Məhkəmə qərarları › İş №2(105)-1831/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1831/2022

11.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1831/2022 11.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və digər tələblərə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-756/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 2(012)-756/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 6080 manat təmirə çəkilən xərc, 8063 manat kredit ödənişi üzrə aparılan pul, cəmi 14.143 (on dörd min yüz qırx üç) manat məbləğində pulun tutularaq İddiaçı2 və 50 manat dövlət rüsumuna görə pul tutularaq İddiaçı1 verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakim C.Səfiyeva) Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-756/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin hərrac vasitəsi ilə satılaraq banka ödənilən pulun verilməsi və digər tələblərə dair iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu və 150-ci maddələrinin tələblərini rəhbər tutaraq Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, ev 111 saylı mənzilə dair iş üzrə Cavabdeh2 adına verilmiş müqavilənin etibarsız hesab edilməsi və qeyd olunan mənzilin hərrac vasitəsi ilə satılaraq onlara düşən payın ödənilməsini təmin edən qətnamə qəbul edilməsini xahiş etmişlər. Sonradan iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə ev 111 saylı mənzilə dair 25 noyabr 2019-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeyd edilən mənzilin hərrac vasitəsi ilə satılaraq iddiaçılara mənzilin alınmasına ilkin ödəniş kimi ödədikləri 10 000 (on min) manatı, mənzilin təmirinə iddiaçılar tərəfindən xərclənmiş 25000 (iyirmi beş min) manatın və iddiaçılar tərəfindən qeyd olunan mənzilin Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC-nin Nərimanov filialından ipoteka ilə yüklü edilərək “AKKORD” şirkətinə ödənilmiş pulun 37 000 (otuz yeddi min) manatını Cavabdeh1 alınaraq iddiaçılara verilməsini təmin edən qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, cəmi 105,7 kv.m ümumi sahəsi olan 111 saylı mənzilə dair ödənilmiş pulların çox hissəsi iddiaçılar tərəfindən ödənilmişdir. Onlar uzun müddətdir ki, qeydiyyatsız bu mənzildə yaşayırlar. İpoteka ilə yüklü edilmiş həmin mənzilin 30 faizi ilkin ödənişinin əlli faizdən çoxunu iddiaçılar ödəmiş, yerdə qalan hissəsini isə iş üzrə cavabdeh ödəmişdir. 12 oktyabr 2012-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASCnin Nərmanov filalından PROG-İ-12/175 saylı ipoteka müqaviləsi əsasında 47 504,42 qəpik pul vəsaiti götürərək “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyasını hesabına qeyd edilən mənzillə bağlı ödəmişlər. Hər ay qeyd olunan mənzilin pulunu birlikdə 733 (yeddi yüz otuz üç) manat qrafik üzrə banka ödəmişlər. Bankın hesabına qrafik üzrə ödənilən məbləğin demək olar ki, çox hissəsi iddiaçılar tərəfindən ödənilmişdir. İlkin ipoteka müqaviləsi Cavabdeh1 ilə bağlanmışdır. Qeyd olunan mənzili onlar tam təmirsiz vəziyyətdə “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyasından almışlar. Mənzilin təmiri iddiaçıların maddi vəsaiti hesabına qohumlarının tanıdığı ustalar tərəfindən həyata keçirilmişdir və ümumilikdə təmirə 25000 min manat pul xərclənmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı1 iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, 12 oktyabr 2012-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC-nin Nərimanov filialından PROG-İ- 12/175 saylı ipoteka müqaviləsi əsasında 47504,42 (qırx yeddi min beş yüz dörd) manat 42 qəpik pul vəsaitini götürərək, “AKKORD” Sənaye Tikinti İnvestisiya Koorporasiyasının hesabına həmin mənzillə bağlı ödəniş məhz iddiaçılar tərəfindən ödənilmişdir. Hər ay cədvəl üzrə həmin mənzilə görə 733 (yeddi yüz otuz üç) manat banka yenə iddiaçılar tərəfindən ödənilmişdir. Ümumiyyətlə bank hesabına cədvəl üzrə ödənilən məbləğin demək olar ki, çox hissəsi onlar tərəfindən ödənilmişdir. İlkin ipoteka krediti Cavabdeh1 ilə bağlanılmışdır. Həmin mənzili tam təmirsiz vəziyyətdə “AKKORD” Sənaye Tikinti İnvestisiya Koorporasiyasından almışlar. Mənzilin təmiri iddiaçıların təşəbbüsü ilə həyata keçirilmiş, ümumilikdə tikinti materiallarının alınmasına iddiaçılar 25000 (iyirmi beş min) manat pul xərcləmişlər. Ödəniş qəbzlərinin bir qismi İddiaçı2, digər bir qismidə onun adındandır. Cavabdeh1 məhkəmədə verdiyi izahatında iddia tələbini qismən qəbul edərək bildirir ki, guya İddiaçı1 həmin vaxt azyaşlı olduğundan, valideynlərinin himayəsində olmuşdur. Lakin o, 11 aprel 2012-ci il tarixdən vergi ödəyicisidir, onun müstəqil gəliri olmuşdur. Cavabdeh1 həmçinin məhkəmə iclasında mübahisəli mənzilin kreditinin son 15 min 183 manatını əmisi oğlu X1 aldığını, onun əvəzində mənzilin İsmayılın adına deyil, Cavabdeh2 adına keçirdiyini özü etiraf etmişdir. Bununla mənzilin başqa bir şəxsə satıldığını göstərmək istədiyini etiraf edib. Göstərilənlər əsasında apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı1 şikayətin dəlillərini müdafiə etdi, onun məzmununa uyğun izahat verdi, əlavə etdi ki, o, 2012-ci ildən vergi ödəyici kimi qeydiyyata alınmışdır, çünki həmin vaxtdan “Oriflame” şirkətində digər iddiaçı ilə birlikdə işləyirdi. Qeyd olunan illərdə onun aylıq qazancı təxminən 700 manata yaxın olurdu. Məhz bu hallar əsasında da, iddiaçılar, mübahisəli mənzillə bağlı ödənişləri, habelə mənzilin təmiri üçün xərcləri qarşılaya bilmişlər. Qeyd olunanlar əsasında iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İş üzrə digər İddiaçı2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1, habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh1, anası İddiaçı2dır. Yenə iş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx xxxxxxxx 1995-ci ildə İddiaçı2 doğulmuş X3 atası hesab edilmişdir. İşə əlavə edilmiş "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış PROG-İ-12/175 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən ona 47.504.42 (qırx yeddi min beş dörd manat qırx iki qəpik) manat məbləğində kredit xətti açılmışdır. Kredit vəsaitindən istifadə müddəti 105 aydır, kredit vəsaitindən istifadə müddəti 12 iyul 2021-ci il tarixində bitir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)- 1355/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən inşa edilmiş Abşeron rayon, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, ev 111 saylı mənzildən İddiaçı1 və İddiaçı2 çıxarılmaları qət edilmiş, həmin qətnamə bütün instasniyalar üzrə dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə qətnaməsindən müəyyən edilir ki, 14024 saylı, xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair xx.xx.2019-cu il tarixli, KP AK/77-15-11 saylı əlavə razılaşmaya əsasən “Satıcı” “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzil “Üçüncü tərəf” Cavabdeh2 tərəfindən satın alınmışdır. Müqavilənin 1-ci bəndinə əsasən “Satıcı” və “İkinci tərəf” Cavabdeh1 arasında bağlanmış 14024 saylı, xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən yaranmış bütün hüquqlarını və müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını “İkinci tərəf” bu Razılaşma qüvvəyə mindiyi andan “Üçüncü tərəf”ə ötürür, “Üçüncü tərəf” isə “İkinci tərəf”in bu hüquq və öhdəliklərin icrasını tam həcmdə həyata keçirməyi öz üzərinə götürür. İşə əlavə edilmiş “AKKORD” STİK tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, KP AK/77-14-03 saylı aktdan görünür ki, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzili etibarnamə əsasında X2 təhvil-təslim etmişdir. Yenə də işə əlavə edilmiş “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən Cavabdeh2 verilmiş 295 nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzil üçün bağlanmış 14024 saylı, xx.xx.2011-ci il tarixli müqaviləyə dair heç bir borcu yoxdur. Mülki işdə olan PROG-İ-12/175 nömrəli 12 iyun 2012-ci il tarixli kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən 01 noyabr 2012-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək 47504.42 manat əsas, 29442.65 manat faiz olmaqla, cəmi 76947.07 manat borcu hissə-hissə ödəməklə banka qaytarmalıdır. Mülki işə əlavə edilmiş qəbzlərdən müəyyən edilir ki, Cavabdeh1 adından İddiaçı2 tərəfindən xx.xx.2013-cü ildə 733 manat, xx.xx.2013- cü ildə 633 manat, xx.xx.2013-cü ildə 100 manat, xx.xx.2013-cü ildə 733 manat, xx.xx.2013-cü ildə 733 manat, xx.xx.2013cü ildə 733 manat, xx.xx.2013-cü ildə 733 manat, xx.xx.2013-cü ildə 733 manat, xx.xx.2014-cü ildə 733 manat, xx.xx.2014-cü ildə 733 manat, xx.xx.2015-ci ildə 733 manat xx.xx.2018-ci ildə 733 manat (cəmi 8063 manat) məbləğində kredit ödənişi "xxxx" ASC-yə ödənilmişdir. Yenə işdə əlavə edilmiş “Uğur-4” Yaşayış Kompleksi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli arayışdan görünür ki, İddiaçı2 "xxxx" ASC-nin inşa etdiyi ünvan 1 ünvanında yerləşən “Uğur 4” yaşayış kompleksində bina 1, blok 2c, mənzil 111-də qeydiyyatsız yaşayır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə həmin məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddia tələbinin təmin edilmiş hissəsində Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası MPM-nin 372.6-cı maddəsinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, yəni iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq yoxlanılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-756/2022 nömrəli, 29 mart 2022ci il tarixli dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, cəmi 105,7 kv.m ümumi sahəsi olan 111 saylı mənzil “AKKORD” STİK ilə Cavabdeh1 arasında bağlanmış 14024 saylı, xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi əsasında sonuncuya satılmışdır. Müqavilə predmeti olan əmlakın dəyərinin ödənilməsi məqsədi ilə "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış PROG-İ-12/175 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 47.504.42 (qırx yeddi min beş dörd manat qırx iki qəpik) manat məbləğində kredit verılmişdir. Kredit müqaviləsi üzrə ödənişlər bir müddət icra edilsə də, sonradan kredit müqaviləsi üzrə borc ödənilmədiyindən 14024 saylı, xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair xx.xx.2019-cu il tarixli, KP AK/77-15-11 saylı əlavə razılaşmaya əsasən “Satıcı” “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzili “Üçüncü tərəf” Cavabdeh2 satın almış və həmin razılaşmaya uyğun olaraq 14024 saylı, xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən yaranmış bütün hüquqlarını və müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını “İkinci tərəf” bu Razılaşma qüvvəyə mindiyi andan Üçüncü tərəfə ötürmüşdür. Bundan sonra mənzilin dəyəri Cavabdeh2 tərəfindən tam şəkildə ödənilmiş və mənzil onun mülkiyyətinə keçmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1355/2020 saylı qətnaməsi ilə Cavabdeh2 mülkiyyətində olan “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən inşa edilmiş Abşeron rayon, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, ev 111 saylı mənzildən İddiaçı1 və İddiaçı2 çıxarılmaları qət edilmiş, həmin qətnamə bütün instansiyalar üzrə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 baxılan iddia tələbi ilə məhkəməyə müraciət etmişlər, mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmişdir. İddia tələbinin təmin edilməyən hissəsindən narazı qalan İddiaçı1 qətnamədən apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakılara istinad edilməsini zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası nəzərə alır ki, iş üzrə Cavabdeh1 və İddiaçı2 rəsmi nikah münasibətlərində olmamışlar. Onların münasibətləri faktiki nigah xarakteri daşımışdır. Başqa sözlə, onların hər hansı birinə məxsus əmlak ərlə arvadın ümumi mülkiyyəti kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Qeyd edildiyi kimi iddia tələbinin bir hissəsi Cavabdeh1lə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlıdır ki, kollegiya hesab edir ki, iddia tələbinin bu hissədə rədd edilməsi barədə məhkəmənin mövqeyi əsaslıdır. Əvvəla, işdən göründüyü kimi iddiaçılar mübahisələndirdikləri əqdin aldatma nəticəsində bağlanmasını iddia etsələr də, həmin müqavilə üzrə tərəf deyillər. Digər tərəfdən, qeyd edildiyi kimi, İddiaçı2 Cavabdeh1 ilə rəsmi nikah münasibətlərində olmadığı üçün ona məxsus mübahisəli mənzildə paya malik deyildir. İddiaçı tərəfin mənzilin alınması üçün çəkilən xərclərdə iştirakı isə onlara həmin mənzilə dair mülkiyyətçi tərəfindən sərəncam verilməsini, əqd bağlamasını məhdudlaşdırmaq üçün əsas vermir. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki hüquqla tənzimlənən münasibətlər sahəsində tətbiq olunan müqavilələr mülki hüquqi müqavilələr anlayışı ilə əhatə olunur və hüquqi fakt, müqavilə öhdəliyi, sənəd mənasında işlədilir. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Eyni Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Hazırkı halda iddiaçılar iddia tələbində ləğvini tələb etdikləri 14024 saylı, xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair xx.xx.2019-cu il tarixli, KP AK/77-15-11 saylı əlavə razılaşmanın formal olaraq Cavabdeh2 adından rəsmiləşdirildiklərini göstərsələr də, istinad etdikləri bu halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişlər. Habelə, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil cavabdeh tərəfindən özgəninkiləşdirilərkən iddiaçıların razılığı tələb olunmadığından, Cavabdeh1 mənzillə bağlı öhdəlik hüquqlarını ötürməsinə “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyası etiraz etmədiyindən, qanunla müəyyənləşdirilmiş şərtlər pozulmamışdır. Beləliklə, kollegiya qeyd edir ki, mübahisə olunan əqdin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulan hallardan hər hansı biri mövcud olmadığı kimi, iddiaçıların bu əqdi mübahisələndirmək üçün subyektiv hüquqları da yoxdur. Bu səbəbdən iddia tələbi 14024 saylı, xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair xx.xx.2019-cu il tarixli, KP AK/77-15-11 saylı əlavə razılaşmanın etibarsız hesab edilməsi, həmçinin mübahisə predmeti olan mənzilin açıq hərracda satılması hissəsində təmin edilə bilməz və bu barədə məhkəmənin mövqeyi əsaslıdır. Qeyd edildiyi kimi, iddiaçıların digər tələbi mənzilin alınmasına və təmirinə çəkilmiş xərclərlə bağlıdır. Mübahisə predmeti olan mənzilin təmirinə iddiaçılar tərəfindən çəkilən xərcin məbləğini təsdiq edən sübut təqdim edilməsə də, Cavabdeh1 birinci instansiya məhkəməsində verdiyi izahatında, mübahisəli mənzilin təmirinə İddiaçı2 tərəfindən 6080 manat pul verildiyini etiraf etmişdir. Eləcə də, işə baxan məhkəmə 8063 manat kredit ödənişinin İddiaçı2 tərəfindən aparıldığı qənaətinə gəlmiş və buna uyğun olaraq da Cavabdeh1 İddiaçı2 xeyrinə 14143 manatın tutulması nəticəsinə gəlmiş, Cavabdeh1lə İddiaçı2 bu nəticə ilə razılaşaraq həmin qətnamədən şikayət verməmişlər. Qətnamə yalnız İddiaçı1 tərəfindən mübahisələndirilmişdir. O, mənzilin alınması üçün götürülmüş kredit məbləğinin ödənilməsində və mənzilin təmirində onun rolunun olmasını, həmin vaxt “Oriflame” şirkətində işləməsi və normal gəliri olmasını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İşdən göründüyü kimi məlum kredit məbləği götürülərkən o, yetkinlik yaşına çatmamışdır. Bundan başqa, yenə birinci instansiya məhkəməsində Cavabdeh1 verdiyi izahata görə mübahisəli mənzilin alınması üçün onun adına götürülmüş kredit borcu məbləğinin bir qisim ödənişləri İddiaçı2 adından icra edilmişdir ki, o, həmin ödənişlər üzrə pul məbləğinin geri qaytarılmasına etiraz etmir. Digər İddiaçı1 tərəfindən aparılan ödənişləri isə işi ilə əlaqədar imkanı olmayanda oğlu kimi pulu ona vermiş, o da aparıb ödəmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, sübutetmə yükü daşıyan İddiaçı1 öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən əsaslı şübhələrdən kənar, mötəbər və legitim sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-756/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı1 özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar