Məhkəmə qərarları › İş №2(105)-20/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-20/2025

26.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-20/2025 26.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-125/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 nömrəli qərarı ilə 1530.78 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. X11 kitabında xx.xx.2010-cu il tarixdə 1328 nömrə ilə uçota alınmışdır.

2. Cavabdeh (bundan sonra – cavabdeh) Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 nömrəli qərarı ilə 1530.78 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. X11 kitabında xx.xx.2010-cu il tarixdə 1328 nömrə ilə uçota alınmışdır.

3. Şamaxı rayonu, Göylər kənd sakini Cavabdeh, X8 və X2 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 saylı qərarı ilə 1.62 ha həyətyanı torpaq sahəsi verilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi mübahisəli torpaq sahələri ilə bağlı bildirmişdir ki, cavabdehin adına Şamaxı rayonunun Göylər kəndində JN1508 nömrəli dövlət aktına əsasən 1.62 ha ümumbirgə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Şamaxı rayonu, Göylər kəndi ərazisindən X11ı kitabında xx.xx.2010-cu il tarixli 1328 nömrə ilə uçota alınmış (A225035) həyətyanı torpaq sahəsi kadastr kitabında iddiaçının adına qeydiyyata alınmışdır. Dövlət aktının verilməsinə əsas olmuş sənədlər DƏDRX-in 14 Saylı Şamaxı Ərazi İdarəsinin arxivində saxlanılmır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz zəbt olunmuş, Şamaxı rayonu Göylər kəndində yerləşən ona məxsus torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına tikilmiş evin, yardımçı tikililərin onun öz hesabına sökülməsi və ona məxsus torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Şamaxı rayonu Göylər kəndində 0.16 ha həyətyanı torpaq sahəsi var. O, Rusiya Federasiyasında yaşayır. Torpaq sahəsində ev tikmək məqsədilə Göylər kəndinə gəmiş, lakin cavabdehin ona məxsus torpaq sahəsini zəbt edərək orada özü üçün ev və əlavə tikililər tikdiyini görmüşdür. Əvvəl ona təklif etmişdir ki, tikilinin yarısından istifadə etsin yarısını boşaltsın, çünki o özü də ev tikmək istəyir. Amma qardaşı razı olmamış, bütün həyətin ona aid olduğunu bildirmişdir. Belə olan halda tələb etmişdir ki, evini və digər tikililərini söküb, onun torpağından çıxsın. Lakin cavabdeh imtina etmişdir. Ümumiyyətlə, onu həyətinə yaxın buraxmamışdır.

7. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, torpaq sahəsi ona məxsusdur və onun istifadəsindədir. Onun həmin torpağa dair plan və ölçü sənədi var. Əgər torpaq ona məxsus olmasaydı dövlət orqanı ona belə sənədi verməzdi. Orada tikililər tikmiş və onlardan istifadə edir.

8. Şamaxı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(074)-125/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehin qanunsuz zəbt etdiyi Şamaxı rayonu, Göylər kəndində yerləşən 1530,78 kv.metr iddiaçının mülkiyyətində olan torpaq sahəsində özbaşına tikilmiş ev və yardımçı tikililərin cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsinin boşaldılaraq İddiaçı qaytarılması qət edilmişdir (hakim Natiq İsmayılov).

9. Məhkəmənin 17 may 2022-ci il tarixli xüsusi qərardadı ilə mülki işin məhkəmə baxışı zamanı cinayətin əlamətlərinin (rəsmi sənədin saxtalaşdırılması ilə bağlı) olubolmamasının araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilməsi qərara alınmışdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.5, 157.2, 157.4, 164.1, 164.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandıraraq, iddianın təmin edilməsi nəticəsinə gəlmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2216/2022 nömrəli iş üzrə 27 dekabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər – Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Zaur Məmmədov və İlqar Dəmirov).

Kassasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tamamilə ləğv edərək, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1877/2023 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2216/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır (hakimlər Həsənov Vüqar (məruzəçi), İspəndiyar Şəfiyev və Əhməd Əhmədov).

15. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, tərəflərin bildirdikləri faktiki hallarla iddianın və ona etirazın qanuni əsası ola biləcək maddi hüquq normalarının şərtləri arasında uyğunluq (uyğunsuzluq) müəyyən edilərək iddia həll edilməlidir. Torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Torpaq mülkiyyətçisi tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Çünki, binaların sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, binalar sökülmədən şəxs oradan çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

16. Kassasiya kollegiyası qeyd etmişdir ki, hazırkı işin düzgün həlli üçün cavabdeh tərəfindən mübahisəli tikililər inşa edilərkən iddiaçının buna razılıq verib-verməməsi, tikintinin mövcud olduğu 20 ilən artıq müddət ərzində iddiaçının susması, cavabdehin tikinti işlərinin apararaq tamamlanmasına şərait yaratması tərəflərin təqdim etdikləri sübutlar və işdəki məlumatlar əsasında aydınlaşdırılmalıdır. Bu zaman inşaatın aparıldığı il, tərəflərin o vaxtkı münasibətləri, aralarında hər hansı sövdələşmə olub-olmaması, iddiaçının tikintiyə etiraz edib-etməməsi, əgər etməmişsə səbəbi, etmişsə bunun hansı sübutlarla təsdiqlənməsi, cavabdehin orada yaşadığı müddət və həmin xüsusatın düzgün müəyyənləşdirilməsi üçün zəruri olan digər hallara dair sübutlar çəkişmə prinsipinə əməl edilməklə araşdırılmalı və birgə qiymətləndirilməlidir. Bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdehin torpaq sahəsindən çıxarıldığı təqdirdə həmin tikiliyə sərf etdiyi xərcin əvəzinin ödənilməsi barədə tələbi nəzərə alınmalıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə zəruri araşdırma aparmamış, işin faktiki hallarını tam araşdırmadan əsassız qətnamə qəbul etmişdir. İddiaçı Rusiya vətəndaşı olduğu halda onun adına torpaq sahəsinin rəsmiləşdirilməsi qanunsuzdur. Cavabdehə son zamanlar məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi iddiaçının adına onların dayıları tərəfindən rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində 2010-cu ildən cavabdeh tərəfindən fərdi yaşayış evi, xırda tikililər inşa edilmiş, həyətdə su quyusu qazılmışdır. Bütün bunlara o təxminən 60-70 min manat pul xərcləmişdir. İddiaçının onunla qohumluq münasibəti pozulduğu üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddianın heç bir hüquqi əsası yoxdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

20. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

21. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

23. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

25. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

26. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

31. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

32. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

33. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

34. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

35. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

36. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

37. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.

38. Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ)

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

47. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

48. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

49. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

51. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

52. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-125/2022 nömrəli qətnaməsinin tam ləğvini xahiş etmişdir.

53. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməməlidir.

55. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.

56. İşin hallarından görünür ki, iddiaçı mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsi üzərində özünün mülkiyyət hüququna istinad edərək, cavabdeh tərəfindən inşa olunmuş tikililərin sökülməsini və cavabdehin sahədən çıxarılmasını tələb edir. Cavabdeh isə mübahisəli torpaq sahəsini 2010-cu ildən istifadə etdiyini, orada tikililər inşa etdiyini və uzun müddət ərzində orada yaşadığını, iddiaçının ona məxsus olan torpaq sahəsini onun xəbəri olmadan öz adına keçirdiyini bildirir.

57. Hazırkı iddia tələbi cavabdehin həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi ilə bağlıdır.

58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

59. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.

60. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən, iddiaçı mübahisəli daşınmaz əmlakın (torpağın) cavabdehin qeyriqanuni sahibliyində olmasını sübuta yetirə bilməmişdir.

61. Cavabdeh apellyasiya şikayətinin dəlillərində mübahisəli torpaq sahəsində 2010cu ildən cavabdeh tərəfindən fərdi yaşayış evinin, xırda tikililərin inşa edilməsinə və həyətdə su quyusu qazılmasına təxminən 60-70 min manat pul xərclənməsini göstərmişdir.

62. Kollegiya kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, cavabdehin maddi zərərə düşə biləcəyini, cavabdehin torpaqdan çıxarılacağı halda torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağını, torpaq mülkiyyətçisinin hüquqları ilə yanaşı tikililəri inşa etmiş şəxsin qanuni mənafeləri nəzərə alaraq, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunması məqsədi ilə ikinci apellyasiya icraatı zamanı iddiaçı tərəfə tikililərə görə çəkilmiş xərcin əvəzinin verilməsini təklif etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili 120000 manat məbləğində çəkilmiş xərclərin əvəzini tələb etsə də, iddiaçının nümayəndəsi və vəkili buna razılaşmamış, ümumiyyətlə tikililərə görə hər hansı pul vəsaitin verilməsinə dair iddiaçı tərəfin razılığının olmadığını bildirmişdir. Beləliklə, ikinci apellyasiya icraatı zamanı tikililərə görə çəkilmiş xərcin əvəzinin ödənilməsi ilə bağlı tərəflər arasında razılaşma əldə olunmamışdır.

63. Belə olan halda məhkəmə kollegiyası iddiaçı tərəfindən uzun müddət mübahisəli torpaq sahəsinə faktiki yiyələnməyə cəhd etməməsini, cavabdeh tərəfindən mübahisəli tikililər inşa edilərkən iddiaçının buna etirazının bildirməyərək 20 ildən artıq susmasını, cavabdehin torpaq sahəsindən çıxarıldığı təqdirdə həmin tikiliyə sərf etdiyi xərcin əvəzinin iddiaçı tərəfindən ödənilməsinə dair tərəflər arasında razılığın olmamasını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələbi hazırki vəziyyətdə təmin oluna bilməz.

64. Kollegiya qeyd edir ki, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.

65. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı).

66. Bu baxımdan, kollegiya hesab edir ki, mübahisəli torpaq sahəsi cavabdehin uzun müddət aşkar sahibliyində və istifadəsində olmuşdur, torpaq sahəsinə dair uzun illər ərzində hər hansı mübahisə olmamışdır. İddiaçı tərəf cavabdehin mübahisəli torpaqdan istifadə etdiyi müddət ərzində etiraz etdiyini bildirsə də, buna dair hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir.

67. Kollegiya belə qənaətə gəlir ki, hazırkı iş üzrə isə birinci instansiyası məhkəməsi tərəfindən işin mühüm əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmadan, torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilmişdir.

68. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı).

69. Lakin işə baxan Şamaxı Rayon Məhkəməsi mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddələrini və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərini nəzərə almadan, qətnaməni qəbul edərkən, işin müəyyən edilmiş halları əsasında tərəflər arasındakı həqiqi hüquqi vəziyyəti müəyyən etməmişdir.

70. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə işin bütün faktiki hallarını araşdırmayaraq, iddianın təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.

71. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)- 125/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir.

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-125/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar