Məhkəmə qərarları › İş №2(105)-1833/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1833/2025

19.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1833/2025 19.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: qızıl-zinyət əşyalarının və ya onların dəyərinin qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X11 və X5 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1, onun vəkili Vəkil İsgəndər oğlunun, cavabdeh, həmçinin digər Cavabdeh3 nümayəndəsi Cavabdeh2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3412/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qızıl-zinyət əşyalarının və ya onların dəyərinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh1 qiyməti 850 manat dəyərində 750 əyyar ağ qızıl, brilliyant qaşlı üzük, qiyməti 1200 manat dəyərində 750 əyyar ağ qızıl, brilliyant qaşlı boyunbağı, qiyməti 900 manat dəyərində 750 əyyar ağ qızıl, brilliyant qaşlı qolbaq, 850 manat dəyərində 750 əyyar ağ qızıl, brilliyant qaşlı bir cüt sırğa, qiyməti 1500 manat 750 əyyar ağ qızıl, brilliyant qaşlı, sümbül şəkilli nişan üzüyü, qiyməti 700 manat olan 750 əyyar ağ qızıl, brilliyant qaşlı, ürək şəkilli həri üzüyünün, onlar olmadıqda isə dəyərlərinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu il iyul ayının 7-də Cavabdeh1 ilə rəsmi nikaha girərək ailə qurmuş, birgə nikahdan 2 övladı olmuşdur. Nikah mərasimi ərəfəsində cavabdehlər və iddiaçının iştirakı olmaqla Bakı şəhəri, Memar Əcəmi metrosu yaxınlığında, “Moskva Univermağından” 6000 manat dəyərində toy hədiyyəsi olaraq qiyməti 850 manat dəyərində 750 əyyar ağ qızıl, brilliyant qaşlı üzük, qiyməti 1200 manat dəyərində 750 əyyar ağ qızıl, brilliyant qaşlı boyunbağı, qiyməti 900 manat dəyərində 750 əyyar ağ qızıl, brilliyant qaşlı qolbaq, 850 manat dəyərində 750 əyyar ağ qızıl, brilliyant qaşlı bir cüt sırğa, qiyməti 1500 manat 750 əyyar ağ qızıl, brilliyant qaşlı, sümbül şəkilli nişan üzüyü, qiyməti 700 manat olan 750 əyyar ağ qızıl, brilliyant qaşlı, ürək şəkilli həri üzüyü qızıl zinyət əşyası alınmış və iddiaçıya hədiyyə edilmişdir. Cavabdehlərlə 2017-ci ilədək Rusiyanın Moskva şəhərində birgə yaşamış, cavabdehlər 2018-ci ildə qızılzinyət əşyalarını borclarını qaytarmaq məqsədilə pul lazım olduğunu və qızıllarını onlara verməyini istəmiş, iddiaçı isə buna etiraz etmişdir. Buna baxmayaraq, cavabdehlər iddiaçının icazəsi olmadan qızıl-zinət əşyalarını götürüb, borclarını qaytarmışlar. Qızılzinyət əşyalarını tələb etdikdə yaxın zamanda zinyət əşyalarını alıb verəcəklərini bildirmişlər. İddiaçı isə onların vədlərinə inanaraq alacaqlarını gözləmiş, onlar isə iddiaçıya yalan vədlər verərək qızıl-zinyət əşyalarını almamışdılar. 2023-cü ilin mart ayında aralarında olan narazılığa əsasən iddiaçının ərizəsi ilə məhkəmənin qərarı ilə nikahları pozulmuşdur. İddiaçı cavabdehlərdən nikah pozulması zamanı qızıl-zinət əşyalarını geri istədikdə, onlar qətiyyətlə qaytarmayacaqlarını söyləmişlər. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir.

3. xx.xx.2025-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin həcmini artıraraq, dəyəri 7300 manat olan komplekt dəstinin, dəyəri 1250 manat olan ağ qızıl briliant qaşlı olan sümbül şəkilli nişan üzüyü və dəyəri 1550 manat olan ağ qızıl brilyant qaşlı ürək şəkilli həri üzüyünün onlar olmadıqda isə onların ümumi dəyəri olan 10100 manatı pulun alınaraq iddiaçıya verilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh1 iddia tələbinə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, iddiaçı ilə 2010-cu ildə ailə həyatı qurmuş, aralarında toy olmuş, lakin toy şəkilləri onda yoxdur. Həmin vaxt valideynləri iddiaçıya dəqiq xatırlamadığı miqdarda qızıl əşyaları hədiyyə vermişdir. İddiaçıya toyda, həri məclisində qızıl verilmişdir. O, ailə qurmamışdan əvvəl və sonra da Rusiyaya gedib bəzən atası ilə birlikdə, bəzən də ayrıca ticarət ilə məşğul olmuş, hər ilin 3-4 ayını gəlib Azərbaycanda qalmışdır. Komplekt Moskva ticarət mərkəzindən alınmışdır. Üzüyün birini bacısı almışdır. Ağ qızıl olub, brilyant qaşları olub. Qızılları atası almışdır. Evləndikdən sonra da iddiaçını anasının (cavabdehin) yanında qoyub Rusiyaya getmiş, 2011-ci ilin iyun-iyul aylarında Azərbaycana gəlib iddiaçını özü ilə Rusiyaya aparmışdır. Həmin vaxt ona verilmiş qızılları da özü ilə Rusiyaya gətirmişdir. Birinci övladları Rusiyada doğulmuş, 2012-ci ilin may ayında iddiaçını uşaqla birlikdə Moskvada Domadedova aeroportundan Azərbaycana yola salmış, özü Rusiyada qalmışdır. Bu zaman iddiaçı qızıllarını da özü ilə Azərbaycana aparmışdır. 2015-ci ildə iyul ayında iddiaçının valideynləri iddiaçını uşaqla birlikdə aeroportdan Bakıdan Moskvaya göndərmişlər. O, Domadedova aeroportunda iddiaçını qarşılamışdır. Həmin vaxt qızıllar iddiaçının üzərində olmamışdır. Cavabdeh ondan qızıllar barəsində heç nə soruşmamış, lakin yaşadıqları (o, anası, atası və iddiaçının birlikdə yaşadıqları) evə gəldikdən sonra anası qızıllardan istifadə etmədiyini görüb iddiaçıdan qızıllarının gətirib-gətirmədiyini soruşmuş, iddiaçı qızılları dəyişdiyini – yenilədiyini, həmçinin aeroportdan keçirməyə qorxduğu üçün anasında saxladığını demişdir. Bundan sonra qızıllar barəsində heç bir söhbət olmamışdır. Yəni iddiaçı qızılla Bakıya göndərilmiş, lakin Moskvaya qızısız qayıtmışdır. 2018-ci ilin yanvar ayınadək iddiaçı onlarla birlikdə Rusiyada yaşamış, lakin birinci uşaq doğulandan sonra aralarında ciddi söz-söhbər yaranmışdır. İddiaçı ona avtomobil almağını, ondan daha çox pul gətirib verməyini istəmişdir. İddiaçının avtomobil sürməsini istəmədiyi üçün onun avtomobil almaq niyyəti yox idi. Bu səbəbdən aralarında tez-tez davalar baş verirdi. 2018-ci ilin aprel ayında o, iddiaçı ilə birlikdə yaşamaq üçün Azərbaycana gəlmiş, valideynləri isə ayrı yaşamışlar. Əgər iddiaçı cavabdehlərlə birgə yaşadıqları evdən çıxıb getmiş olsaydı, bu zaman qızılları evdə qalmış olsaydı, onun bu qaydada - üç nəfərə qarşı birgə cavabdehlər kimi iddia qaldırmağa haqqı olardı. Qızılları götürən şəxsi konkret göstərməli və həmin şəxsə qarşi iddia qaldırmalıdır. Əvvəla, bu mümkün deyildir ki, həmin qızılları kimsə götürsün, ona görə ki, göstərdiyi vaxt Vəfa valideynlərinin evində yaşamış, qızıllar isə o vaxtlarda dediyinə görə iddiaçının anasında olmuşdur. Həmin vaxtlarda aralarında hər hansı borc və qızıl söhbəti olmamışdır. İddiaçının dediyindən fərqli olaraq borcuna görə heç vaxt qızılları iddiaçıdan istəməmişdir. Onların nə birgə, nə də ayrı-ayrılıqda şəxsi qaydada heç bir təşkilata, yaxud fiziki şəxsə hər hansı borcları olmamışdır. O, 2018-ci ilin aprel ayından onların evində yaşamağa başladıqdan sonra avtomobilin alınması ilə bağlı aralarında olan narazılıqlar daha da artmış, bu söz-söhbətdən bezərək 2023-cü ilin mart ayında onların evindən çıxmışdır. Daha 1 ay sonra atasının təklifi ilə yenidən həmin evə qayıtmışdır. Əgər onun qızılları naməlum şəraitdə tərəflərindən götürülmüşdürsə, avtomobil alınmasını təkid etməzdən daha öncə qızıllarının qaytarılmasını tələb edə bilərdi. Onlar davamlı olaraq dava-dalaş vəziyyətində olmuş, qızıllar barəsində hər hansı tələb heç vaxt olmamışdır. 2023-cü ilin təqribən oktyabr-noyabr aylarında gözləmədiyi halda mediasiyadan nikahın pozulması üçün çağırış barədə ona bildiriş gəlmiş, ailəsinin dağılmasını istəmədiyi üçün mediasiyaya getməmişdir. Bundan sonra 2023-cü ilin noyabr ayında onların evindən təkrar və birdəfəlik çıxmağa məcbur olmuş, yalnız paltarlarını götürüb evdən çıxmışdır. 2023-cü ilin dekabr ayında iddiaçı nikahın pozulması haqqında ərizə ilə məhkəmədə iddia qaldırmış, 2024-cü ilin mart ayında nikahları pozulmuşdur. Nikah pozulanda zinət əşyaları iddiaçıda olmuşdur. Nə məhkəmədə, nə də məhkəmədən sonra bir il ərzində qızıl əşyaları haqqında hər hansı irad və ya tələb olmamışdır. İddiaçının qeyd etdiyi vaxtda iddiaçının valideynləri ilə birlikdə yaşadığı halda və göstərdiyi qızılları anasında saxladığı halda həmin qızılları onlardan hər hansı biri götürə bilməzdi. Əgər hər hansı bir şəraitdə cavabdehlər tərəfindən iddiaçının qeyd etdiyi kimi onun icazəsi olmadan gizli üsulla götürülmüş olsaydı belə, bu hal oğurluq kimi qiymətləndirilə və bundan şikayət verilə bilərdi.

5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3412/2025 nömrəli qətnaməsi ilə (hakim Mirnısir Mirhəsənli) iddia tələbi təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ərizəsində qeyd etdiyi qızıl-zinyət əşyalarının cavabdehlər tərəfindən ona geri qaytarılmasını xahiş etsə də, sübutetmə vəzifəsi daşıyan iddiaçı sözügedən qızıl-zinyət əşyalarının cavabdehdə olduğunu və hələ də ona geri qaytarılmadığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, yalnız özünün mülahizələrinə əsaslanmışdır. İddiaçı iddia tələbinin əsası kimi ona məxsus qızılların cavabdehlər tərəfindən satıldığını iddia etsə də, bu halı təsdiq edən hər hansı sübut təqdim etməmiş və məhkəmə araşdırması zamanı da bu hal müəyyən edilməmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 152.1, 157.2, 225.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3412/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərin əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçını 2012-ci ildə Moskva şəhərindən Azərbaycana yola salarkən qızıl-zinət əşyalarını aparmış, saxlamaq üçün anasına vermişdir. Lakin cavabdehlər bu dəlili məhkəmə iclasında sübut edə bilməmişlər. İddiaçı olaraq, bütün bunlara bilavasitə şahidi olmuş nümayəndəsi, o cümlədən məhkəmədə şahid kimi izahatı alınmış şəxs bildirmişdir ki, birinci dəfə Moskvadan gələndə qızılları gətirmiş, lakin ikinci dəfə yəni 2015ci ildə Moskva şəhərinə gedərkən yenə özü ilə aparmışdır. Məhkəmə yalnız cavabdehlərin izahatına və etirazına üstünlük materiallarında olan sübutlara obyektiv qiymət verməmişdir. Moskva şəhərində maddi çətinlik səbəbilə bir otaqlı evdə yaşamışlar və qızıllar həmin evin şkafında saxlanılırdı. Həmin vaxt cavabdehlərlə münasibət korlanmışdı. Güman edirdilər ki, o, boşana bilər. Həm də onların maddi vəziyyəti çox pis idi. Yaxşı qazana bilmirdilər. Cavabdehlər ona təklif etmişlər ki, borcları var ona görə də qızılları girov qoyub pul götürmək istəyirlər. O, imtina etmişdir. Lakin, sonrada o, qızılların yerində olmadığını görmüşdür. Bu barədə soruşduqda ona bildirmişlər ki, borc vermişlər və ona yenisini alacaqlar. Ona görə razılaşmışdır. Aralarında nikah pozulana kimi ona söz verirdilər ki, yenisini alıb vercəklər. Lakin, qızılları alıb verməmişlər. Bu izah video yazı diskində öz əksini tapmışdır. Şahid izahatında 2017-ci ildə cavabdehin bacısının yas yerində qızılların nə vaxt qaytarılacağı haqqında sohbət olduğunu bildirərkən cavabdeh Babayevin orada çox söhbət olduğunu bildirməklə qızılların onlarda olduğunu dolayi yolla olsa da etiraf etdi. Bu fakt məhkəmə iclasının audio-video yazı diskində əksini tapmışdır. Qətnamə ilə tanış olarkən görüb ki, məhkəmə zalında verdiyi izahatlar tam əksini tapmamışdır. Eyni zamanda məhkəmə iclasının audio-video yazı diskinə qiymət verilməmişdir. Lakin audio-video yazı diski olduğundan protokolla tanış olub qeydlər verməmişdir ki, işə baxılarkən audioyazıları əsas götürülsün və işə yubadılmadan tez baxılsın. Yuxarıda göstərilənlərə baxmayaraq, məhkəmə yalnız cavabdeh tərəfin izahat və etirazin əsas götürmüş işdə olan sübutları, onun, nümayəndəsinin və şahidin izahatını düzgün qiymətləndirməyərək ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Cavabdeh1 apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti tamamilə əsassız olmaqla, şikayətdə göstərilmiş faktiki hallar uydurmadır, mübahisənin həqiqi hallarına, faktlarına və mötəbər sübutlara uyğun gəlmir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, şikayətçinin dəlilləri biri, digəri ilə uyğun gəlmir, habelə dəlillər, faktiki halların dürüstlüyü baxımından biri-birini istisna edir. Belə ki, iddiaçı apellyasiya şikayətində cavabdehin göstərdiyi faktı təsdiq edərək göstərir ki, həqiqətən də 2012-ci ildə Moskvadan Bakıya gələrkən qızıl-ziynət əşyalarını özü ilə gətirmişdir. Bu faktı həmçinin iddiaçının anası da şahid qismində ifadə verərək təsdiqləmişdir. Bundan sonra iddiaçı Moskva şəhərinə 2015-ci ildə qayıtmışdır. Onu Bakıdan Moskvaya özünün valideyinləri yola salıblar. Moskvada hava limanında onu cavabdeh kimi göstərilmiş Cavabdeh2 qarşılamışdır. Evə gəldikdən sonra qaynana Cavabdeh3 sualına cavab olaraq bildirmişdir ki, qızılları aeroportdan keçirməyə qorxduğuna görə Azərbaycanda anasında saxlamışdır. Daha sonra Azərbaycana 2018-ci ildə yanvar ayında qayıdıb gəlmişdir. İddiada isə göstərmişdir ki, guya 2018-ci ildə Moskvada olan zaman ondan qızıl əşyalarının istəmişlər, o isə verməkdən imtina etmiş, bir müddət sonra, guya, cavabdehlər onun qızıl əşyalarını icazəsiz götürmüşlər. Guya ki, uzun müddət ərzində götürdükləri qızıl əşyalarını əvəzinə ona qızıl əşyalarını alacaqlarına söz vermişlər. Lakin iddiaçı, bu dediklərini əsaslandırmaq üçün məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Çünki onun dedikləri uydurma, yalan və əsassız söz-söhbətdən ibarətdir. Daha sonra, apellyasiya şikayətində yazılmışdır ki, “sahid (iddiaçının anası nəzərdə tutulmuşdur) izahatında 2017-ci ildə cavabdehin bacısının yas yerində qızılların nə vaxt qaytaracağı haqqında söhbət olduğunu bildirərkən, Cavabdeh2 orada “çox söhbət olduğunu” bildirməklə qızılların onlarda olduğunu dolayı yollarla olsa da etiraf etmişdir”. Əvvəla apellyasiya şikayətində yazılan bu hallar mövcud olmamışdır. Bu məhkəməni aldatmaq məqsədi güdür. Bu cür sohbəti uydurmaqla sübut kimi məhkəməyə təqdim etmə cəhdi əsassız olmaqla absurd anlayışdır, habelə faktiki hallara uyğun gəlmir. Belə ki, birincisi, apellyasiya şikayətində cavabdehin bacısı adlandırılan mərhum X4 apellyasiya şikayətində göstərildiyi kimi 2017-ci ildə deyil, 28 sentyabr 2014-cü ildə vəfat etmişdir. Mərhum vəfat etməmişdən 13 gün əvvəl, 14 sentyabr 2014-cü il tarixdə Cavabdeh2 Bakıdan Moskvaya getmişdir. Mərhumun yasında iştirak etməmişdir. 2017-ci ildə isə o, ümumiyyətlə Azərbaycanda olmamış və Azərbaycana 2018-ci ilin aprel ayında gəlmişdir. Qeyd etdiklərindən açıq –aydın görünür ki, iddiaçı sübut kimi məhkəməyə təqdim etmək istədiyi faktı uydurmaqla məhkəməni aldatmağa cəhd edir. Birinci instansiya məhkəmə prossesində tərəflərdən izahatlar alınan zaman, iddianın müdafiəsi və iddiaya etirazlar dinlənilən zaman iddiaçının nümayəndəsi kimi çıxış edən atası Nümayəndə iddia ərizəsində yazdıqlarının yalan olduğunun üzə çıxdığını anlayaraq şifahi qaydada iddianın əsasını dəyişməyə cəht edərək bildirdi ki, qızıllar cavabdehlər tərəfindən 2018-ci ildə deyil, 2016-cı ildə götürülmüşdür. Lakin, hadisənin baş vermə vaxtının, əvvəl iddia etdikləri vaxtdan birdən-birə iki il əvvələ dəyişdirməklərinin səbəbini əsaslandıra və izah edə bilmədi. Belə olduğu halda məlum oldu ki, iddiaçı və onun nümayəndəsi özlərini tamamilə dolaşığa salmışlar, uydurduqları faktiki halları sübuta yetirə bilmirlər. Hal-hazırda verdikləri apellyasiya şikayətində yenidən uydurma faktları və halları göstərməyə cəhd etsələr də, onları mötəbər sübutlarla təsdiqləyə bilmirlər. Odur ki, apellyasiaya şikayətini təmin etmədən, Abşeron Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlanılmasını xahiş edir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, daim qızının ailəsinin saxlanmasına maddi dəstək olmuşdur. Qızı evə qayıdanda qızıllarını gətimiş, gedəndə qızıllarını da özü ilə Moskvaya aparmışdır. Kürəkəninin borclarının bağlanması üçün köməklik də etmişdir. Qızıllar mübahisələrin başladığı dövrdə cavabdeh tərəfindən satılıb. Qızına isə qızılların yenidən alınacağı barədə söz verilib. Lakin sonradan cavabdeh qızılların satılmasını təkzib edib. Hazırda qızılları qaytarmaqdan imtina edirlər. Yas mərasimində qızıllar barədə Cavabdeh2lə söhbəti olub. Bu barədə birinci instansiya məhkəməsində öz izahatında da bildirib. Yas mərasimində olan söhbətin dəqiq tarixini bilmir. Qızını qızılları ilə birgə yola salmışlar, qızılları özü ilə aparıb. Qızı Rusiyaya qayıtdıqdan sonra heç bir toy məclisində iştirak etməyib ki, qızılları istifadə edib-etmədiyi aydınlaşsın. Qızıllar Moskvada satılıb. Qızı Moskvada əri və onun valideynləri ilə birgə yaşayıb. Cavabdeh2 yas mərasimində qızılla bağlı mübahisə olduğunu birinci instansiya məhkəməsində öz izahatında qismən etiraf edib, yas mərasimi isə 2014-cü ildə baş tutub. 2011-ci ildə cavabdehlər Moskvada olarkən qızılların bir hissəsi lombarda qoyulmuşdur. Yas mərasimində qızıl söhbəti olub. İddia ərizəsində texniki səhv olaraq 2017-ci ilədək Moskvada birgə yaşadıqları qeyd olunsa da əslində 2017-ci ildə qızılların qalan hissəsi satılmış, 2018-ci ildə onun təklifi ilə Azərbaycana gəlmişlər. Qızı onlara qızılların satıldığını, cavabdehlərin qızılları almağa söz verdiklərini bildirmişdir. Cavabdehlərin maddi vəziyyəti yaxşı olmayıb, daim onlara yardım etmişdir. Boşanma 2024-cü ildə olub. Boşanmadan sonra cavabdehlər qızılların onlarda olmadığını, qızılların satılmadığını bildiriblər deyə, ona görə iddia qaldırılıb. Qızılların yenidən alınacağını bildiriblər, onu gözləmişlər, ona görə bir müddət iddia qaldırmamışlar. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, 2012-ci ildə gəlini Azərbaycana qayıdanda onu hava limanında özü yola salmış, qızıllar yanında olub. 2015-ci ildə yenidən Moskvaya gəlib, lakin qızıllar özündə olmayıb, soruşanda bildirib ki, qızılları hava limanından keçirib gətirə bilməmişdir. İddiaçı özü ilə qızıl gətirməyib, ona görə də qızılları onların götürmələri barədə iddiası əsassızdır. İddiaçı qayıdıb bir müddət atasının yanında yaşayıb. 2018-ci ilin axırlarından 2022-ci ilə qədər oğlu və gəlini bir yerdə yaşayıblar. 2013-cü ilin sonlarında qızıllar iddiaçı tərəfindən dəyişdirilib. Arvadı gəlinlə söhbət əsnasında qızılların harada olduğunu soruşub. İddiaçının anası onun əri barədə uyğun olmayan ifadələr işlətməyi barədə şayiə yaymışdı, hesab edir ki, qarşı tərəfin qərəzi məhz həmin məsələ ilə bağldır. Mərhum İbrahimova (Xasıyeva) Mətanət Təhməz qızının ölüm haqqında şəhadətnaməsini gətirə bilməmiş, lakin qəbir daşının şəklini vəkilə təqdim etmişdir ki, həmin fotoşkildən də göründüyü kimi o, xx.xx.2014-cü il tarixdə ölmüşdür. İddiaçının anası yas mərasimində onun arvadına oğlunun qızılları lombarda qoyduğunu bildirmiş, arvadı isə ondan yas mərasiminə gəldiyini, həmin məclisdə qızıllarla bağlı söhbət etməyin düzgün olmadığını söyləmişdir. Arvadı evə qayıtdıqda gəlinindən anasının qızıllar barədə qeyd etdiklərini soruşmuş, gəlin isə onun sözlərinə əhəmiyyət verməməyi təklif etmişdir. 2013-cü ildə iddiaçının anası ona zəng etmiş, Moskva Univermağına qızıl almağa çağırmış, iddiaçı evə qayıdanda onların aldığı qızılların bəzilərinin dəyişdiyini görmüşlər, iddiaçıdan soruşanda taxdığı yeni qızılların hazırda dəbdə olduğunu bildirmişdir. 2013-cü ildə artıq tələb edilən qızıların bir hissəsi, dəyişdirilməsi səbəbindən artıq mövcud olmamışdır. Hesab edir ki, qarşı tərəf anası ilə birlikdə qızılları satmış, yaxud dəyişdirmişlər.

13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddiaçı 2015-ci ildə Moskvaya onların yanına gələndə qızılları onda yox idi, 2018-ci ildə arvadını yola salanda qızılları yanında olmayıb. Anası qızıllar barədə soruşanda onları saxlamaq üçün anasına verdiyini bildirib. Birgə nikah dövründə Vəzirxan müəllimin aldığı evdə yaşamışlar. Vəzirxan müəllimin qızı ona yalan danışır, qızılları anası ilə nə edibsə iddiaçı özü bilir. Qərəzli iddia qaldırmasının səbəbi ona məlum deyil. 2014-cü ildə Azərbaycanda olmamışdır, 2013-cü ilin avqustundan Moskvaya getmişdir. Yas mərasimdə olan qızıl söhbətindən xəbəri olmayıb, burada olmamış, 2013-cü ildə Moskvaya getmiş, qızılları lombarda qoymamışdır. 2011-ci ildə ilk dəfə Rusiyaya gedəndə qızıllar iddiaçının özündə idi, 2015-ci ildə geri qayıdanda anası iddiaçıdan qızılları soruşmuş, iddiaçı qızılların öz anasında qaldığını bildirmişdir.

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, ekspert ona hər hansı qızıl təqdim olunmadığı halda rəyində “mənə təqdim olunmuş qızıları müayinə etdim” deyə qeyd etmişdir. Cavabdeh, sadəcə, yas mərasimində çox söhbət olduğunu deyib, bu o demək deyil ki, o iddianı qismən qəbul edib. Qarşı tərəf 2014-cü ildə qızıllarla bağlı mübahisənin mövcud olduğunu bildirsə də, eyni zamanda, 2015-ci ildə qızılların iddiaçıda olduğunu, onu qızıllarla birgə Moskvaya yola saldıqlarını bildirir. Qarşı tərəf iddia ərizəsində cavabdehlərlə 2017-ci ilədək Moskvada birgə yaşadıqlarını, 2018-ci ildə qızılların onun razılığı olmadan götürüldüyünü, nikah pozulanda isə əşyalarını istədiyini bildirmişdir. Apellyasiya şikayətinə gəldikdə isə orada 2015-ci ildə qızılların Moskvaya aparıldığı qeyd olunsa da buna dair hər hansı sübut təqdim olunmamışdır. İddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində Moskvada bir otaqlı mənzildə yaşadıqlarını və qızıllarını həmin evdə saxladığını göstərmişdir. Həmçinin iddiaçı 2018-ci ildə Azərbaycana köçdüklərini qeyd etsə də, digər tərəfdən də 2018-ci ildə qızılların Moskvadakı bir otaqlı mənzildən götürüldüyünü bildirir. 2017-ci ildə yas mərasimində qızıllar barədə söhbət olduğunu desə də, sonradan yas mərasiminin 2014-cü ildə baş tutduğunu bildirmişdir. İddiaçının nümayəndəsinin izahatında qeyd edilənlər sübuta yetirilməməklə yalnız söz olaraq qalır. Qeyd olunanlara əsasən şikayətin təmin olunmamasını xahiş edir.

İşdə olan sübutlar

15. Abşeron Rayon Məhkəməsinin 2(012)-1095/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X6 ilə Cavabdeh1 arasında xx.xx.2010-cu il tarixdə Ağsu Rayon Qeydiyyat Şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında аkt qеydləri kitаbındа 208 nömrə ilə qеyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 nikah pozulduqdan sonra iddiaçı X1 (ananın) himayəsində saxlanılması, xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh1 hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit məbləğdə aliment tutularaq X2 verilməsi qət edilmişdir.

16. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, PQ-A-19/2025 saylı rəydən görünür ki, qiymətləndirməyə təqdim edilmiş 25 adlı müxtəlif növ qızıl-zinət əşyalarının qiymətləndirmə tarixinə olan ümumi dəyərinin 10100 manat olaraq müəyyən edildiyi, qiymətləndirmə xərclərinin bir hissəsinin iddiaçı tərəfindən ödənildiyi bildirilmiş, xərclərin digər hissəsi olan 250 manat məbləğin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi

152. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsi 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər arvadın ümumi birgə mülkiyyətindədir. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

19. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

20. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3412/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 3412/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə və gəldiyi nəticəni əsaslandırması ilə razılaşaraq qeyd edir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hazırkı iş üzrə iddiaçının tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil etmişdir ki, həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi başqa şəxsin qanunsuz sahibliyində olan əmlakın tələb edilməsi ilə əlaqədar iddianın təmin edilməsi üçün əsas əmlakın cavabdehin qanunsuz sahibliyinə keçməsi faktının sübut olunmasıdır ki, bu faktın sübut edilməsi vəzifəsi də iddiaçının üzərində düşməkdədir. Lakin, iddiaçı qeyd edilən halı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

23. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında iddiaçıya məxsus qızılların bir qisminin 2011-ci il tarixdə iddiaçının əri tərəfindən lombarda girov qoyulmaqla, bir qisminin isə 2016-2017-ci illərdə tarixdə satıldığını bildirmişdir ki, qeyd edilən faktın mövcudluğu qəbul edildiyi halda belə iddianın təmin edilməsi mümkünsüz olmuşdur. Belə ki, qızılların bir qisminin 2011-ci il tarixdə, bir qisminin isə 2016-2017-ci illərdə satılması nəzərə alındıqda, həmin dövrdən tərəflərin münasbətlərinin pozulduğu vaxtadək, müvafiq olaraq 12 il və 6 ildən artıq vaxt keçmiş hesab olunur. Həmin dövrdə tərəflərin birgə təsərrüfat aparması nəzərə alınmaqla, əksini sübut edəcək hər hansı bir mötəbər sübut təqdim edilmədiyi təqdirdə bu əşyaların satışının iddiaçının razılığı ilə həyata keçirilməsi, həmin əşyaların ailənin xərclərinə sərf edilməsi, iddiaçının isə bununla razılaşması anlamına gəlməkdədir. Qızıl-zinət əşyalarının iddiaçının razılığı olmadan götürülüb satılması və ya satılmış qızılların əvəzinə yenisinin alınması ilə bağlı cavabdehlərin öhdəlik götürməsi ilə bağlı dəlilə münasibətdə isə qeyd olunur ki, iddiaçının uzun müddət ərzində əşyaları ilə bağlı hərəkətsizlik göstərməsi, yalnız ailə mübasibətləri faktiki olaraq pozulduqdan iki il sonra iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi qeyd edilən faktın istisna olunması kimi qiymətləndirilir.

24. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3412/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3412/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar