Məhkəmə qərarları › İş №2(105)-207/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-207/2025

20.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-207/2025 20.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyət hüquqlarının tanınması, əmlakda payların müəyyən olunması, cavabdehin adına verilmiş şəhadətnamələrin ləğv edilməsi, əmlakın qanunsuz sahiblikdən götürülməsi) X19 Süleymanovanın sədrliyi və məruzəsi, X3 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, İddiaçılar İddiaçı1 və İddiaçı4 nümayəndəsi Nümayəndə, Cavabdeh X13, Üçüncü şəxs X9 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “paylı mülkiyyət hüquqlarının tanınması, əmlakda payların müəyyən olunması, cavabdehin adına verilmiş şəhadətnamələrin ləğv edilməsi, əmlakın qanunsuz sahiblikdən götürülməsi" tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2(026)- 455/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, X1, X6, İddiaçı4, İddiaçı2, İddiaçı3 Traktor Belarus MTZ22, özügedən, markası, modeli Belarus MT2-82, buraxılış ili 1985, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi 7Ş-05577, Traktor yedəyi 2 PTS 4-793, adı Traktor yedəyi, növü yedək, markası, modeli 2 PTS 4-793, buraxılış ili 1978, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi QT-379082, Taxıl səpən SZU 36, 2, adı Taxıl səpən, növü asma-qoşma, markası, modeli SZU 36, buraxılış ili 1990, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi QT-379083, Otpresləyən PS 1.6, Otpresləyən növü asma-qoşma, markası, modeli PS 1.6, buraxılış ili 1993, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi QT-379084, nəqliyyat vasitələrinə paylı mülkiyyət hüquqlarının tanınması, bu əmlakda payların müəyyən olunması, Cavabdeh adına verilmiş şəhadətnamələrin ləğv edilməsi, bu əmlakların Cavabdeh qanunsuz sahibliyindən geri götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların əmlak payları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Qobustan rayon Dövlət Arxivinin verdiyi arxiv arayışına əsasən Xilmilli kənd kolxozunun islahat sənədlərinə əsasən aşağıdakı qaydada müəyyən olunmuşdur: X7 - əmsal - 14.17, texnikadan əmlak payı: 2343, X12 - 14.17, texnikadan əmlak payı: 2343, İddiaçı4 - 10.7, texnikadan əmlak payı: 1769, İddiaçı2 - 2.9, texnikadan əmlak payı: 479, İddiaçı3 - 14.2, texnikadan əmlak payı: 2348, İddiaçı1 - 14.17, texnikadan əmlak payı: 2343 müəyyən olunmuşdur. Buna baxmayaraq, cavabdeh onların paylı mülkiyyətində olan bu əmlakları onların xəbəri olmadan sənədləşdirmişdir. Hansı ki, bu əmlaklar razılaşma əsasında onların sahibliyində olmuşudur. Cavabdeh həyat yoldaşı X2 vərəsəsi olsa da, bütün əmlaklara dair qanunsuz vərəsəlik almışdır. Hansı ki, onun bu əmlaka hər hansı mülkiyyət hüququ yoxdur. Belə ki, son günlər polis əməkdaşı həyətlərinə gəlmiş və bu əmlaklara həbs qoyulması səbəbi ilə əmlakları onlardan götürərək cavabdehə təslim etmişdir. Bu barədə qanunsuz şəhadətnamə almış və əmlakların üzərinə həbs qoydurmaqla onların paylı mülkiyyətlərində olan traktor və qoşquları sahibliklərindən götürmüşdür. Bu səbəbdən onların əmlaka mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də paylı mülkiyyət hüquqları olan əmlak ona və digər iddiaçıların sahibliyinə qaytarılmalıdır. Traktor Belarus MTZ-22, özügedən, markası, modeli: Belarus MT2-82, buraxılış ili 1985, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi 7Ş-05577, Traktor Yedəyi 2 PTS 4-793, adı: Traktor yedəyi, növü yedək, markası, modeli: 2 PTS 4- 793, buraxılış ili 1978, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi QT-379082, Taxıl səpən SZU 36, 2, adı taxıl səpən, növü: asma-qoşma, markası, modeli: SZU 36, buraxılış ili 1990, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi QT-379083, Otpresləyən PS 1.6, Otpresləyən, növü: asma-qoşma, markası, modeli: PS 1.6, buraxılış ili 1993, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi QT-379084, nəqliyyat vasitəsinə pay hüquqları müəyyən olunmalı, bu əmlak cavabdehin qanunsuz sahibliyindən götürülməli və iddiaçılara qaytarılmalıdır.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia əsassız olduğundan onu qəbul etmir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçıların mübahisələndirdikləri əmlakın onların mülkiyyətinə verilməsinə dair X33 komissiyasının qərarı və ya başqa sənəd iddia ərizəsinə əlavə olunmamışdır. AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia ərizəsində mübahisələndirilən əmlakın onların paylı mülkiyyətində olduğu göstərilir. Lakin bununla əlaqədar da iddia ərizəsinə heç bir sübut əlavə olunmayıb. Hesab edir ki, 20 ildən çox müddətdə susmuş iddiaçılar qardaşları və onun əri Ramilin ölümündən sonra ondan qalmış miras əmlaka sahib çıxmaq istəyirlər. Məhkəmənin nəzərinə çatdırır ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə aiddir. Mülki prosessual qanunvericiliyə görə mülkiyyət hüququnun tanınması barədə işlərə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında maraqlı şəxsin iştirakı ilə baxılır. İddiaçılar tərəfindən qanunvericiliyin tələbi pozulmuşdur. Həmçinin bildirir ki, iddiaçılar tərəfindən iddia müddəti pozulmuşdur.

5. Qobustan Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e-2(026)- 455/2024 saylı qərardadı ilə X16 mülki iş üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur.

6. TŞ 05577 nömrəli, 24 mart 2001-ci il tarixli qeydiyyat şəhadətnaməsindən görünür ki, 1985-ci il buraxılışlı “MTZ-82” markalı, göy rəngli traktorun mülkiyyətçisi X4r. Dövlət qeydiyyat nişanı: AZ 37 T-184.

7. “Azərbaşdövtexnəzarət” müfəttişliyi tərəfindən verilmiş asma və qoşqulu kənd təsərrüfatı maşınları və digər texnikalar üçün 82 nömrəli, 12 dekabr 2005-ci il tarixli qeydiyyat talonundan görünür ki, 1978-ci il buraxılışlı, yaşıl rəngli traktor yedəyi 2PTS 4M adlı texnikanın mülkiyyətçisi X4r. Dövlət qeydiyyat nişanı: 37 Q-038.

8. “Azərbaşdövtexnəzarət” müfəttişliyi tərəfindən verilmiş asma və qoşqulu kənd təsərrüfatı maşınları və digər texnikalar üçün 83 nömrəli, 12 dekabr 2005-ci il tarixli qeydiyyat talonundan görünür ki, 1990-cı il buraxılışlı, qırmızı rəngli toxum səpən SZU-36 adlı texnikanın mülkiyyətçisi X4r.

9. “Azərbaşdövtexnəzarət” müfəttişliyi tərəfindən verilmiş asma və qoşqulu kənd təsərrüfatı maşınları və digər texnikalar üçün 84 nömrəli, 12 dekabr 2005-ci il tarixli qeydiyyat talonundan görünür ki, 1993-cü il buraxılışlı, qırmızı rəngli ot bağlayan PLF-1.6 adlı texnikanın mülkiyyətçisi X4r.

10. 006441 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X8 ilə X17 05 may 2005-ci ildə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Qədirov, arvada Qədirova soyadı verilmişdir.

11. AZ-İİ 375483 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 29 dekabr 2023-cü ildə ölmüşdür.

12. 15 iyul 2024-cü il tarixli, reyestrdə 2V-140 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 29 dekabr 2023-cü il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh, X16, X22 və X10 hər biri miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak “Azərbaşdövtexnəzarət” müfəttişliyi tərəfindən verilmiş 24 mart 2001-ci il tarixli, TŞ 05577 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 170524, mühərrikin nömrəsi 266164 və buraxılış ili 1985-ci il olan “Traktor Belarus MTZ-82” markalı, 37T184 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.

13. 15 iyul 2024-cü il tarixli, reyestrdə 2V-141 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 29 dekabr 2023-cü il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh, X16, X22 və X10 hər biri miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak “Azərbaşdövtexnəzarət” müfəttişliyi tərəfindən verilmiş 12 dekabr 2005-ci il tarixli, QT379182 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 1978-ci il olan “Traktor yedəyi 2-PTS 4-793” markalı, 37Q038 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.

14. 15 iyul 2024-cü il tarixli, reyestrdə 2V-142 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 29 dekabr 2023-cü il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh, X16, X22 və X10 hər biri miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak “Azərbaşdövtexnəzarət” müfəttişliyi tərəfindən verilmiş 12 dekabr 2005-ci il tarixli, QT379084 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 84682, buraxılış ili 1993- cü il olan “Otpresləyən PS 1.6” markalı nəqliyyat vasitəsindən ibarətdir.

15. 15 iyul 2024-cü il tarixli, reyestrdə 2V-143 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 29 dekabr 2023-cü il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh, X16, X22 və X10 hər biri miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak “Azərbaşdövtexnəzarət” müfəttişliyi tərəfindən verilmiş 12 dekabr 2005-ci il tarixli, QT379083 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 2800, buraxılış ili 1990- cı il olan “Taxılsəpən SZU 3.6” markalı nəqliyyat vasitəsindən ibarətdir.

16. İddiaçılar iddia ərizəsinə 1999-cu ilin yanvar ayında Qobustan rayonunun Xilmilli kəndində X33 Komissiyasının üzvləri tərəfindən tərtib olunmuş X29 İslahat Komissiyasının 04 yanvar 1999-cu il tarixli qərarı ilə “Qozluçay” təsərrüfatının əmlakın bölüşdürülməsi ilə əlaqədar adları göstərilən texnikaların həmin qurumun rəhbəri Nadir Mirzəyevə təhvil verilməsi barədə aktı əlavə etmişlər.

17. Qobustan rayon Dövlət arxivinin 08 avqust 2024-cü il tarixli arayışından görünür ki, Xilmilli kənd Qozluçay kolxozunun islahat sənədlərinə əsasən əmlak payı aşağıdakı qaydada qeyd edilmişdir: 1) X7 - əmsal 14.17, texnikadan əmlak payı: 2343; 2) X12 - əmsal 14.17, texnikadan əmlak payı – 2343; 3) İddiaçı4 - əmsal 10.7, texnikadan əmlak payı – 1769; 4) İddiaçı2 Hüseynbaba oğlu - əmsal 2.9, texnikadan əmlak payı – 479; 5) İddiaçı3 - əmsal 14.2, texnikadan əmlak payı – 2348; 6) İddiaçı1 Hüseyinbaba oğlu - əmsal 14.17, texnikadan əmlak payı – 2343.

18. AZ-İ 641892 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 15 noyabr 2014-cü ildə ölmüşdür.

19. AZ-İİ 005313 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 29 iyul 2019-cu ildə ölmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

20. Qobustan Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2(026)- 455/2024 nömrəli qətnaməsi ilə (hakim Samir Mayılov) iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “paylı mülkiyyət hüquqlarının tanınması, əmlakda payların müəyyən olunması, cavabdehin adına verilmiş şəhadətnamələrin ləğv edilməsi, əmlakın qanunsuz sahiblikdən götürülməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1, 1133 və 157.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 9.1, 14.2, 77.1, 217.4, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

22. Qobustan Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2(026)- 455/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını aydınlaşdırsa da, iddiaşılara məxsus əmlakların onların sahibliyindən qanunsuz olaraq götürüldüyünü nəzərə alamamış, sənədləşmə işlərinin düzgün aparılmadığını nəzərə almamışdır. Bundan əlavə də cavabdehin həyat yoldaşının qardaşları X5 adına sənədləşmənin qanunsuz aparıldığını və onların mülkiyyət paylarından qərəzli olaraq məhrum edilmələrini nəzərə almamışdır. Hansı ki, iddia tələbi paylı mülkiyyət hüququnun tanınması olmuşdur. Mülkiyyət hüquqları və əmlakdakı payları iddiaçıların əmlak payları AR Milli Arxiv İdarəsinin Qobustan rayon Dövlət Arxivinin verdiyi arxiv arayışına əsasən Xilmilli kənd kalxozunun İslahat sənədlərinə əsasən əmlak payları müəyyən edilmişdir. Qobustan rayon, Xilmilli kəndi, X33 komissiyasının tərtib etdiyi Akta əsasən təsdiq olunmuşdur. Lakin məhkəmə mülkiyyət hüquqlarını qorumamış, vərəsəlik üzrə maddələri düzgün tətbiq etməmişdir. MM-in 157.2-ci maddəsini cavabdehin xeyrinə yanlış təfsir etmişdir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

24. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

25. Etiraz onunla əsaslandırılmışdır ki, o, iddia tələbini qəbul etməmiş və məhkəmədə bildirmişdir ki, iddiaçıların tələb etdikləri texnikalar onun mərhum həyat yoldaşı X5 adında olmuş və həmişə onun tərəfindən istifadə olunmuşdur. Həyat yoldaşı 29 dekabr 2023-cü il tarixində vəfat etmişdir. Həmin texnikalar da ona ərindən miras qalmışdır. O və 3 uşağı Ramil Qədirovun qanun üzrə vərəsəsi kimi tanınmış, mübahisəli əmlaklara dair onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İddiaçılar qardaşları Ramil Qədirov vəfat etdikdən sonra həmin texnikalarla bağlı mübahisə qaldırmış, halbuki, onların həmin texnikalara dair hər hansı hüquqları yoxdur. Mərhum əri xəstəlikdən əziyyət çəkmiş, o da 6 il ona qulluq etmişdir. İşdə olan sənədlərdən də göründüyü kimi iddiaçıların paylı mülkiyyətlərində olduğunu iddia etdikləri həmin texnikalar, hamısının mülkiyyətçisi X30 olmuş və onun vəfatından sora o və uşaqları miras qoyanın qanun üzrə 1-ci növbə vərəsəsi kimi notariat ofisinə müraciət etməklə vərəsəlik hüququna dair şəhadətnamə almışlar. Bu əsasla da həmin texnikaların mülkiyyətçisi onlardır, lakin qarşı tərəf miras qoyanın qanun üzrə 1-ci növbə vərəsələri olmadıqları halda bu əsassız iddia ilə məhkəməyə müraciət etmişlər. İddiaçıların ilk tələbi ondan ibarətdir ki, mübahisəli dörd nəqliyyat vasitəsinə dair onların paylı mülkiyyət hüquqları tanınsın və həmin vasitələr üzərində payları müəyyən edilsin. İddiaçılar sözügedən nəqliyyat vasitələri üzərində islahat zamanı əmlak päylarının müəyyən olunduğunu bildirmiş, bunun üçün bir sıra sənədləri iddia ərizəsinə əlavə etmişlər. Lakin 1999-cu ilin yanvar ayında tərtib olunmuş aktda bir sıra əmlakların “Qozluçay” qurumunun rəhbəri Nadir Mirzəyevə təhvil verilməsi barədə aktda göstərilən əmlakların hazırda tələb olunan əmlaklarla üst-üstə düşməsini müəyyən etmək mümkün olmamış və bununla bağlı iddiaçılar hər hansı bir sübut təqdim etməmişlər. İddiaçıların təqdim etdiyi Qobustan rayon Dövlət arxivinin arayışında isə onların Xilmilli kənd Qozluçay kolxozunun islahat sənədlərinə əsasən texnikada əmlak payının olduğu göstərilmiş olsa da, iddiaçıların üzərində əmlak payının müəyyən edildiyi texnikaların məhz hazırda tələb olunan texnikalarla eynilik təşkil etməsi sübut olunmamışdır. Məhkəməyə təqdim olunmuş sənədlərdən göründüyü kimi qarşı tərəf mərhum həyat yoldaşı İddiaçı1 mülkiyyətində olmuş və onun adına qeydiyyata alınmış, mülkiyyətçi kimi onun adına qeydiyyat şəhadətnaməsi və qeydiyyat talonları verilmiş 4 ədəd texnika-nəqliyyat vasitələrinə iddialı olmuşlar. Lakin iddiaçılar məhz sözügedən texnikalar üzərində özlərinin əmlak paylarının mövcud olmasını sübuta yetirə bilməmişlər. Bu səbəbdən də məhkəmə işin bütün hallarını obyektiv təhlil etməklə iddiaçıların həmin texnikalar üzərində əmlak paylarının mövcudluğunu müəyyən etməmiş və digər iddia tələblərini də rədd etmişdir. Məhkəmə maddi norma kimi bir sıra normalara istinad etmişdir və göstərmişdir ki, AR MM-in 1159.1.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Bu vərəsəlik şəhadətnaməsi mərhumun həyat yoldaşına və uşaqlarına verilmişdir. AR MM-in 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddiaçılar miras qoyanın vərəsəsi ola bilməzlər, çünki 1-ci növbə vərəsələr olduğu halda iddiaçıların qardaş kimi miras qoyandan miras qalmış əmlakdan pay almaq hüququ olmamışdır. AR MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin iddiaçıların mübahisəli əmlaklar üzərində mülkiyyət hüquqlarının mövcud olması öz təsdiqini tapmadığı ücün məhkəmə bu hissədə də iddia tələbini rədd etmişdir. Məhkəmə qətnaməsi ilə qarşı tərəfin iddia tələblərinin hər birinə aydınlıq gətirilmiş və məhkəmə gəldiyi nəticəni düzgün əsaslandırmışdır. Apellyasiya şikayətində qoyulmuş bütün dəlilləri məhkəmə qəbul etdiyi qətnamədə cavablandırmış, qaldırılmış tələblərə ayrı-ayrılıqda qiymət vermiş və ədalətli və qanuni qətnamə çıxarmışdır. Belə hesab edir ki, qətnamənin ləğvi ücün əsas yoxdur, ona görə də xahiş edir ki, apellyasiya şikayətinin təmin edilməməsi və Qobustan Rayon Məhkəməsinin 2(026)-455/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilsin.

Apellyasiya icraatı iştirakçılarının izahatları

26. İddiaçı X11 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər.

27. İddiaçılar İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

28. İddiaçılar İddiaçı1 və İddiaçı4 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

29. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

30. Üçüncü şəxs X14 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı1 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

33. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins malqara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və tədris müəssisələrinin, təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.

36. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların iddia tələbində siyahısı göstərilmiş nəqliyyat vasitələrinə paylı mülkiyyət hüquqlarının tanınması, bu əmlakda payların müəyyən olunması, Cavabdeh adına verilmiş şəhadətnamələrin ləğv edilməsi, bu əmlakların Cavabdeh qanunsuz sahibliyindən geri götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

37. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia rədd edilmişdir.

38. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, 1999-cu ilin yanvar ayında tərtib olunmuş aktda bir sıra əmlakların “Qozluçay” qurumunun rəhbəri Nadir Mirzəyevə təhvil verilməsi barədə aktda göstərilən əmlakların hazırda tələb olunan əmlaklarla üst-üstə düşməsini müəyyən etmək olmur. İddiaçıların təqdim etdiyi Qobustan rayon Dövlət arxivinin arayışında isə onların Xilmilli kənd Qozluçay kolxozunun islahat sənədlərinə əsasən texnikada əmlak payının olduğu göstərilmiş olsa da, iddiaçıların üzərində əmlak payının müəyyən edildiyi texnikaların məhz hazırda tələb olunan texnikalar olduğunu müəyyən etmək mümkün deyil.

39. Məhkəmə həmçinin qeyd etmişdir ki, təqdim edilmiş sənədlərdən göründüyü kimi mübahisə predmeti olan texnikalar X2 adına qeydiyyata alınmış, mülkiyyətçi kimi onun adına qeydiyyat şəhadətnaməsi və qeydiyyat talonları verilmişdir. İddiaçılar isə məhz sözügedən texnikalar üzərində özlərinin əmlak paylarının mövcud olmasını sübuta yetirə bilməmiş, eləcə də, texnikaların mərhum X2 adına qeydə alınması halını mübahisələndirməmişlər. Bu səbəbdən də hazırkı halda mübahisə predmeti olan texnikalar üzərində iddiaçıların əmlak paylarının mövcudluğu müəyyən edilmir və həmin əmlakların X30un mülkiyyətində olmuş olması, onun ölümündən sonra isə qanun üzrə vərəsəlik qaydasında birinci növbə vərəsələrinə keçməsi müəyyən olunur. Ona görə də iddia tələbinin həmin hissəsi əsaslı hesab oluna bilməz.

40. Məhkəmə daha sonra qeyd etmişdir ki, cavabdehin və onun mərhum əri Ramil Qədirovla nikahından doğulmuş üç uşağının adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 15 iyul 2024- cü il tarixli dörd şəhadətnamənin hazırda ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmir. Belə ki, sözügedən şəhadətnamələr MM-in 1159.1.1-ci maddəsinə uyğun olaraq X30un birinci növbə vərəsəsi olan şəxslər üçün verilmişdir. MM-in 1159.1.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. X30 vəfat edərkən artıq onun valideynlərinin vəfat etmiş olması işin mübahisəsiz halıdır. Miras qoyan Ramil Qədirovun arvadı kimi Cavabdeh və onun uşaqları kimi Ramilə Qədirova, Kamil Qədirov və Kamilə Qədirova mərhumun qanun üzrə birinci növbə vərəsəsi olmuş, bu səbəblə də yalnız onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçılar iddia ərizəsində cavabdehin qanunsuz vərəsəlik aldığını bildirsələr də, həmin qanunsuzluğun nədən ibarət olmasını əsaslandıra bilməmiş, bununla bağlı hər hansı bir sübut təqdim etməmişlər.

41. MM-in 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Lakin hazırkı halda iddiaçılar X30un miras əmlakına özlərinin hüququ olmasına dair vəsiyyətnamə də təqdim etməmişlər. Qardaş kimi onlar yalnız X30un ikinci növbə vərəsəsi ola bilsələr də, MM-in 1160-cı maddəsinə görə, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Bu səbəbdən də X30un birinci növbə vərəsələrinin sağ olması səbəbindən iddiaçıların qardaş kimi ondan miras qalmış əmlakdan pay almaq hüququ da istisna olunmuşdur. Ona görə də məhkəmə həmin hissədə də iddianı əsaslı hesab etmir.

42. Məhkəmə MM-in 157.2-ci maddəsinə istinadən hesab etmişdir ki, iddiaçıların mübahisəli əmlaklar üzərində mülkiyyət hüququnun mövcud olmasının öz təsdiqini tapmaması ilə yanaşı, cavabdehin həmin əmlaklar üzərində sahibliyinin də qanuni olduğu, yəni cavabdehin həmin əmlaklar üzərində uşaqları ilə birlikdə payının mövcud olduğu müəyyən edilir. Bu səbəbdən də əmlakların cavabdehin qanunsuz sahibliyindən geri götürülməsinə yönəlmişdir iddia tələbi də təmin oluna bilməz.

43. Qobustan Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2(026)- 455/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

44. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, həmçinin qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsinin əsasları ilə eyni olmaqla birinci instansiya məhkəməsi tərəfindən həmin əsaslar üzrə ətraflı qiymətləndirmə aparılmışdır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinmişdir.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, heç bir sübuta əsaslanmır, odur ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2(026)-455/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar