Məhkəmə qərarları › İş №2(105)-1860/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1860/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1860/2021 18.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kreditin, ona hesablanmış faiz borcunun qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi» tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25.01.2021ci il tarixli, 2(012)-1195/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 2720,47 ABŞ dolları məbləğində əsas borcun, 6281,93 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 9002,4 ABŞ dolları borcun tutulması, tələbin Cavabdeh məxsus ** XC *** dövlət nömrə nişanı olan “Kia Sportage” markalı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi həmçinin iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, dövlət nömrə nişanlı ** XC *** olan “Kia Sportage” markalı həmin avtomobil üzərinə ipoteka saxlayanın saxlancına verilməklə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli, 2(012)-1195/2021 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «kreditin, ona hesablanmış faiz borcunun qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi» tələbinə dair mülki iş üzrə İddiaçı ASC-nin iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməsi, Cavabdeh məxsus ** XC *** dövlət nömrə nişanı olan “Kia Sportage” markalı avtomobilin üzərinə ipoteka saxlayanın saxlancına verilməklə həbs qoyulması qərara alınmışdır (hakim Elman Məmmədov). Hazırda həmin qərardaddan Cavabdeh nümayəndəsi-Vəkil şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli, 2(012)-1195/2021 saylı qərardadının ləğv edilməsi, iddianın təmin tədbiri barədə ərizəsinin rədd edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(012)-1195/2021 saylı qərardadı ilə iddiaçı şikayət təmin edilməmiş, şikayətin baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh nümayəndəsi-Vəkil şikayət ərizəsində göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-1195/2021 saylı, 25.01.2021-ci il tarixli qərardadı qanunsuz və əsassızdır, ona görə də ləğv edilməlidir. Belə ki, ilk öncə iş materillarından da görünür ki, cavabdeh bankdan 16262 ABŞ Dolları kredit götürmüş və mütəmadi ödəniş edərək banka cəmi 2720, 47 ABŞ Dolları borcu qalmışdır. Bu da onu sübut edir ki, cavabdeh banka olan borcunun 85 faizini ödəmişdir. Ödənişlərin dayandırılmasına səbəb nəzərdə tutulduğundan daha çox ödəməsinə baxmayaraq bank tərəfindən ödənişlər faiz və cərimələrə silinmiş və nəticədə cavabdehin banka əsassız yaranmış borcu qalmışdır. Buna görə də, cavabdeh həmin məbləğin məhkəmə tərəfindən ədalətli qərar nəticəsində müəyyən məbləğ hesablandıqdan sonra ödəyəcəyini bildirdiyindən iddiaçı məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Bu hal cavabdehin qəsdən və qərəzli şəkildə öz öhdəliyini icra etməkdən yayınmaq kimi qiymətləndirilə bilməz. Bundan başqa, ipoteka ilə yüklü edilmiş əmlak cavabdehin mülkiyyətindədir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-1195/2021 saylı, 25.01.2021-ci il tarixli qərardadı cavabdehin mülkiyyət hüquqlarının kobud surətdə pozulması deməkdir. Cavabdeh həmin avtomobili banka vermək fikrində deyil, ədalətli şəkildə borcu hesablandıqdan sonra banka olan borcunu birdəfəyə ödəmək fikrindədir. Lakin məhkəmə iclasının uzun müddət getməsi ehtimalını nəzərə alaraq Abşeron rayon Məhkəməsinin 2(012)-1195/2021 saylı, 25.01.2021-ci il tarixli qərardadı cavabdehin öz mülkiyyətindən sərbəst istifadə etməsindən məhrum edir ki, bu da həm yerli, həm də beynəlxalq qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa, cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş avtomobilin də özgəninkiləşdirilməsi mümkün deyil. Ona görə də, Abşeron rayon Məhkəməsinin 2(012)-1195/2021 saylı, 25.01.2021-ci il tarixli qərardadı əsassız və qanunsuz olduğundan ləğv edilməli və iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsinin rədd edilməsi barədə qərardad qəbul edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi kredit müqaviləsinin təminatı kimi dövlət nömrə nişanı ** XC *** olan “Kia Sportage” markalı minik avtomobili bankın xeyrinə ipoteka ilə yüklü edilməsini, cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri vaxtlı-vaxtında icra olunmamasını müəyyən edərək qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə ərizəni təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Cavabdeh mülkiyyətində olan ** XC *** dövlət nömrə nişanı olan “Kia Sportage” markalı avtomobilin üzərinə həbs qoyulması, eləcə də avtomobilin ipoteka saxlayanın saxlancına verilməsi barədə gəldiyi nəticədə haqlı olmamışdır. İş materiallarından görünür ki, üzərinə həbs qoyulması xahiş edilən olan ** XC *** dövlət nömrə nişanı olan “Kia Sportage” markalı avtomobil tərəflər arasında bağlanmış 19.02.2015-ci il tarixli avtomobil krediti və girov müqaviləsinə əsasən bank qarşısında yüklü edilmişdir. Göründüyü kimi, üzərinə həbs qoyulması tələb edilən nəqliyyat vasitəsi 19.02.2015ci il tarixli müqavilə ilə bank qarşısında yüklü edilmişdir. Belə olan halda, həmin avtomobil heç bir halda özgəninkiləşdirilə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası avtomobilin ipoteka qoyanın saxlancına verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticədə də haqlı saymır. Belə ki, belə bir tədbir mülkiyyətçi kimi cavabdehin öz əmlakından istifadə etməsini məhdudlaşdırır. Avtomobilin ipoteka ilə yüklü edilməsi həmin avtomobilin müliyyətçisi olan şəxsi öz əmlakından sərbəst istifadə etməsinə maneə ola bilməz. Həmçinin hazırki mübahisənin nə vaxta qədər davam edəcəyi qabaqcadan bəlli olmadığı nəzərə alınarsa, cavabdehin mülkiyyətçisi olduğu əmlakdan istfadəsinin qeyrimüəyyən müddətə qadağan edilməsi cavabdehin mülkiyyət hüquqlarını pozur. Eləcə də avtomobilin qeyri-müəyyən müddətdə saxlancda saxlanılması avtomobilin fəaliyyətsiz qalması, yararsız hala düşməsinə səbəb ola bilər. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli məsələni həll etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli, 2(012)-1195/2021 saylı qərardadı ləğv edilməli, iddianın təmin tədbiri barədə iddiaçının ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.3, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli, 2(012)-1195/2021 saylı qərardadı ləğv edilsin. İddianın təmin tədbiri barədə iddiaçının ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar