Məhkəmə qərarları › İş №2(105)-1863/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1863/2024

12.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1863/2024 12.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: şikayətin geri qaytarılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 25(026)-253/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. Qobustan Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(026)-253/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Mirbək oğlundan 31500 manat əsas borcun, hüquqi xidmətə görə 100 manatın və 177 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2022-ci il tarixli, 2(105)-2196/2022 saylı qərardadı ilə Cavabdeh Mirbək oğlu tərəfindən Qobustan Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.

4. Həmin qərardaddan cavabdeh kassasiya şikayəti vermişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(102)-6094/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2022-ci il tarixli, 2(105)- 2196/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Bundan sonra cavabdeh yenidən Qobustan Rayon Məhkəməsinin 03 avqust 2022- ci il tarixli, 2(026)-253/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

7. Qobustan Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(026)-253/2022 saylı qərardadı ilə Cavabdeh Mirbək oğlunun Qobustan Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(026)-253/2022 saylı qətnaməsindən təkrarən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır.

8. Həmin qərardaddan narazı qalan cavabdeh şikayət vermişdir.

Birinci instansiya məhkəməsində icraat

9. Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 25(026)- 253/2022 nömrəli qərardadı ilə (hakim Rövşən Xəlilov) Qobustan Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(026)-253/2022 saylı qərardadından Cavabdeh Mirbək oğlu tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə qanunun tələblərinə uyğun verilmədiyinə görə geri qaytarılmışdır.

10. Cavabdeh Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 2(026)-253/2022 nömrəli qərardadından 05 noyabr 2024-cü ildə şikayət vermiş, şikayətə buraxılmış prosessual müddətin bərpası haqqında ərizə əlavə etmişdir.

11. Qobustan Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(026)-253/2022 nömrəli qərardadı ilə (hakim Samir Mayılov) ərizə təmin edilmiş, Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 2(026)-253/2022 saylı qərardadından Cavabdeh tərəfindən şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmişdir.

12. Qobustan Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 2(026)-253/2022 nömrəli qərardadı ilə (hakim Samir Mayılov) Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 2(026)-253/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 2(026)-253/2022 saylı qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

14. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, o, təhsil almamış, fərdi çobanlıq etməklə 5 övladını böyütməyə çalışan Azərbaycan vətəndaşıdır. Onun vəkil tutmadan yazmış olduğu şikayəti verərkən qanunun tələbinə riayət etməməsi qəsdən deyil, savadsızlıqdan irəli gəlmişdir. Qərardadın surəti Q.Məmmədova rəsmi qaydada uzun müddət təqdim edilməmiş, o özü məhkəməyə gələrək xx.xx.2024-cü il tarixində ərizə ilə müraciət etmiş və qərardadın surətini istəmişdir. Şikayətdə xx.xx.2024-cü il tarixli, 2(026)- 253/2022 saylı qərardadda göstərilən nöqsan aradan qaldırıldığından həmin qərardadın ləğv edilməsi və mülki işdən şikayət verilməsinə dair buraxılmış prosessual müddəti üzrlü hesab edərək işə mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş olunmuşdur.

Şikayətə qarşı etirazın dəlilləri

15. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

16. Şikayətdən görünür ki, apellyator Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 25(026)-253/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 25(026)- 253/2022 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 25(026)- 253/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi şikayətin qaytarılmasına dair mövqeyini MPM-nin 363.1.5-ci maddəsində göstərilən tələblərə uyğun olmaması ilə əsaslandırmışdır.

20. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və şikayətin dəlili olaraq hazırda vermiş olduğu şikayətdə məhkəmənin 04 oktyabr 2024-cü il tarixli qərardadının qanunsuz və ya əsassız olmasına dair hər hansı bir dəlil irəli sürməmiş, yalnız əvvəlki qərardadda göstərilən nöqsanları aradan qaldırdığına istinad etmişdir.

21. Məhkəmə kollegiyası şikayətin dəlilini əsassız hesab edir və bununla bağlı qeyd edir:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar və şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.

23. Qeyd olunan apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəlləyə Əlavə 2-də əks olunmuşdur. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.

24. MPM-nin 10-1.3-cü maddəsinin tələbinə görə, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

25. MPM-in 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

26. Göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını imperativ qayda kimi müəyyən etmişdir. Lakin cavabdeh tərəfindən məhkəmənin 27 mart 2023-cü il tarixli qərardadından verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Bu səbəbdən də Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 2(026)-253/2022 saylı qərardadı ilə həmin şikayətin geri qaytarılması düzgün və əsaslı olmuşdur. Ona görə də onun ləğv edilməsi üçün hər hansı bir əsas yoxdur.

27. Bundan əlavə, qeyd olunmalıdır ki, 04 oktyabr 2024-cü il tarixli qərardadda qeyd olunan nöqsanın sonradan aradan qaldırılması məhkəmənin qanuni qərardadının ləğv edilməsinə əsas ola bilməz.

28. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prossesual normaların tətbiqində pozuntuya yol verilməmişdir.

29. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda sadalanan müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir.

30. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 25(026)-253/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar