Məhkəmə qərarları › İş №2(105)-1896/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1896/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1896/2021 14.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, Cavabdeh: Cavabdeh2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh R.H.Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 21.741,638 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 04.02.2018-ci il tarixinə 9578 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 363 ABŞ dolları faiz borcu olmaqla, cəmi 31.682,638 ABŞ dolları borc qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun ekvivalent tutulması, tutmanın Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı mənzilinə yönəldilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı mənzilin açıq hərracda satılması və mənzilin likvid dəyərinin 33.000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə edilmiş vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə olan borcun ödənilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı mənzili satıldıqdan sonra ən gec 1 ay ərzində Cavabdeh1 həmin mənzildən çıxarılması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaitinin ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ekspertiza xərci üçün 145 manat məbləğində pul vəsaitinin tutulması, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 21.742 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 04.02.2018-ci il tarixinə 9578 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 363 ABŞ dolları faiz borcunun, cəmi 31 683 ABŞ dolları borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tutmanın Cavabdeh1 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi və mənzil satıldıqdan sonra ən gec 1 ay ərzində qeydiyyatda olan Cavabdeh1 və digər şəxslərin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin “Badamdar" filialı ilə Cavabdeh1 arasında bağlanmış 04.02.2015-ci il tarixli, İPK 01 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 26 % ödəmək şərtilə 23.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı mənzili 04.02.2015-ci il tarixli, İM 01 saylı ipoteka müqaviləsinə əsasən ‘İddiaçı” ASC-nin xeyrinə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Sözügedən kredit müqaviləsinə əsasən Cavabdeh2 ilə 04.02.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin, cavabdehlər kredit və zaminlik müqaviləsinin şərtlərini pozaraq yaranmış kredit öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişlər. Hazırda Cavabdeh1 banka 21 742 ABŞ dolları əsas borcu, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 04.02.2018-ci il tarixinə 9578 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 363 ABŞ dolları faiz borcu, cəmi 31.683 ABŞ dolları borcu vardır. Cavabdehlərə öhdəliyin icrası ilə bağlı xəbərdarlıqlar edilsə də, heç bir nəticə əldə olunmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 avqust 2016-cı il tarixli, 2- 1(102)147/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli, 2-1(81)1594/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. O, 04 fevral 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlamışdır, bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşımaga öhdəsinə götürmüşdür. 2015-ci ilin sonunda devalvasiya nəticəsində ödənişlərin ödənilməsində çətinliklər yaranmışdır. Aylıq ödənişlərin məbləğinin azaldılması ilə bağlı iddiaçıya müraciət etməklərinə baxmayaraq, bir nəticəsi olmamış, bank tərəfindən heç bir güzəşt tətbiq edilməmişdir. Kredit müqaviləsi üzrə bu günədək 8900 ABŞ dollar məbləğ Banka ödənilmişdir. Ekspertiza rəyi ilə razılaşmır. İpoteka ilə yüklü edilmiş mənzilin likvid dəyəri ilə razı deyildir. Bu məqamlar məhkəmə tərəfindən araşdırılmamışdır. Abşeron Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(012)-21/2021 saylı qətnaməsini ləğv edib, iş yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, zamin və ipoteka müqaviləsinin olmasına və cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 04.02.2015-ci il tarixli, İPK 01 saylı kredit müqaviləsindən müəyyən edilir ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 26% hesablanmaqla 23000 manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə müqavilədə göstərilmiş müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 04.02.2015-ci il tarixli zaminlik müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 Cavabdeh1 bank qarşısında öz öhdəliklərini tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləsi Kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunduğu vaxta kimi qüvvədədir. İşə əlavə olan 27 fevral 2018-ci il tarixli bildirişdən müəyyən edilir ki, borclu Cavabdeh1 04.02.2015-ci il tarixli, İPK 01 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası barədə ləğv prosesində olan İddiaçı ASC tərəfindən xəbərdar edilmiş, həmin bildirişin surəti zamin Cavabdeh2 göndərilmişdir. İş materiallarında olan 13 iyun 2018-ci il tarixli, **********848 saylı maliyyə arayışından müəyyən edilir ki, 04.02.2015-ci il tarixli, İPK 01 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə 21 742 ABŞ dolları əsas borcu, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 04.02.2018-ci il tarixinə 9578 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 363 ABŞ dolları faiz borcu, cəmi 31 683 ABŞ dolları borcu vardır. Məhkəmə kollegiyası Cavabdeh2 iş üzrə faiz borcunun artıq hesablanması və bu barədə ekspertizanın rəyi ilə razılaşmaması barədə dəlili qəbul etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 may 2020-ci il tarixli, 2641 №-li rəyindən müəyyən edilir ki, 04.02.2015-ci il tarixli, İPK 01 saylı kredit müqaviləsi üzrə 08 iyun 2018-ci il tarixə Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə əsas borc üzrə 21.741,63 ABŞ dolları, faiz borcu üzrə 9.788,32 ABŞ dolları olmaqla, cəmi 31.529,95 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə kollegiyası hesab edir ki, borcalan Cavabdeh1 04.02.2015-ci il tarixli, İPK 01 saylı kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və borcverən ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqaviləsi ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Eləcə də zaminlik müqaviləsindən müəyyən edilir ki, tərəflər arasında bağlanan zaminlik müqaviləsi borclu kredit müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir. Bu halda da məhkəmə hesab edir ki, borclu Cavabdeh1 öhdəliklərinin icrası üçün Cavabdeh2 onunla birgə məsuliyyət daşıyır. İşdə olan 04.02.2015-ci il tarixli, İM 01 saylı ipoteka müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı mənzili ləğv prosesində olan İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. İş materıallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestr tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 21, mənzil 58 daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində Cavabdeh1 adına 27.01.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İşə əlavə olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestr tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 21, mənzil 58 İddiaçı ASC-in Badamdar filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. “İpoteka haqqında “Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3-cü və 59.3.1-ci maddələrinə əsasən ipotekaya qoyulmuş yaşayış mənzilinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış mənzilinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə kollegiyası cavabdehin iş üzrə ipoteka ilə yüklü edilmiş mənzilin likvid dəyərinin düzgün olmaması barədə dəlili qəbul etmir. Belə ki, iş üzrə keçirilmiş ekspertira və iş materiallarında olan “xxxx” MMC tərəfindən verilən 23 oktyabr 2020-ci il tarixli, 223/E №-li ekspert rəyindən müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı mənzilinin bazar dəyərinə uyğun likvid dəyəri 33.000 manat müəyyən edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiası bu hissədə isə toplanmış sübutlara qiymət verərək hesab edir ki, tutma Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı mənzilinə yönəldilməsi, həmin mənzil açıq hərracda satılması, ipoteka predmetinin ilkin satış qiyməti 33.000 manat məbləğində müəyyən edilməklə satışdan əldə edilmiş vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə olan borc ödənilməsi, mənzil satıldıqdan sonra ən gec 1 ay ərzində qeydiyyatda olan Cavabdeh1 mənzildən çıxarılması, iddia tələbi bu hissədə təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 10 mart 2021-ci il tarixli 2(012)-21/2021 saylı qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar