Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1949/2021 02.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Siyəzən Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(059)-57/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Siyəzən Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(059)-57/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Bəylər Ələkbərov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehin yaşayış sahəsini boşaltmaqla, uşaqları ilə birlikdə fərdi yaşayış evindən çıxarılması və iddiaçıların evə köçürülməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları, 03 oktyabr 2014-cü il təvəllüdlü X11 və 22 noyabr 2015-ci il təvəllüdlü X18 ilə birlikdə İddiaçı1 mülkiyyətində olan Siyəzən şəhərinin B.Bayramov küçəsindəki 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96,1 kv.metrdən ibarət 50 saylı fərdi yaşayış evindən çıxarılmaqla, oranın boşaldılması, iddiaçılar İddiaçı2 və İddiaçı1 sonuncunun mülkiyyətində olan həmin evə köçürülmələri qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 və İddiaçı2 iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh Siyəzən şəhərinin B.Bayramov küçəsindəki 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96,1 kv.metrdən ibarət 50 saylı fərdi yaşayış evinin yaşayış sahəsini boşaltmaqla, 03 oktyabr 2014-cü il təvəllüdlü Mətanət və 22 noyabr 2015-ci il təvəllüdlü Xəzər adlı uşaqları ilə birlikdə çıxarılmaları və onların həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışlar ki, Siyəzən şəhərinin B.Bayramov küçəsindəki 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96,1 kv.metrdən ibarət 50 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 məxsusdur. Cavabdeh 02 noyabr 2013-cü il tarixində qayınata evinə gəlin gəlmiş, lakin 1 ay 12 gündən sonra özbaşına azad yaşamaq üçün əri, yəni onların oğlu Sahil Ağamalıyevlə birlikdə evdən çıxıb, Siyəzən rayonu, Balaca Həmyə və Beşdam kəndində yaşamışlar. Bu müddət ərzində, eləcə də bundan sonra cavabdeh onlarla səmimi, xoş münasibətdə olmamış, əksinə, bəzi xoşagəlməz hərəkətlərinə etiraz etdiklərinə görə ailədə söz-söhbətlər yaranmış, dava-dalaş başlamışdır. Nəhayət, 2016-cı ilin avqust ayında cavabdeh ona məxsus evi ələ keçirmək məqsədi ilə geri qayıtmış və ay yarım bir təhər hərəkətlərinə dözdükdən sonra cavabdeh əsil niyyətini üzə çıxarmışdır. Belə ki, cavabdeh mütəmadi olaraq onlarla dava-dalaş salıb, DİN-in 102 çağrı xidmətinə zəng vuraraq onların Siyəzən rayon Polis şöbəsinə çağrılmalarına səbəb olmuşdur. Beləliklə, o və oğlu 2016-cı ilin sentyabr ayından mütəmadi olaraq Siyəzən rayon Polis şöbəsində olmuşlar. Bundan başqa, cavabdeh qonaq qismində ata evinə gələn gəlin köçmüş qızlarını belə evə buraxmayaraq, bəzən onları döyüb evdən qovmuşdur. Belə ki, qızı Aygün Günəşovanı döyməsi ilə bağlı cavabdehin barəsində Siyəzən rayon Polis şöbəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə toplanmış materiala rayon məhkəməsində baxılıb, hüquqi qiymət verilmişdir. Cavabdehin ailəsinə, habelə onlara qarşı bütün bu əməlləri törətməkdə məqsədi onun mülkiyyətində olan mübahisəli evi öz sahibliyinə və ya adına keçirməkdir. Hətta buna görə cavabdeh birlikdə yaşadıqları dövrdə ona evi adına keçirmək üçün iyrənc təkliflər də etmişdir. Cavabdehin iyrənc təklifindən sonra o, 2019-cu ilin iyun ayında arvadı İddiaçı2 ilə birlikdə mübahisəli evdən çıxaraq, kirayədə yaşamağa başlamışdır. Bundan sonra, cavabdeh iki uşağı və əri ilə ona məxsus evdə yaşamağa başlasa da, öz istədiyi kimi azad olub, istədiyi hərəkətləri edə bilmədiyindən, 29 aprel 2020-ci il tarixdə əri Sahil Ağamalıyevlə də dava edərək, gecə ikən evdən qovmuşdur. Dəfələrlə oğlu Sahil, habelə onlar evlərinə qayıtmaq istəsələr də, cavabdehin fiziki müqaviməti, habelə evin qapılarının açarını dəyişməsi kimi yaratdığı maneələr səbəbindən bu mümkün olmamışdır. Hazırda cavabdeh mübahisəli evi qanunsuz, özbaşına zəbt edərək, əmlakın tam sahibi kimi Mətanət və Xəzər adlı uşaqları ilə birlikdə orada yaşamaqla, onların əmlak hüquqlarına qəsd etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. Belə ki, o, X12 ilə 10 oktyabr 2013-cü il tarixində nikaha daxil olmuş, birgə nikahlarından 03.10.2014-cü il tarixində X11 və 22.11.2015-ci il tarixində X18 anadan olmuşlar. Ailə qurduqları ilk gündən bu günə kimi iddiaçılar olan qayınatası və qayınanasına məxsus Siyəzən şəhər B.Bayramov küçəsindəki 50 saylı evə gəlin köçmüşdür. Bir müddət sonra qayınatası Şəkəralı Ağamalıyev ona və həyat yoldaşına evdən çıxmalarını bildirmişdi. Onların maddi durumu aşağı səviyyədə olduğundan və şəxsi mənzilləri olmadığından bu evdə yaşadılar. Qayınatası onların bu mənzildə yaşamalarını qəbul etmədiyindən qayınanası ilə birlikdə kirayə ev tutaraq mübahisəli evdən çıxmışdılar. 29 aprel 2020-ci il tarixdə qayınatası onun həyat yoldaşını kirayə tutduğu mənzillərinə çağıraraq onun əxlaqsız olduğunu bildirmiş, qayınatası və qayınanası bu dəfə həyat yoldaşını deyil, onu və iki azyaşlı övladlarını hədəf bilərək məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onu və iki azyaşlı övladları ilə yaşadıqları evdən çıxarılmalarını xahiş etmişlər. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, onun iki azyaşlı övladları ilə yaşadıqları evdən istifadə hüquqlarının tanınması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları, 03 oktyabr 2014-cü il təvəllüdlü X11 və 22 noyabr 2015-ci il təvəllüdlü X18 ilə birlikdə İddiaçı1 mülkiyyətində olan Siyəzən şəhərinin B.Bayramov küçəsindəki 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96,1 kv.metrdən ibarət 50 saylı fərdi yaşayış evindən çıxarılmaqla, oranın boşaldılması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli qərarından görünür ki, Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 11 nömrəli qərarına əsasən İddiaçı1 şəhərin baş planı üzrə Siyəzən şəhərinin 28-ci məhəlləsində fərdi yaşayış evi tikmək üçün 500 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 oktyabr 2020-ci il tarixli doğum haqqında arayışlardan görünür ki, X12 ilə Ağamalıyeva (Muradova) Ədilə Niyət qızının nikahından 03 oktyabr 2014-cü il tarixdə X11, 22 noyabr 2015-ci il tarixdə X18 anadan olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, B.Bayramov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, X13, X9, X16 qızının və X5 adlarına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində 18.08.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, B.Bayramov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına 2/6 hissədə, İddiaçı2, X9, Ağamaliyeva Şəbnəm Şəkəralı qızının və X5 hər birinin adlarına 1/6 hissədə olmaqla daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində 28.02.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 13 noyabr 2020-ci il tarixli, **********19 nömrəli məktubundan görünür ki, Siyəzən şəhəri, B.Bayramov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evi ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 03 may 2006-cı il tarixli, JN-1804A nömrəli, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” və məlumatlandırma icraatına müvafiq olaraq İddiaçı1 İcra Hakimiyyəti orqanına ünvanlanmış məktubu, eləcə də eskiz layihəyə əsasən ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2, X6, X4, X7 və X3 adlarına qeydiyyata alınmış və bu barədə 18 avqust 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Siyəzən rayon dövlət notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 20 fevral 2018-ci il tarixli, 4Ə-92 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 2/6 hissədə İddiaçı1, 1/6 hissədə İddiaçı2, 1/6 hissədə X9, 1/6 hissədə X3, 1/6 hissədə X7 adına qeydiyyata alınmış və bu barədə 28 fevral 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Quba Regional “ASAN Xidmət” mərkəzində notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 15 avqust 2020-ci il tarixli, 4Ə-1592 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında fərdi yaşayış evi İddiaçı1 adına qeydiyyata alınmış və 26 avqust 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Quba Regional “ASAN Xidmət” mərkəzində notariat ofisində 15 avqust 2020-ci il tarixdə bağlanılaraq 4Ə-1592 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X8, X9, X3 və X7 adlarından etibarnamə ilə çıxış edən X1 şəhəri, B.Bayramov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0,05 ha torpaq sahəsində həmin şəxslərə məxsus payları İddiaçı1 bağışlamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, B.Bayramov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 26.08.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İşin mübahisə edilməyən hallarından görünür ki, keçmiş Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 11 saylı qərarına əsasən İddiaçı1 Siyəzən şəhərinin 28-ci məhəlləsində fərdi yaşayış evi tikmək üçün 500 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. 02 noyabr 2013-cü il tarixdə iddiaçıların oğlu Sahil Ağamalıyev cavabdeh Ağamalıyeva (Muradova) Ədilə Niyət qızı ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, İddiaçı1 fərdi yaşayış evi tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində 2009-cu ilin yay aylarında inşa edilməklə, mövcud olmuş Siyəzən şəhərinin B.Bayramov küçəsindəki 50 saylı fərdi yaşayış evinə gəlin köçmüş, Sahil Ağamalıyevlə Cavabdeh birgə nikahlarından 03 oktyabr 2014cü il tarixdə Mətanət, 22 noyabr 2015-ci il tarixdə isə Xəzər adlı uşaqlar anadan olmuşlar. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Cavabdeh 02 noyabr 2013-cü il tarixdə iddiaçıların oğlu Sahil Ağamalıyevlə evlənib, mübahisəli evə gəlin köçərkən həmin ev dövlət reyestrində qeydiyyatdan keçməmişdir. 18 avqust 2015-ci il tarixdə isə Siyəzən şəhərinin B.Bayramov küçəsindəki 50 saylı fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2, X6, X4, X7 və X3 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, Siyəzən şəhərinin B.Bayramov küçəsindəki 50 saylı fərdi yaşayış evinin birgə mülkiyyətçilərindən biri də cavabdehin əri X12 olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əməkqabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsin köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məhkəmə kollegiyası hesab edir ki, Ağamalıyeva (Muradova) Ədilə Niyət qızı Siyəzən şəhərinin B.Bayramov küçəsindəki 50 saylı fərdi yaşayış evinin birgə mülkiyyətçilərindən olan X7 ailə üzvi hesab edilən şəxslər kateqoriyasına aid olduğundan o, həmin evdən istifadə hüququna malik olmuşdur. İşin mübahisə edilməyən hallarından görünür ki, Quba Regional “ASAN Xidmət” mərkəzində notariat ofisində 15 avqust 2020-ci il tarixdə bağlanılaraq 4Ə-1592 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X8, X9, X3 və X7 adlarından etibarnamə ilə çıxış edən X1 şəhəri, B.Bayramov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0,05 ha torpaq sahəsində həmin şəxslərə məxsus payları İddiaçı1 bağışlamış, Siyəzən şəhəri, B.Bayramov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına 26.08.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Bundan 1 ay 12 gün sonra isə İddiaçı1 və İddiaçı2 hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası MM-nin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin əri tərəfindən Siyəzən şəhəri, B.Bayramov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0,05 ha torpaq sahəsində olan payını atası İddiaçı1 bağışlayarkən, sonuncu cavabdehin həmin fərdi yaşayış evinə istifadə hüququnun olduğunu bilmişdir. Bundan başqa, işdən görünür ki, Cavabdeh X12 ilə birgə nikahlarından 03 oktyabr 2014-cü il təvəllüdlü Mətanət və 22 noyabr 2015-ci il təvəllüdlü Xəzər adlı uşaqları vardır. Məhkəmə kollegiyasının hüquqi mövqeyinə görə həmin uşaqların da ailədə valideynləri, yəni atası və anası ilə birgə yaşamaq, onlardan qayğı görmək hüquqları vardır. “Uşaq hüquqları haqqında” qanunun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Həmin qanunun 20-ci maddəsində göstərilir ki, hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Şərh olunanlara qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları, 03 oktyabr 2014-cü il təvəllüdlü X11 və 22 noyabr 2015-ci il təvəllüdlü X18 ilə birlikdə İddiaçı1 mülkiyyətində olan Siyəzən şəhərinin B.Bayramov küçəsindəki 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96,1 kv.metrdən ibarət 50 saylı fərdi yaşayış evindən çıxarılmaları hissəsində tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli, iddia tələbi Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları, 03 oktyabr 2014-cü il təvəllüdlü X11 və 22 noyabr 2015-ci il təvəllüdlü X18 ilə birlikdə İddiaçı1 mülkiyyətində olan Siyəzən şəhərinin B.Bayramov küçəsindəki 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96,1 kv.metrdən ibarət 50 saylı fərdi yaşayış evindən çıxarılmaları hissəsində təmin edilməməlidir. Cavabdeh apellyasiya şikayətində onun iki azyaşlı övladları ilə yaşadıqları evdən istifadə hüquqlarının tanınması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətində faktiki olaraq yeni tələb irəli sürmüş, lakin bu barədə ayrıca iddia ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası MPM-nin 372.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Həmin Məcəllənin 372.5-ci maddəsinə əsasən tərəflər apellyasiya instansiyasının baxışına yeni tələbləri yalnız o hallarda təqdim edə bilərlər ki, bunlar qarşılıqlı tələbin ödənilməsinə, əks tərəfin tələbinin rədd edilməsinə, üçüncü şəxslərin işə cəlb edilməsinə, faktın aşkar olunmasına və ya fakt haqqında məlumatın verilməsi əsasən məsələlərin həll edilməsinə yönəlmiş olsun. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsində nəzərdə tutulmuş yeni tələb apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, ərizəçi həmin tələbin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu hissəsini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları, 03 oktyabr 2014-cü il təvəllüdlü X11 və 22 noyabr 2015-ci il təvəllüdlü X18 ilə birlikdə İddiaçı1 mülkiyyətində olan Siyəzən şəhərinin B.Bayramov küçəsindəki 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96,1 kv.metrdən ibarət 50 saylı fərdi yaşayış evindən çıxarılmaları hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(059)-57/2021 saylı qətnaməsi Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları, 03 oktyabr 2014-cü il təvəllüdlü X11 və 22 noyabr 2015-ci il təvəllüdlü X18 ilə birlikdə İddiaçı1 mülkiyyətində olan Siyəzən şəhərinin B.Bayramov küçəsindəki 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96,1 kv.metrdən ibarət 50 saylı fərdi yaşayış evindən çıxarılmaqla, oranın boşaldılması hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1949/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1949/2021
02.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver