Məhkəmə qərarları › İş №2(105)-2058/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2058/2021

08.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2058/2021 08.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X3, Cavabdeh1 nümayəndəsi vəkil X5 iştirakı ilə, İddiaçı "İddiaçı" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqavilələrinin və X4 adına verilmiş çıxarışların ləğv edilməsinə və torpaq sahəsinin iddiaçının əməli istifadəsinə verilməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-1690/2021 nömrəli qərardadından iddiaçı "İddiaçı" MMC-nin nümayəndəsi X6 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim H.Əhmədov) İddiaçı MMC-nin vəkili və nümayəndəsi X3 iddianı təmin etmək üçün hazırki iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30 ha torpaq sahəsinin mübahisəsi gedən 2.5670 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına və həmin torpaq sahəsinə dair icarə hüquqlarının özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi vəkil Nüsrət Hüseyinov qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin 05 may 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqavilələrinin və X4 adına verilmiş çıxarışların ləğv edilməsinə və torpaq sahəsinin iddiaçının əməli istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı MMC-nin nümayəndəsi vəkil X6 26.04.2021-ci il tarixdə iddianı təmin etmək haqqında ərizə təqdim edərək, hazırki mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək iddianın təmini tədbiri kimi Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30 ha torpaq sahəsinin mübahisəsi gedən 2.5670 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına və həmin torpaq sahəsinə dair icarə hüquqlarının özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda mübahisələndirilən torpaq sahəsi cavabdehin mülkiyyətində olduğundan hər an satıla bilər ki, bu da iddia təmin ediləcəyi təqdirdə gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcəkdir. Həmçinin məhkəmədə əlavə iddia qaldırmaq zərurəti yaradacaqdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçının nümayəndəsi vəkil X2 rayon məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisəsi gedən torpaq sahəsinin sonuncu sahibinin adına olan hüquqmüəyyənedici sənəd təqdim edilməməsi əsası ilə məhkəmə ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmənin iş üzrə gəlmiş olduğu qənaətlə razılaşmayaraq bildirir ki, iş materiallarına alqı-satqı ilə bağlı notariat işi əlavə edilmişdir. Torpaq sahəsinin sonuncu mülkiyyətçisinin adına olan hüquqmüəyyənedici sənədin İddiaçı MMC-də olması qeyri-mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 mart 2018-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiyanın 127-ci maddəsinin 2-ci hissəsinin MPM-nin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verilməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq edilmiş tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış qərardad qəbul etməlidir. Sözügedən qərarın formalaşdırmış olduğu hüquqi mövqeyə görə iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil X6 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 nümayəndəsi vəkil X8 şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini cavabdeh X1 qeyd etməsi, lakin həmin torpaq sahəsinin sonuncunun mülkiyyətində olmasına dair hüquqmüəyyənedici sənədin olub-olmaması barədə sübutu ərizəyə əlavə etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə iddiaçının nümayəndəsi vəkil X6 tərəfindən mübahisələndirilmiş, Abşeron rayon məhkəməsinin 05 may 2021-ci il tarixli qərardadı ilə şikayətin əsassız olması əsası ilə təmin edilməmişdir. İşdən görünür ki, iddiaçının nümayəndəsi vəkil iddia təmin etmə tədbiri növündə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30 ha torpaq sahəsinin mübahisəsi gedən 2.5670 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına və həmin torpaq sahəsinə dair icarə hüquqlarının özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri) Mülki Prosessual Məcəlləsinin 158.1.2. maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbirlər görə bilər. Mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə tədbirlər sırasına iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. İddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Qanunun mənasından göründüyü kimi məhkəmə iddianın təmin tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbirlər görə bilər. Cavabdehə müəyyən hərəkətləri etməyin qadağan olunması mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər saxlamaq məqsədi dayışır. Bu ona görə zəruri və vacibdir ki, iddiaçının pozulması ehtimal edilən hüquqlarının davamlılığının qarşısı müvəqqəti də olsa alınsın. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin edilməməsi barədə nəticəyə gələn birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin qeyd olunan tələblərini əhəmiyyət verməmiş, ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmamış və bu tədbirin tətbiq edilməməsi gələcəkdə qəbul ediləcək qətnamənin icrasını çətinləşdirə və yaxud qeyri mümkün edə biləcəyinin mümkünlüyünü müzakirə etməmişdir. Halbuki, iddiaçı iddianı təmin tədbiri barədə ərizəsində bu tədbirin görülməsi zərurətini kifayət qədər əsaslandırmış, lakin ərizəni təmin etməyən birinci instansiya məhkəməsi torpaq sahəsinin sonuncunun mülkiyyətində olmasına dair hüquqmüəyyənedici sənədin təqdim edilməməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin 27 aprel 2021-ci il tarixli və onunla bağlı 05 may 2021-ci il tarixli qərardadları ləğv edilməli və iddianı təmin etmə tədbiri barədə ərizəyə yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının nümayəndəsi vəkil X3 şikayəti təmin edilməsin. Abşeron rayon məhkəməsinin 27 aprel 2021-ci il tarixli və onunla bağlı 05 may 2021ci il tarixli qərardadları ləğv edilsin. İddianın təmin tədbiri barədə ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar