Məhkəmə qərarları › İş №2(105)-2041/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2041/2021

25.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2041/2021 25.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi vəkil X3, üçüncü şəxsin nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsindən istifadəyə son qoyulması, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin sahibliyə qaytarılması tələbinə dair mülki iş üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(012)-249/2021 nömrəli qətnaməsindən Cavabdeh və üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, Abşeron rayonu, “Babacan” adlanan qış otlaq sahəsində DTXK-nın JN 9184,kod 30800001№- li, 10 aprel 2006-cı il tarixli şəhadətnaməsi və DƏDRX 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** №-li daşınmaz əmlakın plan və ölçüsünə əsasən İddiaçı icarəsində (istifadəsində) onun 200 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinə son qoyulması, həmin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin şimal-qərb tərəfdən olan 310 kvadratmetr zəbt olunmuş hissəsinin iddiaçıya qaytarılması qət edilmişdir. Cavabdeh və üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, “Babacan” adlanan qış otlaq sahəsində yerləşən JN 9184 saylı, 10 aprel 2006-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən şəhadətnaməyə və DƏDRX 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** saylı daşınmaz əmlakın plan və ölçüsünə əsasən, onun istifadəsində olan torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək Abşeron rayonu, “Babacan” adlanan qış otlaq sahəsində DTXK-nın JN 9184,kod 30800001№-li, 10 aprel 2006-cı il tarixli şəhadətnaməsi və DƏDRX 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** №-li daşınmaz əmlakın plan və ölçüsünə əsasən icarəsində (istifadəsində) onun 200 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinə son qoyulması və həmin torpaq sahəsindən çıxarılmsı, torpaq sahəsinin onun istifadəsinə qaytarılmsı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. İddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının15 mart 2006-cı il tarixli sərəncamı ilə ona Abşeron rayonu, “Babacan” adlanan qış otlaq ərazisində kənd təsərrüfatı təyinatlı 200,00 ha torpaq sahəsi icarə qaydasında ayrılmış, həmin sərəncama əsasən onunla icarə müqaviləsi bağlanmış və ona torpağın müvəqqəti istifadə hüququna dair 10 aprel 2006-cı il tarixli, JN 9184 saylı, kod 30800001№-li şəhadətnamə verilmişdir. O, torpaq sahəsindən istifadə etdiyi müddətdə kiçik qardaşı Cavabdeh tərəfindən torpağın bir hissəsinin zəbt edilmiş və qanunsuz olaraq orada 200 başa yaxın mal-heyvan saxlamışdır. O, cavabdehdən torpaq sahəsinin boşaltmasını tələb etsə də, cavabdeh buna məhəl qoymur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 17 mart 2021ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmış, məhkəmə tərəfindən heç bir araşdırma aparılmamışdır. Birinci instansiya məhkəməsi işin həqiqi hallarına və məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verməmişdir. Üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən icarə müqaviləsinin uzadılmasına dair ərizə 03.03.2021-ci il tarixdə Abşeron rayon İcra Hakimiyyətinə daxil olmuş, həmin ərizəyə əsasən 15.03.2021-ci il tarixdə sahəyə baxış keçirilmiş, baxış zamanı iddiaçı tərəfindən 2 ədəd daxma tikildiyi və başqa şəxslərin həmin daxmalarda mal-qara saxladığını müşahidə etmişdir. Həmin daxmada olan şəxslər iddiaçının mal-qarasına baxan çoban olduqlarını desələr də, baxış zamanı müəyyən edilmişdir ki, həmin şəxslərlə əmək müqaviləsi bağlanmamış, digər halda iddiaçı torpaq sahəsini subicarəyə verməli idi. Qanunvericiliyə görə qış otlaqlarının subicarəyə verilməsi qadağandır. İddiaçı ayrılan torpaq sahəsini təyinatına uyğun istifadə etmədiyinə görə icarə müqaviləsinin müddəti uzadıla bilməz. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi və o həmçinin vergi ödəyicisi olması barədə sənədini məhkəmə kollegiyasına təqdim edərək, işin mahiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsini bildirdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil X5 apellyasiya şikayətini müdafiə edərək, izahatında işin kommersiya məhkəməsinə göndərilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə kollegiyasının iclasında dindirilən üçüncü şəxsin nümayəndəsi vəkil X2 apellyasiya şikayətinə əlavə təqdim edərək, iddiaçı və cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını və torpaq sahəsinin İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verildiyini, hər iki tərəf sahibkarlıqla məşğul olmaqla mübahisənin məhz onların sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan, mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan, qətnamənin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, vəsatət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin 310 kvadratmetr hissəsinin zəbt etməsi və 200,00 (iki yüz) ha torpaq sahəsinin hüdudları daxilində cavabdeh tərəfindən həmin torpaq sahəsinə hər hansı bir müdaxilənin iddiaçının qanuni maraqlarının pozulması kimi qiymətləndirilməsi ilə əsaslandırmışdır. Cavabdeh və üçüncü şəxs bu nəticədən narazı qalaraq apellyasiya şikayəti verərək, qətnaməni mübahisələndirmişlər. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3. maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 24.2. maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd edilən maddənin məzmunundan müəyyən edilir ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti – işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən, onların üçünün də yoxlanılması zəruridir. Halbuki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin “hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır” prinsipini rəhbər tutaraq, iddia ərizəsini icraata qəbul etsə də, yaranan mübahisəyə hansı məhkəmədə baxılmasını (kommersiya və ya ümumi), yəni mübahisənin məhkəmə aidiyyətini nəzərdə tutan prosessual hüquq normalarını pozaraq, mübahisə üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətinin xarakterini nəzərə almalı olduğu halda, buna əməl etməmiş və nəticədə qanunvericiliyin yuxarıda qeyd normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi məqsədi ilə hazırkı mülki iş üzrə Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsində sadalanan xüsusiyyətlər üzrə araşdıraraq, işin məhkəmə aidiyyəti ilə bağlı aşağıdakı nəticələri qeyd etməyi zəruri hesab edir. Məhkəmə baxışı zamanı üçüncü şəxsin nümayəndəsi vəkil Coşqun İsgəndərov iddiaçı və cavabdehin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirdiklərini və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etdiklərini bildirmiş, həmçinin torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün iddiaçıya icarəyə verildiyini bildirmişdir. İş materiallarından olan vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməyə əsasən İddiaçı ********** VÖEN lə, Cavabdeh ********** VÖEN lə qeydiyyata alınmışlar. Mülki Prosessual Məcəllənin 26.1. maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 31.1. maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır (Mülki Prosessual Məcəllənin 32.3., 32.4. maddələri). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduqlarından, eləcə də hazırkı mübahisə məhz onların bu fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olduğundan, birinci instansiya məhkəməsi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 №li Sərəncamına əsasən kommersiya və inzibati məhkəmələri yaradılmışdır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 9 iyul tarixli 1633-VQD nömrəli Azərbaycan Respublikasının qanununa əsasən ismin müvafiq hallarında “inzibati-iqtisadi məhkəmə” sözləri ismin müvafiq hallarında “kommersiya məhkəməsi” sözləri ilə, ismin müvafiq halında “inzibatiiqtisadi məhkəmələr” sözləri ismin müvafiq halında “kommersiya məhkəmələri” sözləri ilə əvəz edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2., 26.1., 44.2.2., 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdeh və üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar