Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1888/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı X1, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1348/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-1348/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1100 manat dəyərində komplektin- 1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd üzük, 1 ədəd bilərziyin və 500 manat dəyərində 1 ədəd nişan üzüyünün alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. (hakim E.Kazımov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1348/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissədə ləğv edilməsini, iddia tələbinin bu hissədə də rədd edilməsi, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan qızıl-zinət əşyalarının, 1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd üzük, 1 ədəd bilərzikdən (qiyməti cəmi 1100 manat) ibarət dəstin, 1 ədəd nişan üzüyünün (qiyməti 500 manat), 1 ədəd qızıl saatın (qiyməti 1500) cavabdehdən alınıb iddiaçıya verilməsi və yaxud onların əvəzi olan, cəmi 3100 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Bir müddət birgə yaşasalar da, sonradan aralarında olan mübahisələrə görə ayrılmışlar. Aralarında olan nikah Abşeron rayon Qeydiyyat Şöbəsinə təqdim etdikləri ərizə əsasında ləğv edilmişdir. Onlar ayrıldıqdan sonra, ona toy və nişan mərasimlərində hədiyyə edilmiş qızıl-zinət əşyaları cavabdehə məxsus evdə qalmışdır. Həmin qızıl-zinət əşyaları bunlardır: komplekt-1 cüt sırğa, 1 boyunbağı, 1 üzük, 1 bilərzik (qiyməti cəmi 1100 manat), 1 nişan üzüyü (qiyməti 500 manat), 1 qızıl saat (qiyməti 1500 manat). O, dəfələrlə cavabdehə həmin qızıl-zinət əşyalarının qaytarılması barədə müraciət etsə də, cavabdeh həmin əşyaları qaytarmamışdır. Cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Bu əşyalar ona məxsus olduğundan qaytarılmalıdır və göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, aralarındakı nikah Abşeron rayon Qeydiyyat Şöbəsində ləğv edilmişdir. İddiaçı ilk olaraq Abşeron Rayon Məhkəməsinə nikahın pozulmasına dair iddia ilə müraciət etmiş, məhkəmə prosesi zamanı onların övladı olmadığından və məhkəmə mübahisəsi olmadığı üçün məhkəmənin göstərişi ilə Abşeron rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və Abşeron rayon Qeydiyyat Şöbəsində nikah ləğv olunmuşdur. İddiaçı 16 fevral 2020-ci il tarixdə səhər saatlarında anası və kiçik bacısı ilə birgə bütün şəxsi əmlaklarını onlara məxsus evdən aparmışdır və o, buna heç vaxt etiraz etməmişdir. Hətta iddiaçı toy hədiyyəsi kimi bağışladığı üzüyü də ona qaytarmışdır. O, iddiaçı ilə mübahisəsiz və davasız ayrılmışdır. O, evdən gedərkən özünə məxsus olan geyim əşyaları ilə yanaşı qızıl-zinət əşyalarını da götürmüşdür. Həmin qızıllar həmişə iddiaçıda olmuş və o da həmin qızıllardan istədiyi kimi istifadə etmişdir. İddiaçı məhkəmədə həmin qızılların onda qalmasını sübuta yetirən dəlil təqdim edə bilməmişdir. İddiaçı iddia ərizəsində tələb etdiyi qızıl-zinət əşyalarının dəyərini də şişirdilmiş məbləğdə göstərmişdir. Burada isə məqsəd iddiaçının ondan əlavə pul vəsitini qoparmaqdır. Bütün bu hallar məhkəmə qətnaməsinin qanunsuzluğuna dəlalət edir və onun ləğv edilməsi, iddia tələbinin qızıl zinət əşyalarının tələbi hissəsində rədd edilməsi üçün yetərli əsaslardır. Göstərilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-1348/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissədə ləğv edilməli, iddia tələbinin bu hissədə də rədd edilməsi, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X9 apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. O, əlavə etdi ki, tərəflər məhkəmə vasitəsilə deyil, qeydiyyat şöbəsinin aktı əsasında ayrılmışlar. Bu zaman həmin qurumdan tərəflər arasında hər hansı, o cümlədən əmlak mübahisəsinin olub-olmaması soruşulur. Mübahisə olmadığına görə tərəflərin nikahına xitam verilib. Bundan sonra iddiaçının əmlak tələbi ilə bağlı məhkəmədə iddia qaldırması onun qeyri-səmimiliyindən xəbər verir və iddianın əsassız olması mənasına gəlir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib əlavə etdi ki, evi tərk edərkən cavabdeh onu döymüşdür. Belə bir vəziyyətdə o, qızılları götürə bilməzdi. Sonda o, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən 06 oktyabr 2020-ci il tarixdə verilmiş AZ-İ 364504 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 06 oktyabr 2020-ci il tarixdə pozulmuş, kişiyə Bünyatov, qadına Quliyeva soyadı verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, iddiaçının anasıdır. Qızına məxsus cehiz əşyalarının qaytarılması üçün o özü, qardaşı, qızı Şövkət və rəfiqəsi ilə birlikdə cavabdehin yaşadığı evə getmişlər. Həmin vaxt onlar qızıl-zinət əşyalarını da götürmək istəmiş, lakin yerində tapa bilməmişlər. Qızılların harada olduğunu soruşduqda, cavabdeh tərəf onlara «Siz bizimlə şərikli qızıl almısız ?» deyə cavab vermişlər. Cavabdeh tərəf yalnız onların toy hədiyyəsi olaraq cavabdehə aldığı nişan üzüyünü qaytarmış, qızına məxsus digər qızıllar isə cavabdehin evində qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 digər şahid X8 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, iddiaçının rəfiqəsidir. Toy mərasimindən sonra qonaqlıq olmuşdur. Toydan 10-14 gün sonra cavabdehin anası hədiyyə olaraq iddiaçıya qızıl saat vermişdir. Lakin, həmin saatın əlamətlərini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, iddiaçı onun qardaşı qızıdır və o, hər iki tərəfi də tanıyır. Toy mərasimindən 3 gün sonra qonaqlıq oldu və cavabdehin anası iddiaçıya hədiyyə olaraq qızıl saat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göğstərmişdir ki, o, cavabdehin anasıdır. Oğlu Natiq ilə keçmiş gəlini Şövkətin ailə münasibətləri pozulduqdan sonra, gəlini ona evlərinə getmək istədiyini bildirdi. Bir müddət sonra Şövkətin valideynləri gəlib onu öz evlərinə apardı. Şövkət evdən gedəndə bütün əşyalarını özü ilə aparmışdır. Qızıl saatı isə antik əşya kimi xatirə olaraq 50 ildir ki, saxlamışdır və həmin saat ona məxsusdur. O, qızıl saatı keçmiş gəlininə hədiyyə olaraq verməmişdir. Toy mərasimindən əvvəl Şövkətin iştirakı ilə qızıl üzüyü, boyunbağını, bilərziyi və dəst sırğanı 1100 manat pul verib Sumqayıt şəhərində qızıl dükanlarının birindən almışlar. Nişan üzüyünü isə 500 manata almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, cavabdehin bacısıdır. Qardaşı Natiq ilə keçmiş gəlinləri Şövkət ayrıldıqdan sonra cehizlərini Şövkət özü, anası, dayısı və rəfiqəsi ilə birlikdə gəlib aparmışlar. Həmin vaxtı onların ailə üzvləri evdə olmuşlar. Şövkət özünə məxsus əşyaları evdən aparmışdır. Qızıl saat anası Giləyə məxsusdur və anası həmin saatı Şövkətə verməmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin olunmamalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha girmişlər. Onların bu nikahdan uşaqları olmamışdır. Tərəflərin xasiyyətləri uyğun gəlməmiş, ailə münasibətləri pozulmuşdur. Tərəflərin nikahı onların müraciəti əsasında Abşeron rayon Qeydiyyat Şöbəsində pozulmuş, bu barədə 06 oktyabr 2020-ci il tarixdə, AZ-İ 364504 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Məhkəmə araşdırması zamanı məlum oldu ki, iddiaçıya məxsus cehiz əmlak cavabdehin yaşadığı ünvandan götürülmüşdür, bu faktı hər iki tərəf məhkəmə kollegiyasının iclasında təsdiq etdi. Hazırda iddiaçı məhkəmədə ona məxsus olan qızıl-zinət əşyalarının qaytarılması barədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Eyni məzmunlu müddəanı nəzərdə tutan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. İsinad olunan maddənin dispozisiyasından göründüyü kimi tələb olunan əmlak tələbkarın mülkiyyətində, özgənin isə qanunsuz sahibliyində olmalıdır. Hazırki halda tələb edilən qızıl-zinət əşyalarının hədiyyə şəklində verildiyindən iddiaçının mülkiyyətində olması mübahisə doğurmasa da, həmin əşyaların cavbdehdə olması sübut olunmur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia ərizəsindən göründüyü kimi, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan qızıl-zinət əşyalarının, 1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd üzük, 1 ədəd bilərzikdən (qiyməti cəmi 1100 manat) ibarət dəstin, 1 ədəd nişan üzüyünün (qiyməti 500 manat), 1 ədəd qızıl saatın (qiyməti 1500) cavabdehdən alınıb iddiaçıya verilməsi və yaxud onların əvəzi olan cəmi 3100 manat məbləğində pulun cavabdehdən alınıb ona qaytarılmasını tələb etmişdir. Buna baxmayaraq, həmin əmlakların məhz bu dəyərdə olması barədə iddiaçı məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Digər tərəfdən, istifadəsində olmuş qızıl-zinət əşyalarının əyarı və çəkisi barədə də iddiaçı tərəfindən heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf qızıl-ziynət əşyalarının cavabdehdə qalmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir və belə olan halda, iddianı qismən təmin edən birinci instansiya məhkəməsi tərəfindən mübahisənin bu cür həll olunması işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da əsas götürür ki, iddiaçının evi tərk edərkən qızıl-zinət əşyalarını özü ilə götürməməsi və onları evdə qoyması ağlabatan dəlil deyildir. Belə ki, tərəflər də təsdiq etmişlər ki, boşanmadan sonra iddiaçı tərəf cavabdehin yaşadığı evdən özünə məxsus cehiz əmlakı aparmışdır. Bu şəraitdə isə iddiaçıya qızıl-zinət əşyalarını da özü ilə götürməsinə heç bir maneçilik ola bilməzdi. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, tərəflərin uşaqları olmadığından nikahları məhkəmədən kənar qaydada, yəni məlum qeydiyyat şöbəsində pozulmuşdur. Bu cür hallarda isə, qeydiyyat şöbəsinin məsul işçisi boşanmaq istəyən şəxslərin arasında hər hansı bir mübahisənin olub-olmamasını araşdırır və belə bir mübahisə yoxdursa, nikaha bu qaydada xitam verilir. Hazırkı halda, tərəflərin nikahı da qeydiyyat şöbəsində 2020-ci ili oktyabr ayında pozulduğundan və hazırkı iddia 2021-ci ilin yanvar ayında qaldırıldığından, bu hal da məhkəmə kollegiyasının qənaətinə görə iddianın əsassızlığına dəlalət edir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin bir faktı da nəzərə alır. İddia tələbindən görünürü ki, iddiaçı digər tələblərlə yanaşı dəyəri 1500 manat olan bir ədəd qızıl saatın da alınıb ona qaytarılmasını tələb etmiş, lakin iddiası rədd olunmuşdur. İddiaçı həmin hissədə qətnamədən şikayət verməmişdir. Halbuki, həmin saatın dəyərini 1500 manat qiymətləndirmişdir ki, bu da bütövlükdə iddia məbləğinin təxminən yarısını təşkil edir. Sual doğur, əgər iddiaçı tələbində haqlı idisə niyə tələbin bir hissəsi rədd olunduğu halda o, bunu mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsas olaraq şahid qismində dindirilmiş şəxslərin ifadəsinə istinad etmişdir. Halbuki, məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, şahid ifadələri şübhə doğurur, ziddiyətlidir, iddiaçı tərəfindən dəvət edilmiş şahidlər onun yaxın qohumlarıdır (anası, bibisi və rəfiqəsi). Başqa sözlə həmin şahidlərlə cavabdeh arasında boşanmadan sonra şəxsi münasibətlər zəminində ədavətin olması şübhə doğurmur, bu səbəbdən şahidlər həqiqətə uyğun olmayan ifadə verə bilərlər. Belə olan halda, məhkəmə qətnaməsi ehtimallara əsaslanmamalıdır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Əksinə, cavabdeh tərəfin sübutları iddianın rədd edilməsi üçün yetərli olmuşdur. Buna görə də iddiasını sübut edə bilməyən iddiaçının tələbini təmin edərkən məhkəmə əsaslı şübhələrdən azad olmayan səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda göstərilən hallara düzgün qiymət verməmiş və kifayət qədər əsas olmadan iddianın qismən təmin olunmasına dair qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1348/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, apelyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş Abşeron Rayon Məhkəməsinin 2(012)-1348/2021 saylı, 18 mart 2021ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində, yəni Cavabdeh 1100 manat dəyərində komplektin- 1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd üzük, 1 ədəd bilərziyin və 500 manat dəyərində 1 ədəd nişan üzüyünün alınaraq İddiaçı verilməsi hisəsində ləğv olunsun. Yeni qətnamə qəbul edilsin və iddia bu hissədə də təmin olunmasın. İddianın rədd edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apelyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1888/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1888/2021
23.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver