Məhkəmə qərarları › İş №2(105)-2054/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2054/2021

08.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2054/2021 08.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh2 nümayəndəsi və vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-1691/2021 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-1691/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı alqı-satqı müqavilələrinin və Cavabdeh2 adına verilmiş çıxarışların ləğv edilməsinə və torpaq sahəsinin iddiaçının əməli istifadəsinə verilməsi tələbinə dair mülki iş üzrə İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmış, İddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı alqı-satqı müqavilələrinin və Cavabdeh2 adına verilmiş çıxarışların ləğv edilməsinə və torpaq sahəsinin əməli istifadəsinə verilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək iddianın təmini tədbiri kimi mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30 ha torpaq sahəsinin mübahisəli 2.5670 ha torpaq sahəsinin üzərinə həbs qoyulması və həmin torpaq sahəsinə dair icarə hüquqlarının özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, hazırda mübahisələndirilən torpaq sahəsi cavabdehin mülkiyyətində olduğundan hər an satıla bilər, bu da iddia təmin ediləcəyi təqdirdə, gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək və məhkəmədə əlavə iddia qaldırmaq zərurəti yaradacaqdır. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisəli torpaq sahəsinin sonuncu sahibinin adına olan hüquqmüəyyənedici sənəd təqdim edilməməsi əsası ilə ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmənin iş üzrə gəlmiş olduğu qənaətlə razılaşmaq olmaz. Belə ki, iş materiallarına alqı-satqı ilə bağlı notariat işi əlavə edilmişdir. Torpaq sahəsinin sonuncu mülkiyyətçisinin adına olan hüquqmüəyyənedici sənədin İddiaçındə olması qeyri-mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 mart 2018-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiyanın 127-ci maddəsinin 2-ci hissəsinin MPM-nin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verilməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq edilmiş tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış qərardad qəbul etməlidir. Sözügedən qərarın formalaşdırmış olduğu hüquqi mövqeyə görə iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi və iddianı təmin tədbiri barədə ərizənin təmin edilməsi xahiş olunmuşdur. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında şikayətdə göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X5 şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, iddianı təmin tədbiri barədə ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməyərkən ərizəçinin hazırki vaxta kimi Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30 ha torpaq sahəsinin mübahisəli 2.5670 ha torpaq sahəsinin icarə hüquqlarını İddiaçı təsisçisi Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 tərəfindən Cavabdeh1, Cavabdeh1 tərəfindən isə digər Cavabdeh2 satıldığını ərizədə qeyd etsə də, həmin torpaq sahəsinin sonuncunun mülkiyyətində olmasına dair hüquqmüəyyənedici sənədin olub-olmaması barədə sübutu ərizəyə əlavə etməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı deyildir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək alqı-satqı müqavilələrinin və Cavabdeh2 adına verilmiş çıxarışların ləğv edilməsi və torpaq sahəsinin əməli istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək iddianın təmini tədbiri kimi Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30 ha torpaq sahəsinin mübahisəli 2.5670 ha torpaq sahəsinin üzərinə həbs qoyulması və həmin torpaq sahəsinə dair icarə hüquqlarının özgəninkiləşdirilməsinin qadağan edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddianı təmin etmək tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək tədbirlərini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 mart 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə müəyyən hərəkətləri etməyin qadağan olunması mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər saxlamaq məqsədi dayışır. Məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin edilməməsi nəticəsinə gələn birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin qeyd olunan tələblərini əhəmiyyət verməmiş, iddiaçının tələb etdiyi iddianı təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, tətbiq olunması xahiş edilən tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını araşdırmamış və bu tədbirin tətbiq edilməməsinin gələcəkdə qəbul ediləcək qətnamənin icrasını çətinləşdirə və yaxud qeyri mümkün edə biləcəyinin mümkünlüyünü müzakirə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və iddianın təmin tədbiri barədə ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 397-398ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-1691/2021 saylı qərardadı ləğv edilsin. İddianın təmin tədbiri barədə ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar