Məhkəmə qərarları › İş №2(105)-1821/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1821/2023

30.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1821/2023 30.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin boşaldılması, əsl olmayan cavabdeh) X14 Süleymanovanın sədrliyi və məruzəsi, X13 Əhmədov və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Hüseyn Əlı̇ oğlu Babayevin, Üçüncü şəxslər X11 və X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(012)- 17/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX ******* saylı çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1350 ha torpaq sahəsinin 0,0846 ha hissəsi üzərində Cavabdeh tərəfindən çəkilmiş daş hasarın Cavabdeh vəsaiti hesabına sökülərək, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX tərəfindən verilmiş ******* saylı Çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.1350 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Torpağa dair mülkiyyət hüququ əldə etdikdən bir müddət sonra torpaq sahəsini daş hasara almaq istəmişdir. Torpaq sahəsinin yerləşdiyi yerə baş çəkərkən torpağın bir hissəsinin kənar şəxslər tərəfindən zəbt olunduğunu görmüşdür. Qonşu torpaq sahəsinin sahibləri ilə danışıqlar apararaq ona məxsus torpağın boşaldılmasını xahiş etmişdir. Eyni zamanda torpaq sahəsinin sərhəd koordinatlarının müəyyən edilməsi üçün DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 4 saylı Abşeron Ərazi idarəsinin xx.xx.2019-cu il tarixli cavab məktubundan sonra müəyyən oldu ki, torpaq sahəsinin 0,0846 ha hissəsi zəbt olunaraq daş hasara alınmışdır. Bundan sonra torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi üçün Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı müəyyən olmuşdur ki, ona məxsus torpaq sahəsi hazırki iş üzrə cavabdeh tərəfindən zəbt olunaraq daş hasara alınmış olsa da, cavabdehin də torpağa dair Çıxarışı mövcuddur. Bu səbəbdən də cinayət işinin başlanılması rədd edilərək, mübahisənin həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Artıq pozulmuş hüquqlarının başqa üsul və vasitə ilə bərpa olunması qeyrimümkün olduğundan məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,1350 ha torpaq sahəsi - kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı mülkiyyətindədir.

5. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən onun mülkiyyətində olan xx.xx.2012-ci il tarixli, **********418 reyestr nömrəli, 0.1350 ha torpaq sahəsinin plan ölçüdəki koordinatları mövqetəyinetmə cihazı vasitəsi ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sənəd üzrə torpaq sahəsinin 0.0846 ha hissəsi başqa şəxs tərəfindən inşa edilmiş daş hasarın daxilində yerləşir, 0.0504 ha hissəsi isə boş əraziyə düşür.

6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-124/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

7. X4 verilmiş xx.xx.2021-ci il tarixli 94 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,1350 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin AA 039253 nömrəli, xx.xx.2012-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündəki döngə nöqtələrinin koordinatlarının naturadakı yerindən (pay torpaqlarının bölgü layihəsində əks olunan yerdir) 30 metr aralıda şimal tərəfdə yerləşməsi və torpaq sahəsinin sənəd üzrə koordinatlarının səhvən Cavabdeh və digər iki vətəndaşın mülkiyyətində olan torpaq sahəsinin üzərinə işlənməsi müəyyən edilir. - İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,1350 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin AA 039253 nömrəli, xx.xx.2012-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündəki döngə nöqtələrinin koordinatları nəzərə alınmaqla, həmin torpaq sahəsinin Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,6794 ha torpaq sahəsi ilə qismən üst-üstə düşdüyü müəyyən edilir.

8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-540/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2023-cü il tarixli 10/2596 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Layihə-Tədqiqat İdarəsinin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı verilmiş xx.xx.2012-ci il tarixli, **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1350 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilərək istinad nöqtələri ləğv olunduğundan torpaq sahəsini Cavabdeh tərəfindən zəbt edilib-edilməməsinin araşdırılması mümkün olmamışdır.

10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-124/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2023-cü il tarixli 10/6069 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron ərazi idarəsinin yerquruluşunun təşkili şöbəsinin mühəndisi A. Əhmədovun mütəxəssis rəyində qeyd edilir ki, Dövlət Aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, **********18 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,1350 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, xx.xx.2015-ci il tarixli, **********34 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,6794 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu Mehdiabad qəsəbəsi Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır.

12. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanladığı sorğuya cavab olaraq göstərilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində Cavabdeh məxsus daşınmaz əmlakın olub-olmaması, olduğu təqdirdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən “Çıxarış”ın, plan və ölçü sənədinin təsdi edilmiş surətlərinin təqdim olunması ilə bağlı müraciətə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, Cavabdeh adına Mehdiabad qəsəbəsində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

14. xx.xx.2021-ci il tarixli AN-İ№ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Babayev X15 rayonu, Mehdiabad qəsəbəsində yerləşən tam mülkiyyət üzrə ona məxsus olan 0.6794 ha olan torpaq sahəsinin ½ hissə, 0,3397 ha hissəsini 142.500 manata alıcı X2.

15. xx.xx.2021-ci il tarixli AN-İ№ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Babayev X15 rayonu, Mehdiabad qəsəbəsində yerləşən tam mülkiyyət üzrə ona məxsus olan 0.6794 ha olan torpaq sahəsinin ½ hissə, 0,3397 ha hissəsini 142.500 manata alıcı X3.

16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.3397 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi X9 və 0.3397 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi X5 adına Daşınmaz əmlakın dövlət reyestrində 796 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

17. Abşeron Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(012)-17/2023 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, İddiaçı 100 manat ekspertiza xərcinə görə pulun tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4 və 239.2-ci maddələri, Azərbaycan Respublikaı Torpaq Məcəlləsinin 84 və 111-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 216-220, 233, 234 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

19. Abşeron Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(012)-17/2023 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 4saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən onun mülkiyyətində olan xx.xx.2012-ci il tarixli, **********418 reyestr nömrəli, 0.1350 ha torpaq sahəsinin plan ölçüdəki koordinatları mövqetəyinetmə cihazı vasitəsi ilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sənəd üzrə torpaq sahəsinin 0.0846 ha hissəsi başqa şəxs tərəfindən inşa edilmiş daş hasarın daxilində yerləşir, 0.0504 ha hissəsi isə boş əraziyə düşür. Göründüyü kimi işə baxan məhkəmə işin bu faktiki hallarını araşdırmamış, bu halın müəyyən olunması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, lakin ekspertizadan müvafiq rəy alınmadan mülki işin araşdırılmasını yekunlaşdıraraq yekun məhkəmə aktı qəbul etmişdir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(012)-17/2023 nömrəli qətnaməsi ləğv olunara iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

21. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

22. İddiaçı apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

23. İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

24. Cavabdeḣ oğlu apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi və həmçinin bildirdi ki, mübahisəli torpaq sahəsi özgəninkiləşdirilərək xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X11 və X1.

25. Üçüncü şəxslər X11 və X12 xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsini Cavabdeh qanuni əsaslarla alqı-satqı müqaviləsi bağlayaraq aldıqlarını, hazırda həmin torpaq sahəsinin mülkiyyətlərində olduqlarını bildirdilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kim sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamışdır.

32. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin göstərişlərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məsələsini yoxlayır.

33. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, mülki iş birinci instansiya məhkəməsinin icraatında olarkən Cavabdeh xx.xx.2021-ci il tarixli AN-İ№ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən tam mülkiyyət üzrə ona məxsus olan 0.6794 ha olan torpaq sahəsinin ½ hissə, 0,3397 ha hissəsini X7 və xx.xx.2021-ci il tarixli AN-İ№ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ½ hissə, 0,3397 ha hissəsini isə X3. xx.xx.2021-ciı il tarixdən iddiaçının mübahisələndirdiyi ərazi üçüncü şəxslərin mülkiyyətindədir. Göründüyü kimi mübahisə predmeti olan ərazi cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir.

34. Qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, cavabdehin əsl cavabdehlə əvəz olunması məsələsinə qiymət verilməmiş, əmlakın yeni mülkiyyətçiləri işdə iştirak etməyə cəlb olunmamış, bununla da natamam araşdırma aparılaraq düzgün olmayan qətnamə qəbul edilmişdir.

35. Mülki prossesual qanunvericiliyin tələbinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. İddia cavab verməli olan şəxsə qarşı yönəlməlidir.

36. Göründüyü kimi kollegiya araşdırması zamanı mübahisə üzrə tələb yönəlmiş cavabdehin iddiaya cavab verməli olmayan şəxs olduğu müəyyən edilmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən işin faktiki halları tam araşdırılmamış, prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(012)-17/2023 nömrəli qətnaməsi tələb iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilməlidir.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbi yönəlmiş cavabdeh iddiaya cavab verməli olmayan şəxs olduğundan apellyasiya şikayətinin dəlillərinə dair araşdırma apararaq işin mahiyyəti üzrə həllinin qanuniliyinə və əsaslığına qiymət verilməsinə zərurət görmür.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(012)-17/2023 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh qarşı "zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi" tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar