Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2078/2023 11.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, mülkiyyət hüququnun müdafiəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma, mənzilin açarlarının təhvil verilməsi və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(012)- 2805/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:
1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-675/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X5, X7, X6 və X2 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzildən çıxarılmaları qət edilmişdir. Qətnamədən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX ******* saylı çıxarışla Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzil tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013cü il tarixdə qeydiyyata alınmışdır.
2. 1 saylı MTİTTS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 330 saylı arayışdan görünür ki, Seymur Hacıyev, Samir Hacıyev, Qasım Hacıyev, Sevinc Hacıyeva, Oğuz Hacıyev və Cavabdeh Zəngilan rayonundan məcburi köçkün kimi Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzildə yaşayırlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma, mənzilin açarlarının təhvil verilməsi və mənzilə köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, 4 saylı evin 15 saylı mənzilindən ona və ailəsinə məxsus olan əmlakları ilə birlikdə çıxarılması, mənzilin açarlarının ona təhvil verilməsi və onun həmin mənzilə əmlakları ilə birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, 4 saylı evin 15 saylı mənzili xx.xx.2013-cü il tarixdən onun mülkiyyətindədir. Cavabdeh, X5, X7, X6 və X3 həmin mənzildə məskunlaşmışlar. Bununla bağlı qeyd edilən şəxslərin mənzildən çıxarılması barədə Abşeron Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmiş, lakin həmin vaxt 1 saylı MTİİTS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 210 saylı saxta arayış əsasında qeyd edilmişdir ki, guya Cavabdeh həmin evdə yaşamır. Buna görə də mənzildən çıxarılma barədə iddia tələbində onun adını qeyd etməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-675/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və yuxarıda qeyd edilən 4 cavabdehin ailə üzvləri ilə birlikdə (Cavabdeh başqa) bu mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamə 27 aprel 2022-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lakin hazırda Cavabdeh da həmin mənzildən çıxarılmasına zərurət vardır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
5. Abşeron Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(012)- 2805/2023 nömrəli qətnaməsi ilə (M.Abbasova) iddia qismən təmin edilərək, Cavabdeh ona və ailəsinə məxsus olan əmlakları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, 4 saylı evin 15 saylı mənzilindən çıxarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli mənzil mülkiyyət hüququ ilə xx.xx.2013-cü il tarixdən İddiaçı adına qeydə alınmışdır. Cavabdeh isə Zəngilan rayonundan məcburi köçkün kimi bu mənzildə məskunlaşmışdır. Cavabdeh mülkiyyətçinin icazəsi olmadan, özbaşına bu mənzildə yaşayır. Bu isə mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Qüvvədə olan qanunvericilik isə bunu tamamilə qadağan edir. Başqa sözlə cavabdeh məcburi köçkün statusundan istifadə edərək müvafiq reyestrdən çıxarışla iddiaçıya məxsus mənzildə məskunlaşmışdır və bu, onun qanunla qorunan mənzilə dair mülkiyyət hüquqlarını kobud şəkildə pozur. İddiaçı qanunla müəyyən edilmiş hüquqları və qanuni maraqları cavabdehin hərəkətləri nəticəsində pozulduğundan məhkəmə hesab etmişdir ki, İddiaçı hazırki tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə hesab etmişdir ki, İddiaçı öz tələbinin əsasları kimi istinad etdiyi halları qanunla nəzərdə tutulmuş qaydada sübut edə bilmişdir. Cavabdehin ona və ailəsinə məxsus olan əmlakları ilə birlikdə mənzildən çıxarılması hissəsində iddia təmin edildiyindən həmin mənzilin açarlarının təhvil verilməsi və iddiaçının əmlakları ilə birlikdə oraya köçürülməsi tələbinin təmin edilməsinə zərurət yoxdur, çünki birinci tələb qalan tələbləri özündə ehtiva edir.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2,3,5,9-cu maddələri“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununa və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(012)-2805/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh və onun həyat yoldaşı Hacıyev Seymur məcburi köçkündürlər. Onlar 1992-1993-cü illərdə Zəngilan rayonundan məcburi köçkün düşərək, hazırda mübahisə predmeti olan mənzildə məskunlaşmışlar. Onların mübahisəli mənzildə məskunlaşma vaxtları iddiaçının uşaq yaşlarına təsadüf edir ki, bu da iddiaçının həmin vaxt mülkiyyət hüququnun olmamasını göstərir. Daha sonra atılmış vəziyyətdə olan mənzili cavabdehin həyat yoldaşı təmir etmiş, kommunal xətlərlərlə təmin etməklə yaşamalı vəziyyətə gətirmişdir. Cavabdeh və onun ailəsinin mənzildə yaşamasının hüquqi əsaslarını isə ölkə prezidentinin 01 iyul 2004-cü il tarixli sərəncamı təşkil edir. Həmin sərəncamın 2-ci bəndində də göstərilir ki, “Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər.” Cavabdehin qeydiyyatda olduğu, 1993-cü ilədək yaşadığı, həyat yoldaşı və digər ailə üzvləri ilə məcburi köçkün statusu əldə etməzdən əvvəl böyüyüb boya-başa çatdığı kənd-Zəngilan rayonu Qıraq Müşlan kəndi 21 oktyabr 2020-ci ildə işğaldan azad olunsa da, hələ ki, onlar öz kəndlərində mənzillə təmin edilməyiblər. Ona görə cavabdeh və ailə üzvləri mənzillə təmin olunanadək evdən çıxarılmaqları qadağandır. İşə baxan məhkəmə qeyd olunan sərəncamı işə tətbiq edərək iddia tələbini rədd etməli idi. Ən pis halda isə cavabdehin mənzildən çıxarılmasını qət etsə belə, sərəncamdan irəli gələrək onun məburi köçkün kimi mənzillə təmin olunacağı müddətədək müvvəqqəti olaraq iddiaçıya məxsus mənzildə yaşamaq hüququnu tanımalı idi. Göründüyü kimi məhkəmə bu hallara düzgün qiymət verə bilməmişdir. Göstərilənlər əsasında apellyasiya şikayəti təmin edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. Mübahisəli mənzil onun mülkiyyətindədir. Lakin o mülkiyyətindən sərbəst istifadə edə bilmir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-675/2022 saylı qətnaməsinə əsasən onun iddiası təmin edilmiş, hazırkı cavabdehin ailə üzvləri olan şəxslər X5, X7, X6 və X2 iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzildən çıxarılmaları qət edilmişdir. Həmin iddia məhkəməyə verilən zaman Cavabdeh mənzildə yaşadığı ona məlum olmadığından sonuncunun adını iddia ərizəsində qeyd etməmişdir. Bu səbəbdən o hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə qanuni qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti formal mülahizələrlə əsaslandırılmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh səbəbini bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir.
13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının Konstitusiyası 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5 və 152.6. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur.
16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
17. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə görə məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətindən görünür ki, apellyator Cavabdeh Abşeron Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(012)-2805/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
20. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İddia tələbinin mahiyyətindən görünür ki, tələb bir neçə hissədən- cavabdehin mübahisəli mənzildən çıxarılmasından, açarların təhvil verilməsi və mənzilə köçürülmə barədədir.
23. Qətnamədən görünür ki, tələb yalnız cavabdehin mübahisəli mənzildən çıxarılması hissəsində təmin olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verməmiş, yalnız cavabdeh apellyasiya şikayəti verərək iddianın təmin olunmuş hissəsinin ləğv olunmasını tələb edir.
24. İşdən müəyyən edilir ki, iddiaçı mülkiyyətində olan mənzilin cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini bildirir və onun həmin yaşayış sahəsindən çıxarılmaqla mülkiyyət hüququnun bərpa olunmasını tələb edir.
25. Bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, daha sonra cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
26. İddiaçının bu tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddələri təşkil edir. Qeyd edilən maddələrdə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
27. Qeyd olunan şərtlərin birinci və ikincisinin hazırki işdə mövcud olması mübahisə olunmur. Üçüncü şərt isə əlavə araşdırmanı tələb edir.
28. Araşdırılan işin faktiki hallarından müəyyən olunur ki, mübahisəsi gedən Xırdalan şəhəri, məhəllə 28, 4 saylı evin 15 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur.
29. Cavabdeh isə həmin mənzilə heç bir bir hüquqi əsasa olmadan, yəni mülkiyyətçinin icazəsi olmadan daxil olmuş və hazırda bu mənzildə yaşamaqda davam edir ki, bu da mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulması ilə nəticələnir.
30. İşdən həmçinin müəyyən edilir ki, iddiaçı daha əvvəllər də hazırkı cavabdehin ailə üzvlərinin mübahisəli mənzildən çıxarılmaları barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə, iddiası təmin edilərək X5, X7, X6 və X2 mübahisəli mənzildən çıxarılmaları qət edilmişdir.
31. Hazırkı tələbində iddiaçı qeyd edir ki, cavabdehlərin ailə üzvlərinin ona məxsus mənzildən çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət edən zaman cavabdehin həmin mənzildə yaşaması barədə onda məlumat olmadığından iddia ərizəsində cavabdeh qismində onun adını qeyd etməmişdir.
32. Cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin əsas dəlili kimi birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
33. Belə ki, baxılan işdən isə görünür ki, cavabdeh uzun müddətdir mübahisə predmeti olan iddiaçıya məxsus əmlakda məskunlaşmaqla, sonuncunun mülkiyyətindən sərbəst istifadə hüququnu məhdudlaşdırmışdır.
34. Əks yanaşmada, yəni mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə mənzildə kənar şəxsin yaşamaqda davam etməsi mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir. Bu baxımdan mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin əmlak (mülkiyyət) mənafeləri gözardı edilməməlidir
35. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan mənzilə mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin hər hansı müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin yuxarıda qeyd olunan hissədə ləğvi üçün qanuni əsas ola bilməz.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(012)-2805/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.