeron rayon Məmmədli Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə dair Abşeron Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(012)-26/2023 nömrəli qərardadından ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “qanunsuz tikilinin sökülməsi və torpağın boşaldılaraq təhvil verilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.2 ha torpaq sahəsindəki qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 öz növbələrində, İddiaçı, Abşeron rayon Məmmədli Bələdiyyəsinə və 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ******* seriyalı və xx.xx.2019-cu il tarixli, ******* seriyalı çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(012)-26/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “qanunsuz tikilinin sökülməsi və torpağın boşaldılaraq təhvil verilməsi” tələbinə dair ilk iddia ərizəsi təmin edilməmişdir (hakim Habil Əhmədov) Abşeron Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(012)-26/2023 nömrəli qərardadı ilə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cavabdehlər İddiaçı Tanrıverdi oğluna, Abşeron rayon Məmmədli Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından icraata xitam verilmişdir (hakim Habil Əhmədov). İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(012)-26/2023 nömrəli qərardadının ləğv olunmasını və qarşılıqlı iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, 29 dekabr 1989-cu il tarixli, 55 saylı Məmmədli tərəvəzçilik-südçülük sovxozu üzrə əmrlərə əsasən, Məmmədli kəndində və Kürdəxanı qəsəbəsində yaşayanlara, mənzil ehtiyacı olanlara, sovxozda daimi və müqavilə yolu ilə işləyənlərə mənzil tikmək üçün torpaq sahələri ayrılmış, o cümlədən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 0,12 ha həyətyanı sahə verilmişdir. Həmin vaxtdan həmin sahədə yaşamağa başlamışlar. Torpaq sahələrinin arxa tərəfində Abşeron rayonu ərazisinə daxil olan bütün xəritələrdə qeyd olunmuş göl mövcud idi. Həmin gölə qəsəbə sakinlərinin mütəmadi olaraq zibil atması, tullantı sularının axıdılması nəticəsində həmin yerdə dözülməz şərait əmələ gəlmiş, üfunət iyindən yaşamaq mümkünsüz hal almışdır. Bunun qarşısını almaq üçün 2000-ci ildə həmin ərazinin yaşadıqları sahəyə yaxın olan hissəsini öz şəxsi vəsaitləri hesabına külli miqdarda vəsait xərcləyərək yararlı bir vəziyyətə gətirmişlər. Lakin hazırda öz şəxsi vəsaitləri hesabına abadlaşdırdıqları həmin torpaq sahəsindən istifadə edə bilmirlər. Çünki, torpaq sahəsinin sənədləşdirilməsində əsassız əngəllərlə qarşılaşmışlar. Belə ki, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli məktubunda Məmmədli kəndində torpaq sahələrinin heç kəsin mülkiyyətinə verilməməsi, bələdiyyənin mülkiyyətində olduğu və həmin ərazidə hər hansı bir abadlaşdırma işlərinin aparılmadığı qeyd olunmuşdur. Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 30 avqust 2016-cı il tarixli məktubunda isə əvvəlki cavab məktubuna ziddiyyətli cavab yazılmışdır. Belə ki, həmin məktubda Məmmədli bələdiyyəsinin mülkiyyətində olmuş sözügedən ərazinin bələdiyyə mülkiyyətində olduğu və AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı torpaq müsabiqə Komisssiyasının 31 mart 2016-cı il tarixdə ayrı-ayrı vətəndaşlara satıldığı göstərilmişdir. Əgər sonuncu məktubda göstərildiyi kimi, həmin ərazi 31 mart 2016-cı il tarixdə satılmışdırsa, nəyə görə Məmmədli bələdiyyəsinin xx.xx.2016-cı il tarixli məktubunda həmin ərazinin bələdiyyənin mülkiyyətində olduğunu və heç kəsin mülkiyyətinə verilmədiyi göstərilmişdir. İş materiallarından görünür ki, cavabdehin adına çıxarış hərracın nəticələrinə dair yekun protokol əsasında verilmişdir. Belə olduğu təqdirdə, onlar inzibati aktı deyil, çıxarışın düzgün sənədlər əsasında verilmədiyini iddia edirlər. Bu zaman iddialarına mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Abşeron Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(012)-26/2023 nömrəli qərardadı ilə şikayətmin təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Habil Əhmədov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Abşeron rayon X1 Ağababa Ataəmi oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh1 ünvanladığı xx.xx.2016-cı il tarixli, 190 saylı məktubdan görünür ki, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən ərazi hüquqi cəhətdən heç kəsin mülkiyyətinə verilməmişdir. Bu isə həmin ərazinin Bələdiyyə mülkiyyətində olmasını göstərir. Bundan başqa, araşdırma zamanı o da müəyyən olunmuşdur ki, həmin ərazidə Bələdiyyə tərəfindən müvafiq sənədləşmə işləri aparılan zaman torpaq sahəsində heç bir tikinti işlərinin aparılmasına rast gəlinməmişdir. Ərizədə isə həmin ərazinin 2007-ci ildən abadlaşdırıldığı qeyd olunmuşdur. Araşdırma zamanı isə bu fakt öz təsdiqini tapmamışdır. İş materiallarında olan Abşeron rayon X1 Elşad Balababa oğluna və qeyrilərinə ünvanladığı xx.xx.2016-cı il tarixli, 343 saylı məktubdan görünür ki, torpaq sahəsi Məmmədli bələdiyyəsinin mülkiyyətində olmuş və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion mərkəzinin 5 saylı Torpaq müsabiqə və hərrac komissiyasının qərarı ilə xx.xx.2016-cı il tarixdə ayrı-ayrı vətəndaşlara satılmışdır. İş materiallarında olan Abşeron rayon Dövlət Arxivi-Məmmədli tərəvəzçilik-südçülük sovxozu üzrə verilmiş xx.xx.1989-cu il tarixli, 5 saylı əmr əsasında təqdim edilmiş arxiv çıxarışından görünür ki, Cavabdeh4 və digərlərinə Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.12 ha torpaq sahəsi mənzil tikdirmək üçün verilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0 və 2.0.1-ci maddələrinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinin tələblərinə görə - şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) (maddə 2.2.1), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) (maddə 2.2.2), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) (maddə 2.2.3), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) (maddə 2.2.4), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) (maddə 2.2.5), Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia) (maddə 2.2.6), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara (maddə 2.2.7) və bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına (maddə 2.2.8) - inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 5.1-ci bəndində qeyd olunur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 16.3-cü bəndində məhkəmələrə izah edilir ki, “ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0 və 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 2-ci bəndində məhkəmələrə izah edilir ki, ... mülki və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr həmin işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, Mülki-Prosessual Məcəllənin 153.2.1-ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər. Həmin Qərarın 17-ci bəndində qeyd edilir ki, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qanunvericiliyin yuxarıda şərh edilən müddəalarından müəyyən olunur ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2019-cu il tarixli, ******* seriyalı və xx.xx.2019cu il tarixli, ******* seriyalı çıxarışlar iddiaçıya hərrac təşkilatının nəticələrinə əsasən inzibati orqan tərəfindən verildiyindən iddia tələbi predmet və subyekt tərkibinə görə inzibati xarakterlidir və ümumi məhkəmədə baxıla bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, “iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cavabdehlər İddiaçı Tanrıverdi oğluna, Abşeron rayon Məmmədli Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışların ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından icraata xitam edilməsi tamamilə qanuni və əsaslı olmuşdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verərkən mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(012)-26/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar