Məhkəmə qərarları › İş №2(105)-1839/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1839/2022

19.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1839/2022 19.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbi”nə dair Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(060)-1496/2022 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh siyahıda göstərilən əmlakların: paltaryuyan “Samsunq”, soyuducu-'"Toşiba", tozsoran istifadə olunmuş, tozsoran cehiz ”Qalaxy”, xalça təzə cehizlik "Qalaxy"3 ədəd, televizor '‘Plazma”, 3 ədəd qalın taxt pakrıval, təzə qadın geyimləri, yorğan- döşək -balınc (1 dəst) Qalaxy, modem aparat təzə,“Sintifon" yorğan dəsti, “Galaxy" ət çəkən maşın işlənmiş, "Galaxy” ətçəkən maşını cehiz; “Galaxy" Kombayn 1 ədəd mikser, “Galaxy" qaşıq dəsti, 1 ədəd-işlənmiş şirəçəkən maşını, 1 ədəd şirəçəkən aparatı cehizlik, 3 ədəd fincan-nəlbəki dəsti, müxəlif “Çex” xrustal qabları cehiz, 6 ədəd meyvə qabı, xrustal stəkan-nəlbəki dəsti, "Bagema meyvə qabları, işlənmiş çörəkbişirən “İltimat” fir, 1 sandıq yataq dəstləri və dəsmallar, 6 ədəd yataq örtüklər (pakrıvallar), 1 ədəd alüminum qazan işlənmiş, 1 ədəd çuqun qazan işlənmiş, 1 ədəd cehiz Qranit qazan “ Qalaxy”, çəngəl- bıçaq- qaşıq dəsti, 1 dəst yorğan və 2 yastıq, iki ədəd Gəncə xalçası təzə, iki ədəd 'Təbriz Xalçası 5*4-ə, kondisioner Almaniya is. 90 kv.m.; 3 ədəd serviz dəsti cehizlik, 3 ədəd pərdələr mətbəx üçün cehizlik, 3 ədəd pərdə işlənmiş, 1 sandıq əl-üz bədən dəsmalları, 2 ədəd ütü- cehiz və işlənmiş, ət qayçısı, balta, stol süfrələri, iran palazları 3 ədəd cehiz, 3 ədəd çuqun qazan, 2 ədədi cehiz, dolça stəkanlarla, 3 dəst qayçı təzə, 2 ədəd Madonna çaynik cehiz, 2 ədəd tava cehizlik, 4 ədəd qazan tək-tək cehiz "Qalaxy", çamadan qaşıq dəsti “Qalaxy”, 4 ədəd tək adam pakrıval təzə, 8 ədəd ədyal 4-ü işlənmiş və 4-ü təzə, 6 ədəd təzə geyimlər, müxtəlif çeşiddə güldanlar, 6 ədəd meyvə qabı cehiz, 24 ədəd xrustal çay stəkanı, 10 ədəd nəlbəki-boşqab, mitillər cehiz, müxtəlif çeşid pastellər, 2 ədəd qaz peçi işlənmiş və cehiz, 1 ədəd DVD-yaponiya istehsalı, 1 ədəd kassetli maqnitafon, qazan dəsti tefal-nikel, tavalar və qazanlar işlənmiş vəziyyətdə ona qaytarılması və ya onların dəyərinin cəmi olaraq 21600 (iyirmi bir min altı yüz) manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1496/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1496/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və idianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun apellyasiya şikayəti verərək apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı qonşuluqda yaşayan Cavabdehdan xahiş edərək onunla razılığa gəlmişdir ki, iddiaçıya məxsus əmlakları cavabdehin evinin bir hissəsi boş olduğundan həmin evin boş otağına saxlanmaq üçün qoysun, evin təmiri qurtardıqdan sonra həmin əmlakları götürəcək. Həmin əşyalar cavabdehin evinə yığılmış, iddiaçı bir aydan bir gəlib əşyalarına baş çəkmişdir. 2017-ilin payız ayında əmlakları götürmək üçün gələrkən məlum olmuşdur ki, cavabdehin evinin boş otağına yığdığı əmlaklar həmin otaqda yoxdur. Həmin siyahıda göstərilən əmlaklar tam təzə olmamışdır. Əmlaklar çox hissəsi iddiaçının qızının azyaşlı vaxtlarından onun maddi vəsaiti ilə müxtəlif illərdə alınmışdır. Həmin əmlakların bir qismi işlənmiş vəziyyətdə olmuşdur. İddiaçının mənzil şəraiti yaxşı olmadığı üçün qızına aldığı cehiz əmlaklar ayrıca saxlanılmamışdır. Tək qadın olduğu üçün əmlakların hamısını ayrı-ayrı saxlamaq imkanı olmamış, bir yerdə cəm edilərək evinin təmiri müddətində cavabdehin evinə bir otağına yığılmışdır. Cavabdehlə arasında hər ay ona kirayə haqqı ödənilməsi haqqında razılaşma olmamışdır. Bu barədə deyilənlər həqiqəti əks etdirmir. Əmlakların adları və illəri barədə iddiaçı yanılsa da, həmin əmlaklar cavabdehin evinin təcrid olunmuş bir otağına yığılmışdır. Bunu özü də etiraf etmişdir, Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı təxminən 10 ildən çoxdur ki, onunla üzbəüz qonşuluqda yaşayır. 2015-ci ilin iyun ayında Rübabə öz evini təmir etdirdiyi üçün ev əşyalarını onun evinin yanında olan və ona məxsus boş evə yığmağı xahiş etmişdir. O, həmin evdə əvvəllər kirayəçi saxladığı üçün etiraz etməmiş və ev əşyalarını ona məxsus boş otağa yığmağının müqabilində hər ay ona 50 manat kirayə haqqı verməyi Rübabəyə təklif etmişdir. Rübabə də onunla razılaşmış və Rübabə ev əşyalarını gətirib onun boş otağına yığmış öz evinin qapısını da bağlayıb getmişdir. Bundan sonra o, uzun müddət Rübabəni görməmiş, Rübabənin ev əşyaları isə ona məxsus boş otaqda qalmışdır. Rübabə hərdən gəlib onun evinə qoyduğu ev əşyalarının bir qismini aparmışdır. Rübabə uzun müddət ev əşyalarını onun evində saxlamağına baxmayaraq həmin müddət ərzində Rübabə ona heç bir kirayə haqqı ödəməmişdir. Hazırda iddiaçı bilərəkdən kirayə haqqını ödəməkdən yayınmaq üçün qərəzli olaraq bunu edir, iddiaçı onun barəsində polis bölməsinə şikayət ünvanlamış və aparılan yoxlama zamanı müəyyən olunmuşdur ki, İddiaçı məxsus ev əşyalarını o və onun həyat yoldaşı Könül Cəfərova tərəfindən ələ keçirilməsi faktı öz təsdiqini tapmamışdır. Göründüyü kimi iddiaçı kirayə haqqını ödəmək şərti ilə ondan ev götürərək həmin evə özünə məxsus ev əşyalarını qoymuşdur, iddiaçı ev əşyalarını kirayə götürdüyü evə yerləşdirdikdən sonra onları ona hər-hansı bir şərtlərlə təhvil-təslim etməmiş, bu səbəbdən də iddiaçı qarşısında ona məxsus ev əşyaları ilə bağlı heç bir öhdəlik götürməmişdir. Məhkəmə isə cavabdehin bu dəlillərini rəhbər tutaraq belə qərara gəlmişdir ki, iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər heç bir mötəbər sübutla təsdiq olunmur, bu səbəbdən də, iddia rədd edilməlidir. Hansı ki, hakimin və vəkilinin məhkəmə iclasında verdiyi ətraflı suallarla cavabdeh məhkəmədə suallara cavab verərkən ona məxsus əmlakların evə yığılmasını həmin əmlaklardan ikisinə soyuducu və paltaryuyan təhqiqat gedişində 100( yüz) manat pul ödəniş etdiyini və qalan əmlakların pulunu qaytaracağına söz verməsi barədə etiraf etmişdir.Cavabdeh dəfələrlə məhkəmə iclası zamanı yalan danışmışdır. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə Təhqiqatçının 23 may 2020-ci il tarixli qərarı ilə (X1 icraatında olan. xx.xx.2020-ci il tarixli НК-1292 № yoxlama materialların) müəyyən edilmişdir ki, Cavabdeh izahatı alınmış, o izahatında Haqverdi Rübabə Kərəm qızını tanıdığını, bir neçə il əvvəl aralarında narazılıq olduğu üçün Rübabənin ona böhtan atdığını bildirərək çörək pulu qazanmaq üçün bir neçə gündür metal alqı-satqısı ilə məşğul olduğunu, Rübabənin həyətində gördüyü 3 litr həcmli alüminium qazanı qonşusu Rizvandan aldığını, həmin qazanın oğurluq olmadığını, həmçinin Rübabənin həyətində gördüyü plastik materialdan hazırlanmış qabların və metalın oğurluq olmadığını bildirmişdir. Məhkəmədə isə vəkil tərəfindən onun metal alqısatqısı ilə məşğul olub-olmadığını soruşduqda cavabdeh yalan olaraq olmadığını demişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 dekabr 2019-cu il tarixli X2 icraatında olan 24 dekabr 2019-cutil tarixli HK-1/847 № yoxlama materialları üzrə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yaşayan Cavabdeh bir neçə müddətdir yaşadığı evin həyətində qara və əlvan metal, kauçuk, sellofan qəbulu həyata keçirdiyi, V. İbrahimovun həyətində aşkar edilmiş əşya və predmetlərin yararsız olması, həmçinin həmin əşyaların İddiaçı məxsus olmadığı müəyyən edilmişdir. Bu fakt da onu göstərir ki, Cavabdeh müəyyən əşyaların alqı-satqısı ilə məşğul olaraq iddiaçıya məxsus oğurlanmış əmlakları satmaqda maraqlı olmuşdur. Həmin qərarda göstərilir ki, ünvan 2 ünvanda yaşayan İddiaçı 2016-cı ildə evini təmir etdirərkən evində olan “LC” markalı soyuducu və “LC” markalı paltaryuyan maşınını kirayə haqqı ödəmək şərti ilə aralarında olan şifahi razılaşma əsasında qonşusu Cavabdeh məxsus boş evə qoymuş, lakin hazırkı müddətədək kirayə haqqını ödəmədiyinə görə Cavabdeh onun soyuducusunu və paltaryuyanını qaytarmayacağını bildirsə də sonradan onun soyuducusunu və paltaryuyan maşınını özünə qaytarmışdır. Bundan başqa cavabdeh əmlaklar yığılan həmin otağın açarının iddiaçıda olduğu barədə yalan izahat vermişdir. Hansı ki, otağın açarının cavabdehdə saxlandığını nəhkəmədən gizlətmişdir. Digər tərəfdən də təhqiqat zamanı təhqiqatçının cavabdehin otağına əmlakların oğurlanmasının müəyyən edilməsi üçün baxış keçirilən zaman hələ əvvəllər bu hadisədən əvvəl iddiaçının evindən oğurlanmış taxta polllar da cavabdehin evində aşkar edilmişdir. Əmlakların cavabdehin otağından yoxa çıxmasından sonra iddiaçıya məlum olmuşdur ki, cavabdehin evindən əmlaklar yığılan otağa gizli giriş olmuşdur. Bütün bunlar barədə məhkəmədə məlumat verilmişdir. Hətta iddiaçı kirayə pulu qaytarılmadığı üçün cavabdeh həmin əmlaklardan bir neçəsinin sındırdığını etiraf etmişdir.Lakin, hakim bu hallara MPM-nin normalarını tətbiq etməmiş, cavabdehin hələ bir neçə əmlakın həmin otaqda olmasını və cavbdehin iddiaçının həmin əmlakları oradan götürməsini sübut etməyə dair sübut təqdim etmədiyini nəzərə almamışdır.Təqiqat işi düzgün aparılmadığından iddiaçı məcbur olaraq mülki qaydada məhkəməyə müraciət etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddəyə görə işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən iddiaçının və nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, onun Sumqayıt ŞPİ-nin 2-ci PB-nə ünvanladığı ərizə əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə aparılmış yoxlamanın nəticələrinə dair Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Müraciətdə göstərilən xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək məqsədəuyğundur. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Kəşkül küçəsi, ev 9-da yaşayan İddiaçı 2016-cı ildə evin təmir etdirərkən evində olan yorğan-döşəyi, xalça-palazı, böyük qutulara yığdığı qab-qacağı, plazma televizoru və s. əşyalarını kirayə haqqı ödəmək şərti ilə aralarında olan şifahi razılaşma əsasında qonşusu Cavabdeh məxsus boş evə qoymuş, 2020-ci ilin yanvar ayının əvvəllərində İddiaçı ev əşyalarını Cavabdeh məxsus boş evdən götürərkən ev əşyalarının bir qisminin yerində olmadığın aşkar edib, həmin əşyaların Vüqar və həyat yoldaşı Könül tərəfindən satıldığı qənaətinə gəlmişdir, lakin araşdırma zamanı İddiaçı məxsus ev əşyalarının Cavabdeh və sonuncunun həyat yoldaşı Könül Cəfərova tərəfindən ələ keçirməsi faktı öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının bərpa edilməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Bələdiyyəsi Kimyaçılar qəsəbəsi və Maral Göl üzrə 1 saylı məhəllə Komitəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə Gecəqondu Kəşkül küçəsi, ev 6-da qeydiyyatsız yaşayır. İş materiallarında olan Sumqayıt Şəhər Bələdiyyəsi Kimyaçılar qəsəbəsi və Maral Göl üzrə 1 saylı məhəllə Komitəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə Gecəqondu Kəşkül küçəsi, ev 9-da qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddiaçı iddia tələbində qeyd olunan əşyaların cavabdehdə olması və sonuncu tərəfindən satıldığını qeyd etsə, bu barədə birinci instansiya məhkəməsinə heç bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarın surətindən də görünür ki, İddiaçı məxsus ev əşyalarının Cavabdeh və sonuncunun həyat yoldaşı Cəfərova Könül tərəfindən ələ keçirməsi faktı öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əsasən iddiaçının tələb etdiyi əşyalarla bağlı tərəflər arasında saxlama müqaviləsinin bağlanması Mülki Məcəllənin 822-ci maddəsinin tələbləri baxımından təsdiq olunmur.Həmin maddəyə əsasən “Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür”. Bununla əlaqədar iddiaçı məhkəmə kollegiyasının iclasında ona məxsus mübahisələndirilən əşyaların cavabdehə məxsus ayrıca təcrid olunmuş otaqda yerləşdirməklə həmin otağın açarının yalnız cavabdehdə olduğunu bildirsə də, iş materiallarına və iddia ərizəsinin məzmununa əsasən bu təkzib olunur.Belə ki, iddiaçı iddia ərizəsində bir aydan bir gəlib əşyalarına baş çəkdiyini göstərmişdir. Məhkəmə kollegiyasının iclasında isə bunun doğru olmadığını, iddia ərizəsinin onun tərəfindən deyil, vəkili tərəfindən tərtib olunduğunu qeyd etmişdir. Lakin iddiaçının bu dəlili işin 8-ci vərəqində olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli qərarında da onun özünün izahatında hərdən lazımı əşyaları götürməyə getdiyini, ayda bir dəfə əşyalara baş çəkdiyini qeyd etmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi tərəflər arasında saxlama müqaviləsi deyil, cavabdehə məxsus təcrid olunmuş otaqda iddiaçı tərəfindən ona məxsus əşyaların yerləşdirilməsi ilə bağlı istifadə olunması məqsədi ilə əlaqədar müqavilə bağlanılmış və həmin otaq iddiaçının sahibliyində olmuşdur.Buna görə iddiaçıya məxsus əşyaların hər hansı kənar şəxs tərəfindən götürülməsinə görə cavabdehin məsuliyyət daşıması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1,392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(060)-1496/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar