Məhkəmə qərarları › İş №2(105)-1832/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1832/2021

18.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1832/2021 18.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-155/2021 saylı, 07 aprel 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi qiyməti 5070 manat təşkil edən qızıl-zinyət əşyalarının və yaxud onların dəyərinin cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(059)-155/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair iddiası üzrə iddiaçı tərəfin iddiadan imtinası qəbul edilmiş və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2021ci il tarixli, 2(059)-155/2021 saylı qərardadından şikayət vermişdir. Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(059)-155/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətini onunla əsaslandırdı ki, cavabdeh birinci instansiya məhkəməsində ona bildirmişdir ki, hazırki iddiadan imtina etsə, məhkəmə qətnaməsi ilə ona veriləsi 10000 manatı tez bir zamanda geri qaytaracaqdır. Həmçinin hakim tərəfindən barışıq təklif edildi. Hüquqi savadının olmaması, iddiadan imtinanın hansı hüquqi nəticələrə səbəb olacağını bilmədən və həmin an doğru qərarı verib-verməməsindən əmin olmadan iddia tələbindən imtina etmişdir. Həmin gün cavabdeh Bahar Məmməova ilə telefon əlaqəsi saxlamış, ona verilməli 10000 manatın nə vaxt veriləcəyini soruşduqda cavabdeh ona pulun Elxan adlı qohumunda olduğunu, Elxanın telefon nömrəsinin onda olmadığını, pulun qaytarılma vaxtı barədə dəqiq vaxt deyə bilməyəcəyini bildirdikdə bir daha əmin olmuşdur ki, cavabdeh tərəf hazırki iddia tələbindən imtina etdiyi üçün onu aldadıb. Həmin vaxtdan 10 gündən artıq vaxt keçsə də, cavabdeh 10000 manatı ona qaytarmamış, qaytarmaq niyyətinin olmadığı da aydın ifadə olunur. Odur ki, şikayətinin təmin edilərək Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2021ci il tarixli, 2(059)-155/2021 saylı qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 şikayətə etiraz edərək göstərdi ki, iddiaçı birinci instansiya məhkəməsində iddiadan imtia edib. İddiadan imtinanın hüquqi nəticələri də ona aydın olub. Odur ki, şikayətin təmin edilməməsi, Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2021ci il tarixli, 2(059)-155/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 şikayətə etiraz edərək göstərdi ki, iddiaçı birinci instansiya məhkəməsində iddiadan imtia edib. İddiadan imtinanın hüquqi nəticələri də ona aydın olub. Odur ki, şikayətin təmin edilməməsi, Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2021ci il tarixli, 2(059)-155/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi iddiaçının iddiadan imtina etməsi əsası ilə iş üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Rafiq qızı 07.04.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbindən imtina etdiyini, iddiadan imtinanın hüquqi nəticələrini ona aydın olduğunu, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyindən, eləcə də iddiadan imtinanın hüquqi nəticələrinin ona izah edilməsini ərizəsində qeyd etdiyindən birinci instansiya məhkəməsi hazırki iddia ərizəsi üzrə icraata xitam verilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini qanunvericiliyin tələblərinə uyğun hesab edir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Belə ki, iddiaçı aralarında razılaşdırılmış barışığın pozulmasını qərardad qəbul edilən günün günorta saatlarında anladığını bildirsə də, qərardadın ləğv ilə bağlı məhkəməyə 21.04.2021-ci il tarixdə müraciət etmişdir ki, bununla da məhkəmənin gəldiyi mövqe ilə razlaşdığını göstərmişdir. Bundan başqa iddiaçının şikayətindən müəyyən olunur ki, o, cavabdehlərlə arasında olan digər mülki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icra olunmaması səbəbəindən qərardadın ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən səbəb hazırki iş üzrə qərardadın ləğv üçün əsas ola bilməz. İddiaçı həmin qətnamənin icrasını tələb etmək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğundur və onun ləğvi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin 2(059)-155/2021 saylı, 07 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Siyəzən Rayon Məhkəməsinin 2(059)-155/2021 saylı, 07 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar