Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2047/2020 18.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz olaraq zəbt olunmuş torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-724/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-724/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-724/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz olaraq zəbt olunmuş torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apelyasiya şikayətini onunla əsasalandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən sahəsi 0.12 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin torpaq sahəsində fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evi onun istifadə və sahibliyində olmuşdur. Cavabdehlərdən Cavabdeh1 onun doğma qardaşı, Cavabdeh2 isə onun həyat yoldaşıdır. Qeyd edir ki, cavabehlər xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən sahəsi 0.12 ha olan torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən faktiki olaraq iddiaçının istifadə və sahibliyində olan fərdi yaşayış evini qanunsuz olaraq zəbt ediblər. O, dəfələrlə cavabdehlərə müraciət edərək zəbt etdikləri torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmalarını tələb etmişdir. Lakin onlar onun xahişinə məhəl qoymurlar və ona məxsus olan torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmırlar. Onun mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulur. Ona görə də məcbur olub iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdehlər qanunsuz olaraq zəbt etdikləri torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalıdırlar. Lakin işə baxan məhkəmə iddia tələbini təmin etməmiş və qanunsuz qətnamə qəbul etməklə, onun mülkiyyət, istifadə və sahiblik hüququnu pozmuşdur. İddia ərizəsinə əlavə edilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən sahəsi 0.12 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdehlər onun torpaq sahəsini və fərdi yaşayış evini zəbt ediblər. Hazırda evin açarları cavabdehlərdədir. Öz mülkiyyətindən istifadə edə bilmir. Xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən sahəsi 0.12 ha olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin sənədi olmasa da, həmin ev faktiki olaraq onun istifadə və sahibliyindədir. Cavabdehlər həmin evdə daimi olaraq yaşamayıblar. Onların həmin evdə heç bir hüquqları yoxdur. Cavabdehlər ünvan 1 ünvanında yerləşən 45 saylı mənzildə yaşayırlar. Həmin mənzil də ona məxsusdur və cavabdehlərin həmin mənzildən də çıxarılmaları barədə Sumqayıt şəhər məhkəməsinə müraciət edilib. Cavabdeh1 özünün şəxsi evi var. Belə ki, ünvan 1, mənzil 42 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Abşeron rayon məhkəməsi işə obyektiv baxmamış və düzgün nəticəyə gəlməmişdir.Məhkəmə göstərib ki, sübutetmə yükü iddia edənin, İddiaçı üzərinə düşdüyü halda, o, mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmış torpaq sahəsinin cavabdehlər tərəfindən məhz zəbt olunmasını təsdiq edən, iddianın əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir, belə sübutlar məhkəmə tədqiqi zamanı da müəyyən edilməmişdir. O, cavabdehlərin torpaq sahəsini və onun üzərində olan fərdi yaşayış evini zəbt etməsinə dair sübutlar məhkəməyə təqdim etmişdir. Bu sübutlar torpaq sahəsinin onun mülkiyyətində olmasına dair reyestrdən çıxarış, cavabdehlərin torpaq sahəsini zəbt etməsini göstərən şahid ifadələridir. Məhkəmə iddianı rədd edərkən cavabdehlərin torpaq sahəsindəki evdə yaşaya-yaşaya torpaq sahəsinin yüklü qaydada özəlləşdirilməsinə istinad edib. Cavabdehlərin torpaq sahəsində yaşamasının hüquqi əsasları mövcud deyil, həmçinin onlar həmin torpaq sahəsinə və fərdi yaşayış evinə hüquqlarının tanınması barədə hər hansı tələb irəli sürməyiblər. Buna görə də cavabdehlərin torpaq sahəsinə və onun üzərində olan fərdi yaşayış evinə hər hansı hüquqları mövcud deyil. Torpaq sahəsi onun mülkiyyətindədir, onun üzərində yerləşən fərdi yaşayış evinə dair sənədlər mövcud olmasa da, onun sahiblik və istifadəsindədir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-724/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. . PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X9 apelyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətə uyğun izahat verərək şikayətin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-724/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-724/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, İddiaçı və Cavabdeh1 onun oğlanlarıdır. Abşeron rayonu, Saray qəsəbəsində Anarın iki mərtəbəli evi vardır. Həmin evi yoldaşı sağlığında tikdirmişdir. Yoldaşının sağlığında nə torpağın, nə də tikilinin sənədləri olmamışdır. Yoldaşı rəhmətə gedəndən sonra torpağa dair öz adına çıxarış almış və sonra oğlu Anara bağışlamışdır. Tikilmiş evin hazırda heç bir sənədi yoxdur. Hələ həyat yoldaşının sağlığında həmin bağda ailələri ilə birlikdə yaşamışlar. Sonradan Rauf evləndikdən sonra həyat yoldaşı ilə birlikdə həmin evdə yaşamışlar. Bundan başqa Sumqayıtda ailənin bina evində mənzili olmuşdur, bəzi vaxtlar həm Sumqayıtdakı evində həm də Saraydakı evində qalmışlar. Rauf da həyat yoldaşı ilə həmçinin. Raufun özünün Sumqayıt şəhərində şəxsi evi var. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, İddiaçı və Cavabdeh1 onun qardaşlarıdır, onlar bir bacı, iki qardaşdırlar. Anar hərbçidir, ailəsindən boşanıb, işi dəyişkəndir, rayonlarda olur. Hazırda onunla anası Anarın Sumqayıt şəhərindəki evində yaşayırlar. Rauf onları Saray qəsəbəsindəki evə qoymur, özü ailəsi ilə orada yaşayır. Həmin evi atası sağlığında tikdirmişdir, ev iki mərtəbəlidir. Evin açarları yalnız Raufdadır, onlarda və Anarda açar yoxdur. Raufun özünün Sumqayıtda evi var, indiyədək kirayə vermişdi, hazırda təmir etdirir. Sarayda torpağın sənədləri vardır lakin evin sənədləri yoxdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə tam payda xx xxxxxx 2019cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2019-cu il tarixli arayışlarından görünür ki, Həmidov X3 şəhəri, 1-ci mikrorayon, ev 9/11, mənzil 38 ünvanında, Həmidova X5 şəhəri, məhəllə 2, ev 9/14, mənzil 42 ünvanında qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə tam payda xx xxxxxx 2019cu il tarixdə İddiaçı adına qeydiyyata alınmasını, reyestrdən çıxarışda onun üzərindəki tikililərə dair müvafiq qeydiyyatın aparılmamasını, torpaq sahəsindəki yaşayış evinə dair müvafiq sənədlər məhkəməyə təqdim edilməməsini, özbaşına tikili olmasını, İddiaçıla cavabdeh F.F.Həmidov qardaş olmasını, onların atası vəfat etməmişdən əvvəl sözügedən torpaq sahəsində fərdi yaşayış evi tikdirməsini, ailə üzvləri, o cümlədən cavabdeh F.F.Həmidovun həmin evdə yaşamasını, şahid olan tərəflərin anası Dilarə Həmidovanın qeyd edilən xüsusatları etiraf etməklə yanaşı torpaq sahəsini övladlarından İddiaçı bağışladığını bildirməsini müəyyən edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəlmiş olduğu bu nəticə ilə razılaşmaq olmaz. Belə ki, iş materaillarından müəyyən edilir ki, boşaldılması tələb edilən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə tam payda xx xxxxxx 2019-cu il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı iddia tələbində cavabdehlərin ona məxsus torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi fərdi yaşayış evinin özbaşına tikili olması əsası ilə torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ olmasına baxmayaraq iddianı təmin etməmiş, bununla da iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə qanunla qorunan hüquqlarını həyata keçirilməsinə maneə yaratmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı, torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasını məhkəmədə sübuta yetirə bilib. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin və torpaq sahəsində tikilən yaşayış evinin cavabdeh tərəfindən istifadə edilməsi işin təkzib edilməyən halıdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Konstitusiyanın 29-cu maddəsinə görə də hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsindən görünür ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.1 və 152.2-ci maddələrinin ümumi məzmununa görə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirmək hüququ mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik hüququnun əsasını təşkil edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı mülkiyətindədir, belə olan halda cavabdehlərin iddiaçının mülkiyyətində olan torpaqdan istifadə etməsi, onların həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evində yaşamaları qanunsuz sahibliyə əsaslanır və belə olan halda da iddiaçının yuxarıda sadalanan qanunvercilik normalarının tələbi baxımından öz mülkiyyətində olan torpağı cavabdehlərin qanunsuz sahibliyindən geri tələb etmək, eləcə də həmin evə dair gözlənti hüququ vardır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsində tikilmiş fərdi yaşayış evi dövlət qeydiyyatına alınmasa da, həmin fərdi yaşayış evi iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikilmiş, həmin evin iddiaçıya atası tərəfindən bağışlanması da şahid ifadələri ilə təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazə almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfinldən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mükiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları o cümlədən müvafiq icra hakimiyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin fərdi yaşayış evindən cavabdehlərin çıxarılması barədə nəticəsinə dair qeyd edir ki, fərdi yaşayış evi özbaşına tikili olsa da, həmin ev iddiaçının adına dövlət qeydiyyatına alınmış torpaq sahəsi üzərində tikilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə görə də torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qeyd edilən torpaq sahəsi üzərindəki fərdi yaşayış evi İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmasa da, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin çıxarış hazırki günədək qüvvədədir, hər hansı şəxs və orqan, o cümlədən cavabdehlər tərəfindən mübahisələndirilməmiş və ləğv edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə də reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qanunvericilik reyestrin məzmununun qeyri-dəqiqliyinin sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını müəyyən etmiş və bundan hər hansı kənara çıxma da bir qayda olaraq istisna edilmişdir. Belə olan halda, həmin çıxarışın həqiqiliyi prezumpsiyası qüvvədədir və nə qədər ki, iddiaçının torpaq sahəsinə dair çıxarış ləğv edilməyib, iddiaçının həmin çıxarışdan irəli gələn hüquqularını həyata keçirməsindən məhrum etmək onun mülkiyyət hüquqularının pozulması hesab olunmalıdır. “F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Konsitusiya Məhkəməsinin eyni hüquqi mövqeyi “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2010-cu il tarixli qərarda da öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin qeyd edilən iş üzrə hüquqi mövqeyi bundan ibarət olmuşdur ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin adı çəkilən qərarlarında əks olunan hüquqi mövqeyi baxımından da, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikili üzərində gözlənilən mülkiyyət hüququ var və həmin evin başqa şəxslər tərəfindən zəbt edilərək istifadə edilməsi iddiaçının gözlənilən mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin istinad olunan hüquqi mövqeyinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində olan fərdi yaşayış evinə iddiaçının ən azından “titul” sahibliyi yaranmışdır ki, bu hüquq da özündə mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər mülkiyyət hüququ ilə iddiaçıya məxsus torpaq sahəsindən, eləcə də torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən qanunsuz istifadə etməklə iddiaçının qanunla qorunan mülkiyyət hüququnu pozmuş, öz mülkiyyət hüquqlarını həyata keçirilməsinə maneə yaratmışlar. Eyni zamanda iş matrialları ilə müəyyən edilir ki, cavabdehlərdən Cavabdeh1 ünvan 2 ünvanında, Cavabdeh2 isə ünvan 1, mənzil 42 ünvanında qeydiyyatdadırlar. Eyni zamanda ünvan 1, mənzil 42 ünvanında yerləşən mənzil MH seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətindədiur. Göründüyü kimi, cavabdehlərin rəsmi qeydiyyatları mübahisəli torpaq sahəsi və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə deyil, ayrı-ayrı mənzillərədir. Həmçinin Cavabdeh2 rəsmi qeydiyyatda olduğu mənzil mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cavabdehlər mülkiyyət hüququ əsasında iddiaçıya məxsus torpaq sahəsini və torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin qanunsuz olaraq zəbt etmişlər və belə olan halda iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinin tələblərinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz və hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Mülki Prosessual Məcəlləsinin 384.0.2-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinin tələbinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.1, 385.1.2 və 385.1.3-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticəüçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, işüçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən öz əmlakları ilə birlikdə çıxarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2.2,392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin olunsun. Abşeron Rayon Məhkəməsinin 2(012)-724/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz olaraq zəbt olunmuş torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi və fərdi yaşayış evindən öz əmlakları ilə birlikdə çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2047/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2047/2020
18.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver