Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-192/2024 25.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hərracın nəticələri haqqında protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin sənədlər əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı2 nümayəndəsi Nümayəndə1 (sonuncu məhkəmə iclasına gəlməmişdir), Cavabdeh "xxxx" Bank ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə (sonuncu məhkəmə iclasına gəlməmişdir) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2195/2023 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh1 46478/19 saylı icra işində olan xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1254/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1254/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh İddiaçı2 ilə Cavabdeh3 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 07/5470/İBK saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər İddiaçı2, X3 və İddiaçı1 müştərək qaydada 125627,22 ABŞ dolları məbləğində əsas və 28531,72 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 154158 ABŞ dolları 94 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutmanın cavabdeh X2 məxsus, ilkin satış qiyməti 195000 manat müəyyən edilməklə, AZ 5021, ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 352,9 kv.m (237.6 kv.m yaşayış sahəsi; 115.3 kv.m yardımçı sahəsi) olan 25 nömrəli fərdi yaşayış evinə və İddiaçı1 məxsus olan, ilkin satış qiyməti 120000 manat müəyyən edilməklə Sumqayıt şəhəri. Corat qəsəbəsi, 73-cü məhəllə, 72B ünvanı, 0,06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95,04 kv.m (70.84 yaşayış sahəsi, 24.2 yardımçı sahəsi) olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evlərinin açıq hərracdan satılmalı və onların satışından əldə edilən pul vəsaiti hesabına ümumilikdə 154158,94 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla "xxxx" ASC-nə ödənilməli, qalan vəsaitin isə cavabdehlər X3 və İddiaçı1 qaytarılmalı, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun cavabdehlər İddiaçı2, X1 və İddiaçı1 müştərək qaydada tutularaq iddiaçı Cavabdeh3 ASCnə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pulun cavabdehlər İddiaçı2. X1 və İddiaçı1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülməlidir.
3. Cavabdeh1 hərracın keçirilməsi haqqında şifariş məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli qərarla icraata başlanılan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1254 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraatda ünvan 1 ünvanında. 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 352.9 kv.m (237.6 kv.m. yaşayış sahəsi; 115.3 kv.m. yardımçı sahəsi) olan 25 nömrəli fərdi yaşayış evinin və Corat qəsəbəsi, 73-cü məhəllə, 72B ünvanı, 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95.04 kv.m (70.84 yaşayış sahəsi, 24.2 yardımçı sahəsi) olan 3 otaqlı fərdi yaşayış evlərinin qiymətləndirilməsi məhkəmə tərəfindən keçirilmiş və həmin evlərə dair hərracın keçirilməsi "xxxx" MMC-dən xahiş edilmişdir.
4. "xxxx" Hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli, Y-200/1 №-li protokoldan görünür ki, X2 məxsus ünvan 1 ünvanında, 0.06 ha torpaq sahəsində yerləşən 25 №-İi fərdi yaşayış evinin alıcısı "xxxx" ASC-dir, həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 195000 manat müəyyən olunmuş, əmlakın hərracda satılmış son qiyməti isə 124313 (yüz iyirmi dörd min üç yüz on üç) manat müəyyən olunmuşdur.
5. "xxxx" Hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli, Y-200 №-li protokoldan görünür ki, İddiaçı1 məxsus Sumqayıt ş. Corat qəs. 73-cü məhəllə, 0.06 ha torpaq sahəsində yerləşən 72 B saylı fərdi yaşayış evinin alıcısı "xxxx" ASC-dir, həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 120000 manat müəyyən olunmuş, əmlakın hərracda satılmış son qiyməti isə 76500 manat müəyyən olunmuşdur.
6. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı1 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 0,06 ha torpaq sahəsində yerləşən 72 B saylı fərdi yaşayış evinin alıcısı "xxxx" ASC-dir. Əmlakın ilkin satış qiyməti-120000 manat, əmlakın satılmış son qiyməti: 76500 (yetmiş altı min beş yüz) manatdır.
7. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, X2 məxsus ünvan 1 ünvanında, 0.06 ha torpaq sahəsində yerləşən 25 №-İi fərdi yaşayış evinin alıcısı "xxxx" ASC-dir, həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 195000 manat müəyyən olunmuş, əmlakın hərracda satılmış son qiyməti isə 124313 manatdır.
8. Cavabdeh1ndən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun mahiyyətindən görünür ki, İcra zamanı ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 352.9 kv.m (237.6 kv.m yaşayış sahəsi; 115.3 kv.m yardımçı sahəsi) olan 25 nömrəli və Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72B ünvanı, 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95.04 kv.m (70.84 yaşayış sahəsi, 24.2 yardımçı sahəsi) olan, 3 otaqlı fərdi yaşayış evləri hərrac vasitəsi ilə "xxxx" ASC tərəfindən alındığından, həmin yaşayış sahələrinin üzərindən məhdudiyyətin götürülməsi və alıcının adına rəsmiləşdirilməsi xahiş olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək hərracın keçirilmə nəticələrinin xx.xx.2019-cu il tarixli Y-200 №-li hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir.
10. İddiaçı2 nümayəndəsi və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsini cavabdeh qismində işə cəlb edilməsini və hərracın keçirilmə nəticələrinin xx.xx.2019-cu il tarixli Y-200 N-li Hərracın nəticələri haqqında protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, ev 72B xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh3 ASC ilə İddiaçı2 arasında xx.xx.2015-ci ildə bağlanmış kredit müqaviləsi əsasında sonuncunun adına kredit xətti açılmış və iddiaçının adına dövlət qeydiyyatına alınmış mübahisəli ev ipoteka edilmişdir. Devalvasiya ilə əlaqədar əsas borclu İddiaçı2 krediti ödəyə bilmədiyindən, Cavabdeh3 ASC borcun tutulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-820/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə həmin müqavilə ləğv edilmiş, 125627,22 ABŞ dolları əsas borc, 28531,72 ABŞ dolları faiz borcu olmaqla cəmi 154158,94 ABŞ dolları ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 31 manat məbləğində pul vəsaiti tutularaq banka ödənilməsi və borcun ipotekaya yönəldilməsi, satışdan əldə edilmiş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi,qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qətnaməsi ilə İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilmiş, onun mülkiyyətində olan Sumqayıt şəhəri,Corat qəsəbəsi, 73-cü məhəllə, 72B saylı ev ilkin satış qiyməti 120000 manat müəyyən edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçının məhkəmə iclasında iştirakı təmin edilməmiş, nə də icraata başlamaq haqda Qərarla tanış edilməmiş, iddiaçının şikayət vermək hüququ pozulmuşdur. İddiaçı2 məhkəmədə işə baxılıb yekun qərar çıxarılana kimi icraatın dayandırılması ilə əlaqədar icra məmuruna müraciət etməsinə baxmayaraq, icra məmuru nə onu, nə də iddiaçıya xəbərdarlıq etmədən Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli icra vərəqəsini icraata yönəltmişdir. İddiaçıya xəbər vermədən "xxxx" tərəfindən evi açıq hərracdan 76500 manata satılmış və bank tərəfindən alınmışdır. "xxxx"ndə olduqda, həqiqətən iddiaçıların iştirakı təmin edilmədən gizlin 3 dəfə hərrac keçirilməsinin və xx.xx.2019-cu il tarixdə İddiaçı1 adına dövlət qeydiyyatına alınmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72B saylı ev 76500 manata Cavabdeh3 ASC-nə satılması barədə məlumat almışdır. "xxxx"nin Hərracın nəticələri haqqında Y-200 nömrəli xx.xx.2019-cu il tarixli Protokolla razı deyildir. Hesab edir ki, İcra sənədi icraata yönəldilənə qədər iddiaçıya məhkəmə müdafiəsindən tam istifadə etməyə imkan yaradılmalı, İcraata başlamaq haqqında Qərarla tanış edilməli, ondan şikayət etmək hüququndan istifadə etməli, icra sənədinin hərraca göndərilməsi, bundan əlavə keçirilən hərrac barədə xəbərdar edilməli, evi bankın aldığı qiymətə iddiaçıya təklif edilməli, evin iddiaçının özü tərəfindən münasib qiymətə alınması və satılması üçün şərait yaradılmalı, vaxt verilməli idi. Evi ekspertiza tərəfindən dəyərindən aşağı qiymətləndirilmişdir. İddiaçı həmin qiymətləndirmədən sonra evi təmir etdirmişdir. Bank isə evini iddiaçıdan gizlin keçirilən hərracda 76500 manata almışdır.
12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi mülki iş üzrə cavabdeh qismində məhkəmə prosesinə cəlb edilmişdir.
13. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2195/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Elmir Hüseynov).
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1, 416-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1, 39.2, 41.1, 42.1, 44, 53.1, 53.2, 53.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı2 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2195/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ASC ilə xx.xx.2015-ci ildə bağlanmış kredit müqaviləsi əsasında adına kredit xətti açılmış və İddiaçı1 adına dövlət qeydiyyatına alınmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, ev 72 V ipoteka edilmişdir. "xxxx" onların iştirakı təmin edilmədən formal 3 dəfə hərrac keçirmiş və onsuz da real qiymətindən dəfələrlə aşağı qiymətə qiymətləndirilmiş evin xx.xx.2019-cu il tarixdə 76500 manata Cavabdeh3 ASC-nə satılması barədə məlumat almışdır. Hərracın nəticələri haqqında Y-200 nömrəli Protokol verilmişdir. Söhbət əsnasında Mərkəzin işçisi etiraf etmişdir ki, "xxxx" tərəfindən ümumiyyətlə hərrac keçirilməmiş, formal olaraq protokollar tərtib edilmişmişdir. Həqiqətən cavabdehin nə rəsmi sayıtında, nə də kütləvi informasiya vasitələrində, onun əməkdaşlıq etdiyi qəzetdə banka ipoteka edilmiş evin hərraca çıxarılması barədə məlumatlar yerləşdirilməmişdir. İlkin satış qiyməti yarı dəyərindən də aşağı qiymətləndirilmiş evin qiymətini qəsdən aşağı salmaq məqsədi ilə guya 2 dəfə hərrac baş tutmamış, 3-cü dəfə isə əmlak banka satılmışdır. O və evin mülkiyyətçisi nə rəsmi, nə də qeyri-rəsmi qaydada hərrac keçirilməsi barədə məlumatlandırılmamışlar. Həmin nəticə ilə razı deyil, bankla razılığa gəlmək, krediti hissəhissə ödəyərək evi sahibinə geri vermək istəyir. Hərrac açıq auksion formasında keçirilir. "xxxx" tərəfindən ümumiyyətlə hərrac keçirilməmiş, formal olaraq protokollar tərtib edilmişdir. Çünki cavabdehin nə rəsmi sayıtında, nə də kütləvi informasiya vasitələrində, onun əməkdaşlıq etdiyi qəzetdə ipoteka etdiyi əmlakların hərraca çıxarılması barədə məlumatlar yerləşdirilməmişdir. İlkin satış qiyməti yarı dəyərindən də aşağı qiymətləndirilmiş əmlaklarımın qiymətini qəsdən aşağı salmaq məqsədi ilə guya 2 dəfə hərrac baş tutmamış, 3-cü dəfə isə əmlaklar banka satılmışdır. O nə rəsmi, nə də qeyrirəsmi qaydada hərrac keçirilməsi barədə məlumatlandırılmamışdır. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yerı, forması, onun predmeti və keçirilmə qaydası,`o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. İş materiallarından göründüyü kimi onlara belə bir şərait yaradılmamışdır. Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
18. İddiaçı2 nümayəndəsi Nümayəndə1 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
19. Cavabdeh "xxxx" Bank ASC-nin nümayəndəsi Nümayəndə2 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı1, cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər.
21. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
22. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə İddiaçı1, cavabdehlər "xxxx" MMC və Sumqayıt Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
24. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
25. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
26. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
27. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
28. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.
29. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
30. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
31. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
32. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
33. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
34. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
43. Apellyasiya şikayətindən görünür ki, İddiaçı2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2195/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirmişdir.
44. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Kollegiya birinci instansiyası məhkəməsinin qiymətləndirməsi ilə tam razılaşır.
47. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar ipoteka predmetlərinə dair hərracların keçirilməsini mübahisələndirdikləri halda hərracın keçirilməsini qanun pozuntusu ilə olduğu kimi qələmə versələr də, iş materiallarından həmin hallar müəyyən olunmur.
48. Məhkəmə kollegiyası izah edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
49. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
50. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
51. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
52. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, hazırki halda sübutetmə yükü üzərinə düşən iddiaçı öz dəlillərinin əsasını təşkil edən halları sübut etməyə borclu olduğu halda bunu edə bilməmişdir.
53. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “Affirmanti, non neganti, incumbit probatio” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”.
54. Avropa İnsan Hüquqları Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, “məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
55. Daha öncə qeyd olunduğu kimi iddiaçı məhkəməyə heç bir mötəbər, legitim, əsaslı, şübhədən kənar sübutlar təqdim edə bilməmişdir. Hazırda hərracın nəticələrinin etibarsız hesab edilməsi və ya ləğv olunması üçün iş materiallarında əsaslı sübut yoxdur.
56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır.
57. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2195/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2195/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.