Məhkəmə qərarları › İş №2(105)-1837/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1837/2023

13.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1837/2023 13.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı müqavilə öhdəliyinin icra olunması, yaşayış evinin və torpaq sahəsinin sənədləşdirilməsi üçün zəruri olunan sənədlərin təqdim olunması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(012)-3898/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən villa tipli fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0958 ha torpaq sahəsinin (tikintialtı və həyətyanı torpaq sahəsi) daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına (ƏP:PTUR U13059374, xx.xx.2016, Antalya; FİN:d/t: xx.xx.1997) qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin verilməsi öhdəliyinin Cavabdeh MMC-yə həvalə edilməsi qət edilmişdir. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(105)-550/2023 nömrəli qətnaməsi ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), Z.Məmmədov və A.Süleymanova) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və V.Həsənov) kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(105)-550/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliyinin icra olunması, yaşayış evinin və torpaq sahəsinin sənədləşdirilməsi üçün zəruri olunan sənədlərin təqdim olunması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən villa tipli fərdi yaşayış evinin və evin yerləşdiyi ona aid 0.0958 ha torpaq sahəsinin (tikintialtı və həyətyanı torpaq sahəsi) daşınmaz əmlakın dövlət reyestri qurumunun ərazi orqanında İddiaçı adına (ƏP:PTUR U13059374, xx.xx.2016, Antalya; FİN:d/t: xx.xx.1997) qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Türkiyə vətəndaşı olmaqla həmin ölkədə yaşayır və vəkil olaraq çalışır. İddiaçının valideynləri və digər yaxınları Azərbaycanda yaşayır, belə ki, iddiaçının valideynləri atasının işi ilə bağlı olaraq artıq neçə illərdir ki, Bakıdadırlar. İddiaçı isə ilin müəyyən müddətlərini, bayram tətillərini gələrək burada onlarla birlikdə keçirir. İddiaçı ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı (villa həyət evi) valideynlərinin təklifi və onların dəstəyi ilə inşaatçı şirkət olan Cavabdeh MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli 136 saylı müqavilə əsasında əldə etmişdir. Müqavilə qiyməti iddiaçı tərəfindən tam şəkildə ödənilmiş, Cavabdeh MMC tərəfindən isə iddiaçıya maliyyə arayışı təqdim olunmuşdur. Hal-hazırda, iddiaçı həmin evi təmir edib oraya köçərək yaşamasa da, faktiki sahibi və qanuni istifadəçisi hesab olunur. Evin giriş-çıxış qapısının açarları iddiaçıda olmaqla 2019-2021-ci illər üçün kommunal xərclər ödənilmiş və bununla bağlı ödənişi təsdiq edən möhürlü qaimə də təqdim olunmuşdur. Evin tikilisi iki mərtəbədən ibarət olmaqla sahəsi 287.24 kv.m-dir. Tikintialtı və həyətyanı torpaq sahəsi ilə birlikdə (iddiaçıya məxsus ümumi torpaq sahəsi 0.0958 ha-dır, tikintialtı sahə bu sahənin içindədir) ev ümumi mühafizə olunan böyük bir məhəllənin tərkib hissəsində olmaqla həmin məhəllənin həyətində yerləşən villalardan biridir. Artıq bir müddətdir ki, iddiaçı sözügedən yaşayış evini ərazi üzrə daşınmaz əmlakın dövlət kadastrı və reyestri orqanında qeydiyyata aldırmaq və hüququnu tanıtdırmaq niyyətindədir. Bununla bağlı iddiaçı bir neçə dəfə cavabdeh şirkətə və rəhbərliyinə şifahi müraciətlər və xahişlər etmiş, lakin artıq bir ildən çoxdur ki, cavabdeh evlə bağlı mülkiyyət hüququnun rəsmiləşdirilməsi və qeydiyyatı üçün zəruri sənədlərin təqdim olunması ilə bağlı üzərinə götürdüyü öhdəliyə müxtəlif bəhanələr gətirərək əməl etmir. Cavabdeh MMC rəhbərliyi yaşayış evini əvvəlcə özləri qeydiyyata aldıracağını, daha sonra isə qeydiyyat üçün tələb olunan sənədləri təqdim edəcəklərini dəfələrlə bildirsə də məsələ hələ də həllini tapmamışdır. Hətta, bununla bağlı iddiaçı 2021-ci ilin oktyabr ayında şirkətin direktoru qanuni təmsilçisi X1 3 ay müddətində sənədləşdirilmə aparılması və tamamlanması üçün etibarnamə də vermişdir. Lakin bu müddət ərzində də evin sənədləşdirilməsi həyata keçirilməmişdir. Bu ilin mart ayında iddiaçı nümayəndə vasitəsilə ilkin olaraq 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edib qeydiyyat üçün tələb olunan sənədlərin nədən ibarət olmasını aydınlaşdırmağa çalışmış, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyində yerləşən yaşayış evlərinin (villaların) hüquqi qeydiyyatının aparılıbaparılmamasına, indiyə qədər həmin evlərdən neçəsinin qeydiyyata alınmasına dair, qeydiyyat əməliyyatları aparılırsa, bunun üçün hüquq sahibi tərəfindən hansı sənədlərin təqdim olunmalı olmasına dair yazılı arayış verilməsini xahiş etmişdir. Müraciəti cavablandıran 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, “Müraciətə əlavə edilmiş sənədlər əsasında fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Tələb olunan əsaslar üzrə fərdi yaşayış evi və torpaq sahəsinə dair notarial müqavilə və texniki sənədlər 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunla müəyyən edilmiş qaydada baxılacaqdır.” Halbuki, iddiaçı qeydiyyatı deyil, məlumat verilməsini xahiş etmişdir. Göründüyü kimi, 4 saylı Abşeron Ərazi İdarəsi iddiaçının malik olduğu sənədlərin (müqavilə və maliyyə arayışı) yetərli olmadığını ifadə etmişdir. Bu isə o deməkdir ki, cavabdeh şirkət lazımi sənədləri təqdim etməlidir ki, iddiaçı sənədləşdirməni qanunvericiliyə müvafiq qaydada özü həyata keçirsin. Lakin cavabdeh sənədləşdirilmə ilə bağlı müqavilə öhdəliyini icra etmir. Sözügedən villanın alqı-satqısına dair tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 136 saylı müqavilənin 5.1-ci bəndinə əsasən, satıcı villanın üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün bütün tələb olunan sənədləri alıcıya təhvil vermək və bu sənədlərin əldə olunması üçün zəruri xərcləri ödəməyi öz üzərinə götürür. Bundan əlavə, müqavilənin preambulasına görə, satıcı villanın dəyəri 100% ödənildiyi təqdirdə sahəsi əvvəlcədən razılaşdırılmış torpaq sahəsini də alıcının mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür. 2022-ci ilin may ayında iddiaçı cavabdeh şirkətə yazılı ərizə ilə müraciət edərək, daşınmaz əmlakın (villanın) ilkin dövlət qeydiyyatının aidiyyəti ərazi qurumunda aparılması üçün tələb olunan sənədlərin ərizə alındığı zamandan hesablanmaqla 10 gün müddətində nümayəndəyə təqdim edilməsini xahiş etmiş, müraciəti xx.xx.2022-ci il tarixli cavab məktubu ilə cavablandıran şirkət sözügedən yaşayış kompleksində yerləşən A43 nömrəli fərdi yaşayış evinin iddiaçıya məxsus olduğunu təsdiq etsə də, eyni zamanda, bildirmişdir ki, müəyyən səbəblərə görə villaya çıxarışın verilməsi prosesi xx.xx.2022-ci il tarixinə qədər başa çatacaqdır. Göründüyü kimi, cavabdeh şirkət müəyyən səbəblərin nədən ibarət olmasını açıqlamamışdır. Bu üzdən iddiaçı hesab edir ki, bu, prosesi süni və əsassız olaraq uzatmağın əlamətidir. Ona görə də iddiaçı hüquqlarını məhkəmə qaydasında müdafiə etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin tələbinə əsasən, iddiaçının mülkiyyət hüququnun qeydiyyatı üçün tələb olunan sənədlərin verilməsindən yayınmaqla bağlı hərəkətlərinə son qoymağı cavabdeh şirkətdən tələb etmək hüququ vardır. Sözügedən ev iddiaçıya təhvil verilmiş, hal-hazırda da faktiki sahibliyində və istifadəsindədir. Bununla belə, mülkiyyət hüququ qeydiyyata alınmadığına görə evin yaşayış üçün uyğun hala gətirilməsi (təmir olunması, yaşayış-mebel vasitələrinin alınması və s.) işlərinə iddiaçı baş vura bilmir, bunun üçün rəsmiləşmə işlərinin tamamlanmasını gözləməkdədir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh MMC Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, işə baxan Abşeron Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçıya satılmış fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün lazımi sənədlər Cavabdeh MMC tərəfindən 4 saylı Abşeron rayon İdarəsinə təqdim edilmədiyi üçün, bununla da müqavilə üzrə öhdəliklər pozulduğu üçün, cavabdehin üzərinə lazımi sənədlərin təqdim edilməsi öhdəliyi qoyulmalıdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 5.1-ci bəndindən də göründüyü kimi Cavabdeh MMC villanın üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün bütün tələb olunan sənədləri alıcıya təhvil vermək və bu sənədlərin əldə olunması üçün zəruri xərcləri ödəməyi öz üzərinə götürmüşdür. Qeyd olunmalıdır ki, Cavabdeh MMC müqavilənin 5.1-ci bəndinə əsasən villanın ilkin hüquqi qeydiyyatı üçün zəruri olan və onda olan bütün sənədləri alıcıya təqdim etmişdir. Həmin sənədlər – borcun olmamasına dair maliyyə arayışı, alqı-satqı müqaviləsi və evin sxemindən ibarədir. İddiaçının iddia etdiyi və zəruri olan digər sənədləri Cavabdeh MMC təqdim edə bilmir. Çünki həmin sənədlərin nədən ibarət omlası və hansı olması ona məlum deyildir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********87 saylı məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, A tipli ünvanda yerləşən 43 nömrəli fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı xx.xx.2022-ci il tarixli müraciətə baxılmış, müraciətə əlavə edilmiş sənədlər əsasında fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Tələb olunan əsaslar üzrə fərdi yaşayış evi və torpaq sahəsinə dair notarial müqavilə və texniki sənədlər Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunla müəyyən edilmiş qaydada baxılacaqdır. 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli imtina məktubundan da göründüyü kimi qeydiyyat orqanı hüquqların qeydiyyata alınmasından imtina etmiş və iddiaçıdan fərdi yaşayış evi və torpaq sahəsinə dair notarial müqavilə və texniki sənədlərin təqdim edilməsini tələb etmişdir. Qeyd olunmalıdır ki, fərdi yaşayış evi iddiaçıya alqı-satqı müqaviləsi əsasında satılmışdır. Həmin alqı-satqı müqaviləsi də iddiaçıya təqdim edilmişdir. Torpaq sahəsinə dair notariat qaydada müqavilənin isə iddiaçıya təqdim edilməsi mümkün deyil ona görə ki, iddiaçı əcnəbidir və qanunvericiliyin tələblərinə görə əcnəbi mülkiyyətinə torpaq sahəsi əldə edə bilməz. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil Rüfət oğlu apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni əcnəbi vətəndaş olan iddiaçının Azərbaycan Respublikası ərazisində yerləşən daşınmaz əmlakı olmaqla, həmin fərdi yaşayış evi onun faktiki sahiblik və istifadəsində olması, iddiaçı həmin yaşayış sahəsinə dair zəruri sənədlərin ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə Azərbaycan Respublikasının məhkəməsinə müraciət etməkdə haqlı olması ilə əsaslandırmış və gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 389.1, 399.1, 442, 448.1, 152.1, 152.2, 152.3, 157.8, 567, 568.1, 568.2ci və Avropa Məhkəməsinin qərarlarına istinad etmişdir. Cavabdeh bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, bu nəticədən narazı qalan Cavabdeh qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən gəldiyini nəticəni iddia tələbini dəqiqləşdirmək üçün işin hallarını tərəflərlə müzakirə edib, tərəflər arasında bağlanmış müqavilənin sözügedən şərti ilə cavabdehin məhz hansı sənədləri vermək öhdəliyi yarandığnı müəyyən etməli, iddiaçıya hansı sənədlərin verildiyini, hansılarının çatışmadığını aydınlaşdırmalı, bundan asılı olaraq cavabdehin üzərinə məhz hansı sənədləri vermək öhdəliyi qoyduğunu göstərməli, cavabdehin Torpaq Məcəlləsinin 48-ci maddəsinə istinadən irəli sürdüyü dəlili, əqdin torpaq sahəsinin alıcının mülkiyyətinə verilməsinə dair hissəsinin etibarlılığı baxımından araşdırılmadığını əsas gətirərək qeyd olunan nöqsanlar aradan qaldırılmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməli olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, alıcı İddiaçı ilə satıcı Cavabdeh MMC arasında ümumi qiyməti 229792 ABŞ dolları olan Abşeron rayonu Saray qəsəbəsi “Villa Badam” şəhərciyində 0,0958 ha torpaq sahəsinin ölçüsü olan ərazidə 287,24 kv.m. ümumi sahəsi olan A tipli 43 saylı villanı alıcıya satması barədə xx.xx.2019-cu il tarixli 136 saylı satış müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Qeyd olunmalıdır ki, iddiaçının tələbi bir-biri ilə bağlı olan iki hissədən - villa tipli fərdi yaşayış evi və evin yerləşdiyi, ona aid 0.0958 ha torpaq sahəsinin üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə ilk öncə iddia tələbinin evin yerləşdiyi, ona aid 0.0958 ha torpaq sahəsinin üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 136 saylı satış müqaviləsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. İşdən görünür ki, tərəflər arasında bağlanmış mövcud müqavilənin şərtinə əsasən Cavabdeh MMC sahəsi əvvəlcədən razılaşdırılmış torpaq sahəsini iddiaçının mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür. İddiaçının tələbi də bu hissədə məhz cavabdehlə bağlanmış müqavilə şərtinə əsaslanır. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunverici mülki hüquq subyektləri arasında onların sərbəstliyi əsasında bağlanmış, lakin qanunvericiliyə zidd olmayan müqavilə şərtlərini etibarlı şərtlər kimi qəbul edir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır (Torpaq Məcəlləsinin 48.3, 49.4-cü maddələri). Qanunun mənasından görünür ki, torpaq sahələrinin əcnəbi şəxslərin alqı-satqı əsasında mülkiyyətlərinə verilməsi mümkün deyil. Torpağın mülkiyyətçisi olan şəxs xarici hüquqi və ya fiziki şəxslərə yalnız torpaq üzərindəki tikilini sata bilər, həmin şəxslərin satınalma hüququ olmadığından, bu zaman tikilinin altındakı torpaq sahəsi alıcıya yalnız icarə hüququ əsasında verilir. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının birgə qərardadının 13-cü bəndində qeyd edilmişdir ki, məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olubolmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir. Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2021-ci il tarixli qərarda vurğulamışdır ki, hər hansı əqdə istinad edərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (Mülki Məcəllənin 337.1, 337.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarındakı formalaşmış hüquqi mövqeyinə görə isə əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu mənada məhkəmə kollegiyası xx.xx.2019-cu il tarixli 136 saylı satış müqaviləsinin etibarlılığına qiymət verərək hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarı, Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü və 49-cu maddəsinin 4-cü, Mülki Məcəllənin 337.3. və 340.1-ci maddələrinin tələbləri baxımdan bu müqavilə 0,0958 ha sahəsi hissəsində (əqd) əhəmiyyətsiz əqddir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, müqavilə 0,0958 ha sahəsi hissəsində əhəmiyyətsiz əqd olduğundan, iddia tələbi bu hissədə təmin edilə edilməməlidir. İddia tələbinin villa tipli fərdi yaşayış evi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndində, cavabdeh satıcı olaraq iddiaçıya tikiləcək villanın üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün bütün tələb olunan sənədləri iddiaçıya təhvil vermək və bu sənədlərin əldə olunması üçün zəruri xərcləri ödəmək barədə öhdəlik götürmüşdür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (Mülki Məcəllənin 385.1. və 386.1. maddələri). Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə icra etməlidirlər. Göründüyü kimi müqavilə şərtinə əsasən cavabdehin iddiaçıya dövlət qeydiyyatı üçün tələb olunan sənədləri vermək öhdəliyi yaranmış, lakin iddiaçı müqavilə əsasında ona satılmış evə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hansı sənədlərin verilməli olduğunu dəqiq göstərməmiş, birinci instansiya məhkəməsi də məhz hansı sənədlərin verilməli olduğunu qətnamədə göstərmədən ümumi məzmunda iddianın bu hissədə də təmin edilməsi qənaətinə gəlmişdir. Halbuki daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün zəruri olan əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci maddəsində konkret olaraq müəyyən edilmişdir. Bunun üçün məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi Vəkil hansı sənədlərin təqdim edilməsi dəqiqləşdirilməsi təklif edilmiş və sonuncu da həmin sənədlərin cavabdehin və 4 saylı Ərazi İdarəsinin bildiyini nəzərə alaraq, Abşeron RİH başçısının xx.xx.2011-ci il tarixli sərəncamının, bina və tikililərin istismara qəbul edilməsi haqqında aktın, maliyyə arayışının və evin yerləşmə yerinin sxeminin təqdim edilməsini xahiş etmişdir. İşin hərtərəfli araşdırılması məqsədilə Cavabdeh MMC və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə sorğu göndərilmişdir. Cavabdeh sorğunu cavablandırmasa da, 4 saylı Abşeron Ərazi İdarəsinin məktubundan görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu Saray qəsəbəsi “Villa Badam” şəhərciyi A tipli 43 saylı fərdi yaşayış evi xx.xx.2011ci ildən "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. Həmçinin məktuba mübahisəli evin yerləşmə sxemi, Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin texniki baxış rəyi, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli sərəncamı və istismara dair qəbul aktı əlavə edilmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi xx.xx.2011ci il tarixdən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xüsusi mülkiyyətindədir. Bu mənada məhkəmə kollegiyası əlavə araşdırmaya zərurət görmür və hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bu müqavilə əsasında iddiaçı cavabdehə ödəmiş olduğu pulu tələb etmək hüququ istisna deyil. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı müqavilə öhdəliyinin icra olunması, yaşayış evinin və torpaq sahəsinin sənədləşdirilməsi üçün zəruri olunan sənədlərin təqdim olunmasına dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar