Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-28/2025 17.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, İddiaçı, onun nümayəndəsi Vəkil2, Cavabdeh, mütəxəssis X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “daş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinə giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(012)-51/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları xx.xx.2007-ci il tarixli AN-İ №0202291 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X2 rayonu, Masazır kəndində yerləşən 2.04 ha torpaq sahəsinin 0,03 ha hissəsini İddiaçı satmışdır. Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 522 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində xx.xx.2014cü il tarixdə, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən və onun xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə gedən və cavabdeh tərəfindən daş hasar çəkilməklə bağlanmış yolun həmin hasarın cavabdehin hesabına sökülməklə açılması, onun Abşeron rayonu, Masazır kəndində yerləşən və xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə daxil olmağına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsini aldıqdan sonra orada fərdi yaşayış evi tikmişdir. Evin tikintisi bitsə də, evin içərisinin təmiri başa çatmamışdır. Torpaq sahəsinə dair plan və ölçü tərtib edilərkən və çıxarış verilərkən torpaq sahəsinə giriş-çıxış üçün yol nəzərdə tutulmuşdur. İddiaçı da torpaq sahəsinə nəzərdə tutulmuş giriş-çıxış yolu ilə giribçıxmışdır. Həmçinin, həmin yoldan istifadə etməklə torpaq sahəsinə minik və yük avtomobilləri gəlib-getmişdir. Evin tikintisi üçün materiallar gətirən ağır yük avtomobilləri həmin yoldan girib-çıxmışlar. Cavabdeh iddiaçıya məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsinin qonşuluğunda torpaq sahəsi almış və orada tikinti işləri aparmışdır. Lakin cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolunu qanunsuz olaraq zəbt etməklə iddiaçıya torpaq sahəsindən rahat istifadə etməyə və həmin torpaq sahəsinə avtomobillərin daxil olmasına mane olmuşdur. Belə ki, cavabdeh heç bir icazə və razılıq olmadan istifadəsində olan torpaq sahəsinin ətrafına hasar çəkərkən, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən yolun bir hissəsini də hasara alaraq öz torpaq sahəsinə daxil etmişdir. Cavabdehin hərəkətləri, yəni heç bir qanuni icazə və razılıq olmadan iddiaçıya məxsus torpaq sahəsinin giriş-çıxışı üçün nəzərdə tutulmuş yolu daş hasar çəkməklə daraltması və yük avtomobillərinin keçməsinə maneə yaratması qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsinin qərardadı ilə təyin edilmiş mühəndis-texniki ekspertizası əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 07 oktyabr 2022-ci il tarixli 10/4839 nömrəli ekspert rəyində göstərilir ki, faktiki vəziyyətdə naturada mövcud olan yolun ölçülərinin Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-in «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələbi ilə avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş normaya uyğun olduğu, yük avtomobillərinin həyətyanı sahəyə girişi üçün nəzərdə tutulmuş normaya uyğun olmadığı (cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin sənədi olmadığına görə, bu normanın cavabdeh tərəfindən pozulub-pozulmadığını müəyyən etmək mümkün olmadı) müəyyən olundu. Həmçinin, qeyd olunur ki, faktiki naturada mübahisəli yolun daxilində kanalizasiya xətlərinin, mişar daşlarının, içi su ilə dolu olan metal qabın (torpaq səviyyəsində) mövcudluğu həmin yolda avtomobilin hərəkətinə maneə yaradır. Həmçinin, həmin rəydən görünür ki, Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinə əsasən yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni 2,75- 3,0 metr, yük avtomobillərinin həyətyanı sahəyə girişi üçün isə yolun eni 4,5 metr olmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən mübahisəli yolun avtomobillər üçün nəzərdə tutulan normaya uyğun olduğu, yük avtomobilləri üçün isə nəzərdə tutulan normaya uyğun olmadığı müəyyən edilir. Abşeron Rayon Məhkəməsinin 2(012)-51/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsinə gedən yolda cavabdeh tərəfindən inşa edilmiş daş hasarın cavabdehin hesabına sökülməklə açılması və cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə daxil olmasına yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş üzrə ekspert rəyinə əsasən faktiki vəziyyətdə naturada mövcud olan yolun ölçülərinin avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş normaya uyğun olduğu, yük avtomobillərinin həyətyanı sahəyə girişi üçün nəzərdə tutulmuş normaya uyğun olmadığı müəyyən olundu. Ekspertin mülahizəsinə görə ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin sənədi olmadığına görə, bu normanın cavabdeh tərəfindən pozulub pozulmadığını müəyyən etmək mümkün olmamasına, işin materiallarından göründüyü kimi cavabdehin mübahisəli ərazidə torpaq sahəsi mövcud deyildir. İddiaçı isə mülkiyyətində olan torpaq sahəsində evini tikərkən cavabdehin hasarı olmamış, yük avtomobilləri həmin yoldan sərbəst hərəkət etmişdir. Bu hal təqdim olunan foto şəkillərdən də görünür. Cavabdehin qeyd edilən ünvanda çəkdiyi hasar divar göründüyü kimi iddiaçıya məxsus həmin ünvandakı torpaq sahəsinə yük avtomobillərinin giriş çıxışını məhdudlaşdırır, yolun eni normada nəzərdə tutulan 4,5 metrdən azdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 180.1, 180.4, 239.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ilkin icraat Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçi hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Məhkəmə qətnamə qəbul edərkən bu halı nəzərə almamış, onun sahiblik hüququnu pozmuşdur. Məhkəmə qərar qəbul edərkən iddiaçının xüsusi mülkiyyətçi olmasını əsas götürərək onun sahiblik hüququnun pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə mübahisəli torpaq sahəsi və tikilinin qanunvericiliyin tələblərinə uyğun şəkildə ayrılıb-ayrılmaması deyil, iddiaçının hansı hüququnun pozulması aydınlaşdırılmalı olduğu halda, müvafiq maddi hüquq normalarını ona münasibətdə pozmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2023-cü il tarixli, 2(105)-605/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin rədd olunması qət edilmişdir (hakimlər Gülnar Cabbarova (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Səyyad Qafari). Kassasiya instansiyası məhkəməsində icraat İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. AR Ali Məhkəməsinin 2(102)-2868/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 mart 2023-cü il tarixli, 2(105)-605/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (hakimlər İspəndiyar Şəfiyev (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov). Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.Əalvə olaraq verilmiş mütəxəssis rəyi ilə razılaşmadığını qeyd etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər.Həmçinin bildirdilər ki, iş üzrə verilmiş mütəxəssis rəyi ilə razılaşırlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis X7 verdiyi rəy ilə bağlı qeyd etdi ki, iddiaçının bildirdiyi kimi küçə dardır, həqiqətən də, avtomobil dönə bilmir. Ona görə mühəndis olaraq mübahisənin həlli yolu kimi yolun dönmə hissəsində 90 dərəcəli bucaq altında olan daş hasarın hər iki tərəfdən 2 metr sökülməklə daş hasarın dairəvi şəkildə yenidən bərpa etməklə göstərilən maneə aradan qaldırıla bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi daş hasarın sökülməsinə dair hissədə dəyişdirilməli, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsinə gedən yolda Cavabdeh tərəfindən inşa edilmiş daş hasarın yola aid 90 dərəcə bucaq altında yerləşən hissəsi cavabdehin hesabına hər iki tərəfdən 2 metr sökülərək dairəvi (qövsvari) şəkildə inşa edilməklə iddiaçının torpaq sahəsinə avtomobillə daxil olmağa yaradılmış maneə aradan qaldırılmalı, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. AR Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki Məcəllənin 157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş materiallarına əsasən də müəyyən edilir ki, 0,03 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir və buna görə də onun yuxarıda qeyd edilən 157.4-cü maddənin tələblərinə əsasən cavabdehin hərəkətlərinə son qoymağı tələb etmək hüququ vardır. Ali Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan daş hasarın iddiaçıya məxsus torpaq sahəsinə giriş-çıxış üçün yolu bağlamadığı, bununla bağlı maneə yaratmadığı, avtomobillərin (minik avtomobillərinə münasibətdə) gediş-gəlişi üçün müəyyən edilmiş norma tələbləri pozulmuşdur. Çünki ekspert tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan küçənin ölçüləri: iddiaçının torpaq sahəsinə giriş darvazası tərəfdə 3,8 metr; iddiaçının torpaq sahəsinə giriş darvazasının sol tərəfində yerləşən cavabdehin hasarının künc hissəsi tərəfdə 3,9 metr; iddiaçının giriş darvazasından çıxan sol tərəfə döndükdə başlanğıc hissədə 3,85 metr; yolun sonunda isə 3,9 metr təşkil edir. Ali Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin faktiki olaraq istifadə etdiyi torpaq sahəsinə hüququn yaranması üçün əsas ola biləcək Torpaq Məcəlləsinin 55-ci maddəsində göstərilən hüquqmüəyyənedici sənədlərin olmaması, birmənalı olaraq hasarın çəkilməsinin hüquqi əsasının olmadığını təsdiq edir. Bu halda, cavabdeh tərəfindən yolun ölçüsünə dair norma tələblərinin (yük avtomobillərinə münasibətdə) pozulmasının müəyyən edilməsinin mümkün olmadığı və bu barədə iddiaçının mötəbər sübut təqdim etməməsi barədə gəlinən nəticə əsassızdır. Nəzərə alınmalıdır ki, mübahisənin həlli üçün ilk növbədə ərazinin kompleks yerquruluşu layihəsində (ərazinin baş planında) iddiaçının həyətinə giriş-çıxış üçün yolun nəzərdə tutulub-tutulmaması, nəzərdə tutulubsa həmin yolun haradan keçməsi, həmin yolun ölçüləri müəyyən edilməlidir. Bundan sonra həmin yolun cavabdeh və ya başqa qonşular tərəfindən tutulması (daraldılması) araşdırılmalıdır. Əgər nəzərdə tutulmuş yol həqiqətən də cavabdeh tərəfindən tutulmuşdursa, bu halda iddia təmin olunmalıdır. Çünki cavabdehin həmin sahəyə sahibliyinin hüquqi əsası yoxdur, sahəni özbaşına zəbt etmişdir. Ali Məhkəmənin göstərişlərinə əsasən işə yenidən apellyasiya qaydasında baxılarkən Abşeron rayon İcra Hakimiyyətinin mütəxəssisləri, zəruri olduğu halda isə həmçinin Abşeron rayon Masazır Bələdiyyəsinin mütəxəssisləri və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssisləri cəlb olunmaqla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə kollegiyasının, həmçinin birinci instansiya məhkəməsinin müvafiq sorğularına səlahiyyətli şəxslər tərəfindən verilmiş cavablarda mübahisə olunan yolun yerləşdiyi ərazinin baş planının olmadığı qeyd edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının aparılmasından imtina edilmişdir. Hazırki mübahisə ilə bağlı Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisi Vüqar Möhbalıyev tərəfindən verilmiş mütəxəssis rəyində isə qeyd edilmişdir ki, əraziyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən uzun müddət öncə inşa etdiyi hasar (H=2.20 m) ümumi istifadə olunan məhəllədaxili yolda 90 dərəcə bucaq altında yerləşir və ümumi istifadədə olunan yola müəyyən qədər maneçilik törədir.Qeyd edilən mövcud hasarın 90 dərəcə bucaq hissəsi sökülərək qövsvari (dairəvi) şəkildə inşa edildiyi halda minik avtomobllərinin sərbəst gedişgəlişi təmin edilə bilər.Lakin ərazidə böyük həcmli avtonəqliyyat vasitələrinin gediş-gəlişini təmin etmək üçün şərait mövcud deyildir. Məhkəmənin sonuncu iclasında iş üzrə rəy vermiş mütəxəssis Vüqar Möhbalıyev dindirilmiş və o, mövcud hasarın 90 dərəcə bucaq hissəsinin hər iki tərəfdən iki metr sökülərək qövsvari (dairəvi) şəkildə inşa edilməklə mövcud vəziyyətdə yolun daralmış hissəsi üzrə maneənin aradan qaldırılmasının mümkün olduğunu bildirmişdir.Bununla əlaqədar məhkəmə kollegiyasının iclasında iddiaçı yolun daralması üzrə həmin maneənin mütəxəssis rəyində göstərilmiş qaydada aradan qaldırılmasına tam razı olduğunu bildirdi. Lakin cavabdeh ona məxsus hasarın yerləşdiyi torpaq sahəsinə və tikiliyə heç bir hüquqmüəyyənedici sənədinin olmamasına baxmayaraq mütəxəssis rəyində göstərilmiş təkliflə razı olmadığını bildirdi. Məhkəmə kollegiyası işin araşdırılmış hallarına əsasən bu nəticəyə gəlir ki, iddiaçının mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə gedən yolun döngə hissəsində cavabdehin özbaşına tikdiyi hasar maneə olduğundan həmin hasarın 90 dərəcə bucaq altında olan hissəsi hər iki tərəfdən 2 metr sökülməklə və dairəvi (qövsvari) şəkildə yenidən inşa edilməklə həmin maneə aradan qaldırılmalıdır. Buna görə məhkəm kollegiyası həmçinin qeyd edir ki, birinci instasniya məhkəməsi tərəfindən cavabehə məxsus hasarın hansı hissədə sökülməli olması tam dəqiqləşdirilmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi hasarın sökülməsi hissəsində dəyişdirilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(012)-51/2022 nömrəli qətnaməsi “daş hasarın sökülməsi”nə dair hissədə dəyişdirilsin. İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsinə gedən yolda Cavabdeh tərəfindən inşa edilmiş daş hasarın yola aid 90 dərəcə bucaq altında yerləşən hissəsi cavabdehin hesabına hər iki tərəfdən 2 metr sökülərək dairəvi (qövsvari) şəkildə inşa edilməklə iddiaçının torpaq sahəsinə avtomobillə daxil olmağa yaradılmış maneə aradan qaldırılsın. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-28/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-28/2025
17.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver